Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Problemli krediti olanların 90 faizdən çoxu prezident fərmanından yararlanacaq” – Ekspert şərhləri

Maliyyə Nazirliyi prezident İlham Əliyevin fiziki şəxslərin kredit borclarının həllinə dövlət dəstəyi barədə fərmanının icrası çərçivəsində problemli kreditlərlə bağlı öz internet saytında xüsusi bölmə yaradıb

Burada borclu vətəndaşlara ödəniləcək kompensasiyanı hesablayan kalkulyator, vətəndaşları ən çox maraqlandıran sualların cavabları yerləşdirilib. Eyni zamanda əlavə sualların verilməsi və cavablandırılması üçün şərait yaradılıb.

Qeyd edək ki, fərmanda xarici valyutada olan kreditlərin məzənnə fərqinə görə artan hissəsi, həmçinin hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq olunacaq mezanizmin hazırlanması barədə tapşırıq yer alıb. Fərmanla bu işi martın 15-dək Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə həyata keçirməli, müvafiq mexanizmi təsdiq etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasından “Yeni Müsavat”a verilən məlumata görə, hazırda qurum tərəfindən qeyd olunan mexanizmin hazırlanması üzərində aktiv iş aparılır. Fərmanın şamil olunacağı fiziki şəxslərin sayının və ümumi məbləğin müəyyənləşdirilməsi üçün banklara sorğu göndərilib. Martın 15-dək davam edəcək proses zamanı fərmanın əhatə dairəsi dəqiqləşdiriləcək və məlumatlar ölkə rəhbərliyinə təqdim olunacaq:

“Cəmiyyətdən səsləndirilən bütün təklifləri öyrənirik. Onların bir qismi yəqin ki, nəzərə alınacaq”.

Onu da qeyd edək ki, İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı problemli kreditlərin həllinə dair fərmanla bağlı canlı yayında sualları cavablandırıb. Onun verdiyi məlumatdan aydın olub ki, hazırda problemli kreditlərlə bağlı Azərbaycan məhkəmələrində baxış mərhələsində olan 311 min iddia var. İcraya yönəldilmiş qərarlar bura aid deyil.

V.Qasımlının dediyinə görə, 10 min dollara qədər olan kreditlər xarici valyutada olan ümumi kredit portfelinin 92 faizini, 17 min manata qədər olan kreditlər isə manatla ümumi kredit portfelinin 99 faizini əhatə edir. Bunların 5 min manata qədər olanlar 82 faiz təşkil edir. Kreditlərin böyük hissəsi istehlak kreditləridir. Ölkədə fəaliyyət göstərən 8 bank istehlak kreditlərinin 80-90 faizini verib. Mərkəz rəhbəri bildirir ki, fərman əhalinin ehtiyacı olan təbəqəsini tam əhatə edir: “O təbəqənin ki, buna həqiqətən ehtiyacı var”.

Problemli kreditlərlə bağlı müxtəlif dövlətlərin atdığı addımlardan danışan V.Qasımlı Qazaxıstanı misal gətirib:

Qazaxıstanda devalvasiya 2014-cü ildə baş verdi. Əhali üçün problemli kreditlər yarandı. Onlar kollektorların fəaliyyətinə dair qanun qəbul etdilər. Kollektorlar əhalidən aldıqları kreditlərin 50 faizini özlərinə götürürdülər. Problemli Kreditlər Fondu yaradıldı, fondun səhmlərini Mərkəzi Bank aldı, daha sonra həmin səhmlərin də dəyərsizləşməsi baş verdi. Nəticədə hələ də Qazaxıstanda bu məsələ həll olunmamış qalır. Yaxud Rusiyada 2016-cı ildə problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanıb, onun bu il qəbul olunması gözlənilir. Yəni məsələ hələ də həllini tapmayıb. Orada problemli kreditlər kredit portfelinin əhəmiyyətli bir hissəsini təşkil edir. Qırğızıstanda yalnız ipoteka kreditləri ilə bağlı məsələdə dar çərçivədə dövlət dəstəyinə cəhd göstərilib. Azərbaycanda isə problemli borcu olan əhalinin 90 faizdən yuxarısı dəstəklə əhatə olunur. Əksər ölkələrdə belə hallarda yük dövlət, banklar və vətəndaşlar olmaqla üç tərəf arasında bölünür. Azərbaycanda isə dövlət bütün yükü öz üzərinə götürür”.

Prezident fərmanı Azərbaycanda problemli kreditlər məsələsini tam həll edirmi? İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, prezident fərmanının problemli kreditlərin 90-93 faizini əhatə etdiyi ölkə rəsmiləri tərəfindən qeyd olunub:

“Burada bütün tərəflərin mənafeyi nəzərə alınıb. Bankların borcların restrukturizasiyası zamanı itkilərə məruz qalmamaları üçün də fərmanda ciddi addımlar nəzərdə tutulur. Yəni zərərçəkən tərəflərin hər ikisinə dövlət dəstək verir”.

Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, dövlət həmçinin biznes kreditləri ilə bağlı müəyyən addımlar atmağı nəzərdə tutur. P.Heydərov deyir ki, prezident fərmanı verilənədək problemli kreditlər məsələsinin, həmçinin devalvasiyadan əhaliyə dəyən zərərin necə kompensasiya olunacağı mexanizmi heç kimə məlum deyildi:

“Bu baxımdan, biznes kreditləri ilə bağlı hansı mexanizmin tətbiq olunacağını söyləmək mümkün deyil. Fiziki şəxslərin problemli kreditləri bank sisteminin əsas problemlərindən biri idi. Bankların sağlamlaşdırılması məqsədilə digər problemlərin də həll olunması üçün addımlar atılmalıdır. Belə problemlərdən biri də biznes kreditləri üzrə yaranan vaxtı keçmiş borclardır. Bu sahədə hansısa addım atmaq üçün məsələ ciddi şəkildə təhlil olunmalıdır. Çünki bir çox şəxslər bank rəhbərləri ilə yaxın münasibətlərindən, əlaqələrindən istifadə edərək böyük həcmdə biznes kreditləri götürüblər. Bu kreditlərin xeyli hissəsinin normal girov təminatı belə təmin olunmayıb. Elə kreditlər var ki, təqdim olunan biznes-planları utopiyadır, qeyri-real və həyata keçirilməsi mümkün olmayan ideyalardan ibarətdir. Belə kreditləri götürmək hər kəsə müyəssər olan iş deyil. Bu baxımdan, mən 50 min dollardan yuxarı kreditlərlə bağlı hər hansı addımın atılmasının tərəfdarı deyiləm”.

Ekspertin fikrincə, dövlət hansısa addım atmazdan əvvəl biznes kreditlərinin iqtisadi əsaslandırma və biznes-planları araşdırılmalıdır:

“Ümumiyyətlə, xidmət və ticarət sahəsi üzrə verilən kreditlər deyil, yalnız istehsal və emal sahəsi üzrə götürülən kreditlərə güzəşt mexanizmi tətbiq olunmalıdır. Hansısa sahibkar kredit götürüb istehsal müəssisəsi qurmağa başlayıb və işi yarımçıq qalıbsa, ona dəstək verilməlidir. Belələrinin sayı elə də çox deyil”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar