Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Şəmkirdə icra başçısının “zibil şousu” - İddia

Şəmkirdə icra başçısı Alimpaşa Məmmədov “zibilin içində” olan “JEK” rəisi Teymur Hacıyevi “təmizə” çıxarmaq üçün hərəkətə keçib

Teymur Hacıyev aprelin 2-də bankomatdan fəhlələrin əvəzindən maaş alarkən həbs edilmişdi. Yayılan məlumatlardan belə aydın olurdu ki, “JEK” rəisi 2 ay izlənilib, nəhayətdə bankomatdan 32 “ölü can”ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, “veşdok”la tutulub. Onun barəsində cinayət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev hazırda ev dustağıdır. Bu olayı Şəmkirdə bilməyən yoxdur, hər kəs maraqla arestant rəisin cinayət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir halqasının da onu bu işlərə məcbur edənin qoluna vurulacağını başçıya çatdırması xəbəri də var...

Şəmkir küçələrinin zibil içində olması, rayonda hökm sürən antisanitariya haqda “Yeni Müsavat”ın ötən saylarında “Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır” sərlöhvəli (https://musavat.com/news/semkirde-zibil-korrupsiyasindan-kimler-qazanir-reportaj_607246.html ) reportaj təqdim etmişdik. Şəmkirin əsas küçələrində, Şəhidlər Xiyabanı önündə belə çirkabın dizə çıxdığını müşahidə etmiş, oxucularımızla bölüşmüşdük. Halbuki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirib. Hər ay bu məqsədlə dövlət büdcəsindən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə “DOST”dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmadığını da öyrənmişdik.

Həmin reportajdan sitat: “Sakinlər deyirlər ki, Şəmkirə ötən ilin ortalarında 550 ştat ayrılıb, hər işçiyə 180 manat təyin olunub: ”Məqsəd həm məşğulluğun artırılması idi, həm də onların şəhər təsərrüfatında iştirakı təmini idi. Amma zibilin dizə çıxmasının bir səbəbi də həmin 550 işçinin “ölü can”a çevrilməsi ilə əlaqədardır. Həmin 550 işçinin hələ 32 nəfərinin maaş kartı “JEK” müdirinin cibindən çıxdı. Onda icra hakimiyyətindəki digər vəzifəlilərin də cibinə baxsınlar, görsünlər ki, kimin cibində neçə fəhlənin maaş kartı var. Həmin fəhlələri işə götürmək səlahiyyəti rəsmi, qeyri-rəsmi İcra Hakimiyyətində çalışan Qüdrət Əliyev, Rasim Mustafayevdədir. Onlardan soruşmaq lazımdır ki, hanı bu 550 işçi, niyə gəlib küçələri təmizləmirlər?"

Şəmkirlilər deyirlər ki, 550 işçi səhərdən Şəmkir şəhərini təmizləməyə başlasalar, axşama 50-60 maşın tullantı çıxararlar: “Soruşanda deyirlər ki, guya fəhlələri Çinarlı, Zəyəm, Dəllər, Kür qəsəbələrinə küçələri təmizləməyə göndəriblər. Bunlar şəhəri düzəltməyiblər, kəndlərin dərdini çəkirlər? Həmin qəsəbələrdə, kəndlərdə bir nəfər də fəhlə işləmir. Kəndlərdə təmizliyi camaat özü eləyir. Bunu bilməyən var ki?”

Reportajdan sonra icra başçısı 50-yə yaxın şəxsi toplayaraq onların şəxsiyyət vəsiqələri və bank kartları ilə fotolarını çəkdirib. Başçı rayonun küçələrinin təmiz olması haqda uzun-uzadı “tost” deyib və məclis yekunlaşıb. Həmin foto-videolu məclisi başçı “yuxarılara” fəhlələrin varlığını sübut etmək üçün düzənləyib, Teymur Hacıyevlə bağlı “nöqsan”ı aradan qaldırmağa hesablanıb.

Aldığımız son məlumatlarda isə deyilir ki, “JEK”in guya işə qəbul etdiyi 550 nəfər “ölü can”ın sırasında illərdir Rusiyada olanlar da var. Yazdıqlarımızdan sonra Alimpaşa Məmmədov Rusiyada olan “ölü can”lar problemini də özünəməxsus şəkildə “həll” edib. Onların yaxınlarına “filankəs işə düzələndən sonra Rusiyaya işləməyə gedib” məzmunlu ərizələr yazdırılıb. Həmin şəxslərin pasportları ilə yoxlama aparılsa, məlum olacaq ki, adı işdə gedən “ölü can” illərdir ki, Rusiyadadır, onun Şəmkir küçələrindəki zibillə yaxından-uzaqdan heç bir əlaqəsi də yoxdur.

Şəmkirdən hazırladığımız reportajlardakı fotofaktlar ortalıqdadır - zibillik “göz oxşayır”. Başçı isə 50 nəfəri yığıb kameraya baxmağa məcbur edir, onlardan foto və videoları çəkilərkən gülümsəmələri tələb olunur. “Zibil şousu” bununla bitib. Növbəti tədbir isə Şəmkirin 42 bələdiyyə sədri və 48 icra nümayəndəsinin iştirakı ilə keçirilib. Bu tədbirdə isə iştirakçılardan nümayəndələri və bələdiyyə sədrləri olduqları yerlərdən asılı olaraq 3-7 min manat arası pul toplamaq tapşırığı verilib. Faktiki isə rayonun abadlaşdırılmasına büdcədən vəsait ayrılır. Həmin vəsaitləri isə Alimpaşa Məmmədov şəxsi pulları kimi xərcləyir. Onun faktiki sahibi olduğu “Azərforel”ə 3 milyon manat pul xərclədiyi bildirilir. 5 hektara yaxın ərazidə yerləşən “Azərforel” təkcə balıq yetişdirilməsi ilə məşğul olmur, orada balıq emalı, balıqların dondurulması və satışa hazırlanma sexləri fəaliyyət göstərir. Rayona səfərimiz zamanı gördüyümüz durumun səbəbini sakinlər başçının daha çox öz biznesinə vaxt ayırması ilə izah etmişdilər.

“İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl...”

(https://musavat.com/news/icra-bascisinin-semkirdeki-neheng-biznesi-qizil-baliq-maral-ve-taxil-reportaj-fotolar_607872.html ) sərlöhvəli reportajda sakinlərin söylədikləri yer alırdı. Onlar demişdilər ki, Alimpaşa Məmmədov gününü əsasən Seyfəli kəndində olan özünə məxsus “Azərforel” adlı iri balıq fermasında və ya Şəmkir-Gədəbəy yolunun üstündəki maralçılıq fermasında keçirir. Alimpaşa Məmmədovun başının öz biznesinə qarışması onun müavini Qüdrət Əliyev və Ərazi İdarəetmə Şöbəsinin müdiri Rasim Mustafayevin Şəmkirin Könüllü kəndində örüş sahələrini “pay-puş” etmələrinə mane olmur. 5-6 sota bölünüb satılan örüş sahələrində hazırda evlər tikilib. Faktiki isə torpağın təyinatı belə dəyişməyib. Şəmkirdə işlər küçələrdə olduğu kimi, sözün hər mənasında, zibilin içindədir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar