Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhaninin Azərbaycana qarşı ərazi iddialarının arxasındakı məqsəd nədir? - Müsahibə

Politoloq: “Bizim üçün vacib məsələ təbliğatımızı İranın təsiri altından çıxarmaqdan ibarətdir”

İran Azərbaycan daxilində “beşinci kolon” yaratmaq istəyir. İranın bu planına təkcə dindarlar daxil deyil. İranın əli Azərbaycan mətbuatına, ictimai-siyasi mühitinə, hətta bəzi rəsmilərimizə də çatır”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu İran-Azərbaycan münasibətlərini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani Tehranda 1979-cu il İslam inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan torpaqlarının İranın olduğunu bildirməsi Azərbaycanda kəskin etirazlara səbə olmuşdu. Ruhani bəyan etmişdi ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar.

Fevralın 27-də isə Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. Səfər çərçivəsində İran ilə Ermənistan arasında mövcud olan dostluq, siyasi, iqtisadi və mədəni əlaqələr barədə fikir mübadiləsi aparılıb. Xocalı Soyqırımının ildönümü ərəfəsində İran tərəfinin Paşinyanı qəbul etməsi ilə Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, son dövrlər İranın Azərbaycana qarşı qərəzli münasibəti Paşinyanın səfəri ilə daha da aydın hiss olunub.

Halbuki ötən il İran prezidenti Həsən Ruhani Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində xalq qarşısında çıxış edərkən “İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır”, deyə bildirmişdi.

Qeyd edək ki, İran Ermənistanın İslam dünyasında ən sıx əlaqələrə malik olduğu yeganə iri müsəlman dövlətidir. Ötən il bu yeganə müsəlman ölkəsinin prezidenti Həsən Ruhani rəsmi səfərlə İrəvanda olub. İndi sıra təcavüzkar ölkənin rəhbərinə çatıb. Ümumiyyətlə, iki ölkə arasında rəsmi və qeyri-rəsmi səfərlər çoxdan adiləşib.

Bilirik ki, İran hər zaman Azərbaycanın 20% torpağını işğal etmiş Ermənistanı himayə edir. Hətta Qarabağ müharibəsi zamanı Ermənistana hərbi yardımlar göstərib. Bu baxımdan Ruhaninin reallıqla üst-üstə düşməyən bu fikirlər Azərbaycan-İran münasibətlərinin normal səviyyədə olmadığını göstərir.

İran-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti ilə bağlı PİA.AZ Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Mübariz Əhmədoğlu: “Bu yaxınlarda Həsən Ruhani Oqtay Əsədovu qəbul edir və onun yanında deyir ki, Dağlıq Qarabağ münaqişəsi xalqların öz hüquqlarını qoruması çərçivəsində həll olunmalıdır. Fakt budur ki, məsələyə bu şəkildə yanaşma məhz Ermənistana sərf edir”.

PİA.az politoloqla müsahibəni oxucularına təqdim edir:

- Mübariz bəy, son zamanlar İrandan prezident səviyyəsində Azərbaycana qarşı ciddi təhdidlər və ərazi iddiaları səsləndirilir. Həsən Ruhaninin Azərbaycana qarşı bu davranışlarını nəylə əlaqələndirmək olar?

- Hesab edirəm ki, Həsən Ruhaninin Azərbaycana qarşı bu cür mövqeyinin başlıca səbəbi hamıya bəlli olan tarixi məsələlərlə bağlıdır. Həsən Ruhani İranda müəyyən mənada obyektiv, qərbyönümlü imicə malik bir şəxsdir. Məsələn, Mahmud Əhmədinejad dəli idi, amma Dağlıq Qarabağ məsələsində anti-Azərbaycan fikirlər səsləndirməmişdi. Diqqət edin, bu yaxınlarda Həsən Ruhani Oqtay Əsədovu qəbul edir və onun yanında deyir ki, Dağlıq Qarabağ münaqişəsi xalqların öz hüquqlarını qoruması çərçivəsində həll olunmalıdır. Fakt budur ki, məsələyə bu şəkildə yanaşma məhz Ermənistana sərf edir. Həmin ərəfələrdə Həsən Ruhani İranda olan erməni icmasına xüsusi münasibət göstərdi.

İranın hazırda Azərbaycanın üstünə getməsində iki məsələ xüsusi qeyd olunmalıdır. İran hal-hazırda çox güclüdür. İran istənilən dövlətin ərazisində terror qruplaşması formalaşdırıb, terror edə bilər. Məsələn, İran İraqın, Suriyanın ərazisinə silahlı qüvvələr yeritdi, beynəlxalq aləmdən heç kim də reaksiya vermədi. İndiki halda İran özünü güclü hesab edir və bu gücünü ilk növbədə, Azərbaycana göstərmək istəyir.

Digər vacib məsələ ondan ibarətdir ki, İran Azərbaycan daxilində V Kolon yaratmaq istəyir. İranın bu planına təkcə dindarlar daxil deyil. İranın əli Azərbaycan mətbuatına, ictimai-siyasi mühitinə, hətta bəzi rəsmilərimizə də çatır. İran Azərbaycanda zərrə qədər qorxmur və Azərbaycanı tam olaraq özününkü hesab edir. Özünü ölkəmizin sosial şəbəkələrinin, informasiya texnologiyaları mühitinin sahibi zənn edir.

Mübariz Əhmədoğlu: “Düşünürəm ki, cəmiyyətimizdə olan İrana bağlı strukturlar və öz hökumətimizin başında duranlar İranın layiqincə cavabını versələr, İran qısa zamanda iki ölkə arasındakı münasibətlərin normallaşmasına can atacaq”.

Əgər İran Azərbaycandan qorxsaydı və Azərbaycan tərəfindən İrana qarşı ləyaqətli cavab verilsəydi, İran bəzi məsələləri müəyyən qədər nəzərə alardı. 2009-cu ildə İran 300 milyon dollar vəsait ayırdı ki, Ermənistan Mehri SES-i tiksin. O zamanlar ABŞ-ın İrana sanksiyaları da qüvvədə idi. Buna görə erməni bankları İranın hədiyyə etdiyi 300 milyon dolları götürə bilmədilər. O zaman Mahmud Əhmədinejad bildirdi ki, pulu kisə ilə göndərəcək. Mövcud vəziyyətdə isə İrana qarşı sanksiyalar daha da çətinləşib. Buna baxmayaraq İran indi də bildirir ki,Şimal-Cənub dəmir yolu dəhlizini Ermənistanın ərazisindən keçirəcək.

Onu da qeyd edim ki, İranla Ermənistan və Gürcüstan arasında optik kabelin çəkilməsi də Azərbaycan prizmasından çox təhlükəlidir. Düşünürəm ki, Azərbaycanın daxili və xarici siyasətində ən böyük təhlükəni İran yaradır. Azərbaycan bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. Xocalı Soyqırımının ildönümündə İranın ali rəhbəri Seyid Əli Xamənei Paşinyanı qəbul edir və müsəlmanın qanını tökən millətin bir təmsilçisi rolunu oynayan Paşinyanı tənbeh eləmir. Ən azından həmin gün Paşinyanı qəbul etməməli idi. Ali rəhbər özünü bütün müsəlman dünyasının lideri hesab edir. Yəni, Azərbaycana qarşı olan mövqe təkcə Ruhaninin mövqeyi deyil.

Düşünürəm ki, cəmiyyətimizdə olan İrana bağlı strukturlar və öz hökumətimizin başında duranlar İranın layiqincə cavabını versələr, İran qısa zamanda iki ölkə arasındakı münasibətlərin normallaşmasına can atacaq.

Mübariz Əhmədoğlu: “Hal-hazırda İran Azərbaycanın Türkiyə, Səudiyyə ƏrəbistanıRusiya ilə münasibətlərindən daha çox narahatdır”.

- ABŞ-ın və İsrailin birbaşa təhdidi altında olan İranın Azərbaycana qarşı sərgilədiyi sərt mövqe rəsmi Bakının həm ABŞ-la, həm də İsraillə isti münasibətlər içində olması ilə bağlı ola bilərmi?

- Bu amillər İran üçün sadəcə bəhanədir. Hal-hazırda İran Azərbaycanın Türkiyə, Səudiyyə ƏrəbistanıRusiya ilə münasibətlərindən daha çox narahatdır. Sadəcə Türkiyə bizimlə qardaş dövlət olduğuna görə, İran adını çəkə bilmir. İran üçün Azərbaycanın Səudiyyə Ərəbistanı ilə olan münasibətləri İsrail ilə olan münasibətlərdən qat-qat təhlükə yaradır. Lakin İran bunu açıq şəkildə deyə bilmir və gizli təbliğat aparır. Azərbaycan-Rusiya münasibətlərinə qarşı isə açıq şəkildə təbliğatla məşğuldur. İranda çox gözəl bilirlər ki, Azərbaycan-İsrail münasibətləri nə vaxtdan mövcuddur.

1992-ci ildə İran Qarabağ münaqişəsində vasitəçiliklə məşğul olmaq istədi və Azərbaycan bununla razılaşdı. Halbuki buna görə Azərbaycan cəzalandırıldı və Şuşa işğal olundu. İran sonradan Azərbaycanı müdafiə etmək əvəzinə vasitəçilik missiyasına ləkə salan dövlətlərlə isti münasibət qurdu.

O zamanlar İsraildən daimi dəstək təklifləri gəldiyinə görə, Azərbaycan da bu təklifi qəbul etdi. Əgər İran Şuşanın işğalında oynadığı roldan düzgün nəticə çıxarsaydı, Azərbaycanın İsraillə əlaqələrinə ehtiyac olmazdı.

-Hazırda dünya gücləri ilə müharibə təhlükəsi altında olan İranın Azərbaycanla bağlı hər hansı hərbi və geosiyasi hədəfləri ola bilərmi? Xüsusilə müharibə şəraitində İran Azərbaycanı işğal etməyi hədəfləyə bilərmi?

-Öncəliklə, biz beynəlxalq güclərə arxayın olmamalıyıq. ABŞ-ın İrana qarşı öz maraqları var. Əgər bu gün İran Amerikadan Azərbaycan üzərindəki nəzarəti ona verməsini istəsə, Amerika bununla razılaşacaq. ABŞ-ın dövlət katibi Maykl Pompoe İran xalqını qışın gəlməsi və ilin ən qısa günü münasibətilə təbrik edərkən Nizami Gəncəvidən sitat gətirdi və Azərbaycan şairi Nizami Gəncəvini fars şairi adlandırdı. Yəni, bu təsadüfi deyil. ABŞ-la İran müxalifləri arasında bir razılıq əldə olunmaqdadır ki, Azərbaycan daim bunu diqqətdə saxlamalıdır. İranın artan hərbi gücü qarşısında Azərbaycanın Qərbə arxalanması düzgün deyil. Çünki İran öz ərazisindən İraqı, Suriyanı raketlə vurduğu zaman Rusiya, ABŞAvropadan səs çıxmadı.

Mübariz Əhmədoğlu: “İranın artan hərbi gücü qarşısında Azərbaycanın Qərbə arxalanması düzgün deyil. Çünki İran öz ərazisindən İraqı, Suriyanı raketlə vurduğu zaman Rusiya, Amerika və Qərbdən səs çıxmadı”.

Azərbaycanın İranla bağlı böyük güclərlə iş görə biləcəyi yeganə dövlət Rusiyadır. Çünki vaxtilə Rusiyanın kəşfiyyat orqanları İranın davranışları ilə bağlı rəhbərlik qarşısında mövqe qoymuşdu və bildirmişdilər ki, İran yaxın 10 ildə hansı siyasəti aparacaq. Bundan başqa, o vaxtı Rusiya prezidenti Dmitri Medvedev prezident İlham Əliyev ilə İran məsələsini müzakirə etdi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da sonradan müzakirələrə qoşuldu. Hətta Putin də prezident olandan sonra İran məsələsini Azərbaycanla müzakirə etdi.

Rusiyanın rəsmi mövqeyi belədir ki, İranda vəziyyətin gərginləşməsi fonunda oradakı azərbaycanlılar ölkəmizə sığınacaq. Azərbaycan isə Rusiya ilə vizasız rejimə malik olduğuna görə, bu azərbaycanlılar Rusiya ərazisinə də keçəcək və nəticədə ölkələrində sosial gərginlik yaranacaq. Bu baxımdan Rusiya Azərbaycanın İranın daxili işlərinə müdaxilə etməsini istəyirdi. Onlar bu fikri dəfələrlə Azərbaycan tərəfinə bildiriblər, amma biz qulaq asmamışıq. Hazırda Rusiyanın bu məsələdə hansı mövqedə olduğunu bilmirəm.

Mübariz Əhmədoğlu: “Azərbaycanın bəzi dövlət informasiya agentlikləri ölkə əhalisini xof altında saxlayır, İranın gücünü və İrana məxsus dəyərləri öz içimizdə təbliğ edirlər”.

Türkiyənin də İranla elə bir kəskin münasibəti yoxdur ki, Tehranla münaqişəyə getsin. Eyni zamanda nəzərə almaq lazımdır ki, İran Türkiyənin daxilində hədsiz dərəcədə güclüdür. Sanki Türkiyə əhalisinin müəyyən qismini İrana verib və bu məsələ qarşısında acizdir.

Ümumilikdə İranın hazırkı vəziyyətdə Azərbaycana hücum etməsi gözlənilən deyil. Çünki İranın regional siyasətində, hökumətinin fəaliyyətində çox böyük qüsurlar var. İranın bu qüsurlarının aradan qaldırılması üçün onlara əməkdaşlıq təklifi edə bilərik.

Ümumiyyətlə, Azərbaycanın təbliğatı İranın təbliğatından daha güclüdür. Sadəcə İran elə edib ki, Azərbaycanın rəsmi təbliğatı onlara qarşı işləmir. Əksinə Azərbaycanın bəzi dövlət informasiya agentlikləri ölkə əhalisini xof altında saxlayır, İranın gücünü və İrana məxsus dəyərləri öz içimizdə təbliğ edirlər. Bizim üçün vacib məsələ təbliğatımızı İranın təsiri altından çıxarmaqdan ibarətdir. Bundan sonra İrana lazımi cavabı verə bilərik və o, bu cavablardan müəyyən nəticələr çıxaracaq.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar