Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA “topa tutuldu” – Rəşad Məcid narazıları ayağa qaldırdı

Dünən "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Bakı Nəqliyyat Agentliyi ilə bağlı tənqidi status yazmış, maşını küçədə 20 saniyə belə saxladığın zaman BNA əməkdaşının dərhal yüksək cərimələdiyini, bu qurumun sürücülərə faktiki qan uddurduğunu bildirmişdi

"Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!!”.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev də elə sosial şəbəkədə Rəşad Məcidə geniş cavab yazıb. PİA.AZ Bakupost.az-a istinadən Mais Ağayevin də cavabını təqdim edir:

"Çox hörmətli Rəşad bəy! Diqqətinizə çatdırım ki, Bakı Nəqliyyat Agentliyi iddia etdiyiniz kimi, sürücülərə "qan uddurmur”. Sadəcə, Sizə görülən tədbirləri və əldə olunan nəticələri izah edəcəm. Nəticə çıxarmağı isə özünüzə buraxıram. Ümid edirəm ki, cəmiyyətin nüfuzlu ziyalısı olaraq ədalətli yanaşma nümayiş etdirəcəksiniz.

Bakı Nəqliyyat Agentliyi uzun illərdən bəri paytaxt yollarını keçilməz edən qanunsuz parklanmaya qarşı mübarizə aparmaqdadır. Yanvar ayının 9-dan bu işə qanunsuz parklanmaya intellektual nəzarət kameraları da cəlb edilib. Görülən işlər nəticəsində, xüsusən də şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti normallaşıb. Hərəkət intensivliyi artıb. İlk dəfə olaraq, 70-dən yuxarı müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində stabilləşmə müşahidə edilir. Bu isə gün ərzində 1.300.000 sərnişinin əlavə vaxt itkisinə, stressə məruz qalmadan daşınması deməkdir. Düşünürəm ki, nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayıb ictimai nəqliyyatdan istifadə edən insanın yolunu kəsənlərə qarşı mübarizə heç bir halda qan uddurmaq kimi qiymətləndirilə bilməz. Bunu etməklə biz, sadə vətəndaşın işini asanlaşdırıb onu əlavə vaxt itkisindən azad edirik. Hamı rahat avtomobildə hərəkət etmir. Bunu yəqin ki, bilirsiniz. Bizim məqsədimiz cəmiyyətimizin çoxluğunu təşkil edən bu insanların rahatlığını təmin etməkdir. Bu arada ola bilər sualınız yaranar ki, bəs ictimai nəqliyyatda digər problemlər də var. Bəli, var, bunu bilirik və 3 ildir bu problemlərin həlli ilə məşğuluq. Avtobus parkı yenilənir, nağdsız ödənişin əhatə dairəsi genişləndirilir. Möhtərəm cənab prezidentimiz tərəfindən bununla bağlı müvafiq sərəncam da imzalanıb. Hədəfimiz bütün ictimai nəqliyyatda xidmətin keyfiyyətini artırmaq, insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdırmaqdır. Bu, həm şəhərimizin ekoloji durumunun yaxşılaşdırılması baxımından da vacibdir.
Digər bir yandan, kameraların iş prinsipinə əsasən, sürücü nəqliyyat vasitəsini 5-6 dəqiqə saxladığı halda ona qarşı cərimə tətbiq edilmir. Bu isə sərnişini bir neçə dəfə mindirib düşürməyə yetəcək qədər bir zamandır. Yolun ikinci və üçüncü hərəkət zolağında saxlayanlar isə dərhal qeydə alınır və tədbir görülür.

Yolun ikinci və üçüncü zolağında heç bir halda saxlamaq olmaz. Niyə kimsə minib düşəcək deyə yolda hərəkət dayanmalıdır. 20 saniyəlik maneə bir neçə dəqiqəlik sıxlıq deməkdir”.

Baş redaktorun BNA haqdakı narazı qeydləri sosial şəbəkə istifadəçilərinin də bir çoxunun ürəyini açıb və BNA ilə bağlı onlarla sərt narazılıq bildirən fikirlər yazıb.

BakuPost.az Rəşad Məcidin tənqidi ilə bağlı fikirlərin bir qismini təqdim edir:

Kəmalə Umudova: "Qanunda boşluq yaradıblar dedi bir gənc taksi sürücüsü. Dəqiqələrin sayı göstərilməlidir, 5-20 dəqiqəyə qədər saxlamaq olmaz kimi qanun yoxdur nəqliyyat sistemində. Bunlar da boşluqdan sui-istifadə edərək cərimə yazırlar dedi”.

Yegan Mamedova: "Yəqin, fikirləşirlər ki, sərnişinləri yolda tullamalıyıq, düşürmək olmaz! Mən həmişə düşünmüşəm ki, sürücülərdən yığılan bu qədər cərimə hara gedir?... Bu cərimələrlə nələr etmək olar, ilahi..”

Ruslan Guliyev: "Lap ağ ediblər. Fürsət güdürlər. YPX-ya şükür”

Hebibə Abdulla: "Mais Aghayev, bu artıq ciddi problemə çevrilir, ictimaiyyətdən gələn narazılıqları rəhbərliyə çatdırırsınızmı, heç olmasa? Sərnişin düşürmək üçün maşınlara vaxt verilməsi məsələsi perspektivdə varmı?”

İlqar Həsənov: "QULDURLUQ. Evimin qarşısında dayanıb kimisə gözləyirəmsə, maşının şəklini çəkib məni cərimə eləməyin adı nədir? Adını deyin, mən də üzr istəyim. Mən evə gəlməməliyəm? Dayanma qaydasını pozan şəxsə inzibati cəza tədbiri görürsünüzsə, bu, başqa məsələ. Mən qeydiyyatda olduğum ünvanımın qarşısında dayanıb, evdəkilərdən kimisə gözləməməliyəm?”

Rustam A. Haciyev: "Hörmətli Mais müəllim, mən nə taksi, nə də digər sizin nəzarətinizdə olan hər hansı bir fəaliyyətlə məşğul olmuram. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında heç bir öhdəliyim yoxdu. Sizin göstərdiyiniz yol hərəkətləri qaydalarının pozulması hallara ilə isə Dövlət Yol Polisi nəzarət etməlidi və buna görə dövlət tərəfindən əməkhaqqı alırlar. Siz isə öz işlərinizlə, şəhər nəqliyyatının işlərini normal hala salmaqla məşğul olmalısınız. Avtobuslar şəhərin ən sıx küçə və meydanlarındakı dayanacaqlarda 3-5, bəzən də daha artıq dayanırlar. Elə 20 Yanvar meydanı ərazisində monitorinq aparsanız, özünüz buna şahid olarsınız. Rəşad müəllimin dediklərində həqiqət var. Əvvəlcə şəhərin küçələrində maşınların ən azı dayanıb sərnişinlərin düşüb-minməsi üçün şərait yaradılmalıdı ki, sonra onlardan nə isə tələb edə biləsiniz. Bir daha qeyd edirəm ki, Qanunvericilikdə nəzərdə tutulduğu kimi yol hərəkətinə Dövlət Yol Polısi nəzarət etməlidi”.

Raqif Raufoglu: "Mənim də avtomobilim cərimələnib, amma nəticə nə oldu? 40 dəqiqəyə gəldiyim yolu indi 15 dəqiqəyə gəlirəm. Hələ istəsək bu 5 dəqiqəyə də enə bilər. Mənim üçün əsas olan bu nəticədir. Heç bir ziyalı öz şəxsi məsələsini belə "millətə qan uddururlar” şəklində təqdim etməz. Ziyalı deyər ki, əksinə gəlin mərkəzi tam avtomobildən azad edək, yaşıl zonalar yaradaq, bu onkoloji xəstəliklərin səbəblərini araşdıraq. Yoxsa adamların bu boyda əziyyətini heç elə, nə var ki, sənə də cərimə yazıblar. Düz ediblər də. Hamı 5 dəqiqəyə gəlirəm deyib gedir, qalırıq qışqıra-qışqıra”.

Nurlan Babayev: "Mən azadlıq prospektini hər gün keçib səhər işə gəlirəm. Kameralar quraşdırılandan sonra hərəkətin intensivliyində ciddi fərq var. Mais Aghayev gördüyünüz işləri dəstəkləyirəm. Ancaq dayanma, durma işarələri optimallaşdırılmalıdır. Elə küçə var ki, geniş küçədir, hər ki tərəfi işarələnib ki, dayanma, durma qadağandır - buna yenidən baxılmalıdır. Bir də ictimaiyyətlə işləmirsiz, insanlar sizi tapıb öz təkliflərini verə bilmir, bir az xalqa açıq olun”.

İlqar Ahmed: "1-ci zolaqda avtomobil saxlayıbsa və yer yoxdursa necə edək? Düşməyək hə maşından? Qayıdaq gəldiyimiz yerə ki, avtomobil var idi deyə düşə bilmədim? Belə absurd fikirmi olar? Siz 1-ci zolağı boşaldın, o zaman 1-ci zolaq boş ola-ola 2-ci və 3-cü zolaqda saxlayıb sərnişin düşürənləri 1000 manat cərimələsiniz də haqlısınız.”

Elshen Memmedov: "Anlamıram bu qurum nəyə xidmət edir? Belə bir agentliyin olmağı lazımdırmı?”

Rustam A. Haciyev: "Bu dəfəkilər Ziyanın qoçularının atasına rəhmət oxutduracaq. Nəqliyyat sahəsində çalışmayan, sıravi avtomobil sürücülərinə nə aidiyyəti var? Və bu hansı hüquqi əsaslara söykənir? DYP-nin səlahiyyətlərinə birbaşa müdaxilədi”.

Ferah Sabirqizi: "Mən də sərnişin kimi öz dərdimi yazim. Axşamlar 28 May-da 125-i gözləyən çox olur. Dəfələrlə belə hal baş verir - marşrut gəlir, sərnişinləri boşaldır və avtobus gözləyənlərin qarşısından ötüb keçir... Hara, niyə? Gözləyənlərin sayı artdıqca artır. Bu hal tez-tez baş verir. Hətta bir dəfə 2 boş avtobus belə keçib getdi, 20 dəqiqədən sonra üçüncüsü gəlib hamını bir-birinin başında mindirdi... Yani, 125-lər belə tez-tez xarab olur? İstəmişəm ki, zəng edim qaynar xəttə şikayət edim, amma axşamlar deyəsən operatora calaşdırmırlar, elə avtomat cavab verirdi”.

Zaur Xudiyev: "Niyə kimsə etiraz edəndə o dəqiqə ağzından vururlar ki, yox ee siz inkişafı görməyən anti-milli ünsürlərsiniz? Pis-yaxşı, adam etiraz edir də. O gün Səfər Alışarlı da etiraz statusu yazmışdı, çox adam belə etiraz dolu statuslar yazır, şikayət edir və s”.

Fuad Məmmədov: "BNA-nın etdiyi büdcədoldurma əməliyyatıdır, küçələri təmizləmək istəyən:

a) uyğun qiymətə parkinqlər təşkil edər;
b) təmizləməyi qarşısına məqsəd qoyan qurum 20 Yanvar ərazisindən başlayar ki, sürücülərin ən çox əziyyət çəkdiyi yerlərdəndir.
1. Alternativ təklif etmədən BNA-nın sürücüləri bir neçə saniyəlik dayanmasına görə cərimələməsi biznesdir, tənbeh yolu deyil;
2. Hər il artan statistika göstərir ki, sürücülər cərimələnməklə düzəlmir, deməli, cərimələmək ümumiyyətlə, tənbeh yolu deyil;

Mənə nə maraqlıdır? Dəqiq yadıma gəlmir 2014-cü il idi, yoxsa 2015, prezident nazirlərlə görüşdə çox əsəbiləşdi ki, hərə qoluna bir qırmızı bağlayıb, avtomobillərə yer göstərirlər, parkovşik işləyirlər. Həmin çıxışın səhəri günü şəhərdə bir nəfər də qolunda qırmızı sarğılı parkovşik qalmadı. Bakı şəhər İH yığışdırdı, küçələrdə dərhal parkomat qurma işlərinə başlanıldı və s.
30 saniyə maşını saxlayanda təyin edən BNA kameraları yenidən peyda olmuş parkovşik nəfərlərini görmür, yoxsa səlahiyyətində deyil? Səlahiyyətində deyilsə, lazımi orqanları məlumatlandırırmı? Yoxsa yenidən dövlət başçısı məsələyə qayıtmalıdır?

Zülfiyyə Quluyeva: "Avtomobillərin qanunsuz parklanmasına məndə qarşıyam. Sağ olun, Azadlıq prospektini xeyli təmizləmisiniz. Hər gün evə əvvəlkindən rahat gedirəm. Buna görə BNA ya ürəkdən minnətdaram. Bu prospektin ABŞ səfirliyindən 28-ə dək yolun hər iki tərəfi minik maşını idi. Hətta son vaxtlar iki cərgə saxlayırdılar. Əsəb keçirdirdim evə gedib çıxınca. Amma məncə ən azı taksilərlə bağlı nəsə fikirləşmək lazımdı. Əldə zənbil elə yer olur orada düşməlisən, amma iki dəqiqəyə də cərimə gəlir deyə saxlamırlar. Bir dəqiqə sərnişin düşürtmək parklanma deyil. Buna nəsə əncam çəkilsə əla olar”

pia.az



Şərh yazın.

Azad

Jurnalist olmaqla deyilki.Sən axı niyə öz maşınını lap 20 saniyədə olsa qanunsuz yerdə parklayirsan?Olmazki öz hərəkətinizlə başqasına nümunə olasınız?Əgər Sizi qanunsuz hərəkətinizə görə cərimələyiblərsə,barı bunu reklam etməyin.Bu utandırıcı haldır!


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar