Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Məgər belə cəmiyyət olar?” – Hadı Rəcəbli

“Ağacan Abıyevi – 81 yaşında olan adamı təhqir edirlər, anonim adamlar saxta profillər altında gizlənərək söyürlər. Zeynəb Xanlarova haqqında gör nə qədər sözlər dedirlər. Məgər belə cəmiyyət olar?”

PİA.AZ xəbər verir ki, bunu Etikxeber.az-a Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Hadi Rəcəbli deyib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda və sosial şəbəkələrdə millət vəkillərinin yaş məsələsi ciddi müzakirə mövzusuna çevrilmiş, belə fikirlər səslənmişdi ki, onların artıq nəvə-nəticələri ilə məşğul olan vaxtlarıdır, nəinki siyasətlə, qanun yaradıcılığı ilə məşğul olan vaxtları. Bu isə YAP-çı deputatlar tərəfindən etirazla qarşılanmışdı.

H. Rəcəbli də belə hesab edir ki, bu kimi iddiaların, fikirlərin real əsası yoxdur. “ABŞ-da deputatların orta yaşı Konqresdə nə qədərdir? Konqresdə əksəriyyət yaşlılardır. Digər dövlətlərdə də belədir, demək, dünyada qəbul olunub. Vaxtı ilə Roma imperiyasında, Qədim Yunan dövlətində Məclislər vardı. O Məclislər kimlərdən ibarət idi? Ağsaqqallardan, yaşlı adamlardan, Ağsaqqallar Məclisi deyərdilər. Niyə biz Milli Məclis deyirik? Yəni, o qrup insanların- ağsaqqalların, dünyanı görmüş insanların yığılıb, toplanıb qərar qəbul etdiyi yerdir. Bu, dində də olub, başqa yerdə də olub. Kimi yığıb, kimlə məsləhət ediblər? Yaşlı adamları, ağsaqqal adamları. İndi öz aramızdır, nə edək parlamentə hamılıqla 20 yaşında olanlar gəlsin Milli Məclisə, onların düşüncəsi, dünyaya baxışı, emosiyaları var, bizdə isə emosiya bir az aşağıdır, daha çox düşüncə, təcrübə var.

Özü də Azərbaycan parlamentində orta yaş dünyada mövcud olan orta yaşdan da aşağıdır. Dünyada mövcuddur orta yaş 60-65, Azərbaycan parlamentində hardasa 50-55-dir. Əlbəttə, mən də razıyam ki, zaman-zaman orta yaş həddi aşağı olsun. Ancaq bizdə 80 yaşında deputatlarımız da var, sanballı adamlardırlar.

70 yaşında deputatlarımız var, maşallah gümrahdırlar. Səhərlər idman edirlər, Ziyad Səmədzadə kimi, Arif Rəhimzadə kimi. Bunların 80-ə yaxın yaşları var, ikisi də idman edir, hərəkət edirlər.

Mən hərəkətdə olan adamam, idman edirəm, hər gün yarım saat mənim idmanım var. Səhər tezdən mən idman edib işə gəlirəm. Yəni, xəstəxanada deyilik, sağ-salamat adamıq, işə də hamısından çox gəlirik, hamısından çox işləyirik.

Bu qədər gərginliyin qabağında 80 nəfəri qəbul eləmişdim keçən qəbulda. Bu gün azı 15 dənə ərizəyə, baxıb qol çəkdim. Səhər tezdən hərəkətdəyəm. Bura get, ora get, bu iclasdan, o tədbirdən, o tədbirdən, bu tədbirə. İndi bundan sonra hələ iki tədbirə gedəcəyəm. Yəni, biz yaş məsələsini qoyanda, əlbəttə, ona etiraz eləmirik, zaman-zaman ola bilər Azərbaycan parlamentində bir az da balans dəyişsin. Hər çağırışda Azərbaycan parlamenti təxminən 40-50% dəyişir. Beş çağırış olub, beşində də bu qədər dəyişmə olub. Cəmi doqquz nəfər parlamentin beş çağırış seçilmiş deputatı var. Onun biri də mənəm. Burada da obyektiv və subyektiv səbəblər var. Ancaq təsəvvür edin ki, gör nə qədər təhqir, hörmətsizlik var ki, bu yaşda adamları da müzakirə edirlər. Ağacan Abıyevi – 81 yaşında olan adamı təhqir edirlər, anonim adamlar saxta profillər altında gizlənərək söyürlər. Zeynəb Xanlarova haqqında gör nə qədər sözlər dedirlər. Məgər belə cəmiyyət olar?

Biz deyirik, milli-mənəvi dəyərlər, amma çoxları bunları aşıb, keçir. Ona görə sosial şəbəkələrdə daha diqqətli olmalıyıq, daha etik normalara əməl eləməliyik. Fikirlərimizi ifadə etməliyik. Niyə söyüşlə ifadə edirik? Siz də öz fikrinizi deyin, biz də öz fikrimizi deyək. Bu sualı verdin mənə, mən də cavab verdim. Hər şey belə etik, əndazə çərçivəsində olmalıdır. Məsələn, ABŞ prezidenti Trampın neçə yaşı var? 70-dən çoxdur. Onunla rəqib olan Hillari Klintonun yaşı az deyildi. Amma görün onlar 70 yaşında necə prezidentliyə gedirlər?! Görürsüz, iri, inkişaf eləmiş dövlətlərdir, biz onlara baxıb nə deyək?! Düzdür, məsələn, biz Ukraynanın prezidentinin yaşına baxırıq, bir az cavandır. Bizdə də vaxtıkən cavan gəlib prezident olub, hazırda işləyir, çalışır, dünyamiqyaslı liderdir.

Biz də parlamentə gələndə cavan gəlmişdik, qırx yaşlarında gəlmişdik. İndi görürsən yaşımızı. Yəni, bunlar hamısı o inkişafdandır.

Odur ki, bu məsələyə bir az belə səthi baxmaq lazım deyil, bir az təmkinlə baxmaq lazımdır. Bizim parlamentdə bu il qırx yaşı tamam olan altı deputat var, qırx yaşları bu illəri tamam olub. Görürsüz, 40 yaş da var, ondan az da var. 50 yaş da var. Bizdə 70 yaşdan yuxarı cəmi 15 deputat var. 125 yerin 15-i 70 yaşdan yuxarıdır. Məgər, bu, fəlakətdir? Düşünürəm ki, biz ona çox da belə reaksiyaya verməməliyik və o cür danışanları da bir az yerində otuzdurmalıyıq”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Hadi Rəcəbli

Şərh yazın.

loading...

Ən çox oxunanalar