Cümə axşamı, 20 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Dünyanın iki nəhəng iqtisadiyyatının çarpışması - Dünya iqtisadiyyatını nə gözləyir?

İqtisadçı-ekspert: “Dünya bazarları iki böyük iqtisadiyyat arasındakı qarşıdurmaya kəskin reaksiya göstərir və bundan sonra da göstərəcək”

“ABŞ-ın 6 min adda Çin mallarına rüsum tətbiq etməsi, ABŞ bazarında meyvə və tərəvəzdən tutmuş, elektronika, mebel, çanta, kosmetika və bir çox başqa gündəlik tələbat mallarınadək qiymətlərində kəskin artıma səbəb olacaq”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Trampın Çindən idxal edilən məhsullara əlavə 325 milyard dollar dəyərində tarif tətbiq etməklə bağlı səsləndirdiyi hədələri PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən məhsullara əlavə 325 milyard dollar dəyərində tarif tətbiq etməklə bağlı hədələr səsləndirib. Tramp bunu prezident Şi Tsinpinin bu ayın sonu onunla ticarət danışıqlarında iştirak etməyəcəyi halda edəcəyini bildirib.

Tramp bu ayın sonu Yaponiyanın Osaka şəhərində G-20 ölkələri liderləri toplantısında Şi ilə görüşəcəyini gözləsə də, rəsmi Pekin görüşü ictimai şəkildə təsdiq etməyib.

ABŞ prezidenti əlavə edib ki, Şi ilə görüş baş tutmasa Çindən idxal edilən məhsullara tətbiq edilmiş 200 milyard dollar dəyirində olan tariflərə əlavə tariflər tətbiq edəcək.

Dünyanın iki ən nəhəng iqtisadiyyatı arasında aylarla davam edən danışıqlar hal-hazırda dayandırılıb. Vaşinqton Pekini razılaşdırılmış şərtləri icra etməməkdə ittiham edir. Çin isə bu iddianı rədd edir.

Çinin xarici işlər naziri ticarət müharibəsini istəmədiklərini, lakin baş verəcəyi halda bundan qorxmadıqlarını deyib.

Əgər G-20 zirvəsində razılaşma olmasa, dünya iqtisadiyyatını nə gözləyir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Ticarət müharibəsində kəskinləşmə böyük ehtimal bütün dünya iqtisadiyyatının inkişaf tempində yavaşlamaya və o cümlədən, inkişaf etməkdə olan bazarlardan kapital axınına səbəb olacaq”.

ABŞ bazarında polad məhsullarının qiymətində kəskin artımın olması ehtimalının böyük olacağını proqnoz edən iqtisadçı-ekspert Vüsalə Əhmədova PİA.az-a açıqlamasında səbəb kimi ABŞ-ın bu sahədə istehsalının artırmasının hələ ki, real görünmədiyini göstərib:

“Bildiyiniz kimi, Çin və ABŞ arasında ticarət müharibəsi 2018-ci ilin iyul ayından davam edir. Həmin tarixdə hər iki ölkə arasında gömrük tarifləri qarşılıqlı olaraq artırıldı. Birləşmiş Ştatlar Çindən idxal olunan ümumi dəyəri təxminən 34 milyard dollar olan 818 adda mala 25%-lik rüsum tətbiq etdi. Elə həmin gün də Çin Xalq Respublikası cavab addımını atdı.

Daha sonra, Avqustun 23-də Vaşinqton Çindən idxal olunan 16 milyard dollar məbləğindəki daha bir sıra mallara yeni tariflər tətbiq etməyə başladı. Və yenə də Çinin cavab reaksiyası gecikmədi. Bu ilin may ayından isə Ağ Evin rəhbəri Çindən idxal olunan 500 milyard dollar dəyərindəki mallara 25%-lik rüsumlar tətbiq edilməsinə göstəriş verdi.

Bu məbləğ isə demək olar ki, Çindən idxal olunan bütün qalan malları əhatə edir. Çinin cavab addımı isə iyunun 1-dən qüvvəyə mindi. Deyə bilərəm ki, dünya bazarları iki böyük iqtisadiyyat arasındakı qarşıdurmaya kəskin reaksiya göstərir və bundan sonra da göstərəcək. Məlum olduğu kimi, ticarət müharibəsinin kəskinləşməsi fonunda Çin Fond Birjası indekslərində və yuanın dəyərində düşüşü yaşandı, mayın əvvəlindən etibarən isə neftin qiyməti 70 dollardan aşağı endi.

Vüsalə Əhmədova: “Dünya polad ticarətinin coğrafiyası əhəmiyyətli dərəcədə dəyişə bilər və ya Çin öz polad məhsullarını üçüncü ölkələr vasitəsilə ABŞ-a sata bilər”.

O cümlədən, Rusiya bazarı da Çin-ABŞ qarşıdurmasından öz nəsibini alıb. Ticarət müharibəsində kəskinləşmə böyük ehtimal bütün dünya iqtisadiyyatının inkişaf tempində yavaşlamaya və o cümlədən, inkişaf etməkdə olan bazarlardan kapital axınına səbəb olacaq. Konfliktin nəticəsi olaraq, əsasən dünya xammal və metalların qiymətlərində ucuzlaşma yaşanacaq. Hansı ki, ən çox təsir altında qalan ixrac bazarlarına yönəlmiş metallurgiya və dağ-mədən şirkətləridir. Dünya bazarında qara və əlvan metalların, o cümlədən, uzunmüddətli sənaye tələbatı mallarının qiymətində 10-20%-lik azalma olacağı ehtimal olunur. Hələki vəziyyət metallurgiya və dağ-mədən sənayesi üçün qeyri-müəyyən olaraq qalmaqda davam edir.

Belə bir şəraitdə Çin öz milli valyutasını zəiflətməklə ABŞ-ın tətbiq etdiyi rüsumların mənfi təsirini aradan qaldıra bilər. Çünki, zəif yuan daxili istehlakın artmasına səbəb olmayacaq və idxalı azaldacaq. Digər tərəfdən onu da qeyd edim ki, ABŞ bazarında polad məhsullarının qiymətində kəskin artımın olması ehtimalı böyükdür. Çünki, ABŞ-ın bu sahədə istehsalı artırması hələ ki, real görünmür.

Vüsalə Əhmədova: “ABŞ hökuməti digər ölkələr üçün idxal rüsumlarının azaldılmasına qərar verə bilər”.

Bundan əlavə, ABŞ-ın 6 min adda Çin mallarına rüsum tətbiq etməsi, ABŞ bazarında meyvə və tərəvəzdən tutmuş, elektronika, mebel, çanta, kosmetika və bir çox başqa gündəlik tələbat mallarınadək qiymətlərində kəskin artıma səbəb olacaq. Bu isə ABŞ-da istehlakçı aktivliyinin azalmasına gətirib çıxara bilər ki, dolayısıyla bu da ABŞ iqtisadiyyatının artım tempini təhlükə altında qoyur. Belə olan halda, ABŞ hökuməti digər ölkələr üçün idxal rüsumlarının azaldılmasına qərar verə bilər. Çinə tətbiq edilən tariflər regiondakı digər ölkələrə təchizatlarını artırmaq imkanı yaradır.

Nəticədə, dünya polad ticarətinin coğrafiyası əhəmiyyətli dərəcədə dəyişə bilər və ya Çin öz polad məhsullarını üçüncü ölkələr vasitəsilə ABŞ-a sata bilər. Təbii ki, ticari konfliktin uzunmüddətli olmama ehtimalı da var”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...