Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanda inqilab tərəfdarı olanları siyasi avantürist hesab edirəm" - Sərdar Cəlaloğlu

"Azərbaycan Xalq Hərəkatı "inqilab, inqilab" deyir, şəxsən mən inqilab tərəfdarı deyiləm"

"Liderlərin, xalqın qabağına çıxan adamların bir çoxu siyasətin nə olduğunu, onun əlifbasını bilmir".

"Xalq inqilab edəcək qədər gücə malikdirsə, onda seçkiyə gedib hakimiyyəti dəyişə bilər"

Bugünlərdə, daha dəqiq desək, fevralın 9-da Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında 15-ə yaxın qeydiyyatdan keçmiş partiyanın rəhbər şəxslərinin, funksionerlərin toplantısı olub. Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlunun dəvəti ilə baş tutan görüşdə Azərbaycanda seçki taktikası mövzusu müzakirə edilib. Məsələnin maraqlı tərəfi ondadır ki, sözügedən toplantıya bir neçə gün qalmış və ondan sonra belə bir məlumat yayıldı ki, guya ADP sədri Azərbaycan Xalq Hərəkatını (AXH) parçalamaq, ona alternativ birlik yaratmaq iddiasındadır. Məhz elə bu səbəbdən də məsələ ilə bağlı daha ətraflı malumat almaq, eyni zamanda digər mühüm mövzulara dair mövqeyini öyrənmək məqsədiylə ADP sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə mühüm mövzularla bağlı söhbətləşdik.

"Bu tədbiri Azərbaycan Xalq Hərəkatına alternativ birlik yaratmağa çalışmaq kimi təqdim etmək, ən azı siyasi savadsızlıqdan başqa bir şey deyil"

- Sərdar bəy, ilk öncə toplantının məqsədi ilə bağlı daha geniş məlumat verməyinizi istərdik. Çünki belə bir iddia səsləndirilir ki, partiyaları bir araya yığmaqda məqsəd AXH-nı parçalamaq, həmin formatda yeni birlik yaratmaqdır.

- Əvvəla, onu deyim ki, Azərbaycan Xalq Hərəkatı 2-3 aydır təsis olunub. Azərbaycan Demokrat Partiyası isə 1990-cı ildən fəaliyyət göstərən siyasi partiyadır. Ona görə də bizim bu 30 ildə ardıcıl olaraq həyata keçirdiyimiz aksiyalardan biri olaraq belə bir tədbiri təşkil etməyimizi guya Azərbaycan Xalq Hərəkatına alternativ birlik yaratmağa çalışmaq kimi təqdim etmək, ən azı siyasi savadsızlıqdan başqa bir şey deyil. Biz onsuzda ənənəvi olaraq hər il seçkilərlə, müxtəlif siyasi məsələlərlə bağlı bir sıra siyasi partiyaların iştirakı ilə toplantı təşkil edirik. Bu qəbildən olan son toplantının Azərbaycan Xalq Hərəkatına alternativ olmamasının dəlillərindən biri də siyasi partiyaların iştirakı ilə baş tutan tədbirə adıçəkilən hərəkatının həm idarə hetyətinin bütün üzvləri ilə yanaşı, onun rəhbəri İsgəndər Həmidovun da dəvət olunmasıdır.

Ümumiyyətlə, Azərbaycanda qəribə siyasi tendensiya müşahidə olunur. Belə ki, kimsə bir təşəbbüs qaldırırsa, yol göstərirsə, digərləri dərhal həmin təşəbbüsün, bütün istiqamətlərdə proseslərin getməsinin qəti əleyhinə çıxır və bu prosesləri özünə qarşı bir xəyanət, satqınçılıq kimi qələmə verməyə çalışırlar. İndi də onlar seçki taktikasının gündəmə gətirilməsini Azərbaycan Xalq Hərəkatına böyük bir zərbə, hökumətin tapşırığı ilə həyata keçirilən aksiya, xəyanət kimi dəyərləndirirlər. Bunlar hamısı əsassız ittihamlardır. Axı, kim deyir ki, biz ancaq yeganə bir yolla gələcəyə gedə bilərik?! Məşhur bir söz var: "Ağıllı kişi öz malını bir gəmiyə yükləməz". Hətta Allah-Təala "Qurani-Kərim"də təriqətlər haqda buyurur ki, siz müxtəlif yollar seçibsiz, seçməyin, parçalamayın. Əgər ayrı-ayrı yollardasınızsa, onda heç olmasa mübahisələrinizi axirətə saxlayın.

Odur ki, Azərbaycanda hakimiyyəti dəyişməyin yollarının - inqilabi, seçkilər və ya küçə hərəkatı - hansının düz olduğunu biz yalnız onun axirəti, yəni hadisənin son nəticəsi ilə bilə bilərik. Hələlik isə nə seçki, nə mitinqlər, nə də inqilabi yolla hakimiyyəti dəyişdirməyin axirəti gəlib çatıb. Axirət yoxdursa, onda sən bu yolların hansının düz, daha effektli və xalqın maraqlarına daha uyğun olduğunu hardan bilirsən?!

"Azərbaycan Xalq Hərəkatının hakimiyyət məsələsi qoymaq ixtiyarı yoxdur"

Bundan başqa, Azərbaycan Xalq Hərəkatı yeni yaranıb, qeydiyyatdan keçməyib və keçmək fikri də yoxdur. O, bir hərəkatdır və siyasi partiyalarla eyni məqsədləri güdə bilməz. Siyasi partiyaların nizamnaməsinə görə, hakimiyyətə gəlmək vəzifəsi var. Xalq hərəkatlarının isə hakimiyyətə gəlmək vəzifəsi yoxdur. Yəni ADP bir partiya kimi mövcuddursa, mütləq hakimiyyətə gəlmək məsələlərini gündəmdə saxlamalıdır. Xalq hərəkatı isə belə bir məsələni gündəmdə saxlamamalıdır. Bu səbəbdən də seçki məsələsini gündəmə çıxardıqda, bunu Azərbaycan Xalq Hərəkatına xəyanət kimi qələmə verənlər bilməlidir ki, elmi şəkildə yanaşdıqda AXH-nın hərəkat olaraq ümumiyyətlə, hakimiyyət məsələsi qoymaq ixtiyarı yoxdur. Yox, əgər Azərbaycan Xalq Hərəkatı da bir partiyadırsa, sadəcə adı xalq hərəkatıdırsa, o zaman adamdan soruşarlar ki, sən başqa partiya, mən başqa partiya, səninlə nə ortaq marağım ola bilər?!

Əgər sən həqiqətən də Azərbaycan Xalq Hərəkatı yaradıbsansa, onda hakimiyyətə gəlmək kimi bir məqsədin ola bilməz. Siyasi partiyaların mahiyyəti isə hakimiyyətə gəlmək olduğuna görə, məqsədlərimiz qətiyyən üst-üstə düşmür ki, mən də sənə alternativ yaradım. Burada əsas problem ondan ibarətdir ki, Azərbaycanda siyasi maariflənmə çox aşağıdır. Hətta liderlərin, xalqın qabağına çıxan adamların bir çoxu siyasətin nə olduğunu, onun əlifbasını bilmir. Bəziləri biliksizlikdən, bəziləri isə avantürist olaraq bu yolun səhv, perspektivsiz olduğunu bilərək, bu cür fikirlər yaymaqla ictimaiyyətdə çaşqınlıq yaradırlar.

- Sizcə, hakimiyyətə gəlməyin ən doğru yolu hansıdır?

- Azərbaycanda hakimiyyətin yalnız mitinqlərlə, yəni elmi dillə desək, küçə demokratiyası yolu ilə dəyişdirilməsini istəyənlər də var, bizim kimi seçki tərəfdarları olanlar da. Azərbaycan Xalq Hərəkatı isə "inqilab, inqilab" deyir. Şəxsən mən Azərbaycanda inqilab tərəfdarı deyiləm. Əgər Azərbaycan Xalq Hərəkatı inqilab ideyasını ortaya atıbsa, mən dərhal ordan uzaqlaşıb onun əleyhinə çıxacam. Çünki inqilablar heç vaxt xalqlara xoşbəxtlik gətirməyib. Bizim dinimiz də cəmiyyətin yalnız tədricən dəyişilməsini əmr edir. Buna görə də "Qurani-Kərim" 22 ilə nazil olub. Allah-Təala "Tövrat" və "İncil"in birdəfəlik, "Qurani-Kərim"in isə tədricən, 22 ilə nazil olma səbəblərini izah edir.

"Tövrat"ın nazil olmasının bir məqsədi olub ki, o da yəhudiləri fironun köləliyindən xilas etməkdir. Bu da birdəfəlik aksiya ola bilər. "İncil"ə gəlincə, Allah-Təala İsa peyğəmbərə vəh etdiyi başlanğıc bilgilərin hamısını əvvəlcədən bir yerdə verib. Lakin Məhəmməd peyğəmbər birdəfəlik aksiya üçün göndərilməyib. O, bütün insanlığa göndərildiyinə görə, İslam dinini qəbul etmək üçün hökmün qəlblərə oturması lazımdır. Bunun üçün də Allah-Təala deyir ki, sizin qəlblərinizi sabitləşdirmək, əqidənizi möhkəmləndirmək üçün "Qurani-Kərim"i tədricən nazil eydim. Bu, o deməkdir ki, inqilablarda heç bir əqidə sabit olmur. Məsələn, "Oktyabr-inqilabı"nda yüzlərlə siyasi lider, bir neçə təşkilat, partiya inqilabda iştirak etdi, lakin sonda "Bolşeviklər" hamısını qırıb qabağa çıxdılar. İran inqilabında yüzlərlə ayətullah şahı yıxdı, tüdəçilər iştirak etdi, ancaq Xomeyni gəlib tüdəçiləri güllələtdirməyə başladı. Yəni məşhur misalda deyildiyi kimi, inqilab öz balalarını yeyir. Odur ki, inqilabların xalqlara heç bir xeyri yoxdur. Əgər Azərbaycan xalqı inqilab edəcək qədər gücə malidirsə, onda seçkiyə gedib hakimiyyəti dəyişə bilər.

Deyirlər ki, seçkilər yolu ilə hakimiyyəti dəyişmək mümkün deyil. Niyə? Çünki bu günə qədər Azərbaycanda seçkilərə 25 faizdən artıq seçici gəlməyib. Onzuda seçicilərin 60 faizi ölkədən kənardadır. Hər məntəqədə təxminən, 1500 seçici varsa, onun 200-300-ü seçkiyə gəlir. Bu halda isə seçkiyə gəlməyən 70 faizin səsini hökumət özünə götürür. Real gələnlərin də bir hissəsi hökumətə səs verəndə, seçkiləri saxtalaşdırırlar. İnqilab isə xalqın ən azı yarısının iştirakını tələb edir. Əgər xalqın böyük hissəsi inqilaba gələcəksə, onda elə qoy, həmin çoxluq seçkiyə gəlsin və hakimiyyəti bu yolla dəyişsin. Bundan başqa, inqilaba gələn adamlar dinc mitinqə gəlsə, bununla da yarım milyon adam mitinqdə iştirak etsə, hökumət dəyişməyəcək? Dəyişəcək. Elə isə onda niyə inqilab, dağıdıb məhv etmək, qan tökmək, ölkədə düşmənçilik toxumu səpmək istəyirsən?! Mən Azərbaycan Demokrat Partiyasının sədri kimi siyasətə gəldiyim ilk gündən Mahatma Qandinin ideyalarını müdafiə etmişəm və həmin ideyaların Azərbaycanda tətbiq olunmasına çalışmışam. Yəni dinc, demokratik mübarizə üsullarına üstünlük vermişəm. Sadəcə, Azərbaycan xalqı dinc, demokratik üsullarla mübarizəyə hazır deyil və biz çalışırıq ki, xalqı buna hazırlayaq.

Onu da qeyd edim ki, ölkədəki siyasi qüvvələrin böyük əksəriyyəti dinc, demokratik mübarizə aparmaq istəmədiyinə görə, bizim naliyyətimiz hələlik uzanır. Əslində, fundamental siyasi dəyişikliklər üçün 30-40 il çox az bir vaxtdır. Məsələn, Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olan Nelson Mandela 30 ilə yaxın həbsxanada yatmışdı. Vyetnamın keçmiş Prezidenti Xo Şi Mi təkcə 30 il mühacirətdə yaşayıb. Xomeyni 1933-cü ildə şaha qarşı başladılan mübarizəni 1979-cu ildə qələbəyə çıxardı. Leninin tərəfdarlarının 19-cu əsrin axırlarında başladığı hərəkat təxminən, 30 ilə sonra qələbə qazandı. Lakin bu zaman Lenin dedi ki, inqilabımız həddən artıq vaxtından qabaq olduğu üçün biz inqilabın bütün vəd etdiyini xalqa təqdim edə bilmədik. Yəni sosial dəyişikliklər bir-iki günə həll edilə bilməz. Onu da bildirim ki, sosial dəyişikliklərin başladığı və sona çatacağı ara mərhələdə Azərbaycan müxalifəti lazım olan vəzifələri yerinə yetirmir. Bunun əsas səbəbi isə siyasi maarifləndirmənin olmamasıdır. Bu gün Azərbaycanda hətta siyasi liderlər belə, 1988-ci ildən aşağı səviyyədə şüura malikdir.

Belə ki, müasir dünyada gedən hadisələrdən, qlobal siyasətdən başları çıxmır, regional siyasəti təhlil edə bilmirlər. Bundan başqa, ayrıca bir ölkədə dəyişilmələrin nə nəzəriyyəsini, nə də mexanizmini bilirlər. Bu səbəbdən də Azərbaycanda inqilab tərəfdarı olanları siyasi avantürist hesab edirəm. Biz liderlərin vəzifəsi xalqı gedə biləcəyi yola aparmaqdır. Yəni sən mitinq haqda qərar verirsən, lakin mitinqə adam gəlmir. Bu o deməkdir ki, mitinq haqda qərarın səhvdir. Və ya inqilab deyirsən, ancaq insanlar inqilabın dalınca gəlmir. Deməli, bu qərarın yanlışdır. Təcrübə onu göstərir ki, mitinqlərə gələnlərdən də 10 dəfə çox adam seçkiyə gəlir. Bu baxımdan, əgər seçkiyə gələnlərin sayı mitinqə gələndən daha çoxdursa, o zaman biz fəaliyyətimizi seçki üzərində qurmalıyıq. Ona görə də hesab edirəm ki, Azərbaycanda hakimiyyətin dəyişdirilməsinin ən doğru yolu seçkidən keçir. Bundan başqa heç bir yol nə Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğundur, nə də indiki geopolitik şərtlər daxilində mümkündür.

- Sözügedən görüşdə iştirak edən partiyalar seçki ilə bağlı nə düşünürlər? Onlar iqtidarla mübarizədə, yəni hakimiyyətə gəlmək üçün hansı yola üstünlük verirlər? Ümumiyyətlə, onların bu barədə mövqeləri sizi qane edirmi?

- Siyasi partiyaların fikirlərinin taktiki məsələlərdə üst-üstə düşməsi çox nadir hallarda meydana çıxa bilər. Düzdür, strategiyada, yəni Azərbaycanın müstəqilliyi, demokratikləşməsi və digər məsələlərdə hamımızın məqsədləri eynidir. Lakin partiyalar ideologiyasından, sosial bazasından, elektoratından, resurslarından asılı olaraq taktiki qərarlar qəbul edir. Məsələn, birinin pulu çoxdursa, o daha çox fəallıq üzərində işi qurmaq istəyir, birinin ağlı varsa, o daha çox nəzəri bilgilər, maarifləndirmə ilə bu yolu həyata keçirmək istəyir. Xaricdən dəstəyi olan isə tamamilə fəqrli yol tutur. Ona görə də partiyalarla bir araya gəlib müzakirə apardıq və demək olar ki, əksər adamın fikri üst-üstə düşmədi. Məsələn, Pənah Hüseyn dedi ki, seçkiyə gedəni xain adlandıracam. Biri dedi ki, seçkinin şərtləri dəyişdirildikdən sonra seçkiyə getmək olar. Mənsə, bu məsələdə Mahatma Qandinin ideyalarını dəstəkləyirəm. O deyir ki, biz nəticələr haqda deyil, fəaliyyət haqda düşünməliyik. Bu gün seçkiyə getməmək seçki fəaliyyətindən imtina deməkdir. O adamlar deyir ki, nəticədə biz seçilməyəcəyiksə niyə seçkiyə gedirik.

Qeyd etdiyim kimi, Mahatma Qandi isə deyir ki, nəticəni düşünmək olmaz, fəaliyyəti düşünməlisən. Burada çox dərin məntiq var. Əgər biz nəticəsiz olduğuna görə mitinqlərə, eyni zamanda, nəticəsizliyi səbəbindən seçkilərə getmiriksə, onda faktiki olaraq indidən dinc demokratik mübarizə üsullarından imtina etmiş oluruq. Bu halda yalnız inqilab variantı qalır. Bu, o deməkdir ki, indiki şərtlər daxilində seçkiyə getməyənlərin alternativi inqilabdır. Əvvəla, gəlin bu inqilabın adını qoyaq. İrandakı kimi dini inqilab edəcəksiniz, yoxsa Rusiyadakı kimi sosialist inqilabı? Axı, inqilabın başqa adı yoxdur. Demokratik inqilab obrazlı ifadədir. Odur ki, ilk öncə inqilabın adını qoymaq lazımdır. Hamı bilməlidir ki, sənin inqilabının adı nədir. Dünya təcrübəsi göstərdi ki, nə İran inqilabı, nə də Oktyabr İnqilabı xalqa vəd etdiyi xoşbəxtliyi verə bildi.

"Ağıllı adamsansa, xalqın dəstəyi varsa daha az itki verən seçki yolunu seçməlisən"

Bildiyiniz kimi, Venesualada parlamentin sədri özünü prezident elan edir və dünyanın bütün demokratik ölkələri onu müdafiə edir, hakimiyyətdə olan qüvvəyə qarşı birləşiblər. Bunun analoqu yoxdur. Əgər doğrudan da dünya Azərbaycanda da dəyişiklik istəyirsə, onda bu modeli bizdə də tətbiq etmək olar. Yəni parlamentdə bir nəfərin üzərində iş qura bilərlər. Lakin xalqdan mandat almayan şəxs üzərində heç kəs, heç bir demokratik ölkə iş qurmur. Küçədə hansısa siyasi liderin üzərində iş qurmaq söhbəti yoxdur. Bu, ancaq inqilablarda ola bilər. Bundan başqa, Gürcüstanda Saakaşvilinin və Ermənistanda Paşinyanın hakimiyyətə gəlmə modeli də var. Onlar parlamentdə təmsil olunurdular, kənardan da müəyyən təzyiqlər var idi. Məsələn, Ermənistanda Rusiya təzyiq edib hakimiyyəti dəyişdirdi, Gürcüstanda isə ABŞ-ın dəstəyi ilə hakimiyyət dəyişdirildi.

Bizim öz təcrübəmizdə də bu cür hal mövcuddur. Belə ki, Azərbaycan Milli Azadlıq Hərəkatı zamanında parlamentdə 20 nəfər deputatımız vardı. Həmin 20 nəfər 360 nəfər kommunist deputata rəğmən, rejimi dəyişdi. Gördüyünüz kimi, parlamentdə azlıq təşkil edən bir vaxtda şərtlər sənin xeyrinə olduqda həmin azlıq çoxluqdan daha effektiv fəaliyyət göstərə bilir. Yəni arxasında xalqın dayandığı azlıq artıq çoxluqdur. Odur ki, parlamentdəki bir nəfərin üzərində iş qurub Azərbaycanda siyasi hakimiyyəti dəyişdirmək olar. Ona görə də seçkiyə getməyin əleyhinə olan qüvvələri başa düşmürəm. Çox maraqlıdır ki, tədbirə dəvət etdiyimiz partiyalardan cəmi üçü bu günə qədər parlament seçkilərində iştirak edib mandat alsa da, Milli Məclisə düşməyib. Yerdə qalan partiyalardan elələri var ki, eyni şərtlər daxilində hərəsi 2-3 dəfə deputat olub.

Məlumunuzdur ki, İsgəndər Həmidov 1990-cı illərdə deputat seçilib. İndi sual olunur: Həmin dövrdə Azərbaycanda demokratiya vardı? O vaxt sovet qanunları ilə seçki keçirilib. Hansıki biz o höluməti yıxmaq istəyirdik. Bu halda, nə üçün həmin seçkidə iştirak etdilər?! Həmin "İstiqlalçı deputatlar" dediyimiz şəxslər Azərbaycan parlamentinə necə seçildilər?! Biz Naxçıvanda necə seçildiyini bilirik. Bəs, Bakıda necə seçildi? Əgər küçə hərəkatı olmasaydı, onda həmin şəxslər İstiqlal Bəyannaməsini imzalaya, parlamentdə ağzını açıq söz deyə bilərdi? Yox. Deməli, seçki şəraitinin heç bir mənası yoxdur.

Beləliklə, məlum olur ki, istər inqilab, istər seçki, istərsə də dinc küçə hərəkatı üçün mütləq xalqın aktivliyi, birliyi lazımdır. Əgər sənin belə bir gücün varsa, onda nədən bunu dinc yolla, seçki ilə hakimiyyətə gəlməyə sərf etməyib dağıdıcılığa sərf edirsən?! Ağıllı adamsansa, xalqın dəstəyi varsa daha az itki verən seçki yolunu seçməlisən. Azərbaycan Demokrat Partiyasının sədri kimi mən bu yolu seçirəm! (hurriyyet.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar