Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda tənqidçi bir başqası yumurtlayanda onun əvəzinə qaqqıldayan adamdır”

Yazıçıdan sərt tənqid

“ƏdəbiyYAT” layihəsində 3-cü qonağımız Etimad Başkeçiddir. Onu müsahib kimi bundan əvvəlki qonağımız Şərif Ağayar təklif etmişdi. Etimad bəylə də ədəbiyyatımızın problemlərindən və bu problemlərin həlli yollarından danışdıq. Maraqlı fikirləri var Etimad bəyin. Azərbaycan nəsri haqqında iddialı fikirləri var. Təbii ki, cəmiyyətdə ölgünlük və susqunluq olanda ayrıca bir sahədə uğur qazanıla bilməz, amma Etimad bəyin düşüncələrini də yabana atmaq olmaz. İnkişaf olacaqsa, mütləq iddialı adamlar meydana çıxınca olacaq.

Moskvada təhsil almış insanın bu cür iddialar ortaya qoyması cəlbedicidir. Bu kimi fikirləri ölkənin yazıçı elitasının toplaşdığı Yazıçılar Birliyi etməli ikən, haradasa “səkkiz yüz neçənci üzv” etməməlidir. Etimad Başkeçid özünü “səkkiz yüz neçənci üzv” hesab etsə də, bu incə sitəmin arxasında yatan fikirlər adamlara dərs olmalıdır. Ədəbiyyat mühiti belə ölgün və bədbin yox, dünyanın ön sıralarında təqdim olunan sahə kimi inkişaf etməlidir. Bunun üçün də 3-4 yarım-yapalaq mükafat yox, heç olmasa minlərlə mükafatlar yaradılmalı, bunun üçün dövlət yaxından dəstək göstərməlidir. Qocaların xəyallarındakı “…abad” şəhərlər yox, həqiqətən dünyayla səsləşəcək ədəbi əsərlər yaradılmalı, ədəbi ənənələri olan ölkələrlə ciddi-ciddi yarış getməlidir.

Etimad Başkeçid deyir ki, bizim dünyayla ayaqlaşan ədəbi əsərlər yaratmağımız mümkündür. Mümkün olan əməllərə girişməli, ədəbiyyatımızı da digər sahələrlə birlikdə qış yuxusundan oyandırmalıyıq.

Etimadla görüşəndə Şərif Ağayarın qulaqlarını çınlatdıq. Şərifi müsahibəsinin sonunda istədiyi gürcü çaxırına qonaq elədi. Şərif Ağayar bir az uzaqda idi, o gələnə qədər gənc yazıçılardan Cavid Zeynallını dəvət etdi. Asta-asta, təmkinli səs tonu kimi də işi var Başkeçidin. O, hazırlıqlarını görərkən – özü ilə çaxır, kolbasa və digər aksesuarlar gətirmişdi – mən fürsəti qaçırmadım. Çünki yazarlar bir yerə toplaşdıqdan sonra alınacaq müsahibənin nə qədər çətin olduğunu bilirdim. Ona görə də müsahibəni götürdüm. Maraqlı müsahibəmiz bitən kimi Cavid Zeynallı, ondan bir az sonra isə Şərif Ağayar gəldilər.

Sırada isə Etimad Başkeçidin təklifi ilə Səfər Alışarlı var. Ona ədəbi cameədə “Maestro” deyirlər. Hazırlaşır “Maestro” – Səfər Alışarlı…

Cavanlıqda şair, bir az yaşlaşandan sonra yazıçı

– Etimad bəy, indiyə qədər “ƏdəbiyYAT” layihəsində bir neçə yazarla müsahibə götürmüşük. Şərif Ağayar özündən sonra Sizi məsləhət görüb. Münasibətiniz necədir?

– Şəriflə mənim çox gözəl münasibətim var.

– Dost olduğunuza görə Sizi özündən sonra məsləhət bilib, yoxsa yaradıcılığınıza görə?

– Dostluğa görə edibsə də sağ olsun, yaradıcılığa görə mənim adımı çəkibsə də, sağ olsun. Şərifə həm şəxsiyyət, həm də yaradıcı insan, nasir kimi çox böyük hörmətim var. Və mənə xoşdur ki, Şərif məhz mənim adımı çəkib.

– Haqlıdırmı?

– Şərif belə fikirləşir. Başqaları başqa cür fikirləşə bilər.

– Bu, nədəndir? Dostluğunuz yaradıcılıq dostluğudur, yoxsa?

– Mən Gürcüstandanam, Şərif qarabağlıdır, amma nə dəxli var? Mən vaxtilə Şərifə bir şeir həsr eləmişdim. O zaman “Yeni Azərbaycan” qəzetində “Ədəbiyyat” səhifəsi vardı. Xanəmir çıxarırdı o səhifəni. Orada Şərifə həsr etdiyim şeir oxunub o zaman.

– Yadınızdadırsa, oxuyun.

– İndi yadıma salım bir dəqiqə. (Oxuyur…)

Bu, cənnətdə canından bezmək kimidir,

Hər şey öz həddinə doyar, tökülər…

Qarşı yatan qara dağın binası

Axşam-axşam quzulayar, tökülər.

 

Uğraşınca qılınc-qalxan üstünə,

Ömür adlı möhlət başa varınca

Qara ilan yuvasına dolunca

Şahin-şonqar izi bular, tökülər.

 

Dəlmə-deşik paramparma, çilmə-çilik,

Ötələrdən varaqlanan gündəlik

İllər ili yürüdük, könül bəslədik

Gör nə təhər çatlar, sınar, tökülər.

Görürsən, yadımdadır. Bu şeir o zaman Şərifin də xoşuna gəlmişdi.

– Hə, belə götürəndə gör neçə il keçib. Yaddaşınız da yaxşıdır, maşallah.

– Hə… Mənim çox az şeirlərim yadımdadır, amma bu, yadımda qalıb.

Qoca Avropa nəsrə, cavan Şərq şeirə meyllidir

– Bəy, şair, yoxsa yazıçı?

– Cavanlıqda şair, bir az yaşlaşandan sonra yazıçı. Avropa insanının orta yaş həddinə baxanda görürük ki, onlar şərqlilərdən 20-25 yaş qocadır. Ona görə, Avropa təbii olaraq nəsr yazır, Şərq cavandır deyə şeirə meyllidir. Cavanlıq nədir – romantika, hər şeyi bir anda əldə etmək istəyi, göydən ulduz qoparmaq həvəsi…

– Ona görə də deyirsən, poeziya var Şərqdə?

– Şərq şeirə meyllidir. Şeirin ənənəsi Şərqdə həmişə güclü olub, cavan, enerjili olduğu üçün. Qərb bir az daha təmkinlidir, bir az daha astagəldir, yaşlıdır. Ona görə nəsr yazır. Necə deyərlər: “30 yaşa kimi romantik olmayanın ürəyi yoxdur, 30 yaşdan sonra olanın isə ağlı.” Yəni müəyyən yaşa kimi romantik olursan, hisslər çağlayır, coşub-daşır, dəli-divanə olursan, sevdiyinə şeir həsr edirsən.

– O sevgi müəyyən yaşdan sonra gedirmi?

– Təbii ki, müəyyən yaşdan sonra gedir. Getmirsə, məncə yaxşı əlamət deyil. Məsələn, qoca, yaşlı kişilərin müəyyən yaşdan sonra şeir yazması mənə yaxşı gəlmir. Hər halda, başı gora titrəyən yaşlı-başlı adamların oturub, sevgi şeirləri yazmasında nəsə bir qəribəlik var.

Azərbaycan ədəbiyyatının durumu necədir, bəy? Ağlamalı gündədir, yoxsa ümid var?

– Yaxşı gündə deyil, qağa, Azərbaycan ədəbiyyatının durumu. Bunun obyektiv, subyektiv səbəbləri ola bilər. Amma mən dəqiq bilirəm ki, işlər düzgün qurulsa, çox da böyük pul-para xərcləmədən bizdəki potensialı dünya səviyyəsinə çıxarmaq olar.

– Mümkündürmü yəni?

– Mümkündür, həm də çox böyük uğurla!

– Biz dünya səviyyəsindəyikmi?

– Təbii ki. Mən dünya ədəbiyyatına az-çox bələd olan adamam. Moskvada Dünya Ədəbiyyatı İnstitutunda oxumuşam.

Bizim nəsrdən dünyanın xəbəri yoxdur

– Təhsilinizi Moskvada, rus dilində alıbsınız?

– Bəli, Moskvada, rus dilində. Özü də mənim arxamda durub pul verən, mənə dəstək olan, mənə görə kiməsə ağız açan day-dayım filan olmayıb. Bunu mənimlə oxuyan kimdən soruşsanız, deyər. Mən Rusiya mətbuatında jurnalist işləmişəm. Ədəbiyyata da bələdəm. Azərbaycanda şeir potensialı çox güclüdür, amma bizdə nəsr potensialı da güclüdür. Bizim nəsrdən heç kəsin xəbəri yoxdur. Dünyada açığı, bizə önyarğılı münasibət var. Ki, bir müsəlman ölkəsi olan Azərbaycan nə yaza bilər? Amma onu da dəf eləməyin yolları var və başlıca problem məhz bununla bağlıdır. İndi Tərcümə Mərkəzinin sayəsində xaricdə, açığı, bu buzlar əriməyə başlayır. Müxtəlif ölkələrdə “Azərbaycan Ədəbiyyatı Antologiyaları” və digər ədəbi nümunələri çap olunur. O antologiyalarda çap olunan adamların da adları dəyişir. Tərcümə Mərkəzi bu prosesi dəstəkləyir, o kitabları dünyanın ən prestijli mədəniyyət mərkəzlərinə, universitet kitabxanalarına yerləşdirir, marağında olan kontingentə çatdırır.

– Tərcümə Mərkəzinin elə ciddi bir işi var yəni?

– Əlbəttə. Artıq neçə ölkədə belə antologiyalar çap olunub. Bu yaxınlarda Fransada da fransız dilində “Azərbaycan Ədəbiyyatı Antologiyası” çap olundu. Bu barədə məlumatları Mərkəzin saytından oxumaq olar.

– Afaq Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzindən gedir söhbət, eləmi?

– Elədir. Adama ilk baxışdan elə gələ bilər ki, məsələn, Rusiya, Fransa, İspaniya kimi zəngin ədəbi ənənələri olan ölkələrin nəyinə lazımdır ki, ədəbiyyatlarını xarici ölkələrdə təbliğ və çap eləsinlər, oxutdursunlar. Amma baxırsan ki, yox, elə deyil. Məsələn, Rusiyada “Proxorov fondu”, “Yeltsin fondu” var. Dövlətin birbaşa və ya dolayısı ilə dəstəklədiyi fondlar, təşkilatlar var ki, rus ədəbiyyatının xaricdə tərcümə olunmasına və yayılmasına dəstək verir. İspaniyada “Servantes fondu” var, ispan dövləti də onu və digər təşkilatları dəstəkləyir. Digər dövlətlər də eləcə.

– Bunlar hamısı dövlətin dəstəklədiyi fondlardır, eləmi?

– Birbaşa dövlət dəstəkləyir. Və ya dövlət belə fondları dəstəkləyən təşkilatları dəstəkləyir. Yəni belə təşkilatlar birbaşa və ya dolayısı ilə dövlətin dəstəyini görürlər. Siz bunu yaxşı bilərsiniz, dünyada “yumşaq güc” deyilən bir anlayış var. Ədəbiyyat həmin o “yumşaq güc”ün tərkib hissəsidir. Haradasa ölkənin imicini formalaşdırmaq deməkdir bu. İdmançı qələbə çaldı, bayrağı yelləndirdi, təkcə bununla iş bitmir. Ədəbiyyat məsələsi var, rəssamlıq var – mədəniyyət var. İncəsənətin bütün sferalarında işləməlidir dövlət.

– Kaş ki, bizdə o körpülərin bircəsinə ayrılan pul ədəbiyyata ayrılaydı…

– Mən demirəm ki, ölkədə ədəbiyyat dəstəklənmir, amma prosesin effektivliyi, tərcümə ədəbiyyatının lazımi ünvanlara çatdırılmasının yolları və üsulları haqqında daha ətraflı düşünməyə ehtiyac var. Tərcümə Mərkəzinin təcrübəsi göstərir ki, bu sfera daim diqqətdə saxlanmalıdır. Ona görə ki, zamanla ayaqlaşa bilmək üçün, əmək qoyduğunuz, işləyib-hazırladığınız mexanizmlər statik xarakter daşımamalı, korrektələrə açıq olmalıdır.

– Yəni Azərbaycanda bu tip fondların olması ədəbiyyatı irəli apara bilər deyirsiniz?

– Təbii ki!

Yazıçılar Birliyindəki bu ölgün, susqun vəziyyət barədə…

– Bunu Yazıçılar Birliyi etmirmi?

– Yazıçılar Birliyinin də öz funksiyaları var, bunların xaricdə Azərbaycan ədəbiyyatının təbliği-təşviqi məsələlərindən başqa da yüz problemləri var. Ona görə də onların işlərinə qarışa bilmərəm.

– Üzvü deyilsiniz Yazıçılar Birliyinin?

– Üzvüyəm. Özü də, səkkiz yüz neçənci üzvüyəm…

– Yazıçılar Birliyi qocalarınmı nəzarətindədir? Bəs bu cavanlar? İdarə Heyətində kimlər var? Bir hərəkətlilik edə bilmirsinizmi?

– Mən vaxtilə bu barədə çox yazmışam. Yazıçılar Birliyindəki bu ölgün, susqun vəziyyət barədə.

– Aysberqi yerindən tərpədə bilmədiniz, eləmi?

– Mənə elə gəlir ki, bunlar yalnız təbii proseslər nəticəsində dəyişəcəklər. Başqa cür mümkün deyil.

– Normal dəyişiklik mümkün deyil, gərək yuxarıdan olsun inqilab?

– Yəqin ki…

– Həmid Herisçi bir zamanlar yadınızdadırsa demişdi ki, Yazıçılar Birliyinə bayraq sancacağıq… Deyəsən heç o sancaq asılası olmadı?

– (Ürəkdən gülür…) Yox. Mən başına bir dəstə adam götürüb gəlib Yazıçılar Birliyinə bayraq sancmağın tərəfdarı deyiləm. Çünki sən gətirdiyin adamların oradakı ab-havanı dəyişdirəcəyini söyləmək olmaz. Mən inqilabi yolla hər hansı dəyişikliyin tərəfdarı deyiləm. Yazıçılar Birliyi əlbəttə ki, daha mütəhərrik, daha kreativ ola bilərdi. Və çox şeylər edə bilərdi yazıçılar üçün. Ədəbiyyatda, ümumiyyətlə sənətdə qradasiya var. Elitar sənət var, kütləvi sənət var. Bizdə, əsasən də, Yazıçılar Birliyinin günahı ucbatından aləm qarışıb bir-birinə, bilinmir yaxşı nədir, yaman nə. Gürcüstanda belə macəraya rast gəlməzsən. Rusiyada və heç yerdə belə bir şey yoxdur.

– Yəni oralarda yaxşıdırmı vəziyyət?

– Bu gün yazılan nə varsa – hətta epistolyar janrda – hamısı ədəbi prosesdir. Bu mənada proses bulanıq çaya bənzəyir. Bəzən elə olur ki, indi yaranan ədəbiyyat heç kimin diqqətini çəkmir, amma 20-30 il keçəndən sonra baxırlar ki, bu, dahiyanə bir əsər imiş. Belə hallar da olur. Söhbət ondan getmir ki, bu gün yazılan nə varsa, yüzdə yüz adekvat qiymətini almalıdır, söhbət istəklərdən, cəhdlərdən gedir.

Tənqidçi oturub yazıçıya ağıl verir

– Yəni öz dövründə qiymətini almayanlar da çoxdur…

– Öz dövründə qiymətləndirilmə mexanizmi də olmalıdır. Necə ki, bu, xaricdə var. Bizdə o zaman Rusiyadan gəlmiş tənqidçilik ənənəsi hələ də yaşayır ­- tənqidçi oturub yazıçıya ağıl verir. “Sən belə yazsan yaxşı olar”, “sən belə yazmalı idin” – bu, heç bir əndazəyə sığmır. Avropada, Latın Amerikasında – ədəbi ənənələri olan ölkələrdə bizim bildiyimiz təndidçi zümrələri yoxdur. Orada ayrı-ayrı insanlar var ki, onların zövqünə, şəxsiyyətlərinin bütövlüyünə cəmiyyətdə inam var. Onun bir sözyülə yüz minlərlə kitab satıla bilir.

– Etibarlı insanlar…

– Bəli. O insanlar heç kəsin qarşısında öz etibarlarını heç bir zaman zədələməyiblər. Şəxsiyyətlərini qoruyublar, sözlərinin qiymətini biliblər, üstəlik yüksək ədəbi zövqü olan insanlar kimi ad çıxarıblar.

– Oturuşmuş cəmiyyətlərdir, ona görə…

– Bizdə isə hər hansı özünü tənqidçi adlandıran adamlardan biri…

– Varmı, Etimad bəy, bizdə tənqidçi varmı?

– …Sənin haqqında yazırsa, qağa, əkisnə, sənin başına daş salmış kimi olur. Sənə 3-5 adam inanırdısa, bu tənqidçi yazandan sonra səni heç onlar da oxumayacaq.

– Ədəbi tənqidçinin özümü elə hörmətsizdir bizdə?

– Tamamilə… Yəni sözünün başı-ayağı yoxdur. Bu gün bir havanı çalır, sabah başqa havanı. Ona görə mən deyirəm ki, Azərbaycanda tənqidçi bir başqası yumurtlayanda onun əvəzinə qaqqıldayan adamdır. Başqa bir şey deyil. Oturur ağzına gələni yazır.

– Normal tənqidçilərimiz yoxdurmu?

– Yoxdur deyə bilmərəm, var, amma mən ümumiyyətlə tənqidçi anlayışına qarşıyam. Tənqidçi nə deməkdir. Sən oturub tənqid edirsən. Mən iş görürəm, sən oturub məni tənqid edirsən. Otur, özün də bir iş gör.

– Ədəbi tənqid olmamalıdırmı?

– Rəy yaza, fikrini bildirə bilərsən. 5 cümlə, yarım səhifə. Ki, mən filan əsəri oxudum.

– Diqtə etmədən, yol göstərmədən?

– Bəli. Oxudum, məndə bu təəssürat yarandı. Sən mənə nə yol göstərə bilərsən? Heç kim heç kimə yol göstərməməlidir, öyüd-nəsihət verməməlidir. O qalıb sosrealizm tənqidçilərində.

– Mənə elə gəlir ki, siz hansısa ədəbi tənqidçidən danışırsınız. Kimdən danışırsınız?

– Bizdə o qədər çox tənqidçi yoxdur, barmaqla sayılacaq qədərdir. Yəni özünü tənqidçi adlandıran adamlar da çox deyil.

– Sizin haqqınızda yazı yazanda sizi daha da hörmətdən salan kimdir?

– İndi ad çəkməyin yeri deyil. Az-çox qələminə hörmət edən adamlardan soruşa bilərsiniz: onlar istəməz ki, adı bəlli tənqidçilər onlardan yazsın. Məsələn, mən Şərifin haqqında 3-5 cümlə yazmışam, mənə elə gəlir ki, Şərif onu daha çox qiymətləndirir, nəinki hansısa tənqidçi onun kitabı haqqında iri bir sicilləmə yazsın. Azərbaycanda ədəbiyyatşünas var Rüstəm Kamal, bu adam qələminə hörmət elədiyim böyük bir fikir adamıdır. Rüstəm Kamalın yazdığına zaval yoxdur, mən ona inanıram.

Əsəd Cahangiri güclü tənqidçi hesab edənlər var…

– Bəs Əsəd Cahangir necə tənqidçidir? O, ədəbi tənqidçidirmi ümumiyyətlə? Mən biləni o ən güclü tənqidçilərimizdən biridir…

– Əsədi güclü tənqidçi hesab edənlər də var, mən o kateqoriyadan deyiləm.

– Elitar ədəbiyyat varmı bizdə?

– Əlbəttə, var.

– Məsələn? Bir-iki nümayəndəsini desəniz, mənə çox maraqlı olar.

– Səfər Alışarlı. Biz onu öz aramızda “Maestro” adlandırırıq, “Maestro» romanına görə. Məndə adamların yox, daha çox kitabların adı yadımda qalır. Bu, məndə bir özəllikdir. Bəzən qısa qapanma olur. Yaxın tanıdığım adamlardan bəzilərini bir müddət görməyəndə belə, adı yadımdan çıxır.

– Maraqlıdır. Bəzən məndə də olur…

– Ona görə də bəzən adamlara “sənətkar”, “sənətkar” deyə müraciət edirəm. Hamı da elə bilir ki, qəsdən deyirəm. Sadəcə, adı yadıma düşənə kimi adama “sənətkar” deyirəm.

– Yəni deyirsiniz ki, Azərbaycanda elitar ədəbiyyat az da olsa var?

– İstər şeirdə, istər nəsrdə Azərbaycanda elitar ədəbiyyat kifayət qədər var. Və həmişə olub. Bu, heç bir zaman yox olmayıb. Yaxşı ədəbiyyat yaradan insanın özünü gözə soxması, kimlərəsə haqqında tərifli sözlər yazdırması, başqa hərəkətlər etməsi dərdi yoxdur.

– Olmamalıdır da…

– Varsa da mənim o adamın yazdığına da, ədəbiyyatına da şübhəm var həmişə. Bir ay, iki ay belə adamı müşahidə edəndən sonra diksinirsən. Kim ki özünü oda-közə vurur, gedir kiməsə özü haqqında haq-nahaq nəsə yazdırır, nələrəsə əl atır, o adamın “sidiyi duru deyil”, qağa.

Mən Çingiz Aytmatov ola bilmərəm…

– Şərif Ağayar müsahibədə özündən sonra sizin adınızı çəkib, növbəti müsahib kimi sizi göstərəndə Aydın Canıyev mənə maraqlı bir fikir dedi. Dedi ki, Etimad Başkeçid Moskvada oxuyub, rus dilini yüksək səviyyədə bilir, ona görə də rus dilində yazsa dünyaya daha tez çıxa bilər.

– Mən öz romanımı rus dilinə tərcümə etmişəm. Amma xoşuma gəlməyib. Rusca məqalə, publisistika yazmaq bir başqa, amma bədii ədəbiyyat yazmaq bir başqadır, qağa.

– Yəni çətindirmi deyirsiniz?

– O səviyyədə çətindir. Əlbəttə, çətindir. Mən yəqin Çingiz Aytmatov ola bilmərəm.

– Rus dilinin bədii dili dahamı çətindir?

– Əlbəttə. Publisistika dili ilə bədii dil bir-birindən çox fərqlənir. Publisistik dildə daha çox klişelərdən, ştamplardan istifadə edirsən – qəzet məqaləsi yazmaq daha asandır. Amma bədii ədəbiyyat, əlbəttə, çətindir. Həm də, çoxdandır mühitdə deyiləm deyə, rus dilinin incəliklərini yavaş-yavaş unutmağa başlamışam. Ona görə, «Min yol mənə söylər» romanını Püstə Axundova rus dilinə tərcümə elədi. Püstə xanım fenomendir, bu gün Azərbaycanda bədii ədəbiyyatın rus dilinə ən yaxşı tərcüməçisi odur. Roman və hekayələrimin tərcümə mətnini oxuduqdan sonra buna bir daha əmin oldum.

Bütün zamanlarda istedadsızlar çoxdur, amma…

Azərbaycan ədəbiyyatında hansılar daha çoxdur – istedadlılarmı, yoxsa istedadsızlarmı?

– Bütün zamanlarda istedadsızlar çoxdur. Mən istedadlıların adlarını çəkə bilərəm, amma istedadsızlarla işim yoxdur. Onlar da özlərini nəsə bilirlər. Amma onlar da olmasa istedadlıların kim olduqlarını müəyyənləşdirmək çətin olar. Çünki onların fonunda istedadlı istedadlıdır.

– O zaman bir neçə istedadlı yazarın adını bizə deyin.

– (Xeyli düşünür…) Deyim da… İndikilərdənmi, keçmişdənmi?

– Ümumiyyətlə. İndikilər daha maraqlıdır, çünki keçmişi biz zatən bilirik qismən. Əslində, bu ideyanın yaranma səbəbləri var. Bir neçə dostlar soruşdular ki, yeni ədəbiyyatımızdan oxumaq istəyirik, bizə yeni əsərlər adı de. Bu layihə belə yarandı. O mənada məsələn, siz kimlərin əsərlərini oxumağı tövsiyə edərdiniz?

– Nisbətən yaşlı nəsli artıq hamı tanıyır. Onlar burada da, xaricdə də çap olunublar, onların burada adlarını çəkməyə ehtiyac yoxdur. Aqşin Yenisey, Şərif Ağayar, Xanəmir, tutaq ki, Cavid Zeynallı, Mirmehdi Ağaoğlu, onların arxasınca Aqşin Evrən, Kəramət Böyükçöl, Şəhriyar Del Gerani, Ayxan Ayvaz… adları indi yadıma düşməyə bilər, amma həqiqətən istedadlı yazarlarımız çoxdur. Onların potensiallarının üzə çıxmasına daha çox imkanlar yaradılsaydı, Azərbaycan ədəbiyyatı heç kimdən geridə qalmazdı.

Fransada 4.000 ədəbiyyat mükafatı var

– Deyirsiniz ki, bu gənclərə dövlət bayaq dediyiniz formada dəstək olmalıdır?

– Dövlətmi, sponsorlarmı – ola bilər. Xarici ölkələrdə olduğu kimi. Fransada 4.000 ədəbiyyat mükafatı var. 4.000! Üç adam yığılıb bir ədəbiyyat mükafatı təsis edib. Ya da hansısa bir təşkilat götürüb özünün ədəbiyyat mükafatını təsis edib. Bizdə niyə yoxdur?

– Niyə yoxdur? Tərcümə Mərkəzi niyə eləmir, digərləri niyə eləmir?

– Tərcümə Mərkəzi edir. Hətta mükafat da verir. Ən yaxşı tərcüməyə. Amma Tərcümə Mərkəzi bütün hər şeyi təkbaşına edə bilməz ki.

– Məsəl üçün dedim… Azad Yazarlar Ocağı vardı. Deyəsən, o da yoxdur artıq.

– Bilmirəm, heç son vaxtlar onların da fəaliyyəti gözə dəymir. Mən heç bir zaman orada olmamışam.

– Özünüzdən sonra kimdən müsahibə götürməyimizi istəyərdiniz?

– Səfər Alışarlıdan.

– Ona hansı sualınız var?

– Maestro, dogrudurmu ki, musiqi zövqün olmadan, yaxşı əsər yazammazsan?(strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar