Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəziləri pul verib filmə çəkilirlər...” – “Bizim mədəni halımız” Firəngiz Mütəllimovanın baxış bucağında

Xalq artisti: “Əvvəllər hamı Bəhər müəllimin qızı deyirdi, səhərisi gün Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirdilər”.

Firəngiz Mütəllimova: “Aktyor maaşı yaxşı olsa, gənc aktyorlar vaxtında evlənərdilər”.

“Bizim mədəni halımız” silsiləsindən PİA.az-ın növbəti həmsöhbəti xalq artisti Firəngiz Mütəllimovadır.

PİA.az “Bizim mədəni halımız” silsiləsindən Azərbaycanın xalq artisti Firəngiz Mütəllimova ilə olan müsahibəni təqdim edir:

- Firəngiz xanım, Şuşadan Bakıya gələn bir tələbə qızın məşhurluğu necə başladı? O günün hisslərini xatırlayırsınız?

- Məşhurluğum bir günün içində baş verdi. O vaxtlar Azərbaycan Televiziyasında “Məktəblilərin rəqs salonu” verilişi vardı. Həmin verilişin təşkilatçısı Kamal Həsənov idi. Mən həmişə uşaqlarla birlikdə “Fincan-fincan” milli rəqsini oyanyırdım. Tələbə vaxtlarımdan da çox aktiv olmuşam. Dövlət Pantomim Teatrının direktoru Bəxtiyar Xanızadə ilə başqa-başqa universitetlərdə aparıcılıq edirdim. O, məndən iki kurs yuxarıda oxuyurdu. IV kursunda oxuyanda rəhmətlik Telman Adıgözəlov ilə gənclik estrdasının aparıcısı oldum. Gənclik estradası sanki bir səs saldı. Məsələn, müğənni Şəbnəm Tapdıq ilk dəfə fransız dilində bizdə oxudu. Onu bu estradadan sonra kəşf etdilər.


Firəngiz Mütəllimova: “Yaşar Nuri deyib ki, “Nə bilim vallah. Gəncdir, elə gülə-gülə teatrda gəzir. Bilmirəm, rolu oynaya bilər, ya yox”.

Bir gün quruluşçu rejissor Tariyel Vəliyev "Səni axtarıram" filmini çəkmək istəyirdi. Mənim gülüşüm onun yadında qalıb. Gülüş Elçin obrazını (Yaşar Nuri) əsəbləşdirməli idi. Tariyel müəllim məni soruşanda Yaşar Nuri deyib ki, “Nə bilim vallah. Gəncdir, elə gülə-gülə teatrda gəzir. Bilmirəm, rolu oynaya bilər, ya yox”. Daha sonra məni sınaq çəkilişinə götürdülər. O vaxt indiki kimi deyildi. Kimi gəldi, çəkilişə götürmürdülər. Bədii Şura vardı və bu şuradan keçəndən sonra rəhmətlik yazıçı Aslan Qəhrəmanov dedi ki, mənim əsl axtardığım Gülnar obrazı budur. Beləliklə, çəkiliş baş tutdu. Mən o filmə çəkiləndə bilmirdim ki, axşam yatıb səhər duranda məşhurluğun pik səviyyəsinə qalxacağam.

Atam rəhmətlik deyirdi ki, bir gecə də necə dəyişiklik oldu. Əvvəllər hamı Bəhər müəllimin qızı deyirdi, səhərisi gün Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirdilər. (gülür - red). Sonradan sevgi məktubları da gəlməyə başlamışdı. Məşhurlaşmağım partlayış kimi bir şey oldu.

- Firəngiz xanım, Sovet mədəniyyəti ilə müstəqillik dönəminin mədəniyyəti arasında nə kimi fərqlər görürsünüz?

- Sovet dövründə tamaşaları oynayanda çox sıxılırdıq. Məsələn, rəhmətlik İlyas Əfəndiyev uzaqgörən idi. Savalan dağlarından tutmuş Azərbaycanın bütün dərdini, hətta dini də pyeslərdə qoyurdu. Halbuki həmin dövrlərdə İslam dini yasaq idi.

O vaxtı rəhmətlik Heydər Əliyev “Xurşidbanu Natəvan” tamaşasına gələndə sonunu çox həyəcanla gözləyirdik. Natəvanın son monoloqunda deyilirdi ki, bizi öz azadlığını, xoşbəxtliyini tapmış azad Azərbaycan gözləyir. Rəhmətlik Amalya xanım Pənahova tamaşanı bu sonluqla bitirəndən sonra reaksiyaların necə olacağına dair çox narahat idik. Heydər Əliyev bizi ayaqüstə alqışladı.

İndiki dövrlə müqayisədə o vaxtlar hər şey bir az başqa cür idi. Ciddi dəyişiklik internet, sosial şəbəkələrin mövcudluğu ilə bağlıdır. İndi internet vasitəsilə nəyə istəsən baxmaq olur. Məsələn, İngiltərə teatrı Bakıya gəlib, “Hamlet” tamaşasını oynayanda Azər Paşa müəllimə bu tamaşaya “Youtube” vasitəsilə baxdığımı bildirdim. Yəni, əvvəllər beynimizin 5 ilə aldığı informasiyanı indi çox tezliklə əldə edə bilirik. Fərq sadəcə qadağalarla bağlı idi.

- Hazırda teatrlarımızın vəziyyətini necə dəyərləndirirsiniz?

- Teatrlarımızın hazırkı vəziyyəti tam yaxşı olmasa da, qənaətbəxşdir. Bir ara çox durğunluq olmuşdu. Əvvəlki illərə nisbətən indi yaxşıdır. Mən hazırda İlyas Əfəndiyevin “Qarabağnamə” və Cəfər Cabbarlının “Almaz” əsərində oynayıram. Gördüyüm qədəriylə zal tamaşaçılarla dolu olur və sonuna qədər də izləyirlər. Əslində açıq deyim ki, teatra maraq azalıb. Mənim tək istəyim aktrisa və aktyorlara qayğının göstərilməsidir.


Firəngiz Mütəllimova: “Əməkdaşlıq etdiyim rejissorların işləri məni qane edir. Gənc rejissorlarla hələ işləməmişəm, amma işləmək istərdim. Onların fəaliyyəti mənə maraqlı gəlir”.

- İndi əvvəlki səviyyədə rejissorlarımız və truppalarımız varmı, yoxsa teatrlarımızda odu söndürüb, külü ilə oynayırlar?

- Oynadığım tamaşalardan biri rejissor Fərahim Fərzəlibəyov, digəri Azər Paşa Nemətovun quruluşundadır. Hər iki rejissorla illərdir ki, bir çox tamaşalarda əməkdaşlıq etmişəm. Bundan başqa, rejissor Bəhram Osmanovla da işləmişəm. Yəni, əməkdaşlıq etdiyim rejissorların işləri məni qane edir. Gənc rejissorlarla hələ işləməmişəm, amma işləmək istərdim. Onların fəaliyyəti mənə maraqlı gəlir.

- 1970-80-cı illəri necə xatırlayırsınız? Həmin illərdə və ondan əvvəl mövcud olan teatr məktəbi hələ də Azərbaycanda yaşayırmı? Yaşamırsa, səbəbi nədir?

- Həmin illərdə mövcud olan teatr məktəbinin indi yaşadığını deyə bilmərəm. Mən 1976-cı ildə universitetə girəndə səhnə hərəkətləri, rəqslər, idman, aktyor sənətinin dərsləri çox fərqli idi. Mən əvəllər universitetdə dərs deyirdim. Bu ildən universitetdən çıxdım. Çünki səhhətimlə bağlı vaxtımın müəyyən hissəsini özümə ayırmaq istəyirəm.

Mövcud vəziyyətdə universitetdə dərs saatları da azalır, amma səbəbini bilmirəm. Biz o vaxtı “Diplom”, “Şekspir” tamaşası oynayanda hər şeyimiz var idi. Ancaq indi məcbursan ki, hər şeyi gəlib teatrdan götürəsən. Əlimizdə olanlar isə qanedici deyil.

- Siz bir müddətdir ki, Türkiyəyə gedib gəlirdiniz. Müsahibələrinizin birində Türkiyəni Bakı kimi əzbər tanıdığınızı qeyd etmişdiniz. Məktəb və peşəkarlıq baxımından Türkiyə teatr səhnəsi barədə nə deyə bilərsiniz? Azərbaycan teatr sənətini Türkiyə teatr sənətindən fərqləndirən nələr var?

- Azərbaycan teatr sənəti ilə Türkiyə teatr sənəti arasında çox böyük fərqlər var. Bizim teatr səhnəsi daha yaxşıdır. Mən həmişə demişəm, ən gözəl məktəb Sovet məktəbidir. Yəni, Stanislavskinin qoyduğu sistemdir.

Dünya ulduzu, hindistanlı aktyor Şahrux Xan deyib ki, 6 il filmlərə sadəcə çəkilib. Nə desələr, onu da edib. Ancaq bir gün İngiltərədə dostu Konstantin Stanislavskinin kitabını verib və bu kitabı oxuyandan sonra “gülə-gülə ağlamaq”la “ağlaya-ağlaya gülməyin” nə demək olduğunu başa düşüb. O kitabdan sonra çəkildiyi filmlərdə rejissorun istədiyi kimi yox, öz içindən gəldiyi kimi oynamağa başlayıb. Nəticədə daha çox tanınıb və sevilib.

Azərbaycan teatr məktəbi çox güclüdür. Türkiyə teatr məktəbi heç vaxt bizimki qədər ola bilməz. Biz tamaşa oynayanda türklər bizə “canlı əfsanələr” deyirdilər, fitə basırdılar. Teatrı deyə bilmərəm, amma bizim seriallarda əskiklik çoxdur.

Birincisi, oğurluğun olmasıdır. Düzdür, türklər də digər ölkələrdən filmlər, seriallar oğurlayırlar. Ancaq rolu çox gözəl, təbii təqdim edirlər. Onların 5 yaşlı uşağı bizim bəzi aktyorlardan daha qəşəng oynayır. Çünki onlarda kastinq düzgün keçirilir və dərslər yüksək səviyyədə verilir. Bu fikrimə görə heç kim məndən inciməsin. Onlar bir silahı tutmaq üçün 6 ay məşq keçirlər, bizdə isə belə məşqlər yoxdur.

Mən aktyor Kadir İnanırın çəkiliş meydançasında olmuşam. Hər şey hazır idi. İşıqların hamısının Amerikadan gətirildiyini demişdilər. Düşündüm ki, çəkiliş uzun çəkəcək. Kadir İnanırın bir dəqiqəlik gəlişi və Oktay Çakırın bir kəlimə söz deməsi ilə çəkiliş bitdi. Bu baxımdan biz çox zəif və geridəyik. Teatrı yaşatmaq üçün yaxşı dramaturq və rejissor, serialı yaşatmaq üçün gözəl ssenarist lazımdır.

Firəngiz Mütəllimova: “Azərbaycan teatr sənəti ilə Türkiyə teatr sənəti arasında çox böyük fərqlər var. Bizim teatr səhnəsi daha yaxşıdır. Mən həmişə demişəm, ən gözəl məktəb Sovet məktəbidir”.

- Ancaq maraqlı bir nüans var ki, bizim Sovet dövründə çəkilən filmlərimiz türklərin həmin dövrdəki filmlərindən heç də geri qalmır...

- Çünki o vaxtlar məktəb var idi. Baxın, dərs dediyim tələbələrdən teatrı sevən burada qalıb, çoxu sənətdə qalıb. Lakin bütün hallarda əsl aktyorlar və aktrisalar bir kənarda qalır. Düşünürəm ki, bu bi dönəmdir və zamanla bitəcək.

- Bəs, sonu necə olacaq?

- Bilmirəm. Hər halda yaxşı olar.

- XXI əsr tamaşaçısının teatra və kinoya marağı sizi qane edirmi?

- İndiki tamaşaçılar kinoya daha çox meyllidir. Lakin təəssüf ki, çəkilən yerli kinolarımızın hamısı eynidir. Son dönəmlər Türkiyədə də bu cür oxşar filmlər çəkilir. Düzdür, onların lirik-dramatik kinoları insanın gözündə yaş əmələ gətirir. Bəzən olur ki, aktrisa ağlamır, amma ağladır. Və ya gözündən yaş gedir, hamı gülür. Əsas məsələ obrazını hiss etməkdir.

- Bu yaşdan sonra hansı məşhur rolu ifa eləmək istərdiniz? Eyni zamanda oynamaq istədiyiniz və oynaya bilmədiyiniz rol olubmu?

- Ürəyim istəyən bütün rolları oynamışam. Mənim üçün rolun böyüyü, kiçiyi yoxdur. Rolun hissi, həyəcanı önəmlidir. Mən aktyor Ağasadıq Gəraybəylini 90 yaşında görmüşəm. Gözləri də görmürdü. “Xurşidbanu Natəvan” tamaşasında işıqlar sönəndə qolundan tutub, səhnəyə gətirirdim. Səhnə açılanda beş dəqiqə alqış, iki kəlmə söz deyib gedirdi.

Şəhid anası, bir Qarabağ qaçqını rolunu oynamaq istərdim Ailəmin yaşadıqları, özümün eşitdiklərim və gördüyüm bəzi məqamları bir rol kimi oynamaq istərdim. Bu rol üçün canımı qoyardım. Bundan başqa, istədiyim bütün rollarda oynamışam.

- Gənclər arasında tərəf-müqabili olmaq arzusunda olduğunuz aktyor və ya aktrisa varmı?

- Mən həmiş gənclərlə oynayıram. Ancaq tərəf-müqabili olmaq üçün ürəyim gedən bir gənc aktyor və ya aktrisanın olduğunu düşünmürəm. Öz tələbələrimlə böyük məmnuniyyətlə oynamaq istərdim. Bu sənətin elə sirrləri var ki, onları ancaq tələbələrimə demişəm.

Bu sənətdə hər aktyor və ya aktrisanın öz metodları var. Məsələn, rəhmətlik Yaşar Nuri səhnəyə gələndə əl çalmasalar, sözə başlamırdı. Onsuz da Yaşar Nurini həmişə alqışlayırdılar. Rəhmətlik İlyas Əfəndiyev deyirdi ki, səhnəyə çıxmamış, səhnə arxasında özünüzə deyin ki, “Burada mənəm, Bağdadda kor Xəlifə. Heç nədən çəkinmədən, çıxın”.

Firəngiz Mütəllimova: “İndi hər şey tərsinədir. Eşitdiyim qədəriylə, bəziləri pul verib filmə çəkilib. Onların içində yaşlılar da var...”.

- Hazırda aktyorlar nə qədər maaş alırlar? Bu maaş geninə-boluna demirəm, sadəcə keçinmək üçün yetərli olur?

- Bilirsiniz ki, hazırda dünyada iqtisadi böhran yaşanır. Maaşdan başqa, hər şeyin qiyməti artır. Əslində heç kimin pul kisəsinə müdaxilə etmək düzgün deyil. Ancaq mən inanıram ki, hər şey yaxşı olacaq. Aktyor maaşı yaxşı olsa, gənc aktyorlar vaxtında evlənərdilər. Çox istərdim ki, gənclərə, aktyorlara diqqət və qayğı yüksək qiymətləndirilsin, gənclər evlə təmin olunsun, maaşları artsın. Mən bu şöhrətlə Türkiyədə yaşasaydım, indi mənim çox şeylərim var idi. Türkiyədə aktyorlar bizim kimi maaşla işləmirlər. Bu yaxınlarda bizimkilər tərəfindən bir filmə dəvət aldım. Dediyim qiymətin aşağı olduğunu düşündüyüm halda, birdə mənə zəng etmədilər. İndi hər şey tərsinədir. Eşitdiyim qədəriylə, bəziləri pul verib filmə çəkilib. Onların içində yaşlılar da var. Əslində bu kimi insanlara acığım tutur.

- Bilirik ki, bizim cəmiyyətdə hamının əlavə qazanc mənbəyi olur. Olmasa mümkün deyil. Aktyor və aktrisaların əlavə qazanc mənbəyi olur, olursa haradan və necə?

- Aktyor və aktrisaların əlavə qazanc mənbəyi filmlər və seriallardır. Bəzi aktyor və aktrisala prezident təqaüdü alır. Bu da yardımçı vasitədir. Arzu edirəm ki, gənc aktyor və aktrisalara da qayğı göstərilsin.

- İncəsənət Universitetində 12 il dərs demisiniz. Bəs, indi niyə dərs demirsiniz?

- Bəli, 12 il dərs demişəm. İndi də yazıb xahiş edirlər ki, özəl tələbələr hazırlaşdırım. Sadəcə vaxtım yoxdur. Dərs dediyim vaxtlarda həm həftədə 3 dəfə günüm gedirdi, həm də I kurslara söz verirdim ki, kursu birlikdə bitirəcəyik.

- Tələbələrinizdən sizin yolunuzu davam etdirəcək davamçınız varmı?

- Mən hələlik tələbələrimi müşahidə edirəm. Onların bir-iki rollarına baxandan sonra hansının davamçım olduğunu deyəcəyəm. Hazırda tələbələrim seriallarda, tamaşalarda oynayırlar. Onların bəhrələrini görürəm.

Tələbələrimin içindən rejissor olanlar da var. Son illər Cavidan Kəsəmənli Türkiyənin “Sinema Güzeli Yarışması” adlı müsabiqəsinin qalibi oldu. Digər tələbəm İmran Ali Qurban ilk gündən daim yanımda olub. Mən teatrı sevən aktyorları daha çox sevirəm. Hələlik davamçım kimi İmran Ali Qurbanı görürəm. Seriallar, filmlər mənim üçün kirayə evdə qalmaq kimidir. Ancaq teatr öz evimdir.

- Flora Kərimovanın səsləndirdiyi mahnıda belə bir hissə var. “Sevgimiz elə bu qədərmiş. Məhəbbət qürbətə gedərmiş?"” Məhəbbətin qürbəti nə qədər uzaqdır?

- Məhəbbət elə bir şeydir ki, onun məsafəsi yoxdur.

- Bəs, dönüb geriyə baxanda, nə olmalıydı, amma olmadı?

- Dönüb geri baxanda anlayıram ki, Şuşasız mənə çox çətindir. Hər dəfə anamla atamın qəbrini ziyarət edəndə deyirəm ki, kaş Şuşada dəfn olunardılar. Həyatımda “kaş ki”lər var...Lakin şükür Allaha, mənə tamaşaçı məhəbbəti verib. Bu məhəbbəti pulla almaq mümkün olmur.

- İndiki həyatınızdan razısınız?

- Hər kəs kimi bir gün razı, bir gün narazıyam.

- Nə vaxtsa bir gün unudulacağınızı düşünürsünüz?

Ardı var...

Gülşən ŞƏRİF
Nərminə UMUDLU
Gülyanaq İSMAYILQIZI
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar