Şənbə, 21 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

BNA taksi duracaqları yaratmır, avtobus dayanacaqları “işğal” edilir… – Foto

Taksilər avtobus dayanacaqlarını zəbt edir

Marşrut avtobuslarının işi iflic olub, tıxaclar artıb; pullu və pulsuz taksi dayanacaqları yaradılması plandadır

Bakı yollarında tıxacdan sonra ikinci bəla taksilərin avtobus dayanacaqlarını zəbt eləməsidir. Hər gün bu vəziyyətlə qarşılaşırıq. Amma avtobus dayanacaqlarına girən taksilərin bu yerləri “işğal” eləməsi məcburiyyətdəndir.

Çünki taksi dayanacaqları ləğv edilib və Bakı Nəqliyyat Agentliyi bu günə kimi taksi duracaqları yaratmayıb.

Məsələn, “Neftçilər” metrosu yanında taksi dayanacağı varıydı. Amma ləğv elədilər, indi avtomobillər avtobus dayanacağında müştəri gözləyir.

Ümumilikdə, 180-ə yaxın taksi dayanacağı ləğv edilmək üzrədir ki, guya nəqliyyatın hərəkətinə mane olmasın.

Göründüyü kimi, ləğv prosesi vəziyyəti daha da xaotik edib. Çünki yeniləri yaradılmayıb. Bu da narazılığa səbəb olur.

Dayanacaqdan kənarda isə avtomobil saxlayanda BNA-nın müfəttişləri dayanma-durma qaydasının pozulması ilə cərimə yazır, kameralar çəkir.

Halbuki yeni taksi dayanacaqları yaradılması nəzərdə tutulub. Taksilərin avtobus dayanacaqlarını zəbt eləməsi ucbatından marşrutlar kənarda saxlamalı olur, sıxlıq, tıxac yaranır.

Piyadalar məcbur olur ki, yolun hərəkət hissəsinə çıxsınlar. Bakı Nəqliyyat Agentliyi isə problemin həlli üçün ciddi tədbirlər görmür.

Məsələn, metronun “Neftçilər”, “20 Yanvar” stansiyalarının ətrafı, eləcə də Bakıxanovda “Razin talkuçkası”nın həndəvəri və bir çox ərazilərdə taksilər avtobus dayanacaqlarını “ələ keçirib”lər.

Həmçinin metronun “Memar Əcəmi” stansiyası ətrafında, 8-ci km qəsəbəsi ərazilərində avtomobillər, xüsusilə taksilər avtobus dayanacaqlarını zəbt edirlər.

Avtobuslar dayanacağa daxil ola bilmədikdən sonra məcburən ikinci və üçüncü xətdə saxlayırlar. Avtomobillər dayanacaqları zəbt etdiyi üçün avtobuslar rahat hərəkət edə bilmir.

Bu isə yersiz və lazımsız tıxacların, xüsusilə süni tıxacların yaranmasına səbəb olur. Belədə isə tıxaclar Bakının nəqliyyat strukturunu iflic edir.

Təbii ki, avtobuslar dayanacaqlarda park etməlidir. Bu, Bakının nəqliyyat infrastrukturuna ciddi zərbə vuran amillərdən biridir. Bununla bağlı ciddi şəkildə mübarizə aparmaq lazımdır.

Taksi sürücüləri isə deyirlər ki, BNA onlar üçün duraqlar təşkil etməlidir. Taksi şoferləri də bu vəziyyətdən xoşhal deyil, tezliklə duracaqlar yaradılmasını gözləyirlər.

Bir müddət əvvəl BNA rəsmiləri demişdilər ki, Bakının inzibati ərazisində taksi dayanacaqları fəaliyyətə başlayacaq. Yəni bu dayanacaqlar istifadəyə veriləndə taksilər öz dayanacaqlarında fəaliyyət göstərəcəklər.

Lakin göründüyü kimi, işin icrası yubanır. Taksilərin əvvəl dayandığı yerlər ləğv edilib, amma onlara dayanmağa məkan təklif olunmayıb.

Bundan əlavə, taksi sürücüləri adətən əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaq istəyirlər ki, müştəriləri rahatlıqla cəlb edə bilsinlər. Bu proses şəhərdə tıxacların yaranmasına səbəb olur.

Dayanacaqlar şəhərdən kənarda olmamalı, digər tərəfdən isə hərəkətə maneçilik yaratmamalıdır.

BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirmişdi ki, artıq bununla bağlı bir neçə yer müəyyən edilib. Yaxın vaxtlarda taksilər həmin dayanacaqlara cəlb ediləcək. Ancaq proses ləng gedir.

Bakı Şəhəri İnzibati Ərazi Dairəsində 79 ədəd pasportlaşdırılmış, 81 ədəd pasportlaşdırılmamış taksi dayanacağı mövcuddur. Sadəcə olaraq, bu dayanacaqlardan taksi sürücüləri heç vaxt istifadə etməyib.

Səbəb kimi də göstərirlər ki, taksi dayanacaqları əyləncə və istirahət mərkəzləri, metro stansiyaları və avtobus dayanacaqları yaxınlığında, yəni sərnişinlərin daha sıx və sərnişin toplama imkanlarının daha geniş olduğu ərazilərdə deyil.

Sərnişin üçün həm metro stansiyası çıxışlarında, həm xidmət mərkəzlərinin önündə taksi dayancaqlarına istiqamətləndirən məlumatverici lövhələr quraşdırılmalıdır.

Sərnişin də taksi dayanacağının harada olacağını biləcək. Bu da sıxlığın aradan qaldırılacağına kömək edəcək.

Taksilər harada gəldi saxlayıb müştəri gözləyir. Döngələrdə, nəqliyyat vasitələrinin sıx olduğu yerdə, avtobus dayanacaqlarında da dayanan taksi sürücülərinə rast gəlirik.

Onlarla aparılan söhbətlər zamanı aşkar olunur ki, həmin taksi sürücüləri dayanmaları üçün xüsusi yerlər olmadığından harada gəldi dayanırlar.

Onlar məcburiyyət qarşısında qalıb harada balaca bir boş yer görsələr, maşını orada saxlayır və müştəri gözləyirlər.

Ola bilər ki, taksi dayanacaqlarının pullu modelləri tətbiq edilsin. Həm pullu, həm də pulsuz taksi dayanacaqları yaradılması plandadır. Beynəlxalq təcrübəyə görə, pullu və pulsuz dayanacaqlar da var.

Taksi sürücülərinə irad bildirəndə onlar haqlı olaraq deyirlər ki, “taksi dayanacağı təşkil edin, gedib orada dayanaq. Biz də çörək pulu üçün çıxmışıq”.

Bildirək ki, piyada keçidinin üstündə avtomobil saxlanmasına görə cərimənin miqdarı 20 manatdır. Avtobus dayanacağında dayanan avtomobillərin cəriməsi isə bundan iki dəfə artıq, yəni 40 manat müəyyən olunub. Di gəl ki…(musavat.com)

pia.az


Şərh yazın.

loading...