Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış sənətşünas İlham Əliyev və Mehriban Əliyevadan kömək istədi - Müraciət

Tanınmış sənətşünas və publisist Seymur Elsevər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb

Seymur Elsevər müraciətində üzun müddət üzərində çalışdığı “Böyük türkün izi ilə…” layihəsi ilə bağlı kömək istəyib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Möhtərəm cənab Prezident!
Möhtərəm Mehriban xanım!

Xeyli götür-qoydan sonra Sizə üz tutmaq qərarına gəldim. Məsələ ondadır ki, bir müddət yaşıma, bilik və təcrübəmə uyğun işlə təmin olunmaq üçün müxtəlif yerlərə ayaq döysəm də gah “iş yoxdur, kömək edə bilmərik” dedilər, gah da vəd verdilər. Bu vəziyyətdən cana doyub düşündüyüm-daşındığım layihələri həyata keçirməyə çalışanda da iş rahat ötüşmədi. Neçə aydan bəri konkret bir layihə ilə bağlı cəhdlərim bəzi məmurların, iş adamlarının biganə, səhlənkar münasibətinə görə nəticəsiz qalıb. Təəssüf doğurur, amma görünən budur ki, müraciət olunan adamların, təşkilatların əksəriyyəti işləmək istəmir və hətta işləməyi bacarmırlar.

Sizə bir vətəndaş, xalqın, dövlətin təəssübünü çəkən və əslən Qarabağdan olan şəxs kimi üz tuturam. Aylardır konkret “Böyük türkün izi ilə…” layihəsi üzərində çalışıram. Böyük türkün əsrlərin o tayından indiyədək keçdiyi şanlı tarixi yolun zaman-zaman araşdırılmasına, təbliğinə ehtiyac var. Bunu qloballaşan dünyamızda milli-mənəvi dəyərlərin aşınması daha zəruri edir. Bir yanda dünyanın gözümüz önündə günbəgün baş verən elmi-texniki inkişafı, inqilabi dəyişikliyi, o biri yandan tarixdən, maddi-mənəvi irsdən, mədəni-əxlaqi dəyərlərdən uzaqlaşma, yadlaşma tarixə, yüzillər, minillər boyu qazanılanlara daha həssas və ciddi münasibət istəyir.

Bu uzunmüddətli, tutumlu layihənin həyatımı dəyişəcəyinə, yaradıcılığımın yeni mərhələsi olacağına inanıram. Necə deyərlər, layihə ilə yatıb-durduğumdan, Sizi əmin edirəm, maraqlı işlər – kitablar, konfranslar, festivallar, birgə film, tamaşa, musiqi əsərləri, bir sözlə mədəniyyət, elm-təhsil və mətbuatı əhatə edən çeşidli dəyərli nümunələr ərsəyə gələcək. İnşallah faydasını hamımız görəcəyik.

“Böyük türkün izi ilə…”nin uğuruna inandığım üçün, bu işi keyfiyyətlə görməkdən özgə yolum yoxdur. Üstəlik, yazacağım kitabı (və alacağım qonorarı) inşallah gəlin köçəcək qızıma cehiz verəcəyimdən, məsuliyyət və vicdanla yanaşı, zəhmətimin halallığına xatir beləcə addım atmalıyam. Qızımın xoşbəxtliyi naminə (Allah Sizi övladlarınızdan sevindirsin həmişə) könlümü, ilhamımı, ürəyimin yağını, gözümün işığını, əlimin-qolumun, dizimin taqətini verəcəm, ömrümü əridəcəm işdən yana.

Məlumat üçün bildirim ki, Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Atatürk Mərkəzi, Prezident Adminstrasiyanın ictimai-siyasi şöbəsi, bir sıra tanınmış adamlar, deputatlar layihədən xəbərdardır. ARDNŞ, Azərbaycan Beynəlxalq Bankı, “Azərsun Holdinq”, “Gilan Holdinq”, “Bakcell Telekom”, “Azercell Telekom”, TÜRKSOY, TİKA (Azərbaycan) və sair qurumlara sponsorluqla əlaqədar üz tutmuşam. Təəssüf ki, adlarını çəkdiyim təşkilatlar “yox” deməsə də “hə” söyləməyə qıymırlar. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) savayı. Əlimdə layihənin əhəmiyyətini və bu işin öhdəsindən layiqincə gələcəyimi ifadə edən AMEA-nın rəyi var. Adları çəkilən (başqaları da ola bilər) qurumların layihəni maliyyələşdirməsi məsələsi məni dəstəkləyən müraciətdən asılıdır. Dəstək əvəzinə isə bir səlahiyyətli şəxsin adından “biz etiraz etmirik” şifahi cavabını almışam. Və açığı, bu cavabı verənin yumşaq desək, məntiqinə, təcrübəsinə şübhəm yaranıb. Axı nəyə və niyə etiraz edilməliydi? Məgər mən dövlət çevirir, vətənə xəyanət edirəm, adamları cinayətə sürükləyir, quldurluğa, terrora çağırıram? Dəstək əvəzinə bu nə deməkdir? İkincisi də, hər bir kəs öz başına çarə qılacaqsa, bəs dövlət nədən ötrüdür, hakimiyyət orqanları niyə çalışır? Doğrudanmı, bu rəsmi və iş adamları bilmir ki, dövlət vətəndaşına sahib çıxmalı, onun yaşamaq və işləmək hüququnu tanımalı, qayğı göstərməlidir.

Möhtərəm cənab Prezident!

Siz mətbuatun dostu elan olunmusunuz. Deməli, mən bir qələm adamı kimi Sizi dost sanıb ürək qızdıra bilərəm.
“Jurnalistlər evi” şəhərciyində sərəncamınızla inşa olunan (və yenə tikilir) iki binadan mənzillə təmin edilmiş şəxslərdən biri mənəm. Dünyada ev-eşik sahibi olmaqdan gözəl bəlkə də heç nə yoxdur. İstedadımıza, zəhmətimizə dəyər vermisiniz, ehtiyacımızı nəzərə almısınız, minnətdaram! Bizi sevindirdirdiyiniz kimi, Allah da həmişə Sizi fərəhləndirsin!

Di gəl ki, bir amma var. Mənzil alanların yetərincə yaşlı-başlı, təcrübəli bir qismi işsiz-gücsüzdür. Onlar ya sayt açıb pulsuz-parasız işləməklə, ya da ürəyinin odunu söndürmək üçün eləcə məccani yazmaqla məşğuldurlar.

Biz ev-eşik sahibi olanlar Vətənimiz, Millətimiz, Dövlətimiz üçün çalışmaq istəyirik. Və hesab edirik ki, bu mənzil dəyər, qiymətlə yanaşı, həm də boynumuza düşən haqdır. Onu yaxşı işimizlə doğrultmalıyıq. Eyni zamanda yaxşı işləməyimiz üçün də bizə şərait yradılmalı, dəstək verilməlidir. Təəssüf ki, sonuncu məqam əksəriyyətin yaralı yeridir.

Ürəyimə dammışdı ki, layihə ilə bağlı məsələ yubanacaq. Novruz qabağı Sizə ilk dəfə məktub yazdım. Müəyyən fikrimi, qəbulla bağlı istəyimi dilə gətirməklə, Sizi qonaq çağırdım. Təklifim yenə qüvvədədir. Mənzilimiz balaca olsa da ürəyimiz genişdir və el adətiylə Sizi layiqincə qarşılayarıq. Bina inşa etdirmisiniz, sağ olun! Bir yol da gəlin, görün cəmiyyətin aparıcı qüvvəsi sayılan qələm adamları necə yaşayır, uğurları, çatışan-çatışmayan nəyi var? Amma, xahiş edirəm, qədimdə padşahlar təğyiri-libas olub məmləkəti seyrə çıxan təki Siz də qəfil gəlin. Elədə hər şey daha təbii alınacaq və diqqət yetirməli çox şey tapılacaq.

Yeri gəlmişkən, məktubuma indiyədək rəsmi cavab verilməyib. Etibar etdiyiniz şəxslər ya yazmağı yadırğayıb, ya rəsmi cavab verməyi tərgidib (?), ya da o qədər arxayınlaşıblar ki, başqalarını saya salmırlar. Siz dəfələrlə “mən xalqın baş xidmətçisiyəm” demisiniz. O hesabla digər səlahiyyətli şəxslər növbəti xidmətçilərdir və özlərini ağa kimi aparmaqları yolverilməzdir. Lütfən, tez-tez barmaq sirkələyin, onlara yerlərini göstərin.

Allahın altında, əminaman dünyamız, bütöv, tam torpağımızın üstündə daim yüksəkdə dalğalanacaq bayrağımız kimi Sizin də başınızı uca, alnınızı açıq görmək istəyirəm. Ölkənin rəhbəri xalqın, dövlətin rəmzlərindən biri sayıldığı üçün.

Möhtərəm cənab Prezident!
Möhtərəm Mehriban xanım!

Siz ölkəmizin tanınması üçün geniş miqyaslı müxtəlif işlər görürsünüz. Ötən həftə rəhbərliyiniz və iştirakınızla Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna misaldır.

Elm, sənət və mətbuatın qovşağında olan bir şəxs kimi mən də ölkəm, xalqım üçün öz töhfəmi verməyə çalışıram. Hər bir peşə sahibinin, eləcə də elm-sənət adamının səyi, fəaliyyətinizin şaxələnməsi, ardıcıllığı və səmərəsi naminə Sizə dəstəyidir. Bu mənada onların diqqətlə qarşılanması, işlərinin rahat məcraya yönləndirilməsi arzuolunandır.
Rəhmətlik Xudu müəllim (Məmmədov) deyirdi ki, uşaqlarınıza vətəni layiqincə tanıdın, özləri sevəcək. Doğru sözə nə deyəsən? Böyük alim həm də o mənada haqlıydı ki, başqalarının tanıması üçün gərək əvvəlcə özümüz özümüzü tam tanıyaq. Mən övladlarımı (Allah sizinkiləri saxlasın) vətənpərvər, vicdanlı, haqsevər böyütdüm və onlarla qürur duyuram.

İnşallah tezliklə layihənin icrasına başlamaq – mayın 20-dən sonra səfərə çıxmaq istəyirəm. Yaxınlarda Ufada və Kazanda beynəlxalq festivallar və konfrans keçiriləcək. İştirakım çox yaxşı olar. Vaxt azdır, məsələyə həssas yanaşmanıza ehtiyac var. İndi başlanılmasa, qarşıdan yayın gəlişilə əlaqədar layihənin icrası ləngiyəcək və çətinliklə üzləşəcəyəm.

8 və 9 may. Rəqəmlər düzülüşcə ardıcıldır. Amma bu rəqəmlərin ifadə elədiyi iki tarix, iki fərqli məna var. Bu gün mayın 8-i Şuşanın işğalı – bizi kədərləndirən və açıq desək, utandıran gündür. Bir dəfə yazmışdım bu barədə, həmin gün şəhidlərimizi ziyarətə gedən izdihama qoşulammıram. Gedib məzarda yatanların qarşısında başaşağı qalmağın dərdi alır canımı. Nə üzlə dayanasan, nə deyəsən torpaq uğrunda fəda olanlara?

Bir gün sonrakı tarixi isə təqribən yarım əsr sovet dövründə faşizm üzərində qələbə bayramı kimi təntənə ilə qeyd etmişik. İkinci dünya müharibəsinin taleyini həll edən kişilərin biz övladları bir parça vətən torpağını qoruya bilmədik. Ürəyində Qarabağ, Şuşa sevgisi, yaddaşında saralıb-solmayan xatirələr gəzdirənlərin sırası ildən-ilə seyrəlir. Allah eləməsin, daha 25-30 il yurd yerlərimiz bizsiz qala, sevgi, xatirə dolu adamlar lap azalar. Belədə Vətəni cismani deyil, mənən də itirərik…

Uca Yaradan Millətimizə, Dövlətimizə daim qələbəli, xoş müjdəli günlər nəsib eləsin. Bunun üçünsə birliyimiz, yağ-bal kimi qaynayıb-qarışmağımız lazımdır. Ölməz Qasım bəy Zakir gözəl söyləyib:

“Daş-daş üstə durmaz aləmdə əsla
Dəyməsə insandan insana mədəd.”

Və Dədə Ələsgər demişkən, can deməklə candan can əskik olmaz, artırar qədrini məhəbbət eylər…
Gəlin, can deyək və eləcə adına “can” kəlməsi qoşulmuş Azərbaycan deyək!

Diqqət və nəcibliyinizin nümayişinə inanaraq bəri başdan minnətdaram!

Allah amanında olasınız!

Hörmətlə, Seymur Elsevər
sənətşünas, publisist”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar