Şənbə, 20 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Tramp dünyanı yeni iqtisadi böhrana sürükləyir?

İqtisadçı ekspert: “Dünya üçün proqnozlaşdırılması çox çətin olan bir böhran illəri başlaya bilər”

“Ötən gün baş verənlər və eyni zamanda baş verənlərlə yanaşı Çin hökuməti tərəfindən səsləndirilən fikirlər ABŞ bazar iştirakçılarında müəyyən qədər narahatlığa gətirib çıxarıb. Düşünürəm ki, bu qısa müddətli reaksiyalardır”.

“İstənilən halda dünya ticarət savaşlarının yaratdığı zərərlərdən təsirlənəcək. Əgər bu daha da dərinləşərsə, proses hansısa formada qarşılıqlı razılıqla nəticələnməzsə, dünya ticarətində çox maraqlı trend formalaşa bilər”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov dünən ABŞ mallarına Çin tərəfindən tətbiq edilən yeni rüsumlar səbəbindən Nyu-York birjasının çökməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Trampın daha əvvəl tətbiq etdiyi gömrük embarqolarına qarşı ABŞ mallarına Çin tərəfindən tətbiq edilən yeni rüsumlar Nyu-York birjasının çökməsinə səbəb olub.

Qeyd edək ki, ötən həftə Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırıb. Tariflərin artırılması Çinin vitse baş naziri Liu He, ABŞ-ın ticarət məsələləri üzrə nümayəndəsi Robert Laytayzer və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin arasında danışıqların getdiyi vaxta təsadüf edib. Bu danışıqlar ticarət razılığını qoruyub saxlamaq məqsədi daşıyır. Buna baxmayaraq prezident Donald Tramp danışıqların sonunu gözləmədn Çin mallarına “yeni ağır tariflərin” tətbiq olunacağını söyləyib. Tramp Çinlə ticarət sazişi imzalandıqdan sonra yeni tətbiq edilən tarifləri ləğv edəcəyini də vurğulayıb. Daha sonra isə Tramp Çinə təklif edib ki, Çin ABŞ-a idxal etdiyi malları Amerikada istehsal edərsə, yeni tarifləri ləğv edər.

Çin isə öz növbəsində ABŞ-la aralarında başlayan ticarət savaşında cavab addımları atmağa başlayıb. Bazar ertəsi Pekin 60 milyard dollarlıq ABŞ mallarına yeni tariflər tətbiq edəcəyini bildirib. Bu, Donald Trampın Çin mallarının 200 milyard dollarlıq vergi artımı və 300 milyard dollarlıq digər məhsullardan da vergi ödənişi tətbiqinə qisas mahiyyəti daşıyır.

ABŞ lideri Donald Tramp isə ABŞ ilə ticarət razılaşması imzalamaması halında Çinin ciddi xələl çəkəcəyini deyib. Trampın bu açıqlamasından sonra qarşı tərəf hərəkətə keçib.

Ölkənin Maliyyə Nazirliyi ABŞ-dan idxal olunan 5 mindən çox məhsula 5-25%-lik gömrük rüsumu tətbiq edib. Bu, Çinin ABŞ prezidenti Donald Trampın 300 mlrd. dollarlıq Çin malına gömrük rüsumunun artırılması barədə qərarına cavab olub. Artım 10%-dən 25%-ə kimi olub.

Xatırladaq ki, Çin cavab tədbirləri görmək niyyətində olduğunu bir neçə gün öncədən açıqlamışdı. Kommersiya Nazirliyi Vaşinqtonda keçirilən ticarət məsləhətləşmələrində tərəflərin yaranmış problemi həll edə biləcəklərinə ümid etdiyini də qeyd etmişdi.

Trampın başlatdığı ticarət savaşı ABŞ iqtisadiyyatına qarşı çevrilə bilərmi və dünən ABŞ birjalarının çökməsi yeni dünya iqtisadi böhranına səbə ola bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “İxrac potensialı aşağı düşdükdcə, risklər artdıqca son nəticədə bu Çin iqtisadiyyatında mövcud artım tempində zəifləmənin daha da aşağı düşməsinə, beləliklə də qlobal iqtisadiyyatın neqativ istiqamətə yönəlməsinə gətirib çıxaracaq”.

Bu prosesdən ABŞ iqtisadiyyatından daha çox Çin iqtisadiyyatının zərər görəcəyini düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında fikrini onunla əsaslandırıb ki, ABŞ-dan Çinə təxminən 220 milyard ABŞ dolları dəyərində məhsullar ixrac olunursa, Çindən ABŞ-a bundan 2.5 dəfə artıq məhsul ixrac olunur. Yəni əsas itirən tərəf Çindir:

“Əslində uzun müddətdir ki, ABŞ iqtisadiyyatı iqtisadi aktyorlar bu istiqamətdə müəyən hazırlıq prosesinə başlayıblar. Son aylarda Çinlə ABŞ arasında danışıqlar daha da intensivləşmişdi. Hətta optimist rəylər daha çox idi. Gözlənilirdi ki, bu prosesdə hər hansı ciddi bir problem ortaya çıxmayacaq. Xüsusilə də ABŞ tərəfindən Çindən idxal olunan təxminən 220 milyard dollar dəyərində məhsullara yeni rüsumların tətbiq edilməsi ilə bağlı qərarların martın ayının əvvəlində təxirə salınması bazarlarda müəyyən rahatlığa gətirib çıxarmışdı.

Amma ötən gün baş verənlər və eyni zamanda baş verənlərlə yanaşı Çin hökuməti tərəfindən səsləndirilən fikirlər də bazar iştirakçılarında müəyyən qədər narahatlığa gətirib çıxarıb. Düşünürəm ki, bu qısa müddətli reaksiyalardır. Bildiyimiz kimi proseslərə adətən birjalar çox surətlə reaksiya verirlər. Amma növbəti həftələrdə artıq bu gərginlik azalmağa başlayacaq və itirilmiş dəyər yenidən gedir qayıdacaq.

Təbii ki, burda ABŞ iqtisadiyyatının müəyyən zərərləri olacaq. Nəzərə almaq lazımdır ki, bir sıra iri ABŞ şirkətləri öz məhsullarının istehsalı zamanı xam mal olaraq Çin məhsullarından geniş istifadə edirlər. Hətta buraya ən yüksək geyim məhsulları da daxil olmaqla sənaye Çinin mövcud potensialından yararlanmağa çalışır. Daha aşağı maya dəyəri olan məhsulların istehsalının Çində təşkil edilməsi, yarım-fabrikatların Çindən idxal olunması vəs. son nəticədə ABŞ-da istehsal olunan məhsulların maya dəyərinə əhəmiyyətli şəkildə təsir göstərəcək. Bu da zərərin formalaşmasına və yaxud da ölkədə istehsal olunan məhsulların qiymətinin artması nəticəsində dünya bazarında qiymət rəqabətliliyin zəifləməsinə gətirib çıxaran faktor kimi çıxış edəcək.

Rəşad Həsənov: “Növbəti həftələrdə artıq bu gərginlik azalmağa başlayacaq və itirilmiş dəyər yenidən geri qayıdacaq”.

Burada digər bir məsələ də var ki, ABŞ iqtisadiyyatından daha çox Çin iqtisadiyyatı zərər görəcək. Çünki ABŞ-dan Çinə təxminən 220 milyard ABŞ dolları dəyərində məhsullar ixrac olunursa, Çindən ABŞ-a bundan 2.5 dəfə artıq məhsul ixrac olunur. Yəni əsas itirən tərəf Çindir. Rüsumların tətbiq edilməsi nəticəsində ABŞ-ın indiki admistrasiyası xəzinəyə əhəmiyyətli həcmdə gəlirlər götürəcək. Bu da hazırkı şəraitdə ABŞ iqtisadiyyatı üçün daha optimal görünür, nəyinki Çin üçün. Çünki Çin, xüsusilə də Çin iqtisadiyyatı ixrac üzərində qurulmuş bir iqtisadiyyatdır. Orda daxili tələbin gücü zəifdir və ixrac potensialı aşağı düşdükdcə, risklər artdıqca son nəticədə bu Çin iqtisadiyyatında mövcud artım tempində zəifləmənin daha da aşağı düşməsinə, beləliklə də qlobal iqtisadiyyatın neqativ istiqamətə yönəlməsinə gətirib çıxaracaq.

Əlbəttə ki, Çin və ABŞ arasındakı ticarət danışıqlarının pozitiv nəticələnməməsi və ümumiyyətlə son dövrlərdə bu problemin olmasının dünya iqtisadiyyatına təsirləri vardır. Bunu 2019-cu ilin əvvəlində Beynəlxalq Maliyyə İnstitutları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bank, Avropa Mərkəzi Bankı, hətta Britaniya Mərkəzi Bankı kimi institutlar da öz proqnozlarında təsdiqlədilər. Dünya iqtisadiyyatında gözlənilən artım tempinin azalan istiqamətə yönəltdilər.

Rəşad Həsənov: “Çin və ABŞ arasındakı ticarət danışıqlarının pozitiv nəticələnməməsi və ümumiyyətlə son dövrlərdə bu problemin olmasının dünya iqtisadiyyatına təsirləri var”.

İstənilən halda dünya ticarət savaşlarının yaratdığı zərərlərdən təsirlənəcək. Əgər bu daha da dərinləşərsə, proses hansısa formada qarşılıqlı razılıqla nəticələnməzsə, dünya ticarətində çox maraqlı trend formalaşa bilər. Bildiyimiz kimi dünya ticarətinin təxminən 97 faizi Ümumdünya Ticarət Təşkilatının çərçivəsində baş verir. Burada da ticarət qaydalarının ümumi prinsipləri var.

Məlumdur ki, bir sıra ölkələr, həmçinin ötən ilin sonlarına yaxın Türkiyə də ABŞ admistrasiyasını bu məqamla bağlı Beynəlxalq Məhkəməyə, o cümlədən Ümumdünya Ticarət Təşkilatına şikayət etmişdir. Yəni hardasa prinsiplər pozulmaqdadır. Bu prinsiplər pozularsa, dünya üçün proqnozlaşdırılması çox çətin olan bir böhran illəri başlaya bilər”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...