Şənbə, 20 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Ermənistan inqilabının 1 ili: Ermənilər üçün nə dəyişdi?

Politoloq: Paşinyan höküməti hazırda çox dərin iflas yolundadır”

“Serj Sarkisyanın 10 illik hakimiyyəti dövründə heç görmədim ki, polis birbaşa xəbərdarlıqsız redaksiyalara hücum etsin”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Ermənistanda 1 il əvvəl baş verən “məxməri inqilab”dan sonra baş verən prossesləri PİA.az-a şərh edərkən bildirib.

Bu gün Ermənistan inqilabının 1 ili tamam olur. Qeyd edək ki, bir il əvvəl aprelin 23-də Ermənistanın Baş naziri Serj Sarkisyan xalq etirazları nəticəsində vəzifəsindən istefa verib. Onun yerinə Ermənistan “məxməri inqilabı”nın lideri Nikol Paşinyan Baş nazir vəzifəsinə gətirilib.

Ermənistanda 2018-ci ildekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku inamlı qələbə qazanıb. Serj Sarkisyanın rəhbərlik etdiyi sabiq hakim Ermənistan Respublikaçı Partiyası yeni parlamentdə təmsil olunmayıb.

Ötən bir ildə Ermənistanda hansı dəyişikliklər baş verib? Xüsusən Ermənistanın xarici siyasətində dəyişiklik hiss olunubmu?

Bu sualla PİAaz-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Təxminən 2 ay bundan qabaq artıq diaspor təmsilçiləri Paşinyan hökümətindən əllərini çəkdilər”.

Politoloq Mübariz Əhmədoğlu PİA.az-a açıqlamasında bildirib ki, ötən bir il müddətində Ermənistanda müsbətə doğru dəyişikliklər hiss olunmayıb. Politoloqun fikrincə son bir ildə Ermənistanda demokratik vəziyyət pisləşib. İqtisadi baxımdan isə durğunluq və geriləmə prosesi gedir:

“Müsbətə doğru heç bir dəyişiklik yoxdur. Onlar özlərinə demokratik qüvvə deyirlər, inqilablarına demokratik ad veriblər, hətta demokratik baxımdan da Ermənistan cəmiyyətində heç bir irəliləyiş yoxdur. Mətbuata təzyiqlərin sayı hədsiz dərəcədə artıb. Serj Sarkisyanın 10 illik hakimiyyəti dövründə heç görmədim ki, polis birbaşa xəbərdarlıqsız redaksiyalara hücum etsin. Paşinyanın bu 1 illik hakimiyyəti dövründə, hətta polislər redaksiyalara hücum etdilər, kompüterləri götürdülər və yazılarla bağlı müxtəlif tələblər hücum edirlər.

Ermənistanda Serj Sarkisyanın dövründə seçki kampaniyasına polisin müdaxiləsi olubsa da, bunu gizlədə biliirdilər. Amma açıq şəkildə şəxsən Yerevan şəhər meriyası üçün olan seçkiləri, demək olar ki, polis idarə elədi. Hətta polislər Yerevan şəhər meriyasına namizəd olan Naira Zöhrabyanın, belə desək, başına olmazın oyunlar açdılar.

İqtisadi baxımdan nəinki durğunluq, hətta artıq geriləmə prosesi gedir. Diaspor-Ermənistan münasibətlərində hədsiz gərginlik var. Serj Sarkisyanın dövründə diaspor bir bank yaratmışdı. Daha doğrusu bank yaratmaq istəyirdi. O bankın pulunu diasporun ayrı-ayrı təmsilçiləri gətirib Ermənistanda müxtəlif banklarda yerləşdirmişdilər.

Mübariz Əhmədoğlu: “ABŞ-la münasibətlər, demək olar ki, sıfır vəziyyətindədir. Baxmayaraq ki, Nikol Paşinyanı hakimiyyətə ABŞ gətirmişdi”.

Təxminən 2 ay bundan qabaq artıq diaspor təmsilçiləri Paşinyan hökümətindən əllərini çəkdilər. Və indi onlar da gəlib banklardakı pulu çəkib aparırlar. Sarkisyan müxalifətçi də olsa, onun vacib bir sözü o vardı: “Diasporda adamlar var ki, çamadanlarını yığışdırıb Ermənistana gəlmək istəyirdilər, amma indi onlar da dayanıblar”. Yəni miqrasiya problemində də vəziyyət necə var, elə qalıb.

Ermənistanın xarici siyasətində isə təhqir elementləri var. Yəni nə qədər ki, Ermənistan müstəqil idi, həqiqətən bu müstəqillik illərində bilərəkdən və ya bilməyərəkdən xarici dövlətlər Ermənistana qarşı çox hörmətli bir mövqedə dayanırdılar. İndi isə artıq Paşinyanın bu son 1 ili ərzində Ermənistan dövlətini heç kim saya salmır. ABŞ-la münasibətlər, demək olar ki, sıfır vəziyyətindədir. Baxmayaraq ki, Nikol Paşinyanı hakimiyyətə ABŞ gətirmişdi. İndi Nikol Paşinyanın əsas məqsədi ABŞ-la münasibətləri qaydaya salmaq istiqamətindədir, daha doğrusu Ermənistan-ABŞ arasındakı dialoqu bərpa etmək məsələsi gündəlikdədir.

Təsəvvür edin ki, bu iki hökümət arasında dialoq belə yoxdur, vəziyyət o dərəcə aşağı səviyyədədir. Sadəcə ABŞ-da bəzi ermənipərəst konqres üzvləri bəyanatlar verirlər.

Mnatsakanyan dəfələrlə çalışıb ki, ABŞ dövlət katibi ilə görüşsün, lakin ABŞ tərəfi buna imkan verməyib. Nadir hallarda ABŞ dövlət katibinin müavinlərindən biri Zöhrab Mnatsakanyanla görüşüb. Hətta Paşinyan ABŞ-la əlaqə qurmaqdan ötrü ABŞ-dakı erməni lobbisindən o qədər əlini üzüb ki, ABŞ-la əlaqələri qurmaqda yəhudi lobbisinin imkanlarından istifadə edir. Bu məqsədlə İrandan qayıdandan sonra nümayəndə heyəti göndərdiyi üçün İsrailə yüklənəcək.

Həmçinin, Avropa Komissiyasının sədri Jan Klod Yunker Paşinyanla olan mətbuat konfransını yarımçıq tərk elədi. Bunun əvəzinə, Yohanners Han gecikmə ilə gəldi və gələn kimi də Paşinyanın sözünü kəsib bildirdi ki, Dağlıq Qarabağ məsələsində format dəyişiklikliyinə ehtiyac yoxdur. Yəni ona çox kobud şəkildə cavab verdi.

Mübariz Əhmədoğlu: “Paşinyan ABŞ-la əlaqə qurmaqdan ötrü ABŞ-dakı erməni lobbisindən o qədər əlini üzüb ki, ABŞ-la əlaqələri qurmaqda yəhudi lobbisinin imkanlarından istifadə edir”.

Paşinyan Almaniyaya da səfər etdi, lakin lazımınca qarşılanmadı. Avropa ittifaqı ilə heç bir müqavilə imzalanmadı. Sadəcə iki-üç memorandum imzalandı. Yəni heç bir gücə malik müqavilə imzalanmadı. Amma həmin dövrdə Özbəkistan prezidenti Paşinyandan bir neçə gün əvvəl Almaniyaya səfər etmişdi və Almaniya ilə Özbəkistan arasında 9 milyard avroluq əməkdaşlıq müqaviləsi imzalanmışdı. Eyni şəkildə Avropa İttifaqı həmin dövrdə Qazaxıstanla da iri məbləğdə müqavilələr imzaladı. Amma Ermənistanla imzalamırlar. Xarici siyasətdə əlavə baş verən hadisə hal-hazırda Ermənistanı, Paşinyan hökümətini, belə desək, Rusiyanın bir vassalı kimi qəbul etmək prosesi gedir.

Qaldı ki, Dağlıq Qarabağ məsələsinə, Paşinyan, əslində Dağlıq Qarabağ tənzimləməsi üçün axtarışdadır. Dar ağlı və küt savadı ilə çalışır ki, Dağlıq Qarabağ məsələsində ermənilərin xeyrinə nə isə bir güzəşt əldə etsin. Lakin bu güzəştlər axtarışında vəziyyəti Ermənistanın xeyrinə dəyişmək cəhdi alınmadı. Paşinyanın yürütdüyü siyasət, xüsusən Qondarma rejimin təmsilçilərini danışıqlara masasına əyləşdirmək cəhdi Ermənistanın Qarabağ probleminin tənzimlənməsi ilə bağlı siyasətinə böyük, ciddi zərbələr vurdu.

Mübariz Əhmədoğlu: “Paşinyan Dağlıq Qarabağ məsələsində əvvəlki kimi hay-küylü, ermənilərin xeyrinə hesab olunan mövqeyindən də geri çəkilir”.

Köçəryan, o cümlədən Serj Sarkisyan da Dağlıq Qarabağ danışıqlarında 3 şərt irəli sürmüşdülər: Dağlıq Qarabağ Bakıya tabe ola bilməz, Dağlıq Qarabağın təhlükəsizliyi qanunlarla qorunmalıdır və üçüncü şərtləri də bu idi ki, Dağlıq Qarabağ anklav vəziyyətində ola bilməz. Yəni hökmən Dağlıq Qarabağla Ermənistan arasında quru əlaqəsi olmalıdır.

Amma Paşinyan gəlib bu 3 tələbin sayını 2-yə endirdi: Dağlıq Qarabağın statusu və Dağlıq Qarabağın təhlükəsizliyi məsələsi. Son çıxışında da bununla bağlı qeyd edib: “Dağlıq Qarabağın statusu məsələsini mən yox, erməni xalqı həll etməlidir”. Verdiyi izahdan da bəlli olur ki, artıq Dağlıq Qarabağ məsələsində əvvəlki kimi hay-küylü, ermənilərin xeyrinə hesab olunan mövqeyindən də geri çəkilir.

Elə bil erməni xalqı deyir ki, sabah müharibə ola bilər, gedək müharibə edək, o isə xalq isə deyir ki, mən müharibə etmək istəmirəm, get qonşunun oğlunu apar. Paşinyan bununla Erməni xalqının Dağlıq Qarabağın təhlükəsizliyi uğrunda mübarizə aparmaq qabiliyyətini də şübhə altına saldı.

Ona görə də, Paşinyan höküməti hazırda çox dərin iflas yolundadır. Yeganə çıxış yolu Azərbaycanla əlaqələr qurmaqdır. Hətta Paşinyan Dağlıq Qarabağ problemini həll etsə belə, inanmıram ki, beynəlxalq aləm Paşinyana lazımi qədər iqtisadi dəstək versin. Azərbaycanla Dağlıq Qarabağ problemi həll olunan kimi dərhal Ermənistanla iqtisadi əməkdaşlığa başlaya bilərlər. Yəni Ermənistanın iqtisadi yüksəlişi həmişə Azərbaycandan asılıdır və bu belə olmaqda davam edəcək”.

Maraqlıdır ki, son zamanlar Ermənistanın devrilmiş Baş naziri Serj Sarkisyan və onun rəhbərlik etdiyi “Respublikaçılar” Partiyası siyasi aktivliyini artırıb. Bu Paşinyan hökümətinin apardığı iqtisadi-sosial siyasətin dalana dirənməsi fonunda baş verir. Zamanla Sarkisyanın və “Respublikaçılar” Partiyasının revanşı mümkündürmü?

Mübariz Əhmədoğlu: “Rusiya Ermənistanda artıq alt layda bir neçə partiya formalaşdırıb”.

Mübariz Əhmədoğlunun fikrincə Serj Sarkisyanın yenidə hakimiyyətə gəlməsi ehtimalı çox azdır:

“Düşünmürəm ki, Serj Sarkisyan yaxında hakimiyyətə gəlsin. Belə demək mümkünsə, Rusiya Ermənistanda artıq alt layda bir neçə partiya formalaşdırıb. Rusiya çalışacaq ki, o partiya hakimiyyətə gəlsin. Əgər Serj Sarkisyan da hakimiyyətə gəlmək istəsə, hökmən gərək “Respublikaçılar” Partiyasının tərkibi dəyişsin və ancaq rusiyapərəstlər olsun. Yəni Serj Sarkisyanın əvvəlki qaydada, əvvəlki güclə hakimiyyətə qayıtması mümkün deyil.

Rusiya artıq oradakı daxili siyasi vəziyyəti nəzarətdən buraxmayacaq. Fikir vermisinizsə, Rusiya Ermənistanın ünvanına az qala təhdidə bənzər fikirlər bildirib. Səfir Kapuçin deyir ki, hansı dövlət ki, kökündən, ənənəsindən uzaqlaşır, o dövlətin məhvi də elə oradan başlanır. Amma çıxışın bir az əvvəlində də Ermənistanın bütün ənənələrinin Rusiya ilə əlaqədar olduğunu bildirmişdi. Yəni Rusiya səfiri deyir ki, Ermənistan Rusiyadan ayrılsa, məhv olacaq.

Yaxud da həmin səfir deyib ki, - son dövrlərdə rus səfirlərindən heç belə ifadə etməmişdim - Rusiya tərəfindən Ermənistana xüsusi status verilməlidir. Rusiyadan Ermənistana gələn bəzi siyasətçilər deyə bilər ki, Rusiya ilə Ermənistan arasındakı diplomatik münasibətlərdə bu mövzu yox idi.

Ona görə, mən düşünmürəm ki, Rusiya indi Ermənistanın daxilindəki vəziyyəti başlı-başına buraxsın. Elə başa düşürəm ki, Ermənistanda vəziyyəti nəzarətdə saxlaya bilmək üçün Rusiya kifayət qədər gücə malikdir. Buna görə də, Serj Sarkisyanın yenidən hakimiyyətə qayıdacağına inanmıram. Yəni Serj Sarkisyanın hakimiyyətə gəlməyi mümkündür, amma o, tamamilə Rusiyanın marionetkası kimi qayıda gələ bilər”.

Fatimə ƏLİYEVA
pia.az


loading...