Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın Tutusu: “8 Martda hədiyyə aldığım güldan bu günə qədər gülsüz qalıb... “ 

“Bizim kimi veteran əlil qadınlara yuxarıdan aşağı baxmayın, unutmayın”

“Yeni Müsavat”ın növbəti müsahibi “Qarabağın Tutusu” kimi tanınan, Qarabağ qazisi Rüxsarə Cumayevadır. Onunla ilaxır çərşənbələrin ikincisi, Od çərşənbəsində görüşüb, söhbətləşdik. Maraqlı müsahibəni təqdim edirik:

-Rüxsarə xanım, artıq üç ildir ki, görüşmürük. Bu müddət ərzində nələr dəyişib, nələr sabit qalıb?

- Od çərşənbəsində bizi yad etdiyiniz üçün minnətdaram. Sözün düzü, əlil olmağına baxmayaraq, Qarabağ savaşına gedən bir ananın görüşünə çox adamın gələcəyini düşünürdüm. Sizin yadınıza düşdüyüm üçün təşəkkür edirəm.

Sizinlə görüşmədiyimiz müddətdə qazandığım ən böyük uğur qızımın universitetə daxil olmasıdır. Övladım gördüyünüz bu kiçik evdə böyüdü, başa-çatdı, məktəb bitirdi, tələbə adını qazandı. Bundan gözəl hədiyyə, mükafat mənim üçün ola bilməzdi. Qızım hər zaman mənimlə oldu, əməliyyatlarım zamanı səhər qədər pəncərə qarşısında gözlədi. Onun uğuru mənim üçün dünyada əvəzedilməzdir.

- Sağlamlığınız nə yerdədir?

- Bir əməliyyatım qaldı. Belə ki, onurğamla bağlı məsələ həll olunmalı idi, lakin məni əməliyyat edən həkimim dünyasını dəyişdiyi üçün əməliyyatım təxirə salındı. Bundan əvvəl isə, bildiyiniz kimi, 7 əməliyyat keçirmişəm. Bu qadın üçün bu çox əzablıdır. Hətta sonuncu əməliyyata girəndə çox böyük həyəcan, qorxu hissi yaşamışdım.

- Bundan əvvəl sosial problemlərinizin həll olunmaması ilə də bağlı şikayətləriniz var idi. Bəs o problemlər öz həllini tapa bildimi?

- Yox, problemlər bu illər ərzində olduğu kimi qalır. Hətta Sosial Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsəm də, məni qəbul etmədilər. Düşünürəm ki, bundan sonra prezidentə müraciət edim və inanıram ki, yalnız ölkə rəhbəri mənə həqiqətən maddi və mənəvi dəstək olar.

- 8 Mart Beynəlxalq Qadınlar Gününü necə qeyd edəcəksiz?

- Ümumiyyətlə, mənim hər il bahar bayramım Şəhidlər Xiyabınından başlayır. Qarabağ savaşında iştirak etmiş xanımlarla birgə xiyabana gedib, şəhid qadın-və qızlarımızı ziyarət edir, 8 Mart Beynəlxalq Qadınlar Gününü bu cür başlayırıq. Daha sonra isə yaxınlarımızı, analarımızı, qızlarımızı təbrik edirik.

Dünyada ən şirin şey can sağlığı, candır. Şəhid xanımlarımız öz şirin canlarından keçərək o zirvəyə yüksəliblər. Çox təəssüf ki, bu gün onların adları heç bir yerdə çəkilmir. Məsələn, şəhid Aidanın, Məlahətin, Aytənin, Qaratelin, Sədaqətin, Rənanın və digərlərinin adı çəkilmir. Çox arzulayardım ki, hər bir qadın və qızlarımız 8 Martı Şəhidlər Xiyabanına gedib, şəhid xanımlarımızı ziyarət etməklə başlasın.

- Qarabağ savaşlarında iştirak etmiş qadınların hazırda ən öndə olan problemləri nədir?

- Hər birinin özünə məxsus ağır problemləri var. Məsələn, hazırda ən ağır vəziyyətdə olan bizim Naziləmizdir. Onun durumu çox ağırdır. Əgər mən ağır vəziyyətdə yaşayıb, Nazilənin daha ağır vəziyyətdə yaşadığını deyirəmsə, onun durumunun necə ciddi olduğunu təsəvvür etmək çətin deyil. Fərqi yoxdur, savaşda əlimizdə silah, ya da tibbi ləvazimat tutmuşuq, biz o savaşda vətənimiz üçün canla-başla iştirak etmişik. Lakin bu gün dövlət tərəfindən bizlərə hələ ki, ciddi dəstək yoxdur. Doğrudur, mən bir dəfə əməliyyat üçün dövlət xətti ilə Türkiyəyə göndərilmişəm. Lakin bu məsələyə sona qədər diqqət edilmədi və bir əməliyyatla ayağa qalxmaq əvəzinə yeddi dəfə əməliyyat keçirdim, nəticədə sağlam ayağım da sıradan çxıdı.
Bəlkə də prezident biz veteran xanımları da dinləsə, bütün problemlərimiz həll olunar. Buna əminliklə inanıram.

- Bu günə qədər bir çox problemlərin, çətinliklərin öhdəsindən mərdi-mərdanə gələ bilmisiniz, bu baxımdan bir mübarizlik nümunəsinə çevrilmisiz. Ümumiyyətlə, Azərbaycan qadını necə olmalıdır?

- Azərbaycan qadını bir anadır, nənədir, qızdır, gəlindir, bacımızdır. Əgər evdə ata-qardaşımıza, həyat yoldaşımıza dəstək oluruqsa, cəmiyyətdə də bizə dəstək olmalıdırlar. Xüsusən də bizim kimi savaşda iştirak edib, əlil olmuş qadınlara yuxarıdan aşağı münasibət olmamalıdır. Əlil qadınlara sanki cəmiyyətə yararsız biri kimi yanaşırlar. Yəni, həqiqətənmi biz əlil qadınlar cəmiyyətə yararsızıq? Halbuki mən əlil ola-ola meydan hərəkatında iştirak etmişəm. Üçrəngli bayrağımızın meydan hərəkatına gətirilməsində, 20 Yanvar faciəsi zamanı yaralıların xəstəxanaya çatdırılmasında mənim də əməyim olub. Həmin vaxtlarda bizim ən pis bəlamız ondan ibarət idi ki, qadınları savaş meydanına yaxın qoymurdular, deyirdilər ki, “qadınsan, get evində otur”. Buna baxmayaraq, tibbi köməklik üçün olsa belə biz o savaşlara qatılırdıq. Qadın zərif ola bilər, amma həqiqətən böyük qüvvədir. Azərbaycan qadını zərif çiyinlərinə istənilən problemi, yükü ala, qaldıra bilir. Deyərdim ki, dünyanın heç bir ölkəsində qadınlar bizim qadınların çiyinlərinə aldığı yükü daşıya bilməzlər. Bizim fədakar qadınlar evdə ərə, oğula baxır, bununla yanaşı cəmiyyəti idarə edə bilir, xalq üçün əlindən gələnini etməyə çalışır. İnanmıram ki, hansısa ölkədə bizim qadınlar kimi qadınlar olsun.

- Bir az öncə qeyd etdiniz ki, 90-cı illərdə qadının cəmiyyətdə iştirakı o qədər də qəbul edilən deyildi. Sizcə, bəs indi bu baxış dəyişə bilibmi?

- Çox dəyişib. Amma indi bir problem cəmiyyətin bəlasına çevrilib. Belə ki, əgər qadın boşanıbsa, cəmiyyətdə ona baxış birmənalı olmur. Əlbəttə ki, qadın boşana, ayrıla bilər. Məgər qadını boşayan kişinin anası yoxdur? Məlum olduğu kimi, statistikaya əsasən son illərdə boşananların sayı artıb. Bununla da cəmiyyətdə boşanmış qadın sindiromu yaşanmaqdadır.
Ən böyük bəlamız isə odur ki, bu gün efirlərimizdə əxlaqi tərbiyəsi, nümunəvi ailəsi olmayan şəxslərin cəmiyyətə ailə tərbiyəsi keçməsidir. Bununla da necə cəmiyyət yetişdiririk? Düşünürəm ki, bu günə qədər çəkdiyim, qaldırdığım ağır yükləri mənim qızım və yaxud digər qızlarımız götürə bilməz. Niyə? Çünki cəmiyyətimiz bu cür formalaşır. Gənc qızlaırmızın əksəriyyəti bu gün bir stəkan çayı süfrəyə gətirmək istəmir, yalnız başı sosial şəbəkələrdə, internet resuslarında vaxt keçirir.

Bizim dünyaya tanıdılası çox möhtəşəm xanımlarımız olub. Salatın kimi jurnalistimiz, Gültəkin kimi həkimimiz, bu kimi çoxlu sayda savadlı, ziyalı xanımlarımız var. Onları efirlərdə təbliğ etmək əvəzinə, bu gün bəzi əxlaqı, tərbiyəsi yerində olmayan şou-biznes əhlinin nümayəndələrini təbliğ edirlər. Gənc nəsil də onlardan nümunə götürür. Beləliklə də heç cür irəliyə gedə bilmərik.

- Gənc qızlaırmıza məsləhətiniz nədir?

- İlk növbədə savad almaq lazımdır. Keçmişdə qadınlarımız çalışırdı ki, qızları təhsil alsın, oxusun. Lakin indi analar qızlarını tez ərə verməyə çalışır, bu yolverilməzdir. Gənc qızlarımızı cəmiyyət üçün yetişdirməliyik.

Bir məsələni də qeyd edim ki, 2016-cı il, aprel döyüşlərində bütün gənclərimiz ayağa qalxıb, torpaqlarımız uğrunda döyüşməyə hazır olduğunu bildirirdilər. Bu çox sevindirici idi. Bəzən gənclərimizi nələrə görəsə qınasaq da, onlar həqiqətən vətənpərvərdir, onlarda bu hiss yaşayır.

- Bu günə qədər 8 Martda aldığınız ən gözəl hədiyyə nə olub?

- (Bir qədər fikrə gedir) Bu günə qədər bu bayramda aldığımı ən gözəl hədiyyə var, bu yoldaşımın mənə hədiyyə etdiyi güldandır. Lakin o güldan həmişə gülsüz qalıb.

- İnşallah ki, bu 8 Martda o güldan gülsüz qalmayacaq.

- Yox, mən sadəcə gülləri sevmirəm.

- Niyə?

- Mənim üçün güllər 20 Yanvardan sonra çox ağır olub.

- Sonda Rüxsarə xanımın ən böyük arzusunu eşitmək istərdik.

  • Ən böyük arzum torpaqlarımız, Qarabağımız azad olunması ilə bağlıdır. Digər arzum isə ondan ibarətdir ki... qızıma baxıb utanıram. Onun problemləri yarandıqca, dar otaqda ağrılarını hiss etdikcə utanıram. Kaş ki, bizə də bir gün şad xəbər verələr ki, sizə də bir otaqlı ev verilib.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar