Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Azərbaycandakı boşanmaların sayına məəttəl qalmışıq"  

"Qadınlar  yanımıza gəlib göz yaşı tökürlər, ərlərinin aylarla alimenti ödəmədiyini bildirirlər"

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı Media.Az-a verdiyi müsahibədə ölkədəki ailə həyatı, mənəvi-əxlaqi dəyərlərlə bağlı müasir tendensiyaları nəzərdən keçirib və mövcud situasiyanı yaxşılığa doğru dəyişmək üçün öz təkliflərini irəli sürüb.

- Rəsmi statistikaya əsasən, Azərbaycanda hər dörd nikahdan biri boşanma ilə nəticələnir. Bakıda az qala hər üç nikahdan birində cütlük yollarını ayırır.

- Sözün düzü, biz də buna məəttəl qalmışıq. Dövlət gənclər üçün hər cür şərait yaradır, yetkinləşməkdə olan nəslin inkişafına hər cür dəstək olur. Bununla belə, bizim cəmiyyətə yad olan hallarla qarşılaşırıq.

Bir çox ölkələrdə analoji göstəricilərin Azərbaycandakı rəqəmləri üstələdiyi təsdiqini tapsa da, bizim ölkəni başqaları ilə müqayisə etmək düzgün olmaz. Ona görə ki, bizdə uzun əsrlərdən kök salan tam fərqli əxlaqi-mənəvi dəyərlər var. Mənə elə gəlir ki, burada bir sıra nüanslar qeyd olunmalıdır. Məsələn, bəzən bizim gənclər ailə qurmağa tələsir, hərtərəfli düşünmədən bu addımı atır.

Bəzi hallarda valideynlərin təkidi ilə bağlanan nikahlar belə acınacaqlı nəticələrə gətirib-çıxarır. Erkən nikahlar və ər-arvadın bir-birini anlamaması da buna misal gətirilə bilər.

Bundan başqa, gənclərin ailə qurmağa və ümumilikdə, ailə həyatına hazır olub-olmaması da öz rolunu oynayır. Belə olan hallarda insanlar hər şeyə həddindən artıq nikbin yanaşır, onun nəticələri barədə düşünmür, ailənin kiçik bir dövlət olduğu və bu “dövlət”də qarşılıqlı hörmət, qarşılıqlı anlayış, güzəştə getmə və digər vacib şərtlərin olduğu barədə düşünmür.

Ən təhlükəlisi odur ki, bir çox cütlüklər heç də övladlarının olmamasına görə boşanmır. Nəticədə, əmlak bölgüsü gedən vaxt uşaqlar ortada qalır. Məhkəmə işləri onlarda mənəvi travma yaradır. Əsl ailədə birlik, qarşlılıqlı anlayış, qarşlılıqlı hörmət, bağışlama və dinləmə bacarığı olmalıdır. Bu, çox vacib şərtdir.

Onu da əlavə edə bilərəm ki, bəzən gənc ailələrin dağılmasında onların həyatına müdaxilə edən valideynlər böyük rol oynayır. Onlar bu müdaxilələri və nəyi necə etməli olduqlarına dair “tövsiyə”ləri ilə cütlük arasındakı ixtilafları daha da kəskinləşdirir.

Bəzən özümə belə bir sual verirəm. Bəs bizə xas olan ailə dəyərləri necə oldu? İnsanların milli mənəvi-əxlaqi dəyərlərdən uzaq düşməməsi üçün biz bir SOS siqnalı göndəririk.

- İnsanların ailə dəyərlərindən uzaqlaşması nə ilə əlaqədardır?

- Bilirsiniz, bu gün bizim ölkə üçün xarakterik olmayan hallar yaşanır. Məsələn, bu vətəndaş nikahı hardan çıxıb? Nə İslamda, nə Ailə məcəlləsində, nə də konstitusiyada belə bir şey yoxdur. Gənc nəsil hansısa modeldən nümunə götürürsə, bu, bizim üçün qeyri-məqbuldur. Avropada ailə dağılsa belə, uşaq onun ən müqəddəs parçası olaraq qalır.

Ana və ata uşaqlarının qayğısına qalmağa borcludur, alimentləri ödəməlidir və ümumilikdə onların tərbiyəsi və inkişafı ilə məşğul olmalıdırlar. Bəs bunun əvəzində nə baş verir?

Qəbul günlərində mənə müraciət edən qadınlar aliment barədə danışır, uşaqlarının atasının alimentləri ödəmədiyindən, haradasa gizləndiyindən giley-güzar edir. Bizdə əvvəllər heç vaxt belə şey olmayıb ki, ata və ya ana uşaqlarına biganə qalsın. Ona görə də söhbət insanların bizim milli dəyərlərdən uzaq düşməsindən gedir. Əvvəllər biz özümüzdən böyüklərə, ağsaqqallara, ağbirçəklərə qulaq asardıq, indi isə bəziləri heç valideynlərini dinləmir, iki aydan sonra dağılan ailə qurur.

İndi bu elə asan və sadədir ki... Bu gün evləndin, sabah boşan. Ona görə deyirəm ki, bizim üçün çox vacib olan dəyərləri itiririk. Bizim özümüzə xas olan dəyərləri qoruyub-saxlamaq şərtilə ən yaxşı olan şeyləri mənimsəməliyik. Bu, vacib şərtdir. Bizim üçün ailə müqəddəs bir məfhumdur. Biz bundan uzaqlaşanda yazılmamış müqəddəs qanunları pozuruq.

- Qeyd etdiniz ki, alimentlərlə bağlı sizə tez-tez müraciət edirlər. Bu, nə dərəcədə ciddidir?

- Bəli, alimentlərlə bağlı həddindən artıq çox problem müşahidə olunur. Alimentləri ödəmirlər, maaşı gizlədirlər, aliment ödəməli olan şəxsi axtarıb tapmaq olmur.Qadınlar  yanımıza gəlib göz yaşı tökürlər, ərlərinin aylarla alimenti ödəmədiyini bildirirlər. Məhkəmələrə müraciət edirik, onlar ya tapılır, ya da harasa çıxıb gedirlər. Kimsə qeyri-rəsmi olaraq yeni ailə qurur. Statistika çox qorxuludur, o, həm bizi, həm sizi, həm də ümumilikdə bütün cəmiyyəti narahat edir.

- Rəsmi statistikaya görə, boşanmaların əsas səbəbi cütlüklərin xasiyyətlərinin uyğun gəlməməsidir. Gizli sorğular isə ailə-məişət zəminli zorakılığın üstünlük təşkil etdiyini göstərir. Ailələrin dağılmasına səbəb nədir?

- Ailə-məişət zorakılığı çox vaxt anlaşılmazlıqdan qaynaqlanır. Xarakter uyğunsuzluğuna gəlincə, xasiyyətlərin uyğun gəlmədiyini demək daha asandır. Aydındır ki, qadın və kişi evlənənə qədər fərqli ailələrdə, öz qanun və qaydaları əsasında yaşayıb. Müxtəlif ailələrdən çıxan insanlar bir-birinə qovuşanda, xarakterlərin uyğunlaşması üçün xeyli vaxt tələb olunur. Onlar bunun üçün vurnuxmalıdırlar. Qarşılıqlı anlaşmaya nail olmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.

Ailə-məişət zorakılığı ər və qadın məlum sərhədləri keçəndə baş verir. Sizcə, ağlı başında olan, savadlı, psixi sağlam insan durduğu yerdə həyat yoldaşını döyər? Burada bir çox faktorları sadalamaq olar. Valideynlərin təkidi ilə qurulan ailələrdə ər-arvad bir-birini tanımır. Onların xasiyyətləri tamamilə fərqlənir, valideynlər isə ailə münasibətlərinə müdaxilə edir. Maddi problemlərin də ailə zorakılığına zəmin olduğunu düşünmürəm, çünki bizim nənə-babalarımız zəngin yaşamayıblar, bununla belə, bir-birilə yaxşı yola gediblər.

- Boşanmalara səbəb olan faktorlar arasında internet asılılığı kimi yeni tendensiyanın da adı hallanır. Araşdırma nəticələri də bunu göstərir.

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da virtual məkanın öz mənfi cəhətləri var. Bu xəstəliyə qurşanmamaq üçün ağıl tələb olunur. Ancaq insan pritimiv düşünəndə, əlbəttə ki, aldana bilər, bunun nəticəsi artıq aydın olur. Təəssüf ki, bizim cəmiyyətdə belə hallar da yer alır.

- Fikrinizcə, vəziyyəti yaxşılığa doğru dəyişmək üçün nə etmək lazımdır?

- Hərtərəfli şəkildə maarifləndirmə işləri aparılmalıdır. Erkən nikahlar məsələsinə xüsusi diqqət ayrılmalıdır. Boşanmağı qərara alan cütlüklərə bir daha düşünüb-daşınmaları üçün daha uzun müddət vaxt verilməlidir. İki ay az vaxtdır. Bundan başqa, bu məsələni gənclərlə müzakirə edəcək təcrübəli insanları işə cəlb etmək vacibdir.

Belə insanlar gənclərə tövsiyələr verməli, onları ortada olan problemləri həll etməkdə yardım əli uzatmalı və onları tələsik, düşünülməmiş addımlardan daşınmağa çağırmalıdırlar. Çünki bəzən insanlar boşandıqdan sonra bunun peşmanlığını çəkir. Ancaq artıq gec olur.

Eyni zamanda, bir çoxlarında ailə qurmağa olan münasibət yanlış və səthidir. Məncə, nikahın qeydiyyata alınması üçün cütlük dövlət orqanına müraciət edəndə qarşı tərəf onların ailə qurmağa, onun bütün sınaqlarına sinə gərməyə hazır olub-olmadığını daha təfsilatlı şəkildə sorğu-sual etməlidir. Əgər hazır deyillərə, onlar bu məsuliyyətli addımı atmaqdan daşınsalar, yaxşı olar.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar