Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Donuzlar körfəzi” əməliyyatı — “Yankilərin ilk məğlubiyyəti”

Bu günki tarixdə dünya tarixinin maraqlı, amma çox acı hadisəsi yaşanıb

Tarixdə “Donuzlar körfəzi” əməliyyatı kimi qalan bu proses ABŞ-ın Fidel Kastro hökumətini devirmək üçün adaya hücum zamanı məğlub olması ilə nəticələnib.

Hadisə 1961-ci ildə baş verib. Əslində ABŞ öz əskərlərini Kubaya göndərməyib. Adada sosializm qələbə çalandan sonra bir çox kubalılar yeni quruluşa qarşı çıxaraq ölkədən getmişdilər və ya dövlət onları sürgün eləmişdi. Vaşinqton da məhz həmin narazıları bir araya gətirərək Kubaya qaytarmaq, onların əli ilə adada iqtidarı devirməyə çalışırdı.

Bu yerdə qeyd edək ki, “Donuzlar körfəzi” əməliyyatı adını hücumun baş verdiyi körfəzdən - “Playa Giron”dan alıb.

Hadisənin səbəbləri nələr idi? Deməli, 1959-cu ildə Fidel Kastronun rəhbərliyi altında vaş vermiş inqilab nəticəsində, ABŞ-ın dəstəklədiyi Batista hökuməti devrildi. Bunun ardınca isə ölkədəki bütün kazinolar, əxlaqsızlıq yuvaları bağlanıldı, iqtisadiyyatın bütün sahələrində milliləşdirilmə aparıldı. Bu da öz növbəsində ABŞ-a məxsus United Fruit Company, ITT, Shell və sair kimi çox sayda şirkəti Kubada qazandığı hər şeydən məhrum etdi. Vaşinqton belə uğursuzluqla barışa bilmirdi. O vaxt hakimiyyətdə olan Riçard Nikson Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə birlikdə iş adamı Çarlz Rebozonun vasitəsilə Kastronu devirmək üçün planlar hazırlamağa başladı. Amma həmin ərəfədə keçirilən seçkilərdə Con Kennedi prezident seçildiyi üçün planlar yarımçıq qaldı. Bu səbəbdən də “Donuzlar körfəzi”ndən çıxaraq Kubayı işğal etmək kimi uğursuz əməliyyat məhz Kennedinin vaxtında reallaşdı.

1961-ci il aprelin 15-də səhər saatlarında 8 ədəd “Douglas B-26B Invader” bombardman təyyarəsi üç qrup şəklində havalanaraq paytaxt Havana və ikinci iri şəhər olan Santiaqo de Kubadakı hava limanlarına zərbə endirdi. Həmin təyyarələri MKİ xüsusi hazırlamışdı: onlar Kuba təyyarələrinin rənginə boyanmış, roketlərdən əlavə snayperlərlə də təchiz edilmişdi. Təyyarələr Nikaraquadakı Puerto Kabezas bazasından qalxaraq Kuba səmasına girmişdilər.

Hücumdan sonra Kubanın o zamankı XİN başçısı Raul Roa BMT-yə müraciət edərək ABŞ-ın hərəkətinə qiymət verməyi tələb etsə də, Vaşinqton təyyarələrin ona aid olmadığını bildirib. Bu zaman Mayamidəki bazalardan birində həmin təyyarələrin şəkilləri çəkilir və Kubaya ötürülür. Bundan sonra Vaşinqton baş verənlərin məsuliyyəti qarşısında qalır və irəlidə edəcəyi hücumlar planını təxirə salır.

Aprelin 16-da isə Merardo Leon və Joze Leon 14 nəfərlik qrup şəklində Las Villas əyalətindəki Las Deilikias şəhərində təxribat törətmək istəyirlər. Amma onlar tutularaq edam olunur. Aprelin 17-də isə Fidel Kastroya qarşı hərəkatın lideri Osvaldo Ramirez də ələ keçir və təbii ki, edam edilir. ABŞ isə qəfil baş verən bu hadisələrdən xəbərdar deyildi deyə, planlarına mənfi təsir göstərdi.


Aprelin 16-da MKİ-nin dəstəklədiyi 2506-cı alay olaraq adlandırılan birlik Nikaraquadan Liberiya bayrağı altında 5 ticarət gəmisində yola çıxır. Gəmiləri gözlə görülməyəcək uzaqlıqdan ABŞ-ın USS Bache, USS Beale, USS Conway, USS Cony, USS Eaton, USS Murray, USS Waller adlı döyüş gəmiləri mühafizə edib. Kayman adalarında isə bir batalyon, adanın sahilində isə USS Essex adlı təyyarədaşıyan gəmi hücuma hazır halda gözləyirdi. Eyni zamanda, USS Hank, USS John W.Weeks, USS Purdy, USS Wren destroyerləri, USS Cobbler və USS Threadfin sualtı qayıqları da hücuma hazır idilər.

Aprelin 17-də gecə yarısı MKİ-nin nəzarətində olan iki desantçıxarma gəmisi “Blagar” və “Barbara J”nin müşayiyyətində daha 4 ticarət gəmisi Kubanın cənubunda yerləşən “Donuzlar körfəzi”nə girib. Gəmilərdə 1300 silahlı antiinqilabçı kubalı olub. Hətta gəmilərdə tanklar da varmış. Gecə saat 1-də başlayan sahilə çıxma əməliyyatına sahildəki qayalıqlar və sudakı gözlə görünməyən mərcan rifləri maneə yaradıb, hücumu gecikdirib. Bu zamanadək isə sahildəki təxminən 50 milis Kuba ordusunu məlumatlandırıb. Ordu gəlincə milislər 2 saat ərzində düşməni ləngidir. Təxminən səhər saat 6.30-da Kuba qırıcıları hələ də sahilə əskər çıxarmaqda olan gəmilərə zərbə endirir. Amma sonra hücum edənlərin ixtiyarında olan təyyarələrin hücumu başlayır və müəyyən üstünlüklər əldə etsələr də, bu Kuba hökumətinin bölgəyə ağır texnika cəmləməsinədək davam edir...

Hücumun sonunda 1300 kubalı silahlı müxalifdən 1204-ü Kuba ordusunun birlikləri tərəfindən əsir alınaraq Havanaya gətirilirlər. Onlar mühakimə edilir. 14 nəfəri hücumdan əvvəl Kubaya gələrək insan qətlində günahlandırılır, 5 nəfəri edam olunur, 9 nəfəri 30 il müddətinə həps edilir. 1962-ci il martın 29-da onlardan 1179 nəfəri vətənə xəyanət ittihamı ilə məhkəməyə çıxarılır hər biri 30 il müddətinə məhkum edilir, aprelin 14-də isə yaralı və xəstə olan 60 nəfər sərbəst buraxılaraq ABŞ-a getmələrinə icazə verilir. 1962-ci il dekabrın 21-də isə Kuba rəhbəri Fidel Kastro ilə amerikalı vəkil Ceyms B.Donovan arasında əsirlərlə bağlı saziş bağlanır və 1113 əsir, xüsusi təşkilatlar tərəfindən toplanan 53 milyon dollar dəyərində qida və dərman qarşılığında sərbəst buraxılaraq ölkədən deportasiya olunur.


Haqqında danışdığımız uğursuz əməliyyat ABŞ prezidenti Kennedinin nüfuzunu zəiflədir, Kastronun mövqeyini isə həm gücləndirir, həm də Vaşinqtonun gözlənilən hər cür həmlələrinə hazır dayanmağa sövq edir.

“Donuzlar körfəzi” əməliyyatından bəhs edən filmlər çəkilib. Bunlardan ən məşhuru 2006-cı ildə Hollivudda istehsal olunmuş “Çirkli sirlər” filmidir. Məşhur videooyun olan “Call of Duty: Black Ops”da da bu məsələdən bəhs edilir. Eyni zamanda, Oliver Stonun çəkdiyi JFK filmində “Donuzlar körfəzi” əməliyyatına toxunulur.

Əməliyyat zamanı kiçik sahil kəndi olan Giron bu gün böyük şəhərdir. Hazırda bu bölgədə haqqında danışdığımız döyüşlər zamanı qəhrəmanlıq göstərmiş insanların çoxlu heykəllərinə, barilyeflərinə rast gəlmək olar. Gironun girişindəki iri lövhədə isə Fidel Kastronun “Donuzlar körfəzi” əməliyyatı ilə bağlı söylədiyi bu məşhur sözlər yazılıb: “Yanki inperializminin ilk məğlubiyyəti”...(demokrat.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar