Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” sammitində bəyanat yaydı

Azərbaycanla strateji tərəfdaşlıq sazişi bu gün imzalanacaqmı...

Mayın 13-də Brüsseldə Avropa İttifaqının 2009-cu ildə əsası qoyulmuş “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin yubiley sammiti başlayıb. 2 gün çəkəcək yubiley sammitinin ilk günündə Aİ və “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin görüşü olub. ONA-nın Avropa İttifaqı Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclas Aİ-nin ali nümayəndəsi Federika Moqerininin sədrliyi ilə Aİ-yə üzv 28 ölkə və “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilib.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

F.Moqerini bildirib ki, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndirir: “Biz hələ də bölgədə üzləşdiyimiz çətinliklər və problemlərə baxmayaraq bu əməkdaşlığı yüksək dəyərləndiririk. Bu əməkdaşlıq nəticəsində Avropa İttifaqı və tərəfdaş ölkələr ticarət, iqtisadi inkişaf, insan haqları, vətəndaş cəmiyyətinin rolu kimi sahələrdə birgə işləyirlər”.

Dünən Aİ “Şərq Tərəfdaşlığı”nın 10 illiyi ilə bağlı xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, bu layihə ümumi dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratiya və qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəetməyə, o cümlədən korrupsiyaya qarşı mübarizə, davamlı inkişaf və bazar iqtisadiyyatına əsaslanır.

Bildirilir ki, “Şərq Tərəfdaşlığı” siyasəti birgə məsuliyyət, inklusivlik, fərqləndirmə prinsipləri ilə tənzimlənir və birgə prioritetləri rəhbər tutur.

Qeyd edilir ki, 10 illiklə bağlı bu görüş Aİ və digər altı ölkənin bu tərəfdaşlığının kökündə dayanan dəyərlər və prinsiplərə sadiqliyinin və “Şərq Tərəfdaşlığı” Sammitlərində qəbul olunmuş bəyannamələrdə təsbit edilmiş birgə öhdəliklərin təsdiq edilməsinə və onların inkişaf etdirilməsinə imkan yaradır.

Açıqlamada vurğulanır ki, illər ərzində “Şərq Tərəfdaşlığı” səmərəli, möhkəm, uyğunlaşdırılmış və dinamik bir format olduğunu sübut edib: “Bu siyasət qarşılıqlı faydalı əlaqələri gücləndirməyə xidmət edib. 2009-cu ildən bu günədək ”Şərq Tərəfdaşlığı" ikitərəfli və çoxtərəfli əlaqələrin daha da dərinləşməsi üçün güclü zəmin yaradıb. “Şərq Tərəfdaşlığı” əməkdaşlıq sahələrini inkişaf etdirib, davamlı şəkildə genişləndirib, iqtisadi inteqrasiyanı və Aİ ilə tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsini sürətləndirib. Artan ticarət, iqtisadi inteqrasiya və Aİ ilə tərəfdaş ölkələr arasında siyasi birliyin, iqtisadi inteqrasiyanın və sektoral əməkdaşlığın gücləndirilməsi kimi əldə olunmuş nailiyyətlər gələcəkdə qarşılıqlı maraqlara, ehtiyaclara, birgə prioritetlərə və davamlı islahatların həyata keçirilməsinə əsaslanan irəliləyişlər üçün təkan verəcək. Biz gələcək əməkdaşlığımızın gündəliyi, xüsusən də növbəti “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq və bu hazırlıqların vaxtında tamamlanmasını təmin etmək məqsədilə hərtərəfli və geniş məsləhətləşmə proseslərini davam etdirməliyik".

Azərbaycan üçün “Şərq tərəfdaşlığı”nın 10 illiyi tədbirləri öncəliklə təşkilatla ölkəmiz arasında müzakirəsi yekunlaşmaq üzrə olan “Strateji tərəfdaşlıq haqda” sazişin taleyi ilə bağlı önəm kəsb edir. “Yeni Müsavat” xatırladır ki, bir neçə həftə öncə Milli Məclis sədri Oqtay Əsədov sənədin imzalanmağa hazır olduğunu və mayın 13-də imzalanacağını bildirsə də, Azərbaycan Xarici İşlər Nazirliyi onu təkzib etmişdi. İstənilən halda, bu həftə məsələ bəlli olunacaq.

Onu da qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ötən həftə BBC News Azərbaycancaya açıqlamasında Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar prosesi bitən kimi sənədin imzalanacağını bildirib. K.Yankauskas Azərbaycanla Aİ arasında imzalanması gözlənənilən sazişin detalları barədə danışmasa da, texniki işlərin tez bitirilməsi üçün səy göstərdiklərini bildirib: “Proses gedir, biz sona yaxınlaşırıq. İşləyirik ki, bu anlaşma imzalansın. Hələliksə danışıqlar prosesi davam edir. Sazişin nə vaxt imzalanmasına dair hazırda heç bir təxminim yoxdur. Azərbaycan indiyədək qarşısına qoyulan öhdəliklərə əməl edib, hələ də buna çalışır. Düşünürəm ki, bizim əməkdaşlığımız buna nail olmağa gətirib çıxarıb. Biz indiyə kimi edilmiş işlərdən razıyıqmı? Bəli. Daha yaxşı ola bilərdimi? Bəli. Gələcəkdə biz daha yaxşı etməliyikmi? Bəli”.

Azərbaycanla Aİ arasındakı öncəki anlaşmanın tarixinin 90-cı illərdə başladığını xatırladan Yankauskas anlaşmanın həmin vaxtların reallığını əks etdirdiyini, amma həmin reallığın indi də qüvvədə olduğunu söyləyib: “Həmin reallıq qüvvədədir, amma indi dünya daha çox irəli gedib və yeni əməkdaşlıq ”yeni tənzimlənən əsaslar" tələb edir. Yeni anlaşma üçün isə Azərbaycana qarşı gözləntilər 2 il öncə irəli sürülüb".

Xatırladaq ki, 2017-ci ilin fevral ayından Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması üçün danışıqlar gedir. Artıq sazişin 90 faizindən çoxu ilə bağlı razılığa gəlindiyi bildirilir.

Nəzərə çatdıraq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkədən Ukrayna, Gürcüstan, Moldova Avropa İttifaqı ilə Assosiativ saziş, Ermənistan isə hərtərəfli saziş imzalayıb, Azərbaycan da hərtərəfli saziş imzalamağa hazırlaşır.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov bildirdi ki, assosiativ razılaşma Avropa İttifaqının “Şərq Tərəfdaşlıq” proqramı ilə tam hüquqlu əməkdaşlığı nəzərdə tutur. Onun əsas şərtlərindən biri ondan ibarətdir ki, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, ölkə ilə iqtisadi əməkdaşlıq xaricində müqavilələr imzalanmalıdır, ölkənin gömrük, sərhəd idarə olunma sistemi, böyük korporasiyaların ölkəyə gəlişi və ölkədə iş qurması şəffaf olmalıdır, hamısı Avropa İttifaqının tələblərinə uyğun təşkil olunmalıdır: “Təbii ki, ”Şərq Tərəfdaşlığı" proqramı yaranan vaxtdan 6 ölkəyə eyni cür yanaşılırdı və heç bir ayrı-seçkilik yox idi. Onlar fikirləşirdilər ki, həm Avropa Birliyinin iqtisadiyyatı, həm də həmin ölkələrin iqtisadiyyatı üçün bu assosiativ razılaşma imzalandıqdan sonra çoxlu sərfəli iqtisadi təkliflər ola biləcək. Xüsusən həmin “Şərq Tərəfdaşlığı” ölkələrinin məhsullarının Avropa bazarlarına çıxışı istiqamətində çox ciddi addımlar atılmalıydı. Bu prosesin özü gecikib. Baxmayaraq ki, bu gün Ukrayna, Gürcüstan, Moldova “Şərq Tərəfdaşlığı” proqramı ilə assosiativ razılaşmanı imzalayıblar, ancaq onların özündə belə o proses çox uzun gedir. Demək olmaz ki, bu gün assosiativ razılaşmanı imzalayan ölkə ilə hərtərəfli əməkdaşlıq razılaşmasını imzalayan ölkə arasında ciddi bir fərq var. Elə bir ciddi fərq yoxdur. Çünki prosesin özü çox ləng gedir.

Azərbaycan isə strateji əməkdaşlıq haqqında razılıq imzalamaq istəyir. Təxminən Avropa ittifaqının Rusiya ilə imzaladığı razılaşmaya yaxın bir razılaşma nəzərdə tutulur. Çünki Azərbaycan yeganə “Şərq Tərəfdaşlığı” proqramı ölkəsidir ki, Avropa İttifaqı ilə razılaşma imzalamaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqı ilə ayrıca sənəd imzalayıb. Yəni Avropanın enerji təhlükəsizliyi prosesində Azərbaycanın üstün rolunu və eyni zamanda öhdəliklərini göstərir.

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının 4 əsas prinsipi var, Azərbaycan onların heç birini kənara atmayıb. Yəni birinci əsas bənd insan hüquqları, demokratiya və yaxşı idarəetmə ilə bağlı bənddir. Mən də Avropa İttifaqının əməkdaşları ilə görüşlərimdə onlar etiraf edirlər ki, heç kim o bəndi razılaşmadan çıxarda bilməz. Ümumiyyətlə, bu barədə söhbət gedə bilməz. Ancaq əsas qırmızı xətt enerji təhlükəsizliyidir. Yəni bu, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün önəmlidir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar