Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədalət, yoxsa rəzalət məhkəməsi? – Bir dövlət, bir mənzil, iki məhkəmə qərarı…

Azərbaycanda biznes mühitindəki problemlərdən tutmuş mülkiyyət hüquqlarının tapdanmasına, siyasi azadlıqlarla bağlı çatışmazlıqlardan başlayaraq, məmur özbaşınalığına qədər əksər bəlaların başında məhkəmə-hüquq sisteminin durduğu şübhəsizdir

Bu sistemin hələ də “düz yolun yolçusu” olmadığı gün kimi aydındır və bunun zərbəsi həm ölkə vətəndaşına, həm də dövlət olaraq Azərbaycanın nüfuzuna dəyməkdə davam edir.

Ədalət mülkün təməlidirmi?

Bu çürümüş, yıpranmış və istifadə müddəti çoxdan bitmiş məhkəmə sistemi durduqca ölkədə nə siyasi, nə mülkiyyət, nə iş, nə də adi yaşamaq hüququ layiqincə təmin olunacaq. Azərbaycanda məhkəmə qərarları bazardakı kartof kisələri kimi alınıb-satıldıqca, bu məmləkətdə insanların nə haqqa, nə ədalətə nə də idarəçiliyə inamı olacaq. İstənilən sahədə, istər iqtisadi, istər siyasi, istərsə də digər sahələr olsun, aparılan heç bir islahat bu məhkəmə sistemi qala-qala gözlənilən effekti verə bilməz. Və bu mənzərəyə baxdıqca, bir zamanlar dahi Atatürkün dilə gətirdiyi və bu gün Türkiyədə hər bir məhkəmə salonunda hakimin başı üzərinə yazılmış “Ədalət mülkün təməlidir” ifadəsinin nə qədər məntiqli və Azərbaycan məhkəmələrindən nə qədər uzaq olduğunu düşünürsən…

Elə bir müddət bundan əvvəl Ali Məhkəmənin “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının tələbilə aprel şəhidinin aləsini mənzilsiz qoyması da sübut etdi ki, bu sistem hüquqi dayaqları bir yana, bütün mənəvi dayaqlarından da məhrum olunub və belə biabırçı bir sistemlə uzağa getmək olmaz. Təəssüf ki, hakimlərin bir çoxu yetimin malını “uf” demədən əlindən alıb, hansısa harınlamışa yedirtməyə hazırdırlar, təki onlara da bundan bir pay çatsın. Bunlar biraz “yoğun yerdən” tapşırıq gələn kimi, günahsızı günahkar, mərdi namərd, hətta qəhrəmanı vətən xaini çıxarmağı bacarırlar…

Bir sözlə, bizim məhkəmələrin və hakimlərin “məziyyətlərini” saydıqca, qurtarmaq olmaz. Və başqalarına cəza kəsən, əslində isə özləri cəzalandırılmalı olan bir çox hakimlər yalnız bilmədən hansısa “iri kalibrli” birinin “quyruğunu tapdalamasalar”, demək olar ki, cəzasız qalırlar…

Görünür, elə camaatı boğaza yığan və nə Azərbaycanın adına, nə ümumiyyətlə dünyadakı müasir münasibətlər düzəninə yaraşmayan, bir çox mətbu orqanların uzun illərdir gündəmə gətirərək, tənqid etdiyi bu məhkəmə sistemini abırlı hala gətirmək üçün də ölkə başçısı xüsusi fərman imzaladı. Və yalnız bundan sonra illərdir ağzına su alıb oturan hüquqşünaslar, deputatlar, siyasətçilər və s. məhkəmə sistemini yıxıb-sürüməyə girişdilər, islahatlara ciddi ehtiyac olduğunu “gördülər” və fərmanı dəstəkləməyə başladılar – adət etdiyimiz mənzərə yəni…

İndidən sonra vəziyyətin müsbətə doğru dəyişib-dəyişməyəcəyi barədə dəqiq bir şey deyə bilməsək də, “AzPolitika.info”ya daxil olan bir şikayətin əsasında Azərbaycan məhkəmə sisteminin nələrə qadir olduğunu və “bu qədər də olmaz” dedirdəcək “qəhrəmanlıqlarından” birini paylaşmaq istərdik.

Deməli, həmin şikayətdən bir daha belə məlum olur ki, uzun müddətdir Azərbaycan reallığının daha bir eybəcərliyinə çevrilmiş bir mənzilin bir neçə alıcıya satılması və dələduzluq yolu ilə kasıb-kusubun olan-qalanını əlindən alıb, külli miqdarda vəsait mənimsəyən dələduzlardan və onların əməllərindən məhkəmələr də lazımınca bəhrələniblər.

Bir neçə il öncə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin əmisi oğlu Elman Tağıyevin rəhbəri olduğu “Birlik İnşaat”ın 210 mənzili 543 nəfərə təkrar satması və vətəndaşlara ümumilikdə 10 milyon manatdan çox ziyan vurması ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu. Bu işlə bağlı bir neçə il məhkəmə çəkişməsi getdi və uzun süründürməçilikdən, get-gəldən sonra, nəhayət, Bakı Ağır Cinayətlər Məhkəməsi qərar qəbul etdi. Şirkətə rəhbərlik edənlərdən bir-ikisi həbs olundu, N.Məhərrəmlinin bir əmisi oğlu xaricə qaçdı, birini tutub içəri saldılar, 14 il iş versələr də Apellyasiya mərhələsindən birdən-birə 5 ilə saldılar və sair. Lakin bütün bunların müqabilində həmin dələduzların vətəndaşlara vurduğu ziyan nə dərəcədə ödənildi – əsas məsələ budur.

54 çevrilib 55 oldu – nə 13 saylı notarius “gördü”, nə də Xətai Məhkəməsi…

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən belə aydın olur ki, “Birlik İnşaat”a aid Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 20 ünvanında yerləşən çoxmərtəbəli binadakı mənzillər həmin mənzillərin birinci alıcılarına, yəni şirkətlə ilk müqavilə bağlayan vətəndaşlara verilməlidir. Bu alıcılar sırasında həmin binanın 1-ci blokunun 8-ci mərtəbəsindəki 1 otaqlı, ümumi sahəsi 60.8 kv.metr olan 55 nömrəli mənzilin sahibi Vəliyeva Təranə Şamil qızı da var. Hakim Novruz Kərimovun bu qərarından sonra, nəhayət, öz halal mənzilinə sahibləndiyini düşünən T.Vəliyeva hələ “görəcək günlərinin” qarşıda olduğunu bilmirmiş. Sən demə, artıq həmin mənzilin mülkiyyət hüququ Bakı Ağır Cinayətlər Məhkəməsində iş gedə-gedə (!), Xətai Məhkəməsinin hakimi Namidar Misirzadənin “misli görünməmiş” qərarı ilə başqa birisi üçün tanınıb. Və bu zaman…

                                   Hakim Namidar Misirzadə

Şikayətçi T.Vəliyeva bizə təqdim etdiyi sənədlərə əsaslanaraq, hakimin açıq-aşkar saxtakarlıq faktına göz yumduğunu və tam ədalətsiz qərar çıxardığını iddia edir. Belə ki, onun iddiasına görə, hakimin qanuni kimi qəbul etdiyi mənzilin alqı-satqı müqaviləsi saxtalaşdırılıb. Aşağıda fotolarını təqdim etdiyimiz həmin müqaviləyə baxdıqda da açıq-aydın görünür ki, əslində 54 nömrəli mənzil üçün verilmiş müqavilə saxtalaşdırılıb və 54 rəqəmi düzəldilərək, 55-ə çevrilib (!). Ancaq maraqlıdır ki, bunu 13 saylı notariat kontorunda da “görməyərək”, təsdiqləyiblər.

Təbii ki, bu “möcüzənin” qarşısında, görünür hakim N.Misirzadə də aciz qalıb… T.Vəliyeva bildirir ki, əslində həmin mənzilə iddialı olan digər vətəndaş – Əliyeva Lətifə Sahib qızına 55 yox, 54 nömrəli mənzil satılıb. Lakin əvvəllər ədliyyə sistemində işləmiş həmin xanım öz əlaqələrindən istifadə edərək, bu yolla ona aid mənzilə sahiblənib.

Şikayətçi təqdim etdiyi müqavilələrə və məhkəmə qərarlarına, eləcə də özünün məhkəmə iclaslarındakı müşahidələrinə əsaslanaraq bildirir ki, 13 saylı notarius və Xətai Rayon Məhkəməsinin hakimi bu saxtakarlıqdan xəbərdar olsalar da, buna nəyinsə müqabilində göz yumublar. Belə ki, hakimin qərarına Reyestr Xidməti etiraz edib ki, bu etirazın əsasında da işə Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə tez-tələsik baxılaraq, iddiaçının xeyrinə qərar çıxarılıb. Bir daha qeyd edək ki, bütün bunlar paralel olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində eyni iş üzrə məhkəmə proses gedə-gedə həyata keçirilib.

T.Vəliyeva Ədliyyə naziri Fikrət Məmmədova şikayət məktubunda yazır: “Hörmətli Fikrət müəllim, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2014-cü il tarixli hökmü ilə uzun-uzadı araşdırmalardan, şahid ifadələrindən sonra “Birlik-İnşaat” MMC-də 55 saylı mənzilin mənə məxsus olması öz əksini tapdı. Sadəcə, hakim Novruz Kərimov rusdilli olduğu üçün (özünün dediyinə görə) hökmdə “zərərçəkmişlər mənzilə yerləşdirilsinlər” sözləri əvəzinə “zərərçəkmişlər mənzillə təmin olunublar” sözlərini yazdı.

Sonradan iş Bakı Apellyasiya Məhkəməsinə getdi. Nəhayət, 12.04.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2014-cü il tarixli hökmünü qüvvədə saxladı. İki il də burda vaxt itirdik. Daha sonra iş Xətai rayon İcra Şöbəsinə göndərildi. Burda biz zərərçəkmişlərə bildirdilər ki, bu hökmün nəyin icra edək? Hökmdə yazılıb ki, “zərərçəkmişlər mənzillə təmin olunublar”. Təmin olunmusunuzsa, gedin oturun evinizdə. Təkcə bu səhvə görə Bakı ACM-i ilə Xətai rayon İcra Şöbəsi arasında 3-4 ay ərzində yazışmalar getdi. Sonra yuxarıdan xəbər gəldi ki, bu işin bir çıxış yolu var, mənzilləri mübahisəli olan və mənzilləri digərləri tərəfindən zəbt olunan zərərçəkmişlər yenidən mülki qaydada məhkəməyə müraciət etsinlər.

Mən mülki qaydada mənzilin boşaldılması, mənzilə köçürülmə ilə bağlı Xətai Rayon Məhkəməsində iddia qaldırdım. İş hakim İlahə Abbasovaya həvalə edildi. Məhkəmə vaxtı məlum oldu ki, mən qanuni qaydada hökmün icrasını gözləyərkən, mənzili zəbt etmiş zərərçəkmiş (istefada olan ədliyyə zabiti) artıq Xətai Məhkəməsində hakim Namidar Misirzadənin himayədarlığı ilə mənzilə olan sahiblik və istifadə hüququnu tanıdıb. Hakim N.Misirzadə Xətai Məhkəməsində “Birlik-İnşaat” MMC ilə bağlı işlərin 99,9%-ni icra edir. Çox yaxşı bilir ki, bu mənzillərin 5-6 alıcısı var. Amma araşdırma aparmadan, bizi tərəf kimi qəbul etmədən iddiaçının əsassız iddiasını təmin edir.
Hörmətli Fikrət müəllim, rəsmi məhkəmə protokoluna görə, belə ciddi mübahisə doğuran işlə bağlı prosesdə aşağıdakı şəxslər iştirak edib: “1. Hakim, 2.Katib, 3. İddiaçı, 4. Qanuni təmsilçi.
Cavabdeh: Reyest Xidməti – iştirak etmir”.

Tərkibə fikir verirsinizmi? Ara xəlvət, tülkü bəy. Bu 4 nəfər rahat oturub özləri üçün məsələni həll edib, qərar çıxardıblar. Özü də nəyin əsasında? Saxta, üzərində “54” rəqəmi pozularaq, 55 yazılan müqavilənin əsasında. Nədənsə bu düzəlişi hakim Namidar Misirzadə görməyib. Yoxsa görmək istəməyib?!”

Eyni qaydada Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə də mübahisə ilə bağlı Bağı Ağır Cinayətlər Məhkəməsinin hökmünü nəzərə almadan və iddiaçının təqdim etdiyi müqavilənin üzərində saxtalaşdırma əməliyyatı aparıldığını “görmədən” ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayırlar.

T.Vəliyeva nazirə məktubunun sonunda yazır: “Yuxarıda qeyd etdiyim “55” saylı mənzilin 1-ci alıcısı mənəm. Mənzili zəbt etmiş istefada olan ədliyyə zabiti hansısa notariat kontorunun köməkliyi ilə müqaviləni saxtalaşdırıb, öz mənzilinin nömrəsini “54”-dən “55”-ə düzəldib. Hakimlər buna göz yumub. Mənim hüquqlarım tapdalanıb. Sizdən çox xahiş edirəm ki, halal mənzilimin mənə qaytarılmasında köməklik edəsiniz. Haqq, ədalət bərpa olunsun!”

İki məhəkəmə, iki mülkiyyətçi, bir mənzil…

İndi əlində Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni hökmü olan T.Vəliyeva heç bir instansiyaya müraciət edərək, haqqını bərpa edə bilmir. Çünki ortada Ali Məhkəmənin eyni mənzillə bağlı digər şəxsə mülkiyyət hüququnu təsdiqləyən qərarı mövcuddur. Beləliklə də nəticə etibarilə əlimizdə eyni mənzillə bağlı iki məhkəmə instansiyasının iki fərqli qərarı var! Bakı Ağır Cinayətlər Məhkəməsi bir iş üzrə qərar verir ki, mənzil T.Vəliyevaya aiddir, Xətai Məhkəməsi və Ali Məhkəmə isə tamamilə başqa iddia əsasında aparılan başqa iş üzrə eyni mənzilin L.Əliyevaya məxsus olduğuna hökm edir.

Buna nə ad verəsən – naşılıqmı, məsuliyyətsizlikmi, yoxsa dərəbəylikmi? Təkcə bu fakt Azərbaycan məhkəmə sisteminə “qeyri-kafi” qiymət verməyə kifayət etmirmi? Və onu deməyə əsas vermirmi ki, belə məhkəmələrin bir mənzili bir neçə nəfərə satanlarla heç bir fərqi yoxdur…
Məhkəmə biabırçılığı və özbaşınalığından əziyyət çəkən, mülkiyyətindən və digər hüquqlarından məhrum olunan T.Vəliyeva kimilər Azərbaycanda minlərlədir, bəlkə də daha çox. İndi bu adamlar öz haqlarını bərpa etmək üçün nə etməlidirlər – insan mütləq aprel şəhidinin ailəsi olmalıdırmı ki, onun hüququ tanınsın?…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar