Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADU Kamal Abdulla haqda ittihamlara cavab verdi

Dekan-rektor qarşıdurmasının pərdəarxası digər məqamları da üzə çıxdı

PİA.az bildirir ki, “Yeni Müsavat” qəzetinin ötən saylarından birində Azərbaycan Dillər Universitetində dekan vəzifəsindən çıxarılan Vüsalə Ağabəylinin rektor Kamal Abdullaya yönəlmiş ittihamlarına yer verilmişdi. Əməkdaşımız bunlara münasibət öyrənmək üçün K.Abdullaya müraciət etsə də, rektor müsahibə verməkdən imtina etdi. Suallarımızı universitetin mətbuat xidməti cavablandırıb.

“Yeni Müsavat” qeyd edir ki, bu cavabları əslində K.Abdullanın məsələyə münasibəti kimi də qəbul edə bilərsiniz.

- ADU-dan narazı olan iki xanım müəllimənin “Yeni Müsavat” da daxil olmaqla, bir çox media orqanına verdikləri açıqlamalarda, müsahibələrdə əsas ton ondan ibarətdir ki, rektor Kamal Abdulla onlara qarşı haqsızlıq edib, universitetdə qohumlarına, dostunun qızına şərait yaradıb. Öncə bu iddialarla bağlı münasibətinizi öyrənmək istədik.

- Azərbaycan Dillər Universitetinin işdən çıxarılan dekanı Vüsalə Ağabəyli rektor, akademik Kamal Abdullanı öz dostunun qızına etimad göstərib, irəli çəkməkdə ittiham edib. Hər kəs, o cümlədən Vüsalə Ağabəyli də məlumatlı olsun ki, Nərgiz Qurbanlı Azərbaycanın görkəmli tərcüməçi-alimi, jurnalisti, ziyalısı Çərkəz Qurbanlının qızıdır. Deməli, Çərkəz Qurbanlı bütün filoloqların, jurnalistlərin, alimlərin mənəvi dostu, mənəvi atasıdır. Nərgiz Qurbanlının bioqrafiyasına nəzər salanda onun 2014-cü ildən ADU-da fəaliyyətə başladığı məlum olur. Bu fakt göstərir ki, Kamal Abdullanın öz dostunun qızını irəli çəkməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Bildiyimiz kimi, Kamal Abdulla ADU-ya 2017-ci ildə rektor təyin edilib.

Xatırlayırsınızsa, bir müddət əvvəl universitetdə payız semestrinin imtahan sessiyasına həsr edilən mediatur təşkil olunmuşdu. Həmin tədbirdə jurnalistlərin suallarına cavab verən rektor bildirmişdi ki, mənim universitetdə bir qohumum işləyir: professor Azad Məmmədov. Elmi mühitdə, dilçilik sahəsində onu tanımayan insan yoxdur. Azad Məmmədov kafedra müdiridir. Azad Məmmədov 20 ildən çoxdur ki, ADU-da çalışır. Rektorun ikinci bir qohumunun burada işlədiyini kimsə deyə bilməz.

- Dekan vəzifəsindən çıxarılan Vüsalə Ağabəyli iddia edir ki, Nərgiz Qurbanlının keçirdiyi açıq dərsdə ingilis dilini yaxşı bilmədiyini dediyi və bunu qüsur kimi qabartdığı üçün onu cəzalandırmısız. Açıq dərsi müşahidə edən dekanın iradlarına görə vəzifədən çıxarılması doğrudurmu?

- Universitetdə bir neçə ay öncə açıq dərslərin təşkili ilə bağlı əmr imzalanıb. Vüsalə Ağabəyli də fakültə üzrə təşkil edilən həmin açıq dərslərin komissiya sədri olub. Qayda bundan ibarətdir ki, komissiya üzvləri açıq dərsi sonacan, yəni 90 dəqiqə müşahidə etməli, qüsurlar qeyd edilməli, sonra isə müəllimin iştirakı ilə müzakirə olunmalıdır. Ancaq 90 dəqiqə davam edən açıq dərsdə 10 dəqiqə oturulub və dərsi tədris edən müəllimin iştirakı olmadan həmin dərsə qiymət verilib, iradlar sadəcə müəllimin nəzərinə çatdırılıb. Dərsin 90 dəqiqə yox, 10 dəqiqə müşahidə edilməsi, müəllimin iştirakı olmadan müzakirənin keçirilməsi bütün qaydalara ziddir və açıq dərsin nəticələrinin ləğvi üçün zəmin yaradıb. Müəllimlər, tələbələr tərəfindən komissiyanın fəaliyyəti barədə şikayət araşdırılıb, nəticələri ləğv edilərək, açıq dərslərin yenidən təşkili ilə bağlı əmr imzalanıb. Bütün bunlara və işdə yol verdiyi başqa nöqsanlara görə Vüsalə Ağabəyli vəzifəsindən azad olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndini rəhbər tutaraq və yol verdiyi pozuntulara, həmçinin səlahiyyətli komissiyanın yekun rəyinə, professor-müəllim heyətinin müraciətinə, Elmi Şura üzvlərinin müraciətlərinə, Tədris işləri üzrə prorektor və Tədris şöbəsinin müdirinin təqdimatına, əmək müqaviləsinə xitam verilməsi barədə HİK-in razılığına, davamiyyət jurnallarından çıxarışlara, tələbələrin rektora təkrar müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb.

- Bizə müsahibəsində eks dekan, digər media orqanlarına müsahibəsində isə işdən çıxarılan digər müəllimə Pərvin Mürsəlova Kamal Abdullanın kollektivə qarşı çox kobud, etikadan kənar sözlərdən istifadə etdiyini, onların şəxsiyyətini alçaltdığını deyirlər. Hətta Pərvin Mürsəlova əlində bunu sübut edəcək səs yazılarının olduğunu da iddia edir.

- Pərvin Mürsəlova və onun yaxın ətrafı sosial şəbəkələrdə universitetin tələbələrini ADU rəhbərliyinə qarşı etirazlara səsləyib və professor-müəllim heyətini “qoyun sürüsü” ifadələri ilə təhqirlər edib. Hətta bu hərəkətlərin usanmayan Mürsəlova dərs keçdiyi bir qrup tələbəni iğtişaşlara təhrik edib. Bundan sonra tələbələr Mürsəlova tərəfindən etirazlara cəlb edildikləri ilə bağlı ərizə ilə müraciət edib. Bu xanım sonra universitet rəhbərliyinə müraciət edən tələbələrə zəng vuraraq ərizələrini geri götürmələri üçün tələbələri təhdid edib. Bununla bağlı tələbələr rəhbərliyə təkrar ərizə ilə müraciət edib. Öncə tələbələri iğtişaşlara cəlb edir, daha sonra onları təhdid edir. İndi də “Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır” “bəyanat”ını verməklə, görünür, ürəyində hələlik gizli saxladığı məqsədinin ilkin anonsunu verir. Pərvin Mürsəlovanın bu “bəyanat”ından aydın olur ki, guya Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla onu təhdid edir, özünü və yaxınlarını hədələyir. Halbuki işdən əsaslı şəkildə uzaqlaşdırılan bu xanımla bir dəfə də olsun heç bir universitet rəsmisi əlaqə saxlamayıb, dolayı yollarla olsa da, ona hansısa mesajlar ötürməyib. Pərvin Mürsəlovanın bu bəyanatı ondan xəbər verir ki, o, ölkədən qaçmaq, xaricdə sığınacaq almaq niyyətindədir. Çünki sığınacaq almaq üçün müraciət edildikdə, həmin şəxsin və yaxınlarının təhlükəsizliyinə problem yaradılması, o cümlədən təqib olunması ilə bağlı fakt və sübutlar tələb edilir. Halbuki bu cür fakt və sübutlardan söhbət belə gedə bilməz.

Sual yaranır, bu qədər ittiham səsləndirən Pərvin Mürsəlova və Vüsalə Ağabəyli nə üçün bu günə qədər məhkəməyə müraciət etmək istəmir? Demək ki, bu ittihamların da heç bir əsası yoxdur. Sadəcə, onları məhkəmə zamanı ortaya çıxacaq başqa məsələlər yəqin ki, qorxudur. Keçək indi də həmin xanımların “səs yazısı var” deyərək, fərqli ittihamlar səsləndirmələrinə. Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə əsasən, səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. İnsanın özünün razılığı olmadan onun səsini yazmaq şəxsi həyata müdaxilə və cinayətdir. 15 adamın iştirakı ilə keçirilən etika komissiyasının iclasında iddiası ilə bağlı heç bir suala cavab verə bilməyən Pərvin xanıma qarşı “şəxsiyyətsiz” sözü işlədilib. Deməli, o, başqasına əsassız şəkildə “əxlaqsız” deyə bilər, ona “şəxsiyyətsiz” demək olmaz?

- Dekanın işdən çıxaralıması onun işində çoxsaylı qüsurlarla əlaqələndirilib və bu, sənədlərlə təqdim edilib. O zaman avtomatik sual yaranır ki, əgər Vüsalə Ağabəylinin işində qüsur var idisə, niyə o, etiraz çıxışı edənə qədər üzə çıxmırdı, amma sonradan üzə çıxdı? Niyə zamanında dekanlıqdan azad edilməyib?

- Sizin dediyinizdən belə çıxır ki, əvvəlcə Vüsalə Ağabəyli nəyəsə etiraz edib, buna görə də işdən çıxarılıb. Halbuki işində yol verdiyi ciddi nöqsana görə ona töhmət elan olunandan sonra Təhsil Nazirliyinə şikayət yazıb və bu şikayətini ictimailəşdirib. Universitet bu şikayəti müzakirə etməli idi və edib. Məsələ onun etiraz çıxışı etməsində deyil. Məsələ Vüsalə Ağabəylinin təhsil qaydalarını kobud şəkildə pozması, işinin öhdəsindən gələ bilməməsindədir. İnsanın öz səriştəsini, yaxud səriştəsizliyini göstərməsi üçün isə zamana ehtiyac var. Kamal Abdulla humanistlik göstərərək ona zaman tanıyıb. Zaman isə Vüsalə Ağabəylinin xeyrinə işləməyib. Bir müddət əvvəl də Vüsalə Ağabəyliyə xəbərdarlıq edilib ki, işinin öhdəsindən gələ bilməsə, vəzifəsindən azad olunacaq. O isə bu irada göz yaşları ilə cavab verib. Göz yaşı tökərək yalvar-yaxar edən adamın indi özünü Janna Dark qəhrəmanlığını, Mikayıl Müşfiq nakamlığını imitasiya etməsi, sadəcə, acı təbəssüm doğurur.

- Universitet işçilərinin onun əleyhinə imza atması, bəzi media orqanlarına tələbələr, müəllimlərin müdafiə edən yazıları kampaniyaçılığa bənzəmirmi? Bütün bunlar rektorun iradəsinin xaricində, işçilərin, tələbələrin, tanınmışların öz təşəbbüsü ilə baş verib, yoxsa?..

- Azərbaycan Dillər Universitetində kifayət qədər ciddi alimlər, ziyalılar, aydınlar çalışır. Siz doğrudanmı hesab edirsiniz ki, belə nüfuzlu insanları yazı yazmağa, kimisə tərifləməyə təhrik etmək olar? Bir də ki, özlərini müdafiə edirlər, onlara qarşı deyilən böhtanlara cavab verirlər.

- Diqqət çəkən məqamlardan biri də dekan seçiləndə Vüsalə Ağabəylinin elmi adının olmamasıdır. Bu, ona qarşı iddiaların içində də yer alıb. Qarşı tərəf də iddia edir ki, dekan seçiləndə Bənövşə Məmmədovanın da elmi adı olmayıb. Prorektor Sərraf Hüseynovun nə elmi dərəcəsi, nə də elmi adının olduğu qeyd edilir. Bundan başqa, magistratura şöbəsini müdiri Firuzə adlı xanım da təyin ediləndə elmi adı olmayıb. Tədris departamentinin müdiri Şəfəq xanımın da elmi adı, elmi dərəcəsi olmadığı deyilir. Bu iddialarla bağlı münasibətiniz necədir?

- Əvvəla, Sərraf Hüseynov prorektor deyil, bu vəzifəni icra edəndir. Firuzə Rzayeva, Şəfəq Şahməmmədova şöbə müdiridir. Şöbə müdiri olmaq üçün isə elmi dərəcə lazım deyil. Bunun üçün magistratura təhsili bəs edir. Ən vacib məqam isə budur ki, Vüsalə Ağabəylinin işdən çıxarılmasının səbəbi onun dekan seçilərkən elmi adının olması deyil. Bu, tamam başqa söhbətin mövzusudur. Əmrdə onun hansı səbəblərdən işdən çıxarılması əsaslı şəkildə qeyd olunub. Bu barədə yuxarıda məlumat verdik.

- Hər universitet daxilində bu sayaq problemlər yarana bilər, iş olan yerdə intriqa da olur. ADU-nun rektoru uzun illər rəhbərliklərdə təmsil olunmuş insandır. Bunu universitet daxilində həll etməkdənsə onun böyüməsinin qarşısını niyə almadı?

- Məsələnin siz dediyiniz şəkildə böyüdülməsinin səbəbkarı adı çəkilən şəxslərdir. Təhsil Nazirliyinə və başqa yüksək dövlət qurumlarına şikayət məktubu göndərən bu şəxslər həmin məktubları mətbuatda dərc etdiriblər. “Facebook”da öz səhifələrindən və başqa saxta profillərdən universitetin kollektivinin əleyhinə şər-böhtan yağdırıblar. Yalnız bundan sonra mətbuat xidməti bütün bu böhtanları cavablandırmaqla məşğul olub.

- Vüsalə Ağabəyli iddia edir ki, rektor ona “qoymayacam heç bir yerdə fəaliyyət göstərsin. Başına oyun açacam” şəklində xəbərlər göndərir. Eks-dekan universitetdən xaric edilibmi? Yoxsa təkcə dekanlıq vəzifəsindən kənarlaşdırılıb?

- “Başına oyun açacam” ifadəsi, üslubu, mübarizə üsulu Kamal Abdullanın dünyagörüşünə, əxlaqına tamamilə ziddir. Əksinə, rektor ona universitetin elmi katibi olmağı təklif edib, bu xanım isə israrla dekan vəzifəsinə təkid edir. Sual olunur: onun hansı maraqları var? Vüsalə Ağabəyli dekan vəzifəsindən azad edilib, lakin işdən çıxarılmayıb. 0.5 ştat vahidi baş müəllim vəzifəsində qalıb. “Başına oyun açacam” isə sözü qurtaran aşığın “dalay-dalay”ına bənzəyir.

- Bu işdə məhkəmə perspektivi gözlənilirmi? Çünki qarşı tərəf hələ ki məhkəməyə müraciət etməyib.

- Keçmiş dekanın və yaxın ətrafının ittiham etdiyi Azərbaycan Dillər Universiteti, professor-müəllim heyəti, Müdafiə Şurası, həmçinin tələbələr məhkəməyə müraciət etməyə hazırlaşır və bunu etməkdə qərarlıdır. Bilmək istəyirsinizsə, indiyədək bunun qarşısını məhz Kamal müəllim alırdı. İndi isə artıq belə olmayacaq.

Azərbaycan Dillər Universitetinin mətbuat xidməti adından son olaraq bildirmək istəyirik ki, bu xanımların şər və böhtan xarakterli çıxışlarını dərc edən saytlar da onlar qədər məsuliyyət daşıyır. ADU-nun mətbuat xidməti bu mövzuda yetərincə açıqlamalar yayımlayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar