Şənbə, 20 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

ABŞ şirkəti ilə Gömrük Komitəsi arasında qarşıdurma yaranıb

4 aydır mallar anbarda saxlanılır

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin olunduqdan qısa müddət sonra rəhbərlik etdiyi sahə üzrə ciddi islahatların aparılacağını, gömrük prosedurlarının sadələşdiriləcəyini, o cümlədən indiyədək mövcud olan neqativ halların aradan qaldırılacağını və beləliklə, bütün bunların biznes mühitinin inkişafına xidmət edəcəyini bəyan etsə də, hələlik verilən vədlər yerinə yetirilməyib.

AzToday.az xəbər verir ki, gömrük pozuntuları ilə bağlı daha bir məlumat yayılıb. Hurriyyet.org yazır ki, idxal etdiyi məhsulların gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz hallarla rastlaşan müəssisələrdən biri də qida əlavələrinin istehsalı və satışı üzrə ixtisaslaşmış “Forever Living Products” şirkətidir. 1978-ci ildə ABŞ-ın Arizona ştatının Scottsdale şəhərində təsis edilən “Forever Living Products” dünyada Aloe Vera məhsullarının becərilməsi, istehsalı və yayılması üzrə ən böyük şirkətdir. Satış həcmi 3 milyard dollardan artıq olan şirkət hazırda dünyanın 140-dan artıq ölkəsində təmsil olunur. Şirkətin ölkəmizdəki nümayəndəliyi isə 2008-ci ildən etibarən “Forever Living Products Azərbaycan” MMC adı altında fəaliyyət göstərir.

Adıçəkilən firmanın ölkəmizdəki nümayəndəliyində çalışan şəxslərdən əldə edilən məlumatlara görə, təxminən 4 ay bundan əvvəl “Forever Living Products” şirkəti Azərbaycana yeni partiya qida əlavələri gətirib. Lakin şirkətin yetkililəri həmin məhsulların gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz hallarla rastlaşıblar.

Belə ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları heç bir tutarlı səbəb göstərmədən malın real satış qiyməti ilə deyil, onların özlərinin təyin etdikləri qiymətlər əsasında bəyan olunmasını tələb ediblər.

Verilən informasiyada deyilir ki, gömrük əməkdaşları şirkətin real məbləğdən daha artıq ödəniş etməsi üçün qida əlavələrinin dərman pereparatları kimi sənədləşdirilməsini qarşıya şərt kimi qoyublar. Halbuki qida əlavələri dərman pereparatları hesab olunmur və bu səbəbdən də “Forever Living Products” şirkətinin məhsulunun gömrükdə saxlanılması qeyri-qanunidir.

Söz yox ki, bütün bunlar, yəni üzləşdiyi süni əngəllər qarşı tərəfin narazılığına səbəb olub. Çünki dünyanın 140-dan artıq ölkəsində təmsil olunan “Forever Living Products” şirkəti bu dövlətlərin hamısına məhsullarını eyni qiymətlərlə ixrac edir. Yəni heç bir ölkəyə fərqli qiymətdə mal ixrac olunmur.

Dövlət Gömrük Komitəsinin əməkdaşları isə bunu təsdiq edən, eyni zamanda gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tələb olunan sənədlərə əhəmiyyət vermədən ABŞ şirkətinin məhsulunu 4 aydır ki, gömrükdə saxlayır və ölkəyə buraxılmasına imkan vermir.

Məhz bunun nəticəsində “Forever Living Products” şirkətinin 8500 nəfər işçisi 4 aydır ki, işsiz qalıb. Görünən odur ki, bu məsələdə kimlərinsə şəxsi maraqları önə çıxır və adıçəkilən şirkətin məhsullarını əsassız yerə gömrükdə saxlamaqla həmin maraqlarını reallaşdırmağa çalışırlar.

O da danılmaz faktdır ki, bu kimi neqativ hallar, qanun pozuntuları həm yerli, həm də əcnəbi iş adamlarına əlavə problemlər yaradır, onların normal fəaliyyət göstərməsinə imkan vermir. Ki, bu da sonda onların Azərbaycanı tərk etməsinə səbəb olur. Yəqin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özü də bilməmiş deyil ki, gömrük əməkdaşları bu cür üsullarla dövlət büdcəsini real gəlirlərdən məhrum edirlər. Halbuki, bu gün dünyanın əksər dövlətlərində gömrük prosedurları yüngülləşdirilir ki, həm idxal, həm də ixrac daim işlək vəziyyətdə olsun. Çünki məhz bu yolla həm dövlət, həm sahibkarlar, həm də əhali qazanır.

Lakin “Forever Living Products” şirkətinin Azərbaycana idxal etdiyi qida əlavələrinin gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz hallarla üz-üzə qalması belə deməyə əsas verir ki, Dövlət Gömrük Komitəsində kimlərsə bu cür süni əngəllərlə qida əlavələri sahəsində təbii monopoliyanın yaradılmasına çalışır. Yəni görünən odur ki, burada məqsəd yeni inhisarçının meydana gəlməsi üçün “münbit” şəraitin formalaşdırılmasına nail olmaqdır. Əgər belə olmasaydı, o zaman gömrük əməkdaşları şirkətin məhsullarını standart satış qiyməti ilə deyil, özlərinin təyin etdikləri qiymətlər əsasında sənədləşdirilməsini tələb etməzdilər.

Yeri gəlmişkən, onu da bildirək ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əməllərindən təngə gələn “Forever Living Products” şirkəti məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Verilən bilgilərə görə, məhz bu, qarşı tərəfin ciddi şəkildə əndişələnməsinə səbəb olub. Çünki məhkəmə iş üzrə müvafiq sənədlərlə, təqdim olunan faktlarla tanış olduqdan sonra adıçəkilən şirkətin xeyrinə, o cümlədən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının qanunsuz əməllərinə görə cəzalandırılmaları haqda qərar qəbul edə bilər. Elə bu səbəbdən də Dövlət Gömrük Komitəsindən “Forever Living Products” şirkətinə məhkəməyə təqdim edilən ərizəni geri götürmək təklif olunub. Bunun qarşılığında isə şirkətin məhsullarının asanlıqla sənədləşdiriləcəyinə dair söz verilib…

Bu arada, məsələnin hüquqi tərəfinə gəlincə, qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Bu isə o deməkdir ki, Dövlət Gömrük Komitəsi “Forever Living Products” şirkətinin məhsullarının, yəni qida əlavələrinin idxal və ixracına qarışa bilməz. Bundan başqa, “Dərman vasitələri haqqında” Qanunun 14-cü maddəsində deyilir ki, bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyənləşdirmək məqsədilə bioloji fəallığa malik qida əlavələrini müvafiq icra hakimiyyəti orqanı ekspertizadan keçirir. Əlavələrin ekspertizadan keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti müəyyənləşdirir. Odur ki, ABŞ şirkəti olan “Forever Living Products”un məhsulları bilavasitə qida əlavələri olduğundan Dövlət Gömrük Komitəsinin əməkdaşlarının həmin malların dərman pereparatları kimi sənədləşdirilməsini tələb etmələri qanun pozuntusundan başqa bir şey deyil. Əslində, bunu gömrükçülərin növbəti rəzaləti kimi də dəyərləndirmək olar.

Məsələ ilə bağlı Gömrük Komitəsi də açıqlama yayıb. Qurumun açıqlamasında bildirilir ki, bu kimi məlumatlar gömrük orqanlarının fəaliyyətinə kölgə düşürür: “Belə ki, həmin məlumatlarda “Forever Living Products Azərbaycan” MMC-nin ölkə ərazisinə idxal etdiyi malların invoys qiymətlərinin gömrük orqanları tərəfindən süni şəkildə artırıldığı, qida əlavələri mal mövqeyi üzrə idxal edilən malların dərman vasitəsi kimi rəsmiləşdirilməsinin tələb olunduğu iddia edilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, “Forever Living Products Azərbaycan” MMC tərəfindən idxal edilən malların rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin aşağı göstərilməsinə dair əsaslı şübhələr yarandığından nümunələr əsasında ekspertizalar təyin edilib və digər araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi isə gömrükçülərin şübhələrini təsdiqləyib və malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Qida əlavəsi kimi idxal edilən malların gömrük orqanları tərəfindən dərman vasitəsi olaraq bəyan edilməsinə dair tələbi isə ümumiyyətlə həqiqətə uyğun deyil. Belə ki, “Forever Living Products Azərbaycan” MMC tərəfindən idxal edilən mallar gömrük orqanının ekspertizanın nəticələrinə görə müəyyən etdiyi dəyərlə qarşı tərəfin razılığı əsasında qida əlavəsi kimi bəyan olunaraq rəsmiləşdirilib.

Onu da qeyd edək ki, araşdırma prosesi başa çatana qədər idxalatçının əlavə ödəmələrə məruz qalmamasını təmin etmək məqsədilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında birbaşa “Forever Living Products Azərbaycan” MMC-nin anbarına boşaldılaraq saxlanılıb”.

Komitə hər zaman olduğu kimi, bu pozuntuları ictimailəşdirən mediaya tövsiyə də verib: “Bu qəbildən olan və gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatları, yazı və reportajları qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən yayımlayanların isə diqqətinə çatdırırıq ki, həmin məlumatların sonuna əlavə edilən “qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq” kimi bir cümləlik ifadələr “obyektivliyin” təmin olunması və ya balanslaşdırılmış xəbər siyasəti deyil, ən azı jurnalistikanın etik qaydalarının pozulmasıdır”.

pia.az


Şərh yazın.

loading...