Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərin icra başçısının bahalı avtomobil arzusu qalmaqal yaratdı

Maliyyə Nazirliyi məsələyə dair açıqlama yaydı; RİH tənqidlərdən sonra 221 minlik maşın almaqdan imtina etdi

Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün “Mercedes Benz S350" model minik avtomobilinin alınması üçün tender elan edib. Lüks ”Mercedes"in alınması üçün tender elanı Nazirlər Kabinetinin orqanı olan “Respublika” qəzetində dərc edilib. İşğal altında olan və əhalisi məcburi köçkün qismində ölkənin müxtəlif rayonlarına səpələnən Kəlbəcərin İcra Hakimiyyətinin lüks avtomobil almaq planı sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil.

Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 145 min dollardan (221 min manat) başlayır. Komplektləşdirmədən asılı olaraq avtomobilin qiyməti 200 min dollara qədər qalxa bilər. Bu, Avropa bazarlarında olan qiymətdir. Avtomobil alqı-satqısı üzrə ixtisaslaşmış yerli saytlarda bu modeldən olan ən yeni avtomobil 2018-ci il istehsalıdır, qiyməti 110 min dollara yaxın təklif olunur.

Tənqidlərdən sonra Kəlbəcər Rayon İcra Hakimiyyəti maşını almaqdan imtina edib. Həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə, tender elanı yayılıb: “Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə, biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var, heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”.

K.Zamanov bildirib ki, elan dərc olunandan sonra böyük səs-küy yaranıb. Buna görə də iyulun 1-də icra hakimiyyətində məsləhətləşmə aparıb maşının alınması təxirə salınıb. Sektor müdiri maşının hansı niyyətlə alınmasından da danışıb: “Açıq deyirəm ki, 3 ildən artıqdır başçının birinci müavininin minik avtomobili yoxdur. Bizim aparatda cəmi 3 maşın var və başqa maşına da ehtiyac var. Başçı onu özünə alıb, köhnə maşını müavinə verəcəkdi. Bizə qanunla 5 maşın norması var. Amma 3 maşınla idarə etməyə məcburuq”.

Maliyyə Nazirliyi Kəlbəcər RİH başçısının aparatı üçün “Mercedes Benz S350" model minik avtomibilinin alınması ilə əlaqədar verilən tender elanına münasibət açıqlayıb.

Mais Piriyev

Nazirliyin mətbuat katibi Mais Piriyev bildirib ki, dövlət büdcəsində yerli icra hakimiyyəti orqanlarına hər hansı bahalı, dəbdəbəli nəqliyyat vasitəsinin alınması üçün vəsait nəzərdə tutulmur: “Konkret olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinə gəlincə, deyə bilərəm ki, 2019-cu ildə rayonlar üzrə yerli xərclərdə adıçəkilən rayon icra hakimiyyətinə nəqliyyat vasitələrinin alınması üçün 55 min manat vəsait proqnozlaşdırılsa da, bugünkü tarixə hər hansı nəqliyyat vasitəsinin alınması ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunmayıb”.

M.Piriyev qeyd edib ki, hazırda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısına buraxılış ili 2008-ci il olan “Tayota Avalon” markalı xidməti avtomobil təhkim olunub. Müvafiq qaydalara əsasən, minik avtomibilinə 10 il ərzində tam amortizasiya hesablandığından həmin avtomobilin istifadə müddəti 2018-ci ildə başa çatıb və cari ildə bu istiqamət üzrə 55 min manat vəsait nəzərdə tutulub: “Hər hansı dövlət qurumu tərəfindən alınan nəqliyyat vasitəsinin markası Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmir. Nazirlik, sadəcə olaraq, müvafiq normalara uyğun olaraq vəsait nəzərdə tutur, büdcə təşkilatı isə dövlət satınalmaları qanunvericiliyinə riayət etməklə alışı həyata keçirməlidir”.

Mətbuat katibi onu da bildirib ki, “Büdcə sistemi haqqında” Qanunun 19.3 maddəsinə əsasən büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan büdcə öhdəlikləri götürülür və yalnız bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları ödənilir: “Ona görə də Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə bütün satınalmalar illik proqnoz - 55 min manat çərçivəsində aparıla bilər. Qəbul olunmuş öhdəlikdən artıq büdcə təşkilatı mal, iş və xidmətlərlə təchiz oluna bilməz, əks halda, bu cür alışlar xəzinədarlıq tərəfindən uçota alınmır və kassa xərci aparılmır”.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, son illərdə dövlət orqanları, büdcə təşkilatları, dövlət şirkətləri və dövlət tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən xidməti avtomobil kimi əsasən ölkəmizdə “Khazar” Avtomobil Zavodu və “Naxçıvan” Avtomobil Zavodu MMC-də müasir texnologiyalara uyğun istehsal olunan müxtəlif markalı avtomobillərə üstünlük verilir. Bu həm yerli istehsala dəstək verməklə daxili bazarın qorunması, həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət olunması baxımından vacibdir.

Xatırladaq ki, daha öncə də, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayevin bahalı avtomobil alması mətbuatda müzakirə mövzusuna çevrilmişdi. O zaman 179 min 444 manat qiymətində “BMW 740 Lİ” markalı xidməti avtomobilin alınması tənqid obyektinə çevrilmişdi.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərin alınması nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı üçün xidməti minik avtomobillərinin say həddi 13 ədəd, rayon (şəhər) icra hakimiyyəti başçısı, onun müavinləri, yanında olan orqanların rəhbərləri, şəhər üzrə nümayəndəsi, qəsəbə və kənd nümayəndələri (əhalisinin sayı 10 min nəfərdən artıq olan), Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanların rəhbərləri, rayon (şəhər) məhkəmələrinin hər biri üçün xidməti minik avtomobillərinin say həddi bir ədəd, Bakı, Gəncə və Sumqayıt şəhər məhkəmələrinin hər biri üçün isə iki ədəd olmaqla müəyyən edilib.

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa qeyd etdi ki, bu məsələdə icra başçıları arasında fərq qoymaq doğru deyil: “Şəhərdəki icra başçısına bahalı maşın olar, rayondakına yox, bu, yanlış bir yanaşmadır. İcra başçısı icra başçısıdır, fərqi yoxdur. Ancaq ümumilikdə qiymət bu qədər yüksək olmamalıdır. Bütün icra başçıları üçün bahalı maşın anlayışından imtina etmək lazımdır. Kəlbəcər rayon icra başçısının da avtomobilə ehtiyacı var, çox sayda rayonlara səpələnmiş kəlbəcərli qaçqın və məcburi köçkünlər var, onlarla əlaqə saxlamalıdır. O baxımdan keyfiyyətli maşını olmalıdır. Ancaq bir rayonun timsalında bunu götürmək olmaz, bütün rayon və şəhərlərə aid edilməlidir. Bahalı olmayan maşınlara üstünlük vermək lazımdır, çünki onlar dövlət büdcəsindən ayrılan vəsait hesabına alınır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə “bu məsələnin ən çox qıcıq doğuran tərəfi işğal altında olan bir rayonun icra başçısının büdcə vəsaiti hesabına bahalı avtomobil almağa pulu çatırsa, o vəsaiti məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsi ilə bağlı işlərə sərf edə bilərdi” - deyə vurğulayıb: “O baxımdan bu məqam ciddi insanlar tərəfindən də qıcıqla qarşılandı. Çünki icra hakimiyyətinin büdcəsindəki əlavə vəsaitin vətəndaşlara xidmətə yönəldilməsi daha yaxşı olardı. Bir çox ölkələrdə isə ümumiyyətlə, Rusiya ərazisində istehsal olunmayan avtomobillərin dövlət satınalmaları yolu ilə alınması qadağandır. Doğrudur, Rusiya ərazisində təxminən 11-ə yaxın Avropa və Amerika şirkəti var ki, ölkə daxilində istehsal həyata keçirilir. Avtomobil alınması üçün ayrılan vəsaitin bir hissəsi məhz Rusiyada qalır, həmin şirkətlərdə işləyən Rusiya vətəndaşlarının maaşına ödənilir, vergi formasında büdcəyə qayıdır”.

N.Cəfərli onu da vurğuladı ki, başqa ölkələrdə satınalmalarda qiymət məhdudiyyətləri var: “Azərbaycanda da qiymət məhdudiyyətlərinin qoyulması daha məqsədəuyğun olardı. Azərbaycanda da Neftçalada avtomobil istehsal olunsa da, onun bütün detalları xaricdən gətirilir. Bu, istehsal sayılmır. Ən azından qanunvericilikdə qiymət məhdudiyyətlərinin qoyulması daha doğru olardı. Məmurun tutduğu vəzifədən və ranqından asılı olaraq bir qiymət şkalası müəyyən oluna bilər. Limit müəyyən edilə bilər ki, hansı ranqlı məmur hansı qiymətə qədər avtomobil ala bilər. Bəzən çox yüksək vəzifəli məmurlara təhlükəsizlik baxımından gülləkeçilməz, daha dözümlü, daha dayanıqlı avtomobillərin alınması mümkündür. Ancaq bir rayonun icra başçısına dövlət hesabına çox bahalı maşının alınması nonsensdir. Onun nə vəzifəsi, nə də gördüyü işlər bu maşına adekvat deyil. Ona görə də qanunda belə bir məhdudiyyətin qoyulması daha doğru yanaşma olardı”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar