Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Quska" məhkəmədə danışdı, hansı nəhəng sərvət yiyəsi olduğu üzə çıxdı

Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Abdullayevlərlə birgə məhkəmə qarşısına daha 7 nəfər – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev çıxarılıb. Adları çəkilən şəxslər arasında sərhədçilər də var.

Prosesdə şahid qismində Gözəl Bayraməliyeva dindirilib. Şahid ifadəsində Z.Abdullayevanın onun yaxın qohumu olduğunu, istintaq zamanı da bununla bağlı sualları cavablandırdığını deyib: “Soruşdular ki, Zeynəb Abdullayevanın xaricə getməsini bilirsənmi? Dedim ki, xəbərim yoxdur. Biz onun ancaq Culfaya getdiyini bilmişik. Bir həftə sonra bundan xəbər tutduq. Sonra Hüseyn Abdullayevlə danışığımızı soruşdular. Zeynəb xanım nəsildə toyu, yası olanlara kömək edib, xəstəsi olanlara əl tutub. İstintaqda dedilər ki, Hüseyn Abdullayevin mənə külli miqdarda pul göndərməsi ilə bağlı onlarda məlumat var. Almaniyada, Türkiyədə bizneslərinin olduğunu dedilər. Dedim ki, məlumatım yoxdur”.

“Həmin vaxt “Sovetski”də 7 mənzilləri vardı”

Yasamal Rayon Məşğulluq İdarəsinin əməkdaşı Tural Mahmudov şahid qismində ifadə verib. O deyib ki, "Sovetski" ərazisində söküntü aparılarkən Abdullayevlərin adına olan evlərin sökülməsi ilə bağlı istintaqda dindirilib: “Həmin vaxt Yasamal Rayon İcra Hakimiyyətində hüquqşünas işləyirdim. Dəqiq xatırlamıram. Amma Abdullayevlərə məxsus təxminən yeddi mənzil sökülüb, kompensasiya da verilib”.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən üçü Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq əməkdaşlarıdır. Təqsirləndirilənlər Z.Abdullayevanın sərhəddən bacısının pasportu ilə keçməsinə görə həbs olunublar, daha sonra isə barələrindəki həbs qətimkan tədbiri dəyişdirilib, ev dustaqlığına buraxılıblar.

DSX-nin sabiq əməkdaşı, hazırda H.Abdullayevlə birgə mühakimə olunan Pərviz Kazımov ifadəsində deyib ki, Z.Abdullayeva sərhədi keçən zaman onun pasportuna baxıb. Pasportdakı şəxsin fərqli adam olmasını görüb və bu barədə növbədə olan Həbib İbrahimova xəbər verib. Amma sonuncu onun sözlərinə məhəl qoymayıb, buna görə də mübahisələri yaranıb.

Məhkəmədə Z.Abdullayevanın sərhədi keçdiyi gömrük postunun əməkdaşları - Nərgiz Nuriyeva, Susanna Kallacova, Vüqar Xurşudov, Asif Allahverdiyev, Lətif Mehdiyev, Murad Rəsulov, Pərvin Şərifov, Məmməd Vəliyev, Fuad Əhmədzadə də dindirilib. Onlar hadisənin şahidi olmadıqlarını deyiblər.

Prosedə H.Abdullayevin yaxın qohumları – Nihad Abdullayev və Rasim Səfərov dindirilib. N.Abdullayev Ali Məhkəmədə baş məsləhətçi işlədiyini, sonradan işdən çıxarıldığını deyib. O, Z.Abdullayevanın xaricə getməsi ilə bağlı suallara cavab verərkən bundan məlumatsız olduğunu deyib. R.Səfərov deyib ki, H.Abdullayev dayısı oğlu, iş üzrə digər təqsirləndirilən İbrahim isə xalası oğludur. O, əvvəllər DSX-da çalışdığını, bu söhbətlərdən sonra işdən çıxarıldığını, ölkədən çıxışıma qadağa qoyulduğunu deyib.

“Mətbuatda yalan yazırlar”

Z.Abdullayeva məhkəmədən ona söz verilməsini xahiş edib. Mətbuatda yazılanları yalan və böhtan adlandırıb. Onlara salam verən hər kəsi çağırıb dindirdiklərini deyib: “Mənim qızım, oğlum bilməyib ki, hara getmişəm. Kiməsə izahat verəcəkdim? Mətbuatda da yalan yazırlar. Xahiş edirəm, həqiqəti yazsınlar". (Qeyd edək ki, dəfələrlə H.Abdullayevin məhkəmə prosesini izləməyə, işıqlandırmağa cəhd etsək də, hər dəfə bir bəhanə ilə bizi məhkəmə zalına buraxmayıblar – red.)

Z.Abdullayeva iş üzrə zərərçəkmiş qismində tanınan Elnur Məmmədovla bağlı danışıb: “Elnur Məmmədov bizim obyekti icarəyə götürüb. İcarə haqqını ödəməkdən imtina edib. Buna görə dəfələrlə danışığımız olub. Amma pulu ödəməkdən imtina edib. İndi necə olub ki, bizə pul verməli olan adam zərərçəkmiş olub? Ona kim hədə-qorxu gəlib? Elnurla mən danışmışam. Əgər buna görə Hüseyni tutublarsa, məni də tutsunlar. Əgər məni buraxırlarsa, Hüseyni də buraxsınlar. Mən bəlkə də Fəzail Ağamalıdan bir faiz incimişəm. Amma bu Elnurdan çox incimişəm, onun kimi adam bəlkə də yer üzündə yoxdur".

“Şirkət mənim deyil”

Məhkəmədə mülki iddiaçı kimi tanınan Vergilər Nazirliyinin nümayəndələri çıxış ediblər. Məlum olub ki, Hüseyn Abdullayevə ayrı-ayrılıqda 4 epizod üzrə vergidən yayınma ittihamı verilib. İlk ittiham Hüseyn Abdullayevin faktiki rəhbəri olduğu "Araz" MMC ilə bağlı olan 1 milyon 269 min manatla bağlıdır. İttihama görə, MMC fəaliyyəti dövründə qeyd edilən məbləği vergiyə ödəməkdən yayınıb. Digər ittiham isə "Kənan S" MMC ilə bağlıdır. İttihamda göstərilir ki, MMC 1802 manatı vergidən yayındırıb.

H.Abdullayev isə buna etiraz edib, "Kənan S" adlı şirkəti olmadığını deyib: “Bu, əsassız ittihamdır. Şirkət kimindirsə, xəbərim yoxdur. "Araz"la bağlı ittiham da uydurmadır. Həmin məbləğ vergi tərəfindən alınıb, amma rəsmiləşdirilməyib və mənə yenidən ittiham verilib”.

Z.Abdullayeva da "Araz" MMC ilə bağlı vergi borcunun tam olaraq ödənildiyini söyləyib.

Vergilər Nazirliyinin digər nümayəndəsi Xəyal Məmmədov isə digər iki epizod üzrə ittihamı səsləndirib. Bildirib ki, Zeynəb Abdullayevanın adına olan "Araz S.A" şirkəti 171 min 500 manat torpaq vergisini ödəməyib.

22 milyonluq vergidən yayınma

Məlumata görə, Abdullayevlərə məxsus Şıxovdakı 4.3 hektar torpaq sahəsi üçün torpaq vergisi ödənilməli olsa da, ödənilməyib. Sonradan sözügedən torpaq sahəsinin 13.8 hektar olduğu aşkarlanıb. 2011-2017-ci illər ərzində həmin torpaq sahəsinə görə 171 min 500 manat vergi ödənməli imiş.

X.Məmmədovun dediklərindən məlum olub ki, Hüseyn Abdullayev özü də fiziki şəxs kimi 22 milyon 246 min manatı vergidən yayındırıb.

Belə ki, istintaq yolu ilə müəyyən edilib ki, H.Abdullayev ölkə daxilindəki biznesdən əldə etdiyi 110 milyon manatın 20 faizinu vergiyə ödəməli olduğu halda, bundan yayınıb. H.Abdullayev isə buna etiraz edib. H.Abdullayev həmin torpaq sahəsinin 13.8 hektar yox, 4.3 hektar olduğunu deyib: “Torpaq bizim olub. Bizdə olan vaxta qədər də vergisi ödənilib. 2013-cü ildə torpağı zəbt ediblər. İndi orada yük maşınları saxlanılır. Gedib araşdıra bilərlər. Bizim olmayan torpağa görə vergi ödəməli idik? Həm də 13.8 hektar haradan oldu? Rəsmi sənədlər var. Bütün bu işlər 2013-cü ildən – mən Almaniyada siyasi sığınacaq alandan sonra başlandı”.

Vergilər Nazirliyinin nümayəndəsi isə araşdırmaların nazirlik tərəfindən yox, istintaq orqanı tərəfindən aparıldığını bildirib: "Biz səyyar yoxlama aparmamışıq. İstintaq orqanı özü yoxlama aparıb və bizə müraciət edib. Bundan sonra biz mülki iddiaçı kimi tanınmışıq. Biz istintaq orqanının ekspertlərinin rəyinə əsasən buradayıq".

Hakim vergi əməkdaşından hansı səbəbdən Vergilər Nazirliyinin səyyar yoxlama aparmadığını soruşub. X.Məmmədov isə deyib ki, belə bir səlahiyyətləri yoxdur ki, araşdırma üzərinə araşdırma aparsınlar. Hakim növbəti prosesdə ekspertlərin şahid qismində dindiriləcəyini bildirib.

“İsveçrə və Almaniyada olan hesablarımın bura nə dəxli var?"

Daha sonra H. Abdullayev 22 milyonluq ittihamla bağlı da danışıb: "Başa düşmürəm ki, bu rəqəmlər haradan çıxıb? Mənim xaricdəki biznesimlə bağlı mənə ittiham verilib. Xaricdə qazanıramsa, ölkədəki vergidən yayınıram? Mən deputat olmamışdan əvvəl bizneslə məşğul olmuşam. 1997-ci ildə Ukraynaya metal satırdım. Həmçinin başqa ölkələrdən də Ukraynaya metal gətirirdim. Ən yaxşı qazancım da həmin illərə təsadüf edir. Mənə ittiham verilib ki, guya 2000-ci ildən metal biznesi ilə məşğul olub vergidən yayınmışam. Bircə nəfər gətirin, desin ki, məndən 1 kiloqram metal alıb və ya mən ondan 1 kiloqram metal almışam. Əgər olsa, mən günahkaram. Burada utopik rəqəmlər var. Ailəmin, qohumlarımın adına olan əmlaklar, xaricdə olan bank hesablarımdan, xaricdəki biznesimdən pul köçürmələri, bütün işləri üst-üstə gəliblər, özlərindən rəqəmlər düzəldiblər. İsveçrə və Almaniyada olan hesablarımın bura nə dəxli var?"

Xatırladaq ki, Almaniyada sığınacaq almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aprılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib.

İstintaq materiallarında qeyd edilib ki, “Araz-İnşaat” ASC-nin səhmlərinin 99,03 faizi H. Abdullayevin anası Zeynəb Abdullayevaya məxsusdur. “Araz İNC” MMC-nin təsisçisi H. Abdullayevin atası Abbas Abdullayev, faktiki idarəçi isə sabiq deputatın özü olub.

İttihama görə, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb.

Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar