Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Məktəb direktoru valideynlərin pulu ilə “korpus tikir”

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana 450 ünvanında (Şuşa şəhərciyi adlanan ərazidə) yerləşən Xankəndi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza şikayət daxil olub

Adının çəkilməsini istəməyən valideynlərdən biri “Hürriyyət”ə bildirib ki, hazırda sözügedən məktəbdə direktor əvəzi çalışan Cəmilə xanım (soyadını dəqiqləşdirə bilmədik – red.) sinif otaqlarında şagirdlərin sıxlığını əsas gətirərək, məktəbin yanındakı boş ərazidə yeni korpus tikdirmək istəyir. Maraqlıdır ki, Cəmilə xanım bu korpusu dövlət hesabına deyil, böyük əksəriyyəti maddi cəhətdən imkansız olan valideynlərin pulu ilə tikdirmək niyyətindədir.

Məlumata görə, direktor xanım iki gün öncə bu məqsədlə valideynəri məktəbə toplayaraq, onlardan yeni korpusun tikintisi üçün maliyyə dəstəyi istəyib. O deyib ki, kimin imkanı nəyə çatır, ona uyğun məktəbin əlavə korpusunun tikintisinə dəstək olsun.

Valideynlər deyir ki, hazırda məktəbdə 2000 nəfərdən çox şagird təhsil alır. Direktor fevral ayından etibarən pul yığımına başlayıb. O, bəyan edib ki, hər şagirdin valideyni müəyyən qədər dəstək olarsa, əlavə korpusun tikintisi qısa müddətdə başa çatdırmaq olar.

Dövlətin təhsilə milyonlarla manat maddi vəsait ayırdığı halda dövlət məktəbinin direktorunu bu addımı atmağa, imkansız ailələrdən “pul dilənməyə” nə vadar edib, görəsən?

Məsələyə aydınlıq gətirmək üşün sözügedən məktəblə telefon bağlantısı qurmağa çalışdıq, amma bütün zənglərimiz cavabsız qaldı. Doğrusu, bu, bizi çox təəccübləndirdi. Nədən günün günorta çağı orta ümumtəhsil məktəbində zənglərə cavab verən bir kimsə tapılmadı? Bəlkə məktəb öz fəaliyyətini dayandırıb, bizimsə bundan xəbərimiz yoxdur?

Təhsil Nazirliyinin Mətbuat Xidmətindən də zənglərimizə cavab verən olmadı. Odur ki, məcbur qalıb nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi (rəhbər) Billurə Hacızadənin mobil telefonuna zəng vurduq. Billurə xanım bizi dinləyəndən sonra dedi ki, bütün sualları nazirliyin poçt ünvanına yollamalıyıq. Bunun mənasız olduğunu, nazirlikdən həftələrlə cavab gəlməyəcəyini bilsək də, onun məsləhətinə əməl edib sorğumuzu yolladıq. Həmişəki kimi, hələ də cavab gözləyirik. Görünür, vəzifəli həmkarlarımızın başı “böyük işlərə” qarışdığından bizim kimi “balaca adamlara” vaxt ayırmağı lazım bilmirlər.

Görəsən, həmkarlarımızın bizə göstərdiyi bu laqeyd və hörmətsiz münasibətin səbəbi nədir? Biz ki, sadəcə öz vəzifəmizi yerinə yetiririk. Redaksiyamıza müraciət edən soydaşlarımızın şikayət məktublarını araşdırırıq.

Nədənsə hakimiyyətyönlü qəzet və TV kanallara böyük həvəslə müsahibə verən mətbuat xidmətləri rəhbərləri müstəqil qəzet və saytlarla əməkdaşlıq etməkdən çəkinir. Zənglərimiz çox vaxt cavabsız qalır, ya da bu dəfə olduğu kimi, poçt ünvanına sorğu yollamağımız tövsiyyə olunur.

Vətəndaşların irad və şikayətlərinə aidiyyati qurumlardan münasibət öyrənmək müşkül məsələyə çevrilib. Halbuki, ölkə başçısı dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bütün dövlət məmurları, eləcə də prezident xalqa xidmət etməlidir.

Belə olan halda dövlət strukturunda çalışan jurnalist həmkarlarımızın vətəndaşların şikayətlərini cavabsız qoyması həm vəzifə borcuna səhlənkar yanaşma, həm də dövlət başçısına hörmətsizlik kimi qiymətləndirilməlidir.

Mətbuata məlumat verməməkdən boyun qaçıran vəzifəli jurnalistlər üstəlik “KİV haqqında” qanunu da pozurlar.

Sözügedən məktəbdə direktor əvəzinin qanunsuz əməli hökmən aidiyyati qurumlar tərəfindən araşdırılmalı və hüquqi qiymətini almalıdır. Əks təqdirdə cəzasızlıq sindromu yeni-yeni özbaşınalıqlara və cinayət əməllərinə yol açacaq.

pia.az

Etiket: Ramana

Şərh yazın.

loading...