Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin köməkçisi yeni strateji proqram təklif etdi

Reallaşdırılması planlaşdırılan tədbirlərin ən azı 50 faizinin icrası nəzərdə tutulub

“Uzunmüddətli hədəfləri nəzərə aldıqda 2020-ci ildən sonrakı dövr üçün təbii ki, Azərbaycan Respublikasının strateji inkişaf proqramları hazırlanmalı və təsdiq edilməlidir. Məqsədəmüvafiq hesab etdiyiniz təqdirdə qlobal, regional və yerli trendlər, çağırışlar, risklər və təhdidlər nəzərə alınmaqla, uzunmüddətli baxışlar yenidən dəqiqləşdirilib, yeni strateji proqram çərçivəsində hazırlanaraq Sizin ali diqqətinizə təqdim edilə bilər”.

Bunu Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

N.Əmirov qeyd edib ki, 2014-2015-ci illərdə dünya bazarlarında neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi ilə yaranan dünya iqtisadi böhranı və bu böhrandan ölkəmizin qısa müddətdə çıxaraq iqtisadi artımı yenidən təmin etməsi məhz Prezident İlham Əliyevin qurduğu möhkəm təməl sayəsində mümkün olub: “Möhtərəm cənab Prezident, çıxışlarınızın birində qeyd etdiyiniz kimi, 2014-2015-ci illərdə baş verən dünya iqtisadi böhranına görə Siz qeyri-neft sektorunun inkişafının dayanıqlılığını təmin etmək və iqtisadiyyatın neft sektorundan asılılığını minimuma endirmək üçün nəzərdə tutduğunuz tədbirlərin müddətlərini təxminən on il qabağa çəkməli oldunuz. Lakin həmin dövrə qədər Sizin rəhbərliyinizlə həyata keçirilmiş layihələr bu mürəkkəb vəziyyəti, vətəndaşların sosial rifahını pozmadan və nəzərdə tutulmuş bütün sosial proqramları icra etməklə çətinliyi imkana çevirmək kimi bir bacarığa da imza atmağınıza şərait yaratmışdır. Sizin tapşırığınıza əsasən başlanılan layihələr də daxil olmaqla, həyata keçirməyi nəzərdə tutduğunuz yeni proqramlar, qeyri-neft sektorunda sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafını təmin edəcək dövlət proqramları vahid bir sənəddə - milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində birləşdirilərək 2016-cı ilin dekabr ayında tərəfinizdən müvafiq Fərmanla təsdiq edilmişdir”.

O bildirib ki, bu Yol xəritələrinin əsas icrası 2017-2020-ci illər olmaqla, dörd ili əhatə edir və keçən iki il müddətində reallaşdırılması planlaşdırılan tədbirlərin ən azı 50 faizinin icrası nəzərdə tutulub: “Müvafiq Sərəncamınızla İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə əsasən, Strateji Yol xəritələrinin ümumi icrası nəzərdə tutulan 50 faizə qarşı 52 faiz təşkil etmişdir ki, bu da icra qrafikini qabaqlamaqla icranın sürətləndirilməsi anlamına gəlir. Ayrı-ayrı sahələr üzrə icra faizlərinin müxtəlif olmasına baxmayaraq, bütövlükdə nəzərdə tutulan 50 faizlik icra həyata keçmiş və 52 faizlik icra ilə biz bu məqama gəlib çıxmışıq. Ayrı-ayrı qurumların performansına nəzər yetirdikdə isə bütövlükdə bütün qurumlar 50 faiz üçün nəzərdə tutulan həddə gəlib çatmış, lakin Biznes Mühiti və Beynəlxalq Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Strateji Yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını demək olar ki, tam şəkildə həyata keçirmişdir”.

N.Əmirovun sözlərinə görə, Prezidentin tapşırığına əsasən biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli biznes mühiti qurulması sahəsində çox ciddi addımlar atılıb: “Prezident yanında Apellyasiya Şurası yaradıldı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis olundu, sahibkarların dünya iqtisadi məkanına inteqrasiyasını təmin etmək məqsədilə “Enterprise Azerbaijan” portalı, “Azexport.az”, rəqəmsal ticarət qovşağı platformaları yaradıldı. İnvestorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, müflisləşmə sahəsində əhəmiyyətli islahat tədbirləri həyata keçirilmişdir. Gömrükdə “yaşıl dəhliz” sistemi, hərtərəfli vergi islahatları, sənaye parkları, sənaye məhəllələri, aqroparklar və texnoparkların fəaliyyət dairəsi genişləndirilməklə sahibkarlara əhəmiyyətli vergi, gömrük və digər güzəştlərin verilməsi təmin edilmişdir. İlk dəfə olaraq dövlət satınalmalarının vahid internet portalı hazırlanmış və bu ildən istifadəyə verilmişdir”.

Prezident köməkçisi vurğulayıb ki, bu dövr ərzində dövlət başçısının təşəbbüsü ilə başlanılan və liderliyi ilə həyata keçirilən meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Astara (Azərbaycan)-Astara (İran), SOCAR Polymer, SOCAR Karbamid kimi nəhəng layihələr məhz bu dövrdə sona çatdırılıb və fəaliyyətə başlamaqla Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə davam edib.

N.Əmirov onu da qeyd edib ki, iİcbari tibbi sığorta sistemi pilot variantda tətbiq edilib, uğurlu nəticələr əsas götürülərək Prezident tərəfindən imzalanan müvafiq qanunlarla 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulub: “İşsizlikdən Sığorta Fondu yaradılmış, məşğulluq strategiyası qəbul edilmiş, ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilmiş və özünüməşğulluq proqramlarının icrasına başlanılmışdır.

Bu ildən başlayaraq, Sizin də qeyd etdiyiniz kimi, şəhid ailələrinə birdəfəlik ödəmə verilmiş, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılmış, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlər 100 faiz həcmində artırılmışdır. Təbii ki, bu göstəricilər iqtisadi göstəricilərdə də öz əksini tapmaya bilməzdi. İllik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enmiş, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxmışdır. Büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artmışdır. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bu sahədə, cənab Prezident, Sizin apardığınız islahatlar, bilavasitə rəhbərliyinizlə həyata keçirilən iqtisadi canlanma təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnmişdir. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə demək olar ki, 80 milyard manatadək artmışdır. Təbii ki, cənab Prezident, bütün bu nailiyyətlər, Sizin həyata keçirdiyiniz, nəzərdə tutduğunuz və Azərbaycan xalqının rifahına yönəldilən bu islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də çox diqqətlə izlənilir, təhlil olunur. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur”.

Prezident köməkçisi daha sonra bildirib: “2020-ci ilin sonuna qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb və bu 20 ay ərzində, möhtərəm cənab Prezident, Sizin dövlət və hökumət qurumları qarşısında çox mühüm tələbləriniz, tapşırıqlarınız durur. Bu müddət ərzində biznes mühiti və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Sizin tapşırığınıza əsasən bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır. Maliyyə dərinliyinin 60 faizə qədər çatdırılması, aqrar sığortanın inkişafı, elektron kənd təsərrüfatı informasiya sisteminin ölkə üzrə tam tətbiqi nəzərdə tutulur. Neft maşınqayırması sahəsində ənənəvi istehsal sahələri bərpa olunmalı, birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər görülməlidir. Kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahat tədbirləri həyata keçirilməlidir. Lisenziya və icazələr portalının tam fəaliyyəti təmin olunmalı, açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir”.

N.Əmirov həmçinin deyib ki, elektrik enerjisi sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda səmərəliliyin yüksəldilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər hazırlanaraq həyata keçirilir: “Dövlət satınalmalarının vahid internet portalının bütün dövlət satınalmaları üzrə yeganə satınalma platformasına çevrilməsi ölkədə rəqabət mühitinin formalaşması istiqamətində atılacaq ən mühüm addımlardan biridir. Uzunmüddətli hədəfləri nəzərə aldıqda 2020-ci ildən sonrakı dövr üçün təbii ki, Azərbaycan Respublikasının strateji inkişaf proqramları hazırlanmalı və təsdiq edilməlidir. Məqsədəmüvafiq hesab etdiyiniz təqdirdə qlobal, regional və yerli trendlər, çağırışlar, risklər və təhdidlər nəzərə alınmaqla, uzunmüddətli baxışlar yenidən dəqiqləşdirilib, yeni strateji proqram çərçivəsində hazırlanaraq Sizin ali diqqətinizə təqdim edilə bilər”.

pia.az


Etiket: Natiq Əmirov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar