Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Zülfüqarov: “Onu Avropa Şurasının rəhbərliyindən rədd etmək lazımdır” 

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov aprelin 15-də Rusiyada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək Qarabağ danışıqlarının növbəti raundu barədə “Yeni Müsavat”a müsahibə verib

PİA.AZ müsahibəni oxucularına təqdim edir:

– Tofiq bəy, son aylarda Azərbaycan-Ermənistan danışıqları Rusiya sərhədlərindən kənarda aparılıb. Nazirlərin Moskva görüşünə qərar verilməsi Rusiyanın prosesə nəzarəti ələ almaq cəhdidir, yoxsa başqa səbəb var?

– Hansısa ölkənin ərazisində keçirilən görüşə həmin ölkənin çox cüzi təsiri var. Bizdə tez-tez görüşün keçirildiyi yerə tez-tez diqqət çəkirlər. Amma bu bağlantı çox nisbidir. Əsas məsələ ondan ibarətdir ki, ermənilər artıq başa düşüblər ki, onlar danışıqlardan qaçmamalıdırlar. Ona görə də indi danışıqların imitasiya prosesində onlar çox aktiv iştirak edəcəklər. Prezident Sərkisyan da deyib ki, danışıqlar nəticə verəcək. Bu baxımdan onların danışıqlara qayıtması heç də o demək deyil ki, məsələlər həll olunacaq. Sadəcə olaraq, onlar tənqiddən qaçıb yenə də imitasiya prosesinə qoşulacaqlar. Mən hesab edirəm ki, burada Rusiyanın, xüsusilə Lavrovun marağı çox böyükdür. Onlar danışıqlar prosesinin yenidən bərpa olunmasında maraqlıdırlar.

– Bu həm də hərbi əməliyyatlar riskini minimuma endirir, eləmi?

– Təbii. Hər dəfə məsələ müxtəlif səviyyələrdə qalxanda ki, bəs, nə oldu, deyirlər danışıqlar gedir, ümidlər, yeni ideyalar var və s. Yəni hər dəfə həqiqətə oxşar hansısa bir məsələ ortaya atılır. İndi də istisna etmirəm ki, gələcək raundda əsir və girovların məsələsi müzakirə olunacaq. Danışıqların əhəmiyyətini artırmaq üçün əsir və girovlarla bağlı irəliləyişi istisna etmirəm. Amma real məsələlərin müzakirəsi, təbii ki, mümkün deyil. Çünki gülməli olardı ki, dövlət başçıları bir nəticəyə gəlmədiyi halda, nazirlər hansısa nəticəyə gəlsin.

– Bir müddət əvvəl Elmar Məmmədyarov Moskvada olarkən “ürəkdən tikan çıxaran” ifadələr söylədi, işğalçı ölkəyə xəbərdarlıq etdi. Məsələn, dedi ki, mənimlə anlaşmayan müdafiə naziri ilə anlaşmalı olacaq. Bu haqda nə demək olar?

– Mən bu söhbətlərə bir az tənqidi yanaşıram. Çünki əslinə qalsa, burada Ermənistan, yaxud Azərbaycanın xarici işlər nazirlərinin rolu bir o qədər çox deyil. Təbii ki, dövlət başçılarının qərarları olmalıdır. İkincisi də bu, Lavrovun bir-iki il bundan qabaq Suriyaya aid söylədiyi fikirdir. Bu fikirləri artıq kim istəyirsən, deyir, yeni bir şey yoxdur. Amma gərək burada ictimaiyyətin rəyi qabardılsın. Biz yaddan çıxartmamalıyıq ki, qərarların mənbəyi ictimai rəydir. Çünki erməni siyasətçilər ictimai rəyin arxasında tez-tez gizlənirlər. Deyirlər ki, biz konstruktiv mövqedəyik, amma xalq bunu qəbul etməyəcək. Odur ki, mən bu cür bəyanatların tərəfdarı deyiləm, gərək ictimai rəy qabardılsın.

– Belə demək olarmı ki, siz Qarabağ mitinqlərinin keçirilməsinin tərəfdarısınız?

– Mən müxtəlif üsulları dəstəkləyirəm. Ermənistanda mitinq keçirmirlər. Amma elə bir təəssürat yaradıblar ki, sanki onlara heç vaxt aid olmayan ərazilər azad olunsa, az qala bunlar özlərini öldürəcəklər. Bunu həmişə qabardırlar. O mənada azərbaycanlı nazirin rəyi, təbii ki, əhəmiyyətlidir, amma çox da əhəmiyyət kəsb etmir. Lakin ictimaiyyətin rəyi daha qabarıq göstərilməlidir.

– Bu ərəfədə Ermənistanda Putinə sərt ittihamlar səslənməkdədir. Hətta Rusiya prezidenti Ermənistan parlamentindəki terrorda ittiham olunur. Bu, nədən xəbər verir?

– Bəlkə, onlarda hansısa faktlar var. Varsa, göstərsinlər. Anti-Putin rəyləri və istəkləri çoxalır, bu tendensiya, bu gərginlik davam edəcək. Bunun səbəbi çox sadədir: Ermənistan Rusiyadan nəyi istəyibsə, artıq alıb. Başa düşür ki, bundan sonra Rusiya Ermənistanı inkişaf etdirmək üçün bu ölkəyə investisiya qoyan deyil. Bu mənada onlar investisiya və dəstəyi Qərbdən almalıdırlar, bu yolu artıq seçiblər. Anlayırlar ki, dəstək almasalar, bir dövlət kimi Ermənistanın gələcəyi şübhə altındadır. İnkişaf üçün pul lazımdır. Paşinyanın Strasburqa səfəri və orada deyilən fikirlər də çox maraqlıdır. Yəni onlar istəyirlər özlərinin köhnə strategiyasını həyata keçirsinlər. Guya ki, KTMT müqaviləsi onlar üçün çox vacibdir, ona görə də bu barədə Strasburqda danışırlar. Eyni zamanda ona nail oldu ki, Avropa Şurasının baş katibi Yaqland dedi Ermənistan tamamilə Avropa ölkəsidir. Əslinə qalsa, qəribə fikirlərdir. Hansı ki, bu ölkə etnik təmizləmə həyata keçirib. AŞ-ın baş katibinin bu cür fikirlər səsləndirməsi absurddur. O ya siyasətdən uzaq bir axmaqdır, ya da satılmış bir siyasətçidir, bunu açıq demək lazımdır.

– Bundan əvvəl Azərbaycan tərəf dəfələrlə azərbaycanlı girovlar məsələsini qaldırsa da, Avropa Şurası rəhbərliyi üzv ölkə olan Ermənistanla bağlı heç bir ölçü götürməyib. Bu dəfə isə Paşinyan Azərbaycanı elə Yaqlandın yanında təhdid etdi. Üstəlik, baş katib ermənilərin maraqlarına xidmət edən bəyanat səsləndirdi. Onun anti-Azərbaycan mövqeyinə rəsmi Bakının reaksiyası necə olmalıdır?

– Biz bununla əlaqədar ciddi reaksiya verməliyik. Etnik təmizləmələr olan yerdə hansısa komissarın işlər aparmasını tələb etmək nə deməkdir? Bu, ağlasığmaz məsələdir. Hər şey qalsın qıraqda, ərazidə etnik təmizləmələr həyata keçirib, Yaqland bunu da görmür? Tələb etmək lazımdır ki, onu Avropa Şurasının rəhbərliyindən rədd etsinlər!

Hesab edirəm ki, bu məsələni ciddi şəkildə qoymaq və onun məsələsini gündəliyə salıb müzakirə etmək lazımdır. Buna ciddi əsaslar var. Bəhanə kimi istifadə edib Yaqlandın istefasına nail olmaq lazımdır. Biz başa düşməliyik ki, bu təşkilat bizim pulumuzla fəaliyyət göstərir. Bizim pulumuzla göstərilən fəaliyyət də hansısa prinsiplərə əsaslanmalıdır. Onun bəyanatı heç bir məntiqə sığmır.

-Bu arada Anjey Kasprşiklə bağlı da şübhəli məlumatlar yayılmaqdadır. Hər halda, o da bölgədə bizim pulumuzla fəaliyyət göstərir…

– Açığı, hələlik Kasprşikin məntiqdən uzaq bəyanatlarını görməmişəm. Mən onunla əlaqə saxlayıram və görüşürəm. Orada mandatdan kənara çıxma halları olmayıb.

– Onun hesabatlarında “Dağlıq Qarabağ respublikası” kimi təqdimatdan istifadə etdiyi barədə iddialar var. Bəs, buna nə deyirsiniz?

– Redaktə baxımından nöqsanlar ola bilər, buna da nəzarət etmək lazımdır. Çünki onun məruzələri həm icraçı sədrə verilir, həm də bizim orda səfirlik fəaliyyət göstərir, daimi nümayəndəmiz var. Onun məruzələri də açıqdır, məruzələrdəki hansısa leksik ifadəyə aid məsələ qaldırmaq lazımdır. Amma mən bunu yaxşı bilirəm ki, iki il bundan qabaq 6 hərbçimiz həlak olanda Kasprşik onların nəşini əldə etmək üçün çox fəaliyyət göstərdi, bu da var. Hər halda mən Kasprşikə aid tənqidi fikirləri və əsasları görmürəm. Düzdür, onun məruzələrini görməmişəm, amma öz rəyimi deyirəm.

– Amma onun uzunmüddətli fəaliyyətinə də tənqidi yanaşılır. Bu, normaldırmı?

– Onun konkret vəzifəsi var, o, danışıqlarla məşğul olmur. O, sadəcə olaraq, səhra köməkçiləri vasitəsilə yerlərdən məlumat yığır və bu məlumatı məruzə şəklində formalaşdırıb icraçı sədrə göndərir.

Ermənistan ordusu Ağdamda genişmiqyaslı hərbi təlimlər keçirir, di gəl ki, heç vaxt bununla bağlı ATƏT sədrinin etirazına rast gəlmirik. Ola bilərmi ki, Kasprşikin komandası faktları gizlədir?

– Belə bir zarafat var: “Şikayət etmək istəyirsənsə, get, ”sportloto”ya şikayət elə”. Həmsədrlərin vəzifəsi danışıqlarda vasitəçilik və təşkil etməkdən ibarətdir. Kasprşikin isə vəzifəsi icraçı sədrə olan məlumatı çatdırmaqdır. Yəni mətbuatdakı tendensiyalar, ictimaiyyət arasında olan məsələlər və s. Çünki onun qrupu müdaxilə etmədən monitorinq aparır və məlumat verir. Ancaq onun rəyi qəbul olunmur.

– Bu arada həmsədr ölkələrdən biri Fransa Türkiyəyə qarşı saxta “soyqırım”la bağlı növbəti, ermənipərəst addımını atdı. Ankara-Paris gərginliyi hansı həddədək davam edə bilər?

– Türkiyə XİN tam ətraflı, məntiqli və beynəlxalq qanunlara uyğun bir bəyanat verdi. Xüsusilə qeyd edib ki, əgər biz BMT-nin qərarına və soyqırımla bağlı bəndə baxsaq, görəcəyik ki, soyqırımın tanınması üçün beynəlxalq məhkəmə lazımdır. Yəni o halda bu və ya digər hadisə soyqırım kimi qiymətləndirilə bilər. Siyasətçilər bu qiyməti verə bilməzlər.

Fransa qabaqlar fövqəldövlət idi, indi isə bu ölkənin nüfuzu aşağı düşüb. Çavuşoğlu da xüsusilə qeyd edib ki, sizə aid olmayan bəyanatları verəndə elə hesab edirsiniz ki, sizin beynəlxalq nüfuzunuz artır. Fransanın əsas məqsədi ondan ibarətdir ki, guya onların rəyi böyük əhəmiyyət kəsb edir. İstəyir soyqırımı tanısın, istəyir tanımasın, öz işidir. Bundan əvvəlki prezident Sarkozi də çox şeyi tanımaq istədi. Hətta Konstitusiya Məhkəməsinin qərarına da nail oldu. Amma indi gəlib bizimlə biznes qurmaq istəyir. Bunlar konkret siyasi maraqlara cavab verən addımlar atırlar. Yəni erməni diasporu bunlara təzyiq edir, yaxud imtiyazlar yaradır, bu imtiyazların da nəticəsində bu cür bəyanatlar verilir. İstefadan sonra isə gəlib bizimlə biznes ortağı olmaq istəyirlər.

– Hər halda, Fransa prezidenti qərarını verib. Bunun cavabında Azərbaycan Türkiyə ilə birgə hansı addımı ata bilər?

– Buna diqqət yetirib hansısa bəyanat vermək olar. Ya da demək lazımdır ki, boş-boş bəyanatlar artıq çoxalıb, amma bunların nə Azərbaycan, nə də digər bir ölkə üçün hüquqi nəticəsi ola bilər. Belə görünür ki, Fransa Ermənistanın qərbyönlü siyasətini kurasiya edir. Elə Paşinyanın Strasburqdakı çıxışında da özünü büruzə verib. Orda deyilib ki, Avropada elə ölkələr var, ABŞ-ın İranla bağlı siyasətini dəstəkləmirlər, biz bu dairələrlə əlaqələri və əməkdaşlığı gücləndirəcəyik. Hər halda, belə bir təəssürat yaranır ki, Sərkisyan öz xidmətlərini təklif edir. Yəni mənim İranla yaxşı münasibətlərim var, biz ABŞ-ın sərt münasibətini dəstəkləmirik, biz Boltonun fikirlərini qəbul etməmişik və s. Bu da ermənilərin növbəti oyunlarından biridir. Eyni zamanda Fransa hərdənbir bu oyunlarda iştiraka meyllidir. Amma hesab edirəm ki, Makronun Paşinyanla bu cür oyunları davamlı olmayacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar