Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Mətbuat Şurasının sədri Akif Aşırlını yubileyi münasibəti ilə təbrik edib

Azərbaycanın tanınmış ziyalısı və jurnalisti, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının 50 yaşı tamam olub

Bu münasibətlə Mətbuat Şurasının sədri Əflatun Amaşov yubilyarı təbrik edib.

PİA.AZ dəyərli Akif Aşırlını təbrik etməklə, MŞ sədrinin onun ünvanına yazdığı təbrikin mətnini yayır:

Bu gün Azərbaycan mətbuatında, elmində, ictimai-siyasi mühitində öz dəsti-xətti ilə seçilən, öz çəkisi və mövqeyi olan dostum, dəyərli ziyalı Akif Aşırlının doğum günüdür. 50 yaşı tamam olur.

Akif Aşırlı deyəndə heç şübhəsiz, ilk növbədə yada düşən “Şərq” qəzetidir. Akifin adı çəkiləndə neçə-neçə kitablar, elmi tədqiqatlar da göz önünə gəlir. Onun tarix üçün etdikləri haqqında ayrıca söz açılacaq, geniş danışılacaq mövzudur. Amma hesab edirəm ki, Akif Aşırlı imzasını Azərbaycanın ictimai rəyinə qazandıran jurnalistikadır, elə “Şərq”in özüdür.

Akif Aşırlı şərəfli və ləyaqətli simadır, jurnalistikada peşəkarlıq örnəyidir, məktəb yaratmış baş redaktordur. Akif Aşırlı eyni zamanda qayğıkeşdir, sadəqətlidir, prinsipialdır. Daxili təmizliyindən, saflığından irəli gələn çılğınlığı var.

50 yaşlı dostum əsl ideya adamıdır. Vətənpərvərliyini, doğma yurd-yuvasına, soykökünə bağlılığını yaradıcılıq müstəvisinə gətirməyi bacaran bütövlük nümunəsidir. Həm həssas yanaşmasına söykənən peşəkarlığına, həm də daxili keyfiyyətlərinə görə dostlarının, onu tanıyan hər kəsin sevimlisidir. Onu tanıyanlar və sevənlər isə əminəm ki, çoxdur.

Akif Aşırlını ürəkdən təbrik edirəm. Yaşadığı mənalı ömrü uzun olsun. Arzu edirəm ki, onu hər zaman sağlam və gümrah görək. 50 yaşının sevinc payı yeni yaradılıcıq uğurları da gətirsin. Nəcib əməllərə köklənmiş bu Vətən oğlunun uğurlarının davamlılığı ölkəmiz üçün faydalıdır.

50 yaşın mübarək, əziz dost!"

pia.az

Şərh yazın.

loading...