Cümə axşamı, 18 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?

Bir müddət əvvəl “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan bürosunun rəhbəri Mətin Yaşaroğlu işdən çıxarıldı. Daha da dəqiqləşdirsək, işdən çıxmağa vadar edildi

Uzun müddətdir ki, “Sputnik Azərbaycan”da Qarabağ məsələsini daimi gündəmdə saxlamağa çalışan jurnalist bununla bağlı ermənilərin sərt reaksiyasına tuş gəlib. Belə ki, “Sputnik”in Ermənistan filialı olan “Sputnik Armeniya” öz yayım materiallarında Qarabağı “Artsax” adlandırıb. Mətin Yaşaroğlu bununla bağlı dəfələrlə “Sputnik”in Rusiyadakı mərkəzi ofisinə yazıb etirazını bildirsə də, bu, heç bir nəticə verməyib.

“Sputnik Azərbaycan”da yayımlanan Qarabağ mövzulu yazılara görə “Sputnik Armeniya”nın baş redaktoru Marqarita Simonyan da Rusiyadakı mərkəzi ofisə müraciət edib. Bu mürciətdən sonra Mətin Yaşaroğlunun qarşısına bir daha Qarabağ mövzusunda yazmamaqla bağlı şərt qoyulub. Şərti qəbul etməyən baş redaktor işdən istefa verib.

Azərbaycan ərazisində və Azərbaycan xalqı üçün fəaliyyət göstərən istənilən qurum ölkənin milli maraqlarına xidmət etməlidir. Azərbaycanın ən böyük milli marağı Qarabağ olduğu halda, bu ölkədə fəaliyyət göstərən informasiya agentliyi necə olur ki, belə rahatlıqla Qarabağ qadağasına məruz qalır? Və necə olur ki, Rusiyada yerləşən mərkəzi ofis Mətin Yaşaroğlunun şikayətlərini nəzərə almadığı halda, erməni baş redaktorun bir şikayəti ilə Azərbaycandakı media qurumuna dərhal qadağa tətbiq edə bilir?

Bu qadağa təkcə Mətin Yaşaroğluna və ya “Sputnik Azərbaycan”a qoyulan qadağa deyil. Bu qadağa yerli mediamız üzərində xarici təzyiqlərin və mətbuatımızda erməni idaraetməsinin birbaşa və dəqiq göstəricisidir. Bu qadağa eyni zamanda Rusiya dövlətinin birtərəfli siyasətinin, erməni mövqeyi sərgiləməsinin sübutudur.

Əgər ermənilər yerli mediamıza belə rahatlıqla öz mənafelərinə uyğun yön verə bilirsə, Rusiya bu məsələdə aşkaranə şəkildə birtərəfli olaraq ermənilərin yanında durursa və ən əsası öz milli mənsubiyyətini unutmayan, ölkəsinin və xalqının milli maraqlarını heç bir şeyə qurban verməyən, bunun üçün işindən, sosial rifahından belə imtina etməyi gözə alan Mətin Yaşaroğlu kimi peşəkar və dərin bilikli jurnalist sırf Qarabağ mövzusunda yazılarına görə bir erməni təhdidi ilə rahatlıqla işsiz qalırsa, deməli, bu, heç də üç-dörd məqalə ilə ört-basdır ediləsi məsələ deyil. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan dövlətləri arasında siyasi müstəvidə həll olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən bütün xarici media qurumları Azərbaycanın maraqlarına xidmət etməlidir və nə Rusiya, nə də başqa bir dövlət bu məsələdə istisna tutula bilməz.

Artıq sözügedən hadisə Milli Məclisdə müzakirə olunmağa başlanıb. Millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əflatun Amaşov və Qənirə Paşayeva baş vermiş hadisə ilə bağlı kəskin münasibətlərini bildirib, məsələnin təcili həlli üçün Ombudsmana müraciət ediblər. Fazil Mustafa çıxışı zamanı bildirib ki: “Bu gün Fuad Abbasov, Mətin Yaşaroğlu belə təzyiqlərə məruz qalırlar. Bu, bir daha sübut edir ki, ermənilər məqsədyönlü şəkildə aktiv azərbaycanlılara qarşı mübarizə aparır. Buna məhz təzyiq kimi qiymət vermək lazımdır. Ona görə də biz ermənilərin bu fəaliyyətini zərərsizləşdirmək istiqamətində işlər görməliyik. Bu məsələdə Ombudsmanın rolu daha böyük ola bilər. Elmira Süleymanova Rusiya Ombudsmanı ilə əlaqə saxlayıb bu msələlərin həllinə nail olmalıdır.”

Ümid edirik ki, qısa zamanda problem həllini tapacaq. Biz dövlət başçısının da bu məsələyə diqqət yönəldəcəyini düşünür, tez zamanda Azərbaycanda fəaliyyət göstərən media qurumunda Qarabağ qadağasının götürülməsini və Mətin Yaşaroğlunun da tezliklə işinə bərpa olunmasını gözləyirik.

pia.az

Etiket:

Şərh yazın.

loading...