Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“XXI yüzilliyin alimi”: “Müasir kardiocərrah boruları hədər yerə təmizləyən santexniki xatırladır”

Hazırda Bakıda olan hindistanlı Satiş K. Qupta təbabət doktoru, Qlobal hospitalın baş həkimi (Hindistan, Racastan ştatı, Abu Roud), Hindistan ultrasəs kardioqrafiya akademiyasının, Torakal cərrahlar Birliyinin, Beynəlxalq tibb elmləri akademiyasının elmi işçisidir

2008-də “Kardiologiya sahəsində görkəmli nailiyyətlərə görə” mükafatı Hindistan Respublikasının prezidenti, Ülyahəzrət, xanım Pratibha Patel tərəfindən təqdim olunub.

2005-ci ildə Birləşmiş Millətlər Təşkilatı və müəllimlərin sülhü qorumaq Beynəlxalq Birliyi tərəfindən “XXI yüzilllik üçün təbabətdə görkəmli nailiyyətlərə görə” beynəlxalq mükafatla təltif olunub.

2001-ci il üçün “İlin alimi” fəxri adı. “Profilaktik kardiologiyanının inkişafına və ürək-damar xəstələrinin reabilitasiyasına böyük töhfəyə görə” Beynəlxalq Bioqrafik Mərkəz tərəfindən (Kembric, Böyük Britaniya) təltif edilib.

“XXI yüzilliyin görkəmli alimi” fəxri adı. “Ürək-damar xəstəliklərinin profilaktikası və bundan ölümün azalması üçün Raca Yoqanın və sağlam həyat tərzinin önəmi” araşdırmasına görə 2003-cü ildə ABI (ABŞ) təltif edib.

D-r Satiş Qupta “Tacdamar arteriyaları xəstəliklərinin reqressiyası üçün üçölçülü model” layihəsinin araşdırıcı, baş koordinatorudur. Milli və beynəlxalq elmi dərgi və konfranslarda 20-dən çox elmi mühazirə çap etdirmiş və təqdim etmişdir.

Birinci dəfə Hindistanda Maunt Abuda (22-24 sentyabr 2006-da) klinik və profilaktik kardiologiya Beynəlxalq konqresini təşkil edib. Bu beynəlxalq forum bu günə qədər hər il onun rəhbərliyi altında keçirilir. 1986-dan Raca Yoqa sistemi üzrə meditasiya ilə məşğul olur.

Oxucularımza təqdim etdiyimiz araşdırmanın mətnini redaksiyamıza BMT-də qeydiyyatdan keçmiş Brahma Kumaris Ümumdünya Ruhsal Universitetuinin Sankt-Peterburq Mərkəzi təqdim edib.

 

Tacdamar aterosklerozunun reqressiyası üçün üçölçülü model

D-r Satiş Quptanın 2009-cu il aprelin 25-də Sankt-Peterburq Brahma Kumaris Mərkəzində “Ruh, ağıl və bədənin təbabəti” seminarında çıxışından parçalar

Aysberqin zirvəsi

Mən tibb universitetini və aspiranturanı Dehlidə bitirmiş, uzun müddət paytaxtın aparıcı kardiologiya institutunda işləmiş və tamamilə yetişmiş, uğurlu həkim sayılırdım. Amma öz işimin gedişində getdikcə daha çox əmin olurdum: etdiklərimiz yetərli deyil. Duyum yaranırdı ki, müasir kardiocərrah daha çox gecə-gündüz kilometrlərlə, amma özəl uğur olmadan boruları təmizləyən santexniki xatırladır: ürək-damar xəstəlikləri müasir dünyada əsil epidemiya forması alıb. Tacdamar aterosklerozu ən geniş yayılmış xəstəliklərdən biri olur, özəlliklə də cavan, işləyən adamlara ağır zərbə vurur. Qabaqlar 70 yaşdan sonra meydana çıxan xəstəlikləri bu gün 30 və 40 yaşlılarda müşahidə edirik.

Biz dərman müalicəsi və yaxud cərrahi müdaxilə apararkən yalnız aysberqin zirvəsi ilə işimiz olur. Təəssüf ki, müalicəyə müasir yanaşma birtərəflidir: beta-blokator, statin, zahiri kontrpulsasiya, angioplastika, aortokoronar şuntlamadan istifadə edirik, amma bunların hamısı ancaq insan bədəni ilə bağlıdır. Bir qayda kimi, həkim xəstəni hansısa fiziki orqan və funksiyaların dəsti kimi qavrayır. Amma axı sübut olunub ki, bütün xəstəliklərin (o cümlədən ürək-damar xəstəliklərinin) 95%-i psixosomatik xarakter daşıyır. Bu bildirir ki, xəstəlik ağlımızda doğulur, daha sonra isə başqa orqanın və ya orqanlar sisteminin durumunda əks olunur.

Artıq bütün dünyada etiraf edirlər ki, ürək xəstəliyinin əsas səbəbi qeyri-sağlam həyat tərzidir. Bu gün getdikcə daha çox adam yanlış qidalanma, fiziki yüklənmənin yoxluğu, pozulmuş yuxu rejimi və oyaqlıq, siqaret çəkmək, alkoqoldan istifadənin qurbanı olur. Bütün bunlar ürək xəstəliyinin inkişafına aparan amillərdir. Uyğun olaraq, belə xəstəliklərin epidemiyası ilə çarpışmaq istəyiriksə, adamlarla artıq ən gənc yaşdan işləməyə başlamağımız gərəkdir. Həyat tərzini dəyişmək sadəcə aterosklerozun qarşısını almaq və ya müalicə etməyə yardım etməz, habelə arterial hipertenziya, şəkər, piylənmə, metabolik sindrom kimi ənənəvi risk amillərinə də təsir edər.

Müasir tibbi irəliləyişlər barədə

Bir neçə rəqəm və fakt

Çağdaş toplumda tibbdəki irəliləyişdən danışarkən, bir qayda kimi, yeni dərmanların meydana çıxması, lazer və gen müalicəsi, gövdə hüceyrələrini öyrənmək, yüksəktexnologiyalı cihazların yaradılması və s. nəzərdə tuturlar.

Doğrudanmı, bu, irəliləyişdir?

Yalnz bəzi faktları gətirirəm. 2008-ci ildə Birləşmiş Ştatlarda səhiyyəyə 2,1 milyard dollar xərclənib. Bununla yanaşı hər dolların 95 senti artıq yaranmış xəstəliyin müalicəsinə sərf olunub. Hətta bütün bu pulun 75%-i sadəcə həyat tərzini dəyişməklə, qarşısı alına biləcək ürək xəstəliyi və şəkər kimi xroniki xəstəliklərin müalicəsinə xərclənib!

Amerika kardiologiya assosiasiyasının məlumatına görə, 2006-cı ildə ABŞ-da hər biri 40 min dollar dəyərində 1,3 milyon tac damar angioplastikası əməliyyatı keçirilib. Bu, bütünlükdə, haradasa, 60 milyon dollardır. Elə həmin il ümumilikdə 44 milyon dollar dəyərində aortokoronar şuntlama əməliyyatı keçirilib. Bununla yanaşı, elmi araşdırma məlumatları xəbər verir ki, angioplastika və stentlər xəstələrin ömrünü uzatmır və sıradakı ürək tutmalarına qarşı zəmanət deyil. Məlumat var ki, aortokoronar şuntlama müştərilərin 3%-dən çoxunun ömrünü uzatmır.

Belə çıxır ki, invaziv, bahalı və az effektli prosedurlara 100 milyon dollardan çox sərf olunub. Belə olan halda irəliləyişdən danışmaq olarmı?

Sağlamlığımıza görə kim sorumludur?

Görünür, əsil sıçrayış cəmiyyətin hər bir üzvü bunu dərk edəndə baş verəcək: mənim sağlamlığıma görə məsuliyyət mənim əlimdədir. Bizim sağlamlığımıza görə nə dövlət, nə səhiyyə sistemi, nə müalicə həkimi, nə qohumlar və nə də hava sorumludur. Hər şey özümüz üçün hər gün etdiyimiz sadə seçimdədir: stressə reaksiyamız necədir, nə yeyirik və necə yeyirik, siqaret çəkirikmi, fiziki çalışmalarla məşğul oluruqmu, başqa adamlarla münasibətlərimizin keyfiyyəti necədir.

İnandırıcı elmi araşdırmalar göstərir ki, bu amillər xəstəliyin müalicəsində dərmanlar və cərrahi müdaxilədən böyük olmasa da, az da rol oynamır: Bu yaxınlarda, 2009-cu ilin fevralında meditasiya praktikasının özəl pəhrizlə və həyat tərzində bəzi dəyişikliklərlə uzlaşmasının, hətta genlərimizin davranışının dəyişilməsinə gətirdiyini sərgiləyən nadir araşdırmanın nəticələri dərc olunub. Nüfuzlu “Lanset” dərgisi yazır ki, arterial hipertenziya, ateroskleroz, piylənmə və hətta xərçəngin inkişafı ilə bağlı olan genlər sanki “təcrid olunur”, müdafiə genləri isə, əksinə, fəallaşır. O biri yandan, emosional stress müdafiə genlərinin təcridinə gətirir və bu xəstəliklərin inkişafına şərait yaradan genləri fəallaşdırır.

Ola bilsin , əksəriyyətiniz 2000-2002-ci illərdə 52 ölkədə aparılmış və 30 000 adamı əhatə edən irihəcmli “İnterhart” (INTERHEART) elmi araşdırması ilə tanışsınız. Araşdırma göstərib ki, fiziki çalışmalar, özəl pəhriz, siqaretdən imtina, psixoloji amillər və s. (cəmi 9 amilin adı çəkilib) miokard infarktının, ən azı, 90 faiz qarşısını almağa aparır! 9 amilin modifikasiyası pul ifadəsində praktik olaraq çox az məbləğdir, amma təsirli nəticə verir. Bunu yuxarıda söz açdığımız ürəkdə və damarlarda bütün bahalı əməliyyatların nəticələrilə tutuşdurun. Buna görə də bu gün həqiqətən işləyənin və ya işləməyənin nə olduğunu aydın cavablandırmağın vaxtı çatıb.

Riskin psixoloji və davranış amilləri

Yuxarıda deyilənlərin hamısı 1995-ci ildə niyə klinik kardiologiyadan profilaktik kardiologiyaya keçmək qərarına gəldiyimi izah edir. Mən Dehlidən Hindistanın şimalında Racastan ştatında yerləşən Maunt Abu şəhərinə yaşamaq və işləməyə getdim. Burada Brahma Kumaris Ümumdünya Ruhsal Universitetinin himayəsi altında nadir müalicə və araşdırma müəssisəsi “Qlobal hospital və araşdırma mərkəzı” işləyir. Mən koronar aterosklerozun reqressiyası üzrə layihənin koordinasiyasını öz üzərimə götürdüm. Layihə Səhiyyə Nazirliyinin yardımı ilə Hindistan Müdafiə Nazirliyinin Fiziologiya və qarışıq elmlər Elmi Araşdırma İnstitutu ilə birgə həyata keçirilir.

Mən layihə üzrəində işə başlayarkən ən görkəmli elmi dərgilərdəki dərcləri diqqətlə öyrəndim, praktika keçən cərrah kimi, qabaqlar praktik olaraq, ikinci dərəcəli saydığım, heç bir əhəmiyyət vermədiyim əsərlərə özəl diqqət ayrdım. Təəccübümə rəğmən bəlli oldu ki, depressiya, həyəcan, sosial təcrid, xroniki stress, şəxsiyyətin tipi (davranışın “A” deyilən növü) kimi hadisələrin təsirindən yaranan ürək xəstəliklərinə həsr edilmiş çox sayda ciddi araşdırmalar var.

Rozanski və Blyumentalın araşdırmasında (“Circulation”, 1999 г.) göstərilib ki, kəskin duyğusal stress simpatik sinir sisteminin stimulyasiyasına (simpatik dominantlığa) gətirir ki, bu da öz növbəsində qan təzyiqinin yüksəlməsi və ürəyin qısılmasına aparır, endoteliya disfunksiyası doğuraraq miokard işemiyaya, ürək aritmiyası və trombun formalaşması riskinin artmasına aparır. Müəlliflər qeyd edirlər ki, bundan savayı, psixoloji stress amilləri (şəxsiyyətin “A” tipi adlanan, qəzəb, həyəcan, depressiya, tənhalıq və s.) riskin davranış amillərinin güclənməsinə səbəb olur.

Doğrudan da, “A” tipli şəxsiyyətlər başqalarından daha çox siqaret çəkir, alkoqoldan istifadə edir, onların Tanrısı işdir, nə yediklərinin və necə yediklərinin qayğısına az qalırlar. Bu adamlar tez qidalanmağa üstünlük verir, onlar üçün qidanın keyfiyyətindənsə dadı daha önəmlidir. Təkdənbir gimnastika edir, idmanla məşğul olsalar belə motivasiyaları yanlışdır. Məsələn, onları rəqabət motivi hərəkətə gətirir, sağlam gəncləri görür və yaşın özəlliyini nəzərə almadan, fiziki yüklənməyə uyğunlaşmadan,“cavanlaşmaq” arzusu ilə gimnastika zalına gedirlər. Nəticədə beş ildən sonra baş verəcək ürək tutması bir ildən sonra baş verir. Bu adamlarda yuxu tez-tez pozulur, gec uzanır və gec dururlar və nəticədə səhər gimnastikasına vaxtları qalmır. Onlar həkimin göstərişinə nadir hallarda əməl edirlər. Belə adamlar özəl həyat tərzini dəyişməyin yerinə həkimi tez-tez dəyişməyə meyllidirlər. Bütün bu davranış amillərinin kombinasiyası psixoloji amillərlə birləşməklə tacdamar aterosklerozunun sürətli inkişafına, sonra isə klinik hadisələrə (stenokardiya, miokard infarktı) gətirir.

Deməli, mütləq həm psixoloji, həm də davranış amillərinin modifikasiyası gərəkdir. Bu halda hətta, arterial hipertenziya, ya da artıq çəki kimi ənənəvi risk amillərinin təsirinə də nəzarət etmək mümkündür.

Tibbdə yeni sahənin – davranış kardiologiyasının meydana çıxması təsdadüfi deyil. Getdikcə daha çox anlayırıq ki, diabet və başqa xroniki xəstəliklər üçün konkret tövsiyələr hazırlandığı kimi, şəxsiyyətin “A” tipi ilə, habelə həyəcan, tənhalıq, depressiyadan əziyyət çəkən xəstələr üçün də tövsiyələrin məqsədyönlü hazırlanması gərəkdir.

Bu mövzuya bağlı başqa maraqlı araşdırmaları da sadalayım:

Laura Kubzanski və İxiro Kavaçinin “Həyəcan və ürək xəstəlikləri” (“Circulation”, 1997-ci il);

İxiro Kavaçi və Devid Sperrounun “Şəxsiyyətin “A” tipi” və ürəyin işemik xəstəliyi” (“Circulation”, 1998-ci il);

“Depressiya kişilərdə tacdamar aterosklerozunun risk amili kimi” (“Internal Medicine”, 1998-ci il);

“Depressiya, metabolik sindrom və ürək-damar xəstəliklərinin inkişaf riski” (“Psychosomatic Medicine”, 2008-ci il) və s.

Duyğusal stress və ürək və damar xəstəlikləri

Əsasən, endoteliya disfunksiyasının yaranmasının ətraf mühitin çirklənməsi və siqaretin səbəb olduğunu qəbul edirik. “Circulation” dərgisinin dərc etdiyi məlimatların maraqlı araşdırmaları göstərir ki, duyğusal stress endoteliyanın sürəkli disfunksiyasına aparır. Göstərilib ki, bir qəzəb işartısı endoteliyalara 72 saat boyunca təsir edir! Bu bildirir ki, endoteliyalarınız 3 gün boyunca (!) “pis” xolosterinə və sonradan ateroskletik piylərin formalaşmasına xüsusən həssasdır.Tutuşdurmaq üçün: bir siqaret çəkəndən sonra endoteliyanın disfunksiyası, təxminən, 40 dəqiqə davam edir. Tutuşdurun: qəzəb nədir və siqaret çəkmək nədir! Amma axı hamı siqaret çəkmək haqqında deyir ki, bu, pisdir, amma qəzəbdən heç kim danışmır. Biz necəsə razılaşmışıq ki, stress qaçılmazdır, həyatımız stressiz mümkün deyil! Müasir insan daimi, katonik deyilən stress halında yaşayır.

Tomas Kembell özünün “Sosial amillər və miokardın kəskin infarktı” məqaləsində maraqlı məlumatlar gətirib. Onun araşdırmasına infarkt keçirmiş 2320 kişi qatılıb. Araşdırma üzə çıxarıb ki, sosial təcriddə olan adamlarda keçirilən infarktdan sonrakı ölüm səviyyəsi sosial dəstəyi olanlardan 4 dəfə yuxarı olub.

Berkmanın araşdırmasında (1992-ci il) adamın öz hisslərini bölüşə biləcəyi kiminsə olmasının önəmi haqda nəticə çıxarılır. Müəllif araşdırmadan bir qədər qabaq kəskin miokard infarktı keçirmiş 65 yaşdan yuxarı 194 kişi və qadının həyat tarixçəsini öyrənib. Bəlli olur ki, zəif emosional dəstəkli adamlarda infarktdan sonra ölüm səviyyəsi emosional dəstək duyan adamlardan 3 dəfə yüksəkdir. Müəllif qeyd edir ki, infarkt keçirən üçün “həmsöhbət” hətta onun … iti də ola bilər! Məhz bu araşdırmadan sonra insanda yalqızlıq və güvənsizlik hissini aradan qaldırlmaq üçün ev heyvanlarının rolu haqda çox danışmağa başlayıblar. Maraqlıdır ki, ingilis sözü “Dog” tərsinə oxunsa, onda “God” (Allah) alınır. Yəqin ki, biz itlə deyil, özümüzlə və Allahla daxili dialoq aparmağı öyrənsək, daha effektli olar. Özümüzlə və Allahla belə daxili dialoqu meditasiya adlandırırlar.

Bu gün meditasiya, ruhsal yaşayış tərzinin sağlamlığın təminatında böyük rol oynadığı haqda artıq 600-dən çox ciddi elmi araşdırma sadalanır.

Üçölçülü yanaşma

Bizə aydındır ki, ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsində uğur əldə etmək üçün elm və ruhsallığın harmonik uyğunluğu gərəkdir. Ürəyin sağlamlığını təmin etməkdə bizim üçölçülü yanaşma konsepsiyası bunun əsasında qurulub. Biz öz layihəmizdə üç əsas komponent təklif etmişik:

а) Raca yoqa meditasiyası vasitəsilə stress-menecment;

б) sadə fiziki çalışmalar;

в) yağlılıq səviyyəsi aşağı və hüceyrə tərkibi yüksək vegetarian pəhrizi.

Araşdırma Qlobal hospital və araşdırma mərkəzinin bazasında (Maunt Abu) aparılır. Layihədə Hindistan Müdafiə Nazirliyindən savayı (Fiziologiya və yaxın elmlər Elmi Araşdırma İnstitutu) iştirak edir: Morarci Desai adına Milli Yoqa İnistitutu, Dehli; Xəstəxanalar qrupu və Qrant tibb kolleci, Mumbay; Y.H.Mehtı adına Kardiologiya İnstitutu, Əhmədabad; D.B.Panta adına xəstəxana və Mövlana Azada adına Tibb kolleci, Dehli.

Layihə sektorlararası xarakter daşıyır. Psixoloq, fizioloq, endokrinoloq, kardioloq, klinisist, fitnes üzrə mütəxəssis və pəhrizşünaslar ruhsal başçılarla həmrəylikdə artıq 1998-ci ildən 11 ildir əl-ələ işləyirlər. İndiki ana qədər layihədə 2500-dən çox xəstə iştirak edib.

Layihənin məqsədi koronar aterosklerozun gedişində sağlam həyat tərzinin təsiri və Raca Yoqa meditasiyasının qanunauyğunluqlarını üzə çıxartmaqdan ibarətdir.

Stressli durumların idarə edilməsi (stress-menecment) artıq lap başlanğıcdan diqqətimizin mərkəzində idi. Biz aşağıdakı sxemə əsaslanmışıq: stress yaşantıları insanda “simpatik dominantlıq” deyilən hal doğurur ki, bu da stress hormonlarının (epinefrin, norepinefrin və kortizol) ifrazına gətirir. Stressin təsiri altında ürək döyüntüsü tezləşir, qan təzyiqi yüksəlir, “pis” xolesterin və triqliseridlərin tərkibi artır, “yaxşı xolesterin” isə, əksinə, azalır. Ürək əzələsinə allostatik yük çoxalır. Birlikdə götürülən bütün bu amillər son nəticədə ateroskleroza aparır və tromb yaranması riskini artırır.

İnsanın yaratdığı mənfi düşüncələr (qəzəb, həyəcan, qorxu, ümidsizlik və sairə) keçici və duyulmaz deyil. Onlar hipotalamus və hipofiz sayəsində saniyənin cüzi qismi ərzində bədənin bütün hüceyrələrinə çatan özəl maddə – neyropeptidlər – formasında bir anda “maddiləşir” ki, bu da yuxarıda göstərilən dəyişikliklərə gətirir. Və ya əksinə: müsbət düşüncə və duyğular xoşbəxtlik hormonu adlanan maddənin – endorfin, melatonin, DHEA-nın ifrazına səbəb olur. Nəticədə ürək çatışmazlıqlarının tezliyi və qan təzyiqi azalır, “yaxşı” xolesterin çoxalır və “pis”i azalır, ürək əzələsinə allostatik yüklənmə aşağı düşür və aterosklerozun reqressiyası müşahidə olunur.

Araşdırmanın pilot mərhələsi

Araşdırmamızın ilk, pilot mərhələsi 1980-ci ilin fevralından 2000-ci ilin fevarlınadək aparılıb. Onda orta və yüksək dərəcəli ağır aterosklerozdan əziyyət çəkən 244 xəstə iştirak edib. Tac damarlarının 306 zədələnməsi analiz olunub. Stenozun orta diametri (arteriyanın daralması) 69% təşkil edib. Angioqrafik məlumatlar müstəqil angioqrafçı qrupu tərəfindən analiz olunub. Bəlli olub ki, proqram başa çatarkən araşdırmaya qatılmış xəstələrdə stenozun diametrinin orta azalması 6% təşkil edib.

Maraqlıdır ki, təklif etdiyimiz proqramları 60%-dən çox təqib edən xəstələrdə stenoz, demək olar, 19% azalıb. Proqrama 50% əməl edənlərdə stenoz 11% azalıb. Stenoz qalan xəstələrdə, əksinə, çoxalıb.

Beləliklə, nəticə çıxarılıb ki, “Sağlam həyat tərzi” proqramının, ən azı, 50% icrası stenozun diametrinin azalması və koronar hadisələrin qabağını almaq üçün zəruri şərtdir.

“Sağlam ürək” mərhələsi

Bu nəticələr bizim tərəfimzidən koronar aterosklerozdan əziyyət çəkən xəstələri motivləşdirmək, araşdımamızın “sağlam ürək” adını alan ikinci mərhələsində (2000-ci ilin apreli – 2001-ci ilin noyabrı) iştirak etmək üçün istifadə olunub.

Dehli, Mumbay və Əhmədabadın üç tibb müəssisəsi tərəfindən bizə 274 xəstə göndərilib. Xəstələrin hamısına uyğun angioqramlarla təsdiqlənən “koronar ateroskleroz” diaqnozu qoyulmuşdu. Xəstələr iki qrupa bölündü. Birinci qrup “SHT” (“sağlam həyat tərzi”) adlandı, ikincisi nəzarət üçün idi. Xəstələrin seçilməsi və qruplara bölünməsi randomlaşdırılmışdı.

Xəstələrin seçilməsi və araşdırma planı Müdafiə və Səhiyyə nazirliklərinin etika üzrə komitəsi tərəfindən bəyənilmişdi. Xəstələrin araşdırmada iştiraka şüurlu razılığı vacib şərt idi.

Xəstələr öz həyat yoldaşları ilə birlikdə 7 günlüyə Maunt Abudakı Qlobal hospitala gəldilər. Bu, iştitrak üçün zəruri şərt idi; biz belə bir mühakimədən çıxış edirdik: xəstənin həyat tərzini dəyişmək üçün həyat yoldaşının rolu son dərəcə vacibdir.

Xəstələri test apararaq layihə iştirakçılarının həyəcan, qəzəb, depressiya, ümumi rifah hissini müəyyən edən təcrübəli psixoloqlar yönəldirdilər. Habelə təfərrüatlı lipid və hormonal profil hazırlanmış, elektrokardioqram çəkilmişdi.

Xəstələrlə və həyat yoldaşları ilə məşğələ informasiya, maarifçilik xarakteri daşıyırdı. Araşdırma iştirakçılarına ürəyin nə olduğu və necə işlədiyi, ürək və damarların zədələnməsinin necə baş verdiyi, “yaxşı” və “pis” xolesterinin nə olduğu, pəhriz və fiziki çalışmaların rolunun necəliyi, siqaret çəkmək və alkoqolun endoteliyalara və s.-ə necə təsir etdiyi haqda danışıldı.

Hər iki qrupdakı xəstələrlə araşdırma başlanana qədər həkimlərin göstərişi üzrə istifadə etdikləri bitki dərmanlarını qəbul etmək tövsiyə olundu. Hər iki qrupa eyni pəhriz təklif olundu: yüksək tərkibli hüceyrələrlə yağsız vegetarian yeməyi. Hər iki qrupda sadə fiziki çalışmalar aparıldı: 5 dəqiqəlik isitmə, sonra gün doğanda 30 dəqiqəlik gəzinti, sonra isə 5 dəqiqəlik relaksasiya.

“SHT” qrupunun yeganə fərqli özəlliyi Raca Yoqa meditasiyasından istifadə ilə stress-menecment üzrə məşğələlər idi. Nəzarət üçün qrupa deyilmişdi ki, stress pisdir, amma onlara tanış olan üsullarla – dua, meditasiya, pranayama və s. – stresslə özlərinin mübarizə aparmalarını təklif etdik. Bu qrupda Raca Yoqa meditasiyası üzrə məşğələlər keçirilmədi.

Xəstələrin stasionarda yerləşdikləri Qlobal hospitalda yeddi günlük proqram başa çatarkən artıq hazır əla infrastruktur sayəsində araşdırma iştirakçılarına bələdçiliyi davam etdirdik: bu gün Hindistanda Brahma Kumarisin 9000 mərkəzi ölkənin praktik olaraq hər bir yaşayış məntəqəsində işləyir.

İştirakçılara öz vəziyyətlərini gündəlik izləmək üçün özəl cədvəl təklif edildi. Onlar həmçinin yaşadıqları yerdə hər gün Brahma Kumaris mərkəzlərində məsləhət ala bildilər. Hər bir mərkəzdə mütəxəssis həkim çalışırdı. Mən layihənin gerçəkləşdirildiyi üç əsas mərkəzə – Əhmədabad, Dehli, Mumbay şəhərlərinə hər ay şəxsən baş çəkirdim, xəstə və həkimlərlə görüşür , məsləhətlər verir, parametrləri öyrənirdim.

Altı aydan sonra layihə iştirakçılarını yenidən Maunt Abuya dəvət etdik, onlar üçün treninqin növbəti mərhələsini keçirdik, bütün parametrləri yenidən dəyərləndirdik.

Angioqrafiyanı bir ildən sonra təkrar etdik. Yoxlanışın tam kor üsulunu təmin etməkdən yana bütün plyonkalar və CD-lər şifrələnmişdi. Angioqramlar iki müstəqil angioqrafçı tərəfindən analiz edildi. Statistik məlumatları da müstəqil statistika müttəxəssisləri hazırladılar.

Xəstələrimizin çoxunda araşdırma başlandığı anda koronar arteriyaların iki, ya da üç blokadası var idi. Hər iki qrupda zədələnmələrin orta sayı 4,5 idi. Stenozun orta səviyyəsi 70% idi.

Araşdırmanın nəticələri haqda

İndi “Sağlam həyat tərzi” qrupunda və nəzarət qrupunda əldə edilən nəticələrə müraciət edək.

“Sağlam həyat tərzi” qrupunda davranışın “A” tipində mühüm modifikasiya müşahidə olundu, həyəcan və depressiya zəiflədi. Xeyli dərəcədə cüzi olsa da, nəzarət qrupunda da dəyişiklik baş verdi. “SHT” qrupunda qəzəb səviyyəsi 44% azaldı, nəzarət qrupunda isə, əksinə, 1,5% çoxaldı, amma nəzarət qrupundakı xəstələrə deyilmişdi ki, qəzər onlaırn sağlamlığına ziyan vurur və bununla mübarizə aparmaq təklif olunmuşdu. Buna görə də adama, sadəcə, “Hirslənmə!” demək bəs deyil. Qəzəb şükur və sevginin yoxluğundan savayı bir şey deyil və qəzəbi ancaq müsbət duyğularla sıxışdırmaqla öhdəsindən gəlmək mümkündür. Raca Yoqa meditasiyasının köməyi ilə “SHT” qrupunda məhz buna da nail olunmuşdu.

“SHT” qrupunda ümumi rifah hissinin əsaslı (36%-dən çox) gücləndiyi müşahidə olundu, halbuki bu göstərici nəzarət qrupunda xeyli aşağı (10%-ə yaxın) idi.

Qeyd olunub ki, “SHT” qrupundakı xəstələrdə pəhriz və fiziki çalışmalara dair həkimələrin göstərişini təqib etməkdə iradə gücü daha böyükdür. Məsələn, fiziki çalışmalara ayrılan vaxt “SHT” qrupunda 5 dəfədən çox çoxalıb (544%). Bu vaxt nəzarət qrupunda yalnız 23% artıb.

“SHT” qrupundakı bütün xəstələr içki və siqaretdən əl çəkiblər. Nəzarət qrupunda xəstələrin çoxu siqaret çəkməyi və alkoqol içməyi davam etdiriblər.

Artıq 7-ci gün “SHT” qrupunda NYHA klassifikasiyası üzrə kliniki statusun əsaslı dəyişikliyi qeydə alındı: xəstələrin çoxu sinif 3-dən sinif 1-ə keçdilər.

Xəstələrin gün ərzində nitroqrup tabletlərinin qəbulu əsaslı şəkildə (73 %) azaldı. Qeyd edək ki, nəzarət qrupunda bu miqdar 15%- dan çox artdı.

Hormonal profil göstərir ki, “SHT” qrupunda “stress hormonları”nın (epinefrin, norepinefrin və kortizol) tərkibi 7-ci gündə əsaslı azaldı. Nəticədə bu xəstələrin qan təzyiqi normallaşdı, artıq 7-ci gündə hipertoniyaya qarşı qəbul olunan dərmanların dozasını azaltmaq mümkün oldu. Eyni zamanda beta-endorfin və serotonin (yəni xoşbəxtlik hormonu, təbii ağrıkəsici) və melotonin (xəstələrin yuxusunun yaxşılaşmasını təmin edən) hormonların tərkibi artmışdır.

Ən mühüm göstərici

Ən əhəmiyyətli göstərici stenoz diametrinin orta hesabla 11% azalmasıdır. Bildiyimiz qədər, bu nəticə mütləq rekorddur, hələ heç bir yerdə belə bir qeydiyyat olmayıb. Xəstələrin, təxminən, yarısında stenozun reqressiyası 10%-dən çox oldu. Araşdırmanın bir neçə iştrakçılarında, hətta tam oklüziyadan sonra arteriyadakı qan axınının bərpasına nail oldular. Nəzarətdə olan qrupda isə stenozun diametri 5% artmışdı. İyirmi həftədən sonra arteriya deşiyi açıldı, halbuki əvvəllər 99% tıxanmışdı.

Biz beləbir nəticəyə gəldik ki, Raca Yoqa meditasiyası, sağlam həyat tərzi şəraitində tacdamar ateroskleroz reqressiyasının, həm də əlaqəli risk amillərinin (arterial hipertenziya, diabet, piylənmə, metabolizm sindromu) əhəmiyyəti və xəstənin ümumi əhvalının yüksəlməsi üçün nadir ruhsal praktikadır. Raca Yoqa meditasiyasının tədrisi ürək xəstəliklərinin praktikasında effektli vasitədir.

Milli Proqramın statusu

2008-ci ilin yanvarında Hindistan höküməti bu araşdırmanın nəticələrini öyrənərək, bizim ürək-damar xəstəliklərinin profilaktikası üzrə işimizə milli proqram statusu verdi.

Proqram bu gün üç mərhələdə həyata keçirilir.

Birinci mərhələ: tələbə və şagirdlər üçün, maarifləndirmə tədbirləri, həm də yüksək riskli qruplar üçün (hipertoniyadan əziyyət çəkənlər, diabetlər, dislipidemiya, siqaret çəknlər, bu xəstəliyə genetik meylli olan şəxslər; insult keçirmiş şəxslər).

İkinci profilaktika: tacdamar aterosklerozu müəyyən edilmiş şəxslər üçün proqram

Üçüncü profilaktika: angioplastika və aortokoronar şuntlama əməliyyatı keçirmiş xəstələr üçün proqram.

Proqram Maunt Abunun Qlobal hospitalında və Brahma Kumarisin yerli mərkəzlərinin bazasında keçirilir. Biz eyni zamanda bu proqramların tətbiqi üçün, maarifləndirmə və tədris işlərində fəal iştirak edən məktəblilərə və universitet müəllimlərinə və həkimlərə hazırlıq kursları keçirik. 2009-сu ildən Hindistanın, ən azı, 100 000 (!) məktəbini əhatə etməyə planlaşdırırıq. Bu bizdə ümid yaradır ki, yetişən nəsil sağlam həyat tərzi yaşayacaq və yaxın gələcəkdə ürək xəstəliyi epidemiyasına qalib gəlməyə müvəffəq olacağıq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar