Çərşənbə, 26 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Vətən xaini kimi öldürülən polkovnik bəraət alıb – Sensasion faktlar

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində məhkəmə sənədlərinə əsaslanaraq Azərbaycan Müdafiə Nazirliyinin hərbçisi, polkovnik-leytenant Saleh Qafarova 2017-ci ildə tutulma və istintaq zamanı verilən işgəncələr barədə yazıb

Qafarov Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirli bilinərək 2017-ci il mayın 4-də həbs edilib. O, istintaq zamanı işgəncələrdən sonra vəfat edib. 4 may 2018-ci ildə onunla bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Bu haqda O. Gülalıyev yazır: “Bir daha məlum olur ki, peşakar zabit, ermənilərlə döyüşlərdə fəal iştirak etmiş, nümunəvi və qüsursuz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuş Saleh Qafarov 04 may 2017- ci ildə gecə saatlarında evindən zorla aparılaraq Tərtərdə Müdafiə Nazirliyinə məxsus olan köhnə Qərargah binası deyilən yerdə ağır işgəncələrə məruz qalaraq qətlə yetirilib” , hüquq müdafiəçisi yazıb.

Hüquq müdafiəçisi indiyədək insanlara belə ağır, qeyri-insani işgəncə verildiyini nə oxuduğunu, nə də eşitdiyini bildirir.

“Saleh Qafarova verilən işgəncələrin bəzilərini etik baxımdan qeyd edə bilmirəm. Maraqlananlar əlavə etdiyim sənəddə oxuya bilərlər. Bu zorakalığı edənlər Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləridir. Saleh Qafarova verilən işgəncələrin bir hissəsi; "Bütün dırnaqları çəkilmiş vəziyətdə olub. Budları deşik-deşik olub. Sanki armaturla oyublar. Kürək nahiyəsi tok verməkdən partlayıb tökülmüşdü. Dırnaqlarını çəkib həmin yerdən tok veriblər. Tək sifəti salamat olub."

Məhkəmə tibbi ekspertiza rəyindən; "döz qəfəsinin sol yarısının 11-ci qabırğasının sınığı, bədənin çoxsaylı qançırları, əzilmiş-sıyrılmış və 1-2-ci dərəcəli yanıq xəsarətləri (sağ bazu-çiyin oynağının ön səthi, sağ qoltuq çuxurunun ön səthi, hər iki mil-bilək oynağının arxa səthi, hər iki ayaq pəncələrinin arxa səthi, hər iki baldırın yuxarı və orta 1/3-nin arxa səthləri və sol budun bayır səthi), arxa keçəcək dəliyi ətrafında və dəliyin düz bağırsağın selikli qişasına keçən hissədə qançır, sol əlin 2 və 3-cü barmaqlarının, sağ ayağın 2-ci barmağının dırnaq lövhələrinin düşməsi xəsarətləri alıb.

Tərtər hərbi məhkəməsinin sənədindən; "Hərbi hissənin qərərgah binasının ikinci mərtəbəsindəki otaqlardan birinə salıb orada soyundurulmuş, Fuad Ağayevin verdiyi yapışqanlı lentlə üzərinə əski parçası qoyub Saleh Qafarovun gözlərini, habelə çəkmə ipi ilə əllərini bağladıqdan sonra plastik boru parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla və ağzına su töküb boğmaqla düşmənin xüsusi xidmət orqanı əməkdaşları ilə əməkdaşlıq etdiyini etiraf etməsini tələb ediblər... Ağır işgəncələrə məruz qalaraq ciddi xəsarətlər alıb ölümcül vəziyyətə düşən Saleh Qafarova zəruri tibbi yardım göstərilməsinə, ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinə imkan verilməyib. Sorğu-sual və işgəncələr davam etdirilib,” Gülalıyev məhkəmə sənədlərinə istinadən yazır.

Hüquq müdafiəçisi bildirir ki, polkovnik-leytenantı doğulduğu və yaşadığı Qəbələ rayonunun Aydınqışlaq kəndinin qəbristanlığında 300 nəfər polisin və hərbiçinin iştirakı ilə "vətən xaini" kimi dəfn ediblər.

“Ailə üzvlərini, qohumlarını onun dəfn mərasimində iştirak etməyə, onu görməyə və vidalaşmağa icazə verməyiblər. Lakin Saleh Qafarovu öldürən cinayətkar hərbi birləşmənin qanunsuz əməlləri çox saylı həbçilərimizin kütləvi şəkildə ağır işgəncələrə məruz qalması və qətlə yetirilməsi ilə davam etdiyindən cinayəti gizlətmək mümkün olmur. Cinayətkar dəstə həbs edilib. Amma sonradan aparılan istintaq araşdırmaları göstərir ki, Saleh Qafarov və digərləri günahsız həbs olunub və öldürülüb. Onun haqqında "dövlətə xəyanət" ittihamı ilə başlanan cinayət işinə bəraətverici əsaslarla xitam verilir. Ailəsindən üzr istənilir, şəhid və qəhrəman statusu verilir və dövlət hesabına qəbr üstü abidəsi götürülür” , hüquq müdafiəçisi qeyd edir.

Onun yazdığına görə, Saleh Qafarovla bərabər ən azı 9 hərbçini öldürən, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə qarşı irəli sürülən İttiham Aktından "adam öldürmə", "işgəncə vermək", "vəzifə səlahiyyətlərini aşma və sui- istifadə etmə", "qanunsuz hərbi birləşmə yaratmaq" və s. maddələr çıxarılıb və onlara cəmi 6 il cəza verirlər.

“Bilirsinizmi niyə? Çünki hərbçilərimizi amansızlıq və qəddarlıqla qətlə yetirən şəxslər Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun rəhbər şəxsləri tərəfindən himayə olunurlar” , Gülalıyev qeyd edir.

Hüquq müdafiəçisinin məhkəmə sənədlərinə istinadən tutulma və istintaq zamanı işgəncə, qeyri-insani rəftar faktları ilə bağlı yazdıqlarına hüquq- mühafizə orqanlarından və Müdafiə Nazirliyindən şərh almaq mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının adının çəkilməsini istəməyən bir əməkdaşı baş verənlərə məhkəmələr tərəfindən hüquqi qiymət verildiyini bildirib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edib.

Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə və məntəqələrinə qarşı geniş miqyaslı təxribat aksiyası hazırlayıb.

2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.

Araşdırma zamanı azı 8 şübhəli şəxs öldürülüb. Sonradan təkrar istintaq zamanı öldürülən 4 nəfərə bəraət verilib. İttihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqan məhrumetmə cəzası alıb.(Yeni Sabah)

pia.az


Şərh yazın.

loading...