Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-İsrail anlaşması: Putin İranı “qurban” verir?

Politoloq: “Əsədin varlığı Yaxın Şərqdə və eyni zamanda Rusiyanın Suriyada mövcudluğuna bir təminatdır”

“Türkiyə-İran-Rusiya formatının dağılması Suriyada müharibənin dayandırılmasının öz geosiyasi maraqlarına zidd olan qüvvələrin yenidən aktivləşməsinə və indiyə qədər əldə olunan nailiyyətlərin ciddi şəkildə zərbə almasına səbəb ola bilər”.

Bu sözləri politoloq Natiq Miri Suriya ətrafında Rusiya-İsrail anlaşmasını şərh edərkən PİA.az-a müsahibəsində bildirib.

Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin Kremldə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib. Görüş çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və Rusiya xarici qüvvələrin Suriyadan geri çəkilməsini araşdırmaq üçün birgə qrup formalaşdıracaq. Xarici qüvvələr deyərkən, İsrail təbii ki, İranın və Türkiyənin Suriyadakı hərbçilərini nəzərdə tutub.

Görüşdə həmçinin İranın Suriyada mövcudluğu məsələsinin də müzakirə edilməsi İsrailin məqsədini ortaya qoyub. Netanyahu qeyd edib ki, İsrail İran qüvvələrinin Suriyadan çıxmasını istəyir.

Dünən isə Nazirlər Kabinetinin iclasında Putinlə görüşü barədə kabinet üzvlərini məlumatlandıran Benyamin Netanyahu Rusiya ilə anlaşmasından danışıb. İsrailin baş naziri bildirib ki, Rusiya və İsrail Suriyadan xarici hərbi qüvvələri çıxarmaq üçün müştərək nəzarət komissiyası yaradacaq. “Mən birmənalı şəkildə ifadə etmişəm ki, İsrail İranın Suriyada mövqeyini möhkəmlətməsinə imkan verməyəcək və mən onu da birmənalı şəkildə bildirmiəm ki, biz ona qarşı hərbi əməliyyatları davam etdirəcəyik”, deyə öz çıxışında Netanyahu bildirib.

Bundan əvvəl İsrail rəsmiləri dəfələrlə İranın və “Hizbullah”ın Suriyadakı hərbi qüvvələrinin bu ölkədə daimi məskunlaşmasına imkan verməyəcəyini bildiriblər.

Fevralın 28-də Netanyahu ilə görüşünü şərh edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, təşkil ediləcək “işçi qrup” Suriyadakı vəziyyətin tam normallaşması ilə məşğul olacaq. Rusiya dövlət başçısı sözü keçən “işçi qrup”un xarici hərbi qüvvələrin Suriyadan çıxarılması ilə məşğul olacaq.

Suriyada geosiyasi maraqlar kontekstində dövlətlər arasında gedən siyasi proseslərlə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miridən müsahibə alıb.

Natiq Miri: “Rusiya bombardmanlara göz yummaqla, İranın Suriyada yaratdığı hərbi bazalara çox rahatlıqla raket zərbələri vurması üçün İsrailə şərait yaradır”.

PİA.az politoloqla müsahibəni oxucularına təqdim edir:

- Natiq bəy, Rusiyanın İsraillə anlaşması Suriya probleminin həllində əsas məsuliyyəti üzərinə götürən Türkiyə, İranRusiyanın Suriyadakı iş birliyinə necə təsir edəcək?

- Rusiyanın İsraillə anlaşması iki maraqdan irəli gəlir. Öncəliklə bu məsələ aydınlaşmalıdır ki, nəticə ilə bağlı konkret fikirlər söyləmək mümkün olsun. Suriyada siyasi çözümlə bağlı artıq konkret hazırlıqlar və planlar hazırlanır. Yəni, bu prosesin sonuncu mərhələsinə addım atılması ilə bağlı bir həqiqət ortadadır və bu kontekstdə ABŞ da öz qoşunlarını Suriyadan çəkməklə bağlı açıqlamalar verib. Bu fakt göstərir ki, Suriyada hərbi çatışma dönəmi artıq başa çatmaq üzrədir. Bundan sonra Suriyada geosiyasi maraqlar kontekstində problemin siyasi həllin tapılması istiqamətində addımlar atılacaq.

Kremldə Putin ilə Netanyahunun Suriya üzərindən müəyyən anlaşma əldə etməsi də təxminən bu kontekstdə dəyərləndirilməlidir. İsrail regionda ona təhlükə yaradacaq bir güc mərkəzinin olmasını istəmir.

Təbii ki, bu güc İranla bağlı olan hərbi gücdür. Güc mərkəzləri Suriyadakı daxili müharibə çərçivəsində İsrailin sərhədlərinə çox yaxınlaşdığına görə, İsrail özünü narahat hiss etməkdədir.

İsraili ciddi narahat edən məsələlərdən biri də İrana yönəlik hərbi qüvvələrin İsrail sərhədlərinə yığılması ilə yanaşı, İrandan müyyən mənzilli raketlərin Suriya ərazisi vasitəsilə bölgəyə gətirilməsidir. Çünki bu proses təkcə Suriya ilə məhdudlaşan məsələ deyil. Eyni zamanda İranın dəstəklədiyi və ondan silah alan Livandakı Hizbullah qüvvəsi də bilavasitə müəyyən silahlar və raketlərlə təchiz olunur. Bu isə İsrail sərhədində onun üçün böyük təhlükə vəd edir.

Natiq Miri: “Elə bir geosiyasi şərait yaradılır ki, oradakı digər zəif qüvvələr könüllü şəkildə tədricən Suriyadan çıxmağa məcbur olsunlar”.

- Türkiyə-İran-Rusiya formatının dağılması mümkündürmü və bu, Suriyadakı proseslərə necə təsir edə bilər?

- Bu gün İsrailin Suriyada vazkeçilməz ilk vəzifəsi İranın regiondan çəkilməsidir. Bu istək açıq şəkildə söylənməsə də, bu müzakirə “Suriyadan xarici qüvvələrin çəkilməsi” adı altında aparılır. Təbii ki, burada ilk hədəf İran dövlətidir. Bu məsələdə Rusiya da müəyyən mənada maraqlıdır. Çünki siyasi çözüm prosesində dünənə qədər müttəfiq olan Rusiya ilə İran arasında gələcəkdə Suriyada daha çox söz sahibi olmaq uğrunda gizli mübarizə gedir.

Həm Rusiyanın, həm də İranın Suriya hərbi qüvvələri içərisində dəstəklədiyi güc mərkəzləri var. Bu güc mərkəzləri öz aralarında hərbi toqquşmalarla bir neçə dəfə qarşı-qarşıya gəliblər və hər iki tərəfdən onlarla əsgər öldürülüb. Bu proses hələ də davam edir.

İndiki şəraitdə Rusiya birmənalı olaraq İrana qarşı çıxa bilmir və buna görə də istəyini İsrailin əli ilə etməkdə maraqlı görünür. Çox maraqlıdır ki, İsrailin sonuncu havadan bombardman hərəkatlarında Rusiyanın havadan müdafiə sistemləri hərəkətə gətirilmir. Bununla bağlı, artıq İranın içərisində olan bəzi siyasi dairələr də zaman-zaman öz narahatlıqlarını dilə gətirirlər.

Yəni, bu fakt Rusiya və İsrail arasında hansısa gizli anlaşmanın mövcud olduğunu göstərir. Rusiya bombardmanlara göz yummaqla, İsrailin İranın Suriyada yaratdığı hərbi bazalara çox rahatlıqla raket zərbələri vurması üçün şərait yaradır. Yəni, bu məsələ İsrail qədər Rusiyanın da maraq çərçivəsindədir.

Natiq Miri: “İran anlayır ki, Suriya prosesində zəiflədiyi təqdirdə ABŞ, İsrail və Rusiya çox rahatlıqla onu regionda təkləyə biləcək”.

Rusiyanın İsraillə anlaşma şərtlərindən biri də dünyada mövcud olan güclü yəhudi maliyyə lobbisi ilə bağlıdır. Bu lobbi təkcə Yaxın Şərqdə deyil, eyni zamanda hegemon dövlət olan ABŞ-da, Avropa Birliyi məkanında, bir çox dövlətlərdə və ümumilikdə dünyada gedən bütün proseslərə təsir edə biləcək gücdə olan bir İsrail-Yəhudi maliyyə lobbisidir. Bu baxımdan Rusiya problemlərini həll etmək və ABŞ-ın siyasətinə təsir etmək üçün İsraillə münasibətlərini isti saxlamağa çalışır. Hesab edirəm ki, məlum iki hədəf Rusiyanı İsrail ilə müəyyən anlaşmaya getməyə vadar edir.

Anlaşmanın Suriyadakı Türkiyə-Rusiya-İran formatına gəlincə, Rusiya hələlik açıq şəkildə heç bir şey etməyəcək. Ən azından bu müttəfiqliyə zərər gəlməməsi üçün proseslər Rusiya tərəfindən gizli aparılacaq. İran kəşfiyyat baxımından bu yöndə informasiyalara malik olsa da, bu məsələni dövlət səviyyəsində rəsmi şəkildə ifşa etmir. Çünki İran Rusiya ilə münasibətlərdə hələlik bu çərçivəni gözləmək məcburiyyətindədir.

Həm İran, həm də Rusiya anlayır ki, mövcud şəraitdə bu müttəfiqliyin pozulması regionda olan digər güclərin maraqlarına xidmət edəcək. Xüsusən də ABŞ və onun rəhbərlik etdiyi koalisiyanın geosiyasi maraqları ön plana çıxacaq.

Onu da nəzərə almaq lazımdır ki, bu gün Suriyada atəşkəs rejiminin mövcud olması və bəzi hərbi proseslərin nəzarətə alınmasında ən böyük rolu məhz üçlük formatı oynayıb. Bu üçlük formatında bir siyasi çözüm yolu olan Astana prosesi öz ağırlığını ortaya qoyub. Nəticədə bu gün Suriyada artıq çözüm yoluna əl atılıb.

Bu baxımdan indiki halda formatın dağılmaması üçün Rusiyaİran birmənalı şəkildə qarşıdurmaya getmək istəmir. Bu format dağılarsa, Suriyada yenidən hərbi çatışma prosesinin başlama ehtimalı yüksək ola bilər. Bu isə Suriyada müharibənin dayandırılmasının öz geosiyasi maraqlarına zidd olan qüvvələrin yenidən aktivləşməsinə və indiyə qədər əldə olunan nailiyyətlərin ciddi şəkildə zərbə almasına səbəb ola bilər.

İranın Rusiyanın atdığı addımdan geri çəkilməsi üçün mütləq mənada Suriyada güclü olmağa davam etməlidir. İran anlayır ki, Suriya prosesində zəiflədiyi təqdirdə ABŞ, İsrail və Rusiya çox rahatlıqla onu regionda təkləyə biləcək. Eyni ssenarini Rusiya da etməkdədir. Bir tərəfdən İsraillə müəyyən anlaşma əldə etməyə çalışır, digər tərəfdən isə Suriya prosesində ciddi geosiyasi amillərdən biri olan Türkiyə ilə əməkdaşlıq istəyini ortaya qoyur. Hətta zaman-zaman ABŞ-la müəyyən əməkdaşlıq edərək, öz geosiyasi maraqlarını həyata keçirməyə can atır.

Fikrimcə, hələlik Astana formatının dağılmasından danışmaq tezdir. Çünki bu formatın dağılması İranın, Rusiyanın və Türkiyənin maraqları çərçivəsində deyil.

Natiq Miri: “Həm İran, həm də Rusiya anlayır ki, mövcud şəraitdə bu müttəfiqliyin pozulması regionda olan digər güclərin maraqlarına xidmət edəcək”.

- Kremlin İsraillə anlaşması Suriyada yeni böyük müharibənin qapısını aça bilərmi?

- Düşünmürəm ki, Kreml-İsrail anlaşması Suriyada yeni bir çatışmaya səbəb olsun. Sadəcə elə bir geosiyasi şərait yaradılır ki, oradakı digər zəif qüvvələr könüllü şəkildə tədricən Suriyadan çıxmağa məcbur olsunlar. Bu gün İsrail təyyarələri və ya qurudan havaya atılan raketlər vasitəsilə çox rahatlıqla İranın bölgədəki hərbi bazaları vurula bilirsə, bu gedişat uzunmüddətli ola bilməz.

Eyni zamanda bu proses çərçivəsində havadan müdafiə sistemləri nöqteyi-nəzərindən İran Rusiyanın dəstəyini görmürsə, ABŞ İranın bölgədən çəkilməsinə təzyiq edirsə və eyni zamanda Yaxın Şərqdəki ərəb dövlətləri İrana qarşı bir güc mərkəzi olaraq hazırlanırsa, bütün bu amillər məhz İranın bölgədən çəkilməsinə xidmət edir. Ancaq gedişatın necə olacağı İranın gələcəkdəki davranışlarından asılı olacaq.

- Suriyada Bəşər Əsədin hakimiyyətdə qalmasında əsas rol oynayan Rusiya İsrail və ABŞ-la anlaşıb, Bəşər Əsədi “qurban” bilərmi?

- Bu məsələdə hansısa anlaşmanın olacağını hesab etmirəm. Çünki Rusiyanın indiki geosiyasi maraqları Əsəd hakimiyyəti dönəmində heç bir problemlə üzləşmir. Əsədin varlığı Yaxın Şərqdə və eyni zamanda Rusiyanın Suriyada mövcudluğuna bir təminatdır.

Əsədin hakimiyyətdən getməsi BMT-nin nəzarəti altında yeni bir demokratik seçkinin keçirilməsi deməkdir. Bu şərait çərçivəsində Əsədin seçkilərdə qalib gəlmə ehtimalı çox zəifdir. Düşünmürəm ki, belə bir vəziyyət Rusiyanın geosiyasi maraqlarına xidmət etsin.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar