Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ABŞ prezidentinin ailəsində parçalanma - Araşdırma

Xüsusi prokuror Trampı küncə sıxıb

Ergün Diler

“Takvim”, Türkiyə, 16 fevral 2019-cu il

ABŞ daxilində gedən mübarizəni anlamadan dünyada yaşanan böhranı, gərginliyin artmasını, xaosu anlamaq imkanı, demək olar ki, yoxdur. Media baş verən hadisələri anlamaqdan və anlatmaqdan uzaqdır. Ya anlamırlar, ya da anlada bilmirlər. Məncə, mövzudan çox uzaqdırlar.

Ağ Ev hər gün silkələnir, amma bu, bizə çatmır. Orada taxt uğrunda gedən mübarizə dünyanın hər bir ölkəsində – Çindən Türkiyəyə, Səudiyyə Ərəbistanından Kanadayadək hiss edilməkdədir. Dünən etdiyimiz kimi, özümüzdən söz açaq.

Xatırlayın, çox yazdım, söylədim. “Təkcə Tramp deyil, yaşayan bütün prezidentlərə Ağ Evdə yan-yana otaq verilsə, hamısı prezident səlahiyyətlərindən istifadə etsə belə, ABŞ-ın Orta Şərqdən çıxıb getməsi mümkün deyil” deyərək, tez-tez təkrar etdim. Çünki Pentaqonun dərdini, nə etmək istədiyini bilirəm. Nə kürd kartını, nə Aralıq dənizinə çıxış qapısını, nə də neft-qaz bölgəsini buraxa bilər. Buraxdığı an özləri üçün davamlılıq – gələcək problemi başlar. İŞİD-in Əfqanıstan və Orta Asiyada məskən saldığını yazdığım kimi, YPG kartını da çox işlədim. Bu köşədə çox yazdım.

Bir nümunə da verim. ABŞ-ın Mərkəz Qüvvələrinin (CENTCOM) komandiri general Cozef Votel, ABŞ Prezidenti Donald Trampın hərbçilərin Suriyadan geri çəkilməsi haqqında verdiyi qərarı doğru hesab etmədiyini və İŞİD-in hələ məğlub edilmədiyini söyləyib.

Votel ABŞ-ın Orta Şərqdə apardığı əməliyyatlara görə məsuliyyət daşıyan ən yüksək səviyyəli hərbi vəzifəli şəxsdir. Deyir ki, Tramp yanlış qərar verib, geri çəkilmə onun istədiyi kimi ola bilməz. Bunu açıq və aydın şəkildə dilə gətirir. Yəni, sizə tez-tez verdiyim məlumatı o da zərfin içinə qoyub Ağ Evə yollayır.

Vəziyyət belədir. Orada gedən mübarizənin bizə necə təsir etdiyini görürsünüzmü? Gedən mübarizəni bir az da açaq.

ABŞ Prezidenti Trampın ciddi formada sovrulmasının, verdiyi açıqlamaların tutarsız olmasının tək bir səbəbi var. O da xüsusi prokuror Robert Müllerdir. Trampın keçmiş vəkili Maykl Kohen onu və ailəsini bitirə bilər. Bu təhlükə ortadadır. Tramp da bunu bilir. Çünki Kohen, Tramp ailəsini çətin vəziyyətə salacaq rus iş adamı Feliks Saterlə olan yazışmalarını və danışıqlarını Müllerə təslim etdi. Sater, çox önəmli, çox ağıllı və çox nüfuzlu bir oyunqurucudur. Ancaq Müller və arxasındakı gücün dərdi “üzüm yemək deyil, bağbanı döymək”dir.

Yazışmalarda yer alan ən mühüm məqamlardan biri – Saterin “İvanka Trampın Moskvaya gəlməsini istəyirəm. Putinlə görüşdürəcəyəm. Ancaq sizdə bu görüşlə bağlı bir əndişə sezirəm. Putin əsla məni qırmaz. Görüş istədiyim zaman verir” yazdığı bölüm Mülleri həyəcanlandırıb. Çünki Feliks Saterlə Trampın biznes əlaqələri sirr deyil. Lakin Müller bu elektron məktublarla Trampı sıxışdıracağnı düşünməkdə, buna görə plan qurmaqdadır.

Kohenin verdiyi məlumatlarda Türkiyənin də adı keçir. Müllerə verilən məlumatlar arasında bir görüş haqqında informasiya da var. Müller, Trampın güvəndiyi bir iş adamını Türkiyəyə göndərməsinin, onun Saterin köməkçisi və bir türklə toplantı keçirməsinin 2016-cı ildəki prezident seçkilərinin birbaşa öncəsinə təsadüf etməsinə də bel bağlamış durumdadır.

Bütün bu məlumatları toplayan Müllerin öz yaxınlarına “Trampla Rusiya iç-içə keçmiş durumdadır. Bu, ABŞ-ın dövlət sirləri üçün risk təşkil edir. Rusiyanın seçkilərə müdaxilə etməsindən daha təhlükəli bir problemlə qarşı-qarşıyayıq. ABŞ-ın milli təhlükəsizliyinin şübhə altına alındığını görürük və lazımi addımları atacağıq” dediyi məlumdur.

Bu, ABŞ mediasının önəmli şəxsləri tərəfindən də dilə gətirilir. Doğrusu, dosyelər uçuşur. Müller və arxasındakı güc bu işi durmadan qaşıyır. Tramp prezident olmadan öncə nə verə bilər? Nə ala bilər? Prezident olsa nə verə bilər

Atdığı hər bir addımı 24 saat ərzində izlənən biri prezident olsa da, əli rahat olmaz. Amma dərd başqadır.

Müller, Trampı “Rusiya təhqiqatı” ilə əlaqələndirdiyi anda “Ağ Evi qorumaq üçün bu təhqiqat işini təxirə sala bilər” tezisi də zədələnə bilər. Çünki FTB direktoru vəzifəsinin sabiq icraçısı Endryu MakKeyb, sabiq FTB direktoru Ceyms Kominin vəzifədən azad edilməsinin həmən ardınca çox önəmli bir diskussiyanın getdiyini etiraf edib. MakKeyb, “Ədliyyə Nazirliyinin ən yüksək səviyyəli vəzifəli şəxsləri ABŞ Prezidenti Donald Trampı vəzifədən uzaqlaşdırmaq üçün saatlarla görüş keçirib. Nazirlikdə keçirilən görüşdə ABŞ Konstitusiyasının 25-ci maddəsinin müzakirə edildiyini bilirəm. O toplantıda iştirak edən hər bir şəxsin Trampın Rusiya ilə əlaqəsinə görə həmən cəzalandırılmasını istədiyi gizli deyil” deyib. Yəni, Komi ilə birlikdə Trampın da getməsi məsələsi masaya gəlibmiş.

Vaşinqtonun otel dəhlizlərində Müllerin özəl bir iş apardığı da qulaqdan qulağa yayılan bir “sirr” olaraq danışılmaqdadır. Müllerin sadəcə Trampı deyil, həyat yoldaşı Melanya Trampı, qızı İvanka Trampı və kürəkəni Cared Kuşneri də təhqiqata cəlb edəcəyi və onlara ağır cəzaların veriləcəyi dilə gətirilməkdədir.

Bu, təəccüblü formada sürətlə dövriyyəyə soxulmaqdadır. Çünki artıq Vaşinqton iki yerə parçalanıb. Bunu görmək üçün diqqətlə baxmağa ehtiyac da yoxdur. Trampın “silkələnməsi”nin arxasındakı həqiqət Müllerin artıq öz addımlarını sıxlaşdırmağa başlamasıdır.

Trampın bu hücuma qarşı gözləmə mövqeyində qalacağını düşünənlər varsa, yanılırlar. Çünki əgər Tramp küncə sıxışdırıldığını hiss edərsə, ABŞ-da çox adamın canını yandırar. Həm də elə belə deyil. Tramp bu dünyada ən çox özünü istəyir. Nə həyat yoldaşı, nə də qızı özündən öncə gəlmir. Kürəkəninin bu siyahıya girmə şansı isə heç yoxdur. Tramp, savaşmağı da sevən biri olaraq, mütləq qarşı tərəfə zərər verəcək.

Robert Müller də bunu çox yaxşı bilir. Ona görə də işin diqqətlə, yavaş formada irəlilədilməsini istəyir. Bu yavaşlama bəzi dövrlərdə Trampın daha da güclənməsini təmin etsə də, Müllerin əlindəki “Kohen kozırı” çox güclüdür. Çünki Kohen Trampla keçirdiyi görüşlərin 200-ə qədərini qeydə alıb. Bu qeydlərin içində ABŞ dövlətinə qarşı söylənmiş ağır sözlər də var. Bunun özü belə, Trampın ABŞ-da böyük əziyyət çəkməsi üçün yetərlidir.

Təbii ki, Trampa qarşı olan güc onun ABŞ prezidenti olduğunu bilir və mövqeyinin ən az formada zərər görməsini istəyir. Bəlkə də buna görə, Tramp ailəsi içindəki qeyri-müəyyənlik artır. Tramp ailə daxilində birliyin təmin edilə bilməyəcəyini anlayıb. Melanya Trampla qızı və kürəkəni artıq heç bir şəkildə danışmırlar. Bir-birinə salam belə vermirlər. Onların birlikdə iştirak etməli olduqları bir çox tədbir ləğv edilib. Ya da Birinci xanım (First Lady) bəhanə gətirərək, iştirak etməyib.

Ağ Ev daxilində gərginliyin artması da, federal hökumətin qapalı olması da Trampın işinə gəlir. Çünki qapalı hökumət Trampı gücləndirir.

Hökumətin qapalı qalmasını təmin edən güclə Trampın eyni düşüncədə olduğunu artıq bilirik. Qapanan hökumət bir çox məsələ ilə bağlı Amerika xalqını çətin vəziyyətə salır və bu səssiz haray artıq hər yerdən duyulan hala gəlib. Trampın komandası bu harayı sonlandırmaq üçün bir neçə həftə içində addım atacaq. Təminat verəcək.

Bu belə, iki gücün daha öncə heç olmayan səviyyədə şiddətlə qarşı-qarşıya gəldiyini göstərməkdədir. Bu məsələ ilə bağlı bəzi təşəbbüsləri olsa da, Trampın onlarla problemi var. Bir çoxunun hədəfi tamamilə özüdür. Bu da Trampın ağıllı və diqqətli qərarlar verməsini əngəlləyir. Ağ Evdə yalnız bir Prezident var. Və təəssüf ki, ailəsinin bu məsələ ilə əlaqədar edə biləcəyi bir şey də yoxdur. Öz ölkəsi Prezidentlə müharibə aparmaqdadır.

Trampın qalması da, getməsi də dünyaya dərindən təsir edər. Qalarsa, kimin yanında olacağı önəmlidir. “Dərin Amerika” qalib gələrsə və Trampı nəzarət altına alarsa, şiddət dolu əməliyyatlara imza atmaqdan çəkinməyən bir prezident görərik. Əksinə olarsa, Tramp Pentaqondan uzaq durarsa, şiddət ABŞ-ın özünün daxili problemi olar. Ancaq ordu, silah lobbisi ilə birlikdə “qazan qaldırmış” vəziyyətdədir.

Pompeo nə dedi? Dedi ki, “Rusiya NATO-ya zərər vermək, onu dağıtmaq istəyir. AB də PESKO ilə NATO-ya alternativ yaratmaq niyyətindədir. Bilirik və lazım olanı edəcəyik”.

Müharibənin hansı güclər arasında getdiyi də, hədəflər də məlumdur. Tramp bundan kənarda qala bilməz. Heç kim qala bilməz.

Pompeo ilə Mattis, Danford və Voteli yan-yana qoyun. Ordu Trampa qarşıdır. Məsələnin mahiyyəti budur. Tramp da onlara qarşıdır.

İŞİD-in yeni tapşırıq yeri, YPG, PESCO, “İpək yolu”, “Sarı jiletlilər”, Kipr, Aralıq dənizi, yəni gündəlikdə olan nə varsa, hamısında dalğanın başladığı yer Ağ Evin dəhlizləridir. Tramp qazanarsa, hər kəs nəfəs alar, uduzarsa, nələrin olacağını yaşayıb görəcəyik.

Tərcümə: strateq.az

pia.az

Etiket: ABŞ Tramp

Şərh yazın.

loading...