Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsəd Cahangir: “Təəssüf edirəm ki, Etimadın etimadını doğrultmamışam” - Müsahibə

“Bizim mədəni halımız” silsiləsində tənqidçi Əsəd Cahangirlə müsahibə

Ədəbi tənqidçi: “Gəlin açıq deyək, sovet dönəmində nə ədəbiyyat yarandı? Bizim 70 illik ədəbiyyatımızda nə yarandı? ”.

“Etimad Başkeçid 7-8 il bundan əvvəl “Yeni Azərbaycan” qəzetində mənim haqqımda yazısı çıxmışdı. Həmin yazının adı “Səni zəmanə yetirməz dübarə” idi. Ola bilməz ki, bu sözü mənə deyən insan indi haqqımda başqa sözlər deyə”.

Yazıçı Etimad Başkeçid mətbuata müsahibə verib. Həmin müsahibədə ədəbiyyat sahəsində bir çox problemlərə toxunan yazıçı ədəbi tənqidçilərlər bağlı suala da cavab verib. Jurnalistin “Əsəd Cahangir necə tənqidçidir? Ümumiyyətlə o, ədəbi tənqidçidirmi? Mən biləni o ən güclü tənqidçilərimizdən biridir?”, sualına yazıçı Etimad Başkeçid cavab olaraq bilirib ki, Əsədi güclü tənqidçi hesab edənlər də var, amma o, Əsəd Cahangiri bu kateqoriyaya aid edənlərdən deyil.

Həm Etimad Başkeçidin bu fikirləri, həm də ədəbiyyatla bağlı PİA.az-ın əməkdaşı tanınmış ədəbi tənqidçi Əsəd Cahangirlə müsahibə edib.

Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:

Əsəd Cahangir: “Yəqin Etimad Başkeçid zarafat edib. Məni yoxlayıb ki, görsün nə deyəcəm. Fikrimi öyrənmək istəyib”.

- Əsəd bəy, şair Etimad Başkeçid müsahibəsində bildirib ki, Əsəd Cahangiri güclü tənqidçi hesab edənlər var. Amma özünü o kateqoriyaya aid etməyib. Etimad Başkeçidin sizi tənqidçi kimi qəbul etməməsinə hansısa səbəblər var?

- Etimad Başkeçid mənim dostumdur və mən onu çox güclü yazıçı hesab edirəm. Yəqin Etimad Başkeçid zarafat edib. Məni yoxlayıb ki, görsün nə deyəcəm. Fikrimi öyrənmək istəyib.

Etimad Başkeçid 7-8 il bundan əvvəl “Yeni Azərbaycan” qəzetində mənim haqqımda yazısı çıxmışdı. Həmin yazının adı “Səni zəmanə yetirməz dübarə” idi. Bu misra da bildiyimiz kimi Əliağa Vahidin məşhur qəzələnin bir misrasıdır. Ola bilməz ki, bu sözü mənə deyən insan indi haqqımda başqa sözlər deyə.

- Ola bilər ki, indi Etimad Başkeçid sizin haqqınızda olan fikirlərindən daşınıb?

- Xeyir, Etimad Başkeçid fikrini dəyişməyib. Sadəcə olaraq mənimlə zarafat etdiyini düşünürəm. Etimada sual vermək lazımdır ki, niyə Əsəd Cahangiri güclü tənqidçi olaraq görmürsünüz? Amma mən onu çox bəyənirəm, yaradılıcılığın yüksək qiymətləndirirəm.

Təəssüf edirəm ki, Etimadı son vaxtlar az-az görürəm. Onun üçün darıxmışam. Sağ olun ki, məni Etimadın yadına salmısınız.

Əsəd Cahangir: “Etimad Başkeçidin məni tənqid etməsi də onun müsbət keyfiyyətidir”.

- Etimad Başkeçid Azərbaycan ədəbiyyatının durumunun yaxşı olmadığını deyib. Siz bu fikirlə razısınız?

- Etimad Başkeçid bizim çox görkəmli yazıçılarımızdan biridir. O savadlı, istedadlı yazıçıdır. Etimad Başkeçidin məni tənqid etməsi də onun müsbət keyfiyyətidir. Hətta dostyanalıq etməyərək, yenə də öz tənqidi fikirlərini deyib. Əgər həqiqi tənqiddirsə, bu onun müsbət cəhətidir.

Onun “Min yol mənə söylər” romanı müstəqillik dövrü ədəbiyyatımızda yaranan ən güclü romanlardan biridir. Bu romanın çox güclü fəlsəfəsi, süjeti, alt qatı, üst qatı var.

Əsəd Cahangir: “Mən Yazıçılar Birliyində işləyirəm və orada işləyə-işləyə bilavasitə Yazıçılar Birliyi ilə bağlı tənqidi fikirlər deyirəm. Görün bu qurum nə qədər demokratik qurumdur”.

- İndiki dövr ədəbiyyatımızın durumu barədə nə deyə bilərsiniz?

- İndiki dövr ədəbiyyatımızın durumunu pis hesab etmirəm. Nə tənqid, nə şeir barədə bədgüman olmaq lazım deyil. Ədəbiyyata yeni nəsl, yeni ruh, yeni imzalar gəlib. Bunları görməməzlikdən gəlmək olmaz. Ədəbiyyatda söz, düşüncə azadlığı, janr rəngarəngliyi var.

Həmçinin ədəbiyyatda metodoloji rəngarənglik var. Yəni biri istəyir postmoderndə, biri istəyir realist, biri istəyir romantik, biri istəyir sentimentalist, biri istəyir ekstremizm üslübda yazırlar. Heç kəs də demir ki, sən ancaq bu üslubda, bu metodda yazmalısan və bu ideyanı irəli sürməlisən. Ədəbiyyata siyasi cəhətdən senzura basqısı yoxdur.

- Ədəbiyyatda bu qədər sərbəstliyin olması yaxşıdır? Bunun mənfi tərəfləri var?

- Əlbəttə, ədəbiyyatda sərbəstliyin olması yaxşıdır. Çünki ədəbiyyat azad sənətdir. Həmişə demişəm ki, insan fəaliyyətini hər hansı sahədə nəsə sıxır. Məsələn elm sahəsində elmi qanunlar insan fəaliyyəti sıxır. Fizika elminin “cazibə qanunu”ndan kənara çıxmaq olmaz. İki paralel düz xətt sonsuza qədər kəsişmir. Bu qanundur. İki paralel düz xətt fəzada kəsişə bilər. Amma fəzanın da öz qanunları var.

Həmçinin dində insan düşüncəsi ehkamlara tabedir. Allah birdir və iki ola bilməz. Məhəmməd də onun peyğəmbəridir. Quran səmavi kitabdır, axirət haqdır və s. Yəni dində insan düşüncəsi ehkamlarla buxovlanır. Bunlar pozulmazdır, üzərində tabu var və müqəddəsdir.

Eləcə də ictimai şüurun digər sahələri var ki, bu və ya digər cəhətdən onlar nəyəsə tabedirlər. İnsan düşüncəsinin yeganə azad, hüdudsuz, sərhədsiz sahəsi ədəbiyyatdır. Ədəbiyyat insan qəlbindəki azadlıq ehtirası ifadə olunsun deyə yaradılıb. Əgər bu xüsusiyyət ədəbiyyatın əlindən alınsa, bu zaman ədəbiyyat özünün başlıca xüsusiyyətindən onu digər ictimai şüur formalarından fərqləndirən əsas özəllikdən, prinsipdən uzaq düşər. Bu zamanda artıq ədəbiyyat ədəbiyyat olmaz. Bu olar din, elm, nəsə başqa ictimai şüur forması.

Əsəd Cahangir: “Ədəbiyyat insan qəlbindəki azadlıq ehtirası ifadə olunsun deyə yaradılıb”.

Buna görə də ədəbiyyata azadlığın verilməsi onun əsas xüsusiyyətinin ona verilməsi deməkdir. Bu da çox ciddi məsələdir.

Mən hələ eşitməmişəm ki, ədəbiyyat sahəsində olan bir insan sözünə görə həbs edilsin. Siyasətçiləri buraya aid etmirəm. Mən Yazıçılar Birliyində işləyirəm və orada işləyə-işləyə bilavasitə Yazıçılar Birliyi ilə bağlı tənqidi fikirlər deyirəm. Görün bu qurum nə qədər demokratik qurumdur.

Sartrın bir sözü var idi ki, gərək yazıçı həmişə maneələrlə, divarla üzləşsin ki, ona qarşı döyüş əzmi yaransın. Bu döyüş əzmindən də ədəbiyyat da oxunsun. Amma Sovet dövrünün 70 illik ədəbi-bədii praktikası göstərdi ki, bu fikir doğru deyil. Çünki Sovet dövründə yazıçıların qarşısına elə bir sədd qoymuşdular ki, bu səddi aşmaq mümkün deyildi. Gəlin açıq deyək, bu dövrdə nə ədəbiyyat yarandı? Bizim 70 illik ədəbiyyatımızda nə yarandı?

Əsəd Cahangir: “Hesab etmirəm ki, azadlıq ədəbiyyata mane olur və hökmən yazıçının yaxşı yazması üçün nəsə ona baryer, sədd lazımdır”.

- Sovet dövrü ədəbiyyatını zəif hesab edirsiniz?

- Biri var Hüseyn Cavid yaradıcılığı, ki, Hüseyn Cavid yaradıcılığı Sovet dövründən əvvəl formalaşmış bir şairin yaradıcılığı idi. Biri də var 60-cı illərdən sonra ədəbiyyata gələn şairlər, yazıçılar. Onlar da Sovet ideologiyasından imtina hesabına onu yaratmışdılar. Yəni bilavasitə Sovet ideologiyasının təzyiqi nəticəsində ciddi nəysə yarana bilməzdi. Uzaq başı Lelin, Moskva, Oktyabr haqqında şeirlər, kolxoz quruculuğu, qolçomaqlara qarşı mübarizə ilə bağlı hekayələr, povestlər, romanlar yazıla bilərdi.

Hesab etmirəm ki, azadlıq ədəbiyyata mane olur və hökmən yazıçının yaxşı yazması üçün nəsə ona baryer, sədd lazımdır. Sovet hakimiyyəti dövründə sovetizmə qarşı mübarizə aparan bir sıra yazıçılarımız var ki, Sovet hakimiyyəti çökəndən sonra onların yaradıcılığında tənəzzül başladı. Amma bu onunla bağlı idi ki, onlar artıq özlərini bütün düşüncələrini, duyğularını Sovetə qarşı mübarizəyə kökləmişdilər. Onlar əsas hədəfi itirəndən sonra sanki boşalma prosesi getdi. Bu başqa söhbətdir.

Ümumən götürəndə isə yazıçının düşünmə, söz azadlığını əlindən almaq ədəbiyyatı boğmaqdan başqa heç nəyə gətirib çıxara bilməz.

- Son olaraq Etimad Başkeçidə sözünüz var?

- Mən Etimad Başkeçidə salam deyirəm.Təəssüf edirəm ki, Etimadın etimadını doğrultmamışam.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar