Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Şərif Ağayar: “O sözü nadürüstlərdən daha çox eşidirəm...”

Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı yazıçı Şərif Ağayardır

Mənsur Rəğbətoğlu: Həyatınızın Qarabağ dövrü haqda bilmək istərdik.

- Təbiət etibarilə çox gözəl bir yerdə doğulmuşam. Bizim orada məşhur bir kənd vardı – Minkənd. Mürsəl adlı məşhur bir həkim vardı orda. Avropada oxumuşdu. Alp dağlarının şimal ətəklərindəki sanatoriyaları gəzmişdi. O, bizim kəndə gələndə deyirmiş ki, xoşbəxt adamlarsınız, İsveçrədə beş-on gün belə yerlərdə dincəlmək üçün qızıl pul xərcləyirlər. Bizim insanlar hansı gözəlliyin içində yaşadığının fərqində deyildi. Əlbəttə, çətinliklər də vardı. Dağ şəraiti, patriarxal mühit... Kişi mərkəzçiliyi çox güclü idi. Amma qadına inanılmaz bir sayğı da vardı. İndiki qadın haqları anlayışına uyğun gəlməyən, qəribə, spesifik, məhz o coğrafiyaya xas mürəkkəb bir münasibət idi.

Ədəbiyyat da saz-söz və aşıq şeiri səviyyəsində daha çox yayılırdı. Kənddə humanitar sahədə təhsil yaxşıydı. Bütün qəzet və jurnalları alırdıq. Yadımdadır, Çingiz Aytmatovun dövlət mükafatı alması xəbərini bizim kənddə geniş müzakirə etmişdilər. Sosial aktivlik vardı. Axşamlar idarənin ağzında həmin gün məktəbdə yaxşı dərs danışan uşaqlardan danışırdılar. Yaxşı oxumaq namus-qeyrət məsələsi sayılırdı.

Mənsur Rəğbətoğlu: Bəs ermənilərlə münasibətlər necə idi?

- Bizim kənddə və tanıdığım ətraf kəndlərdə erməni yaşamırdı. Laçında, demək olar ki, erməni yox idi. Ermənistandan, Qarabağın kəndlərindən gəlib bizdə usta işləyirdilər. Çoxunu dürüst və fağır adam kimi tanıyırdıq.

Mənsur Rəğbətoğlu: Şərif bəy, həmin illərdə Ağcabədidə texnikumda bir dönəm müəllim işlədiniz. Maraqlıdır, niyə sonradan yola müəllim olaraq davam etmədiniz?

- Mən Laçından çıxanda çox gənc idim, təxminən on beş yaşım olardı. Pedaqoji Universitetə daxil oldum. “Kərpickəsən kişinin dastanı” povestində bu avtobioqrafik nüanslar qismən də olsa var. Elə bir vaxtda universitetə daxil oldum ki, ailəlikcə həyatın dibində idik. Ağlagəlməz hadisə baş vermişdi.

Orta məktəbə iki il tez getmişəm. 1991-ci ildə - on beş yaşım olanda orta məktəbi bitirmişdim. Bakı Dövlət Universitetinin jurnalistikasında oxumaq istəyirdim, xarici dil keçmədiyimə görə sənədlərimi götürmədilər. Beləliklə bir il gözlədim. 1992-ci ildə test tətbiq olundu. İmtahan verib ADPU-nun Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olundum. Ali təhsildən sonra bir il müəllim işlədim. Sonra müəllimlikdən aralandım. Mühit məni qane etmədi. Bu haqda “Mənim 16 saatım” adlı hekayəm də var.

O vaxt “21-ci dərgi” jurnalı vardı, orda “Dərgidə kitab” bölməsində şeirlərim çap olundu. Ədəbi mühitə beləcə gəldim. Necə deyərlər, məni də işə saldılar...

Bundan sonra “Panorama” qəzetində müxbir kimi fəaliyyətə başladım. Orada peşəkar jurnalistlər gördüm: Şakir Yaqubov, Elşən Əliyev, Süleyman Qaradağlı, Adil Qaçayoğlu... Bu qəzet mənim üçün əsl universitet oldu.

Mənsur Rəğbətoğlu: Qarabağda yaşadığınız dönəmdə əsasən nə yazırdınız?

- O vaxtlar məqaləni də şeir kimi yazırdım... Daha çox şeirlə məşğul idim. Bakıya gələndə həyatımda xüsusi önəmi olan rəhmətlik Mehdi Bəyazidlə tanış oldum. Bu tanışlıqla ciddi ədəbiyyat, ciddi şeir haqda təsəvvürlərimi formalaşdırdı. O, mənə çox kömək etdi. Mən gələndə normal ədəbi mühit yox idi. Mehdi Bəyazidə dəyib ayıldım və həqiqi sözün məsuliyyətini anladım. Eyni zamanda öz gücümün hüdudlarını müəyyən edə bildim. Mehdi böyük adam idi. Heyif, heç nə yazmadı.

Qurban Yaquboğlu: Şərif bəy, bu barədə fikirləriniz maraqlıdır. Dilqəm Əsgərov və Şahbaz Quliyevin bütün təhlükələri gözə alaraq, öz doğulduqları yeri, vətənlərini – Kəlbəcəri ziyarətə getmələri mənim üçün son illərin ən maraqlı süjetlərindən, ən böyük insan hadisələrindən biridir. Niyə bizim ədəbiyyatda bu cür insanların obrazı yoxdur?

- Vətən çox həssas mövzudur. Gərək ki, Tolstoy deyib: “Vətənpərvərlik əclafların son sığınacaq yeridir.” Ona görə, ciddi yazıçılar vətən, vətənpərvərlik sözlərindən həmişə çəkiniblər. Nə qədər ciddiyəm, deyə bilmərəm, mən də bu sözlərdən ehtiyat edirəm. Çünki “vətən” sözünü nadürüst insanların dilindən daha çox eşidirəm.

Əslində isə vətən böyük anlayışdır. Dələduzların da vətəni olmalıdır və var. Mənə görə, insanın ən böyük vətəni Tanrının hüzurudur. İkinci vətənimiz Yer kürəsidir.

Yerin də hansısa bir guşəsi – bir ölkə, bir rayon, bir kənd, bir həyət bizim ana yurdumuz, ana vətənimizdir. Tanrıdan yol o balaca yurda, o balaca yurddan Tanrıya gedir. Bu sevgilər bir-birini inkar eləmir. Bunlar əbədi və möhtəşəm duyğulardır. “Dünya duracaq yer deyil, ey can, səfər eylə” deyən Nəsimi ilə ürəyinin Polşada basdırılmasını vəsiyyət edən Şopen eyni dərəcədə nəhəngdir.

Baxır vətənə, ruhani dinclik və harmoniya duyduğun məkana hardan və necə yanaşırsan. Əsas odur ki, yanaşa bilirsən. İnsan həmişə öz vətəninə can atır. İstər ilahi vətən olsun, istər yurd-yuva olsun.

Sizə bir detal deyim. Mənim doğulduğum və uşaqlığımı keçirdiyim evin qarşısında böyük bir dağ vardı. Orda ardıclar bitirdi. Ardıcların çox sərt qoxusu var. Xüsusən yağış yağanda ətrafı bürüyür, az qala bütün kəndə yayılır. İki-üç il öncə, Bakıda, işlədiyim otaqda qəfil o ardıcların qoxusunu hiss etdim. Bunu real olaraq hiss etdim, xəyali deyil. Hətta elə bildim, kimsə kompüterin qarşısına ardıc budağı qoyub. Qalxıb yaxın otaqları, bütün kompüterlərin qarşısını, pəncərələrin önünü axtardım, heç nə tapmadım. Bir saniyədə bu qoxunun məndə yaratdığı təəssürat qalın-qalın kitablara sığmazdı. Mən indi ardıc qoxuyan o dağı əlim çatmayan bütün arzuların, istədiyim və qovuşa bilmədiyim xəyalların, hətta yaza bilmədiyim əsərlərin ümumiləşmiş obrazı hesab edirəm.

Dilqəm və Şahbaza gəlincə, nə qədər həvəskar, ehtiyatsız addım atsalar da bütün təhlükələri gözə alıb vətənə, yurda qayıtmaları insanı mütəəssir edir. Bizim doğulduğumuz yurda qayıtmaq, orda ölüb, torpağa qarışmaq haqqımız var. Bu haqqa qarşı çıxmaq, bunun üçün bizə işgəncə vermək, bizi cəzalandırmaq, öldürmək olmaz. O ki qaldı bu dərdin yazılmasına...

Son illərəcən elə düşünürdüm ki, ədəbiyyat ağrıların ifadəsidir. Sən demə ağrı da, sevinc də, gülüş də, həsrət də, vüsal da sənətkarlıq üçün bəhanə imiş.

Məsələn, Fitscerald zənginlik və təntənə aşiqi idi. O, bu xasiyyətindən çıxış edərək “Möhtəşəm Qetspi” romanını yazdı. Halbuki zənginlik və təntənə aşiqi olmaq ilk baxışdan yaxşı heç nə vəd etmir. Yəni, motiv hər şey ola bilər, yetər ki, yazılan sənət əsəri olsun. Ciddi ədəbiyyatın Dilqəmdən və Şahbazdan yazaq, yaxud yazmayaq deyə bir qayğısı, bir öhdəliyi yoxdur.

Nə yazırsan yaz, kimdən yazırsan yaz, yeganə şərt onu ədəbiyyata çevirə bilməkdir. Amma burda incə bir nüans da var; biz bizə təsir edən, bizə doğma olan mövzularda daha yaxşı sənətkarlıq nümayiş etdirə bilirik. Bu mənada yurda qayıdış mövzusunu Şahbaz və Diqəmin şəxsində daha dərindən, daha təsirli işləyə bilərik.

Rəşad Sarıyev: Şablona çevrilmiş belə bir deyim var, vətən sərhədlərdən başlayır. Bu məsələyə münasibətdə sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Vətən müqəddəsləşən nöqtədir. Markesin “Yüz ilin tənhalığı”nda belə bir məqam var: Adamlar köçüb gəldiyi torpaqlara o vaxt vətən kimi baxmağa başlayırlar ki, orda öz ölülərini basdırırlar. Torpağı da insan doğmalaşdırır. Ölüb ona qarışmaqla. Demək, əsl vətən elə insanın özüdür. Mənim üçün vətən ruhani anlayışdır. Məncə, bu dünyada hər kəsin burnunda bir ardıc qoxusu var.

İnsan arzusuna çatmayanda özünü bədbəxt hiss edir. Təsəvvür elə, səni qoxusu canında olan torpaqdan zorla ayırırlar. Bu, insanın yaşamaq azadlığına, xoşbəxtliyinə təcavüzdür.

Nərgiz Cavadzadə: Əvvəllər ermənilər və azərbaycanlılar arasında xalq diplomatiyası məsələsi gündəmə gətirildi. İndi isə xalqların sülhə hazırlaşdırılmasından danışılır. Siz bir laçınlı olaraq belə bir sülhə hazırsınız?

- Bir yazıçı heç vaxt müharibə arzulaya bilməz. Amma elə məsələlər var ki, orada yazıçının münasibəti əhəmiyyət daşımır. Mənim nə düşünməyim önəmli deyil. Tarixin min yol təcrübədə yaşanmış gerçəkləri var. Əgər torpağını itirən bir ölkə sülhə gedirsə, bunun adı alçaldıcı sülhdür. Biz BMT-nin tanıdığı sərhədlərə qədər müharibə etsək, bunun adı ədalətli müharibədir. Ermənistan adlanan ölkənin ərazisinə keçsək, bunun adı ədalətsiz müharibə olacaq. Lakin Antarktidadakı pinqvinlər də bilir ki, Ermənistan Azərbaycan ərazilərinə soxulub, ədalətsiz müharibə aparır və alçaldıcı sülh təklif edir. Mən öz vətənimə alçaldıcı sülh arzulamıram. Müharibə də istəmirəm. Çıxış yolu deyirsiniz? Bilmirəm. Bu yolu bizə tanıdan varsa, niyə də getməyək?

Bəzən yazıçıya təbliğat ruporu kimi baxırlar. Kökündən yanlış düşüncədir. Yazıçının işi yaxşı əsərlər yazmaqdır. Hətta bu, vətən idealları ilə düz gəlməsə belə. Baxın, Salman Rüşdü “Gecəyarısı uşaqları” romanında Hindistanı və oradakı milli azadlıq hərəkatını, müstəqilliyi dözülməz şəkildə istehza hədəfinə çevirib. Bu kitabın ilk baxışdan Hindistana faydası yox, ziyanı dəyməlidir. Amma dəyməyib. Əksinə, 20-ci əsrin ən möhtəşəm romançılarının arasında bir hindistanlı da var.

Qurban Yaquboğlu: Mən düşünürdüm ki, ən yaxşı müharibə ədəbiyyatını Qarabağ müharibəsi dönəmində yaşayan, o ağrıları canında hiss edən yazıçılar yaradacaq. 50-60-cı illərdə İkinci Dünya Müharibəsinin motivləri əsasında ortaya çıxan müharibə ədəbiyyatı ilə müqayisədə, 90-cı illərdəki Qarabağ müharibəsindən sonra ortaya çıxan ədəbiyyatda bu kimi ağrılar daha az görünür. Yəni, Qarabağ ağrıları Azərbaycan ədəbiyyatının hadisəsinə çevrilmədi.

- Müasir ədəbiyyatın prinsipləri fərqlidir. Bu gün “Tütək səsi”, “Saz”, “Nənəmin tütün kisəsi” və sair bu kimi səpkidə hekayələr yazılmır. Bu gün ağrı ədəbiyyatı prioritet deyil. Yenə də deyirəm, ağrı da, acı da, sevinc də, qüssə də sənətkar üçün bəhanədir.

Amma deyə bilərsiniz, indinin də öz ədəbiyyatı yaransın və o səviyyədə tanınsın, effekt versin. 60-cı illər nəslinin bizdən üstünlüyü onda oldu ki, onlar ədəbiyyatla yaşaya bildilər, ədəbiyyata ömür sərf edə bildilər. Bizim nəsildən olan və ədəbiyyatla yaşaya bilən bir nəfər də yazıçı, şair yoxdur.

Qurban Yaquboğlu: Amma kitablar çap edilir, romanlar yazılır....

- Yazılır. Lap yaxşı yazılardı. Siz deyən effekt olardı. Sənin işin yalnız yazmaq olmalıdır. Məsələn, oturub İsa Hüseynov kimi yazıçılıq etməlisən. Bizim nə vaxt belə imkanımız oldu? Şəxsən mənim heç vaxt yazıçılıq etmək imkanım olmayıb. Həyatım boyu enerjimin heç 20-30 faizini nəsrə qoya bilməmişəm. Əsasən dolanışıq ardınca qaçmışam. Bizim yazdıqlarımız qaça-qaça mahnı oxumağa bənzəyir. Bu şərtlər altında 60-cılar bizim qədər yaza bilməzdi. O hansı 60-cıdır ki, üç “məmməd”lə Bakıya gəlib, nə burda yaşamağa bir koması olub, nə də küsüb getməyə bir rayonu, bir ata evi?

Bir dəfə demişəm, yenə deyim, şəxsən mən üzləşdiyim çətinlikləri özündən deyən yazıçının üstünə atsam, dizləri əsər. Gileylənmirəm. Oxucu səbəbə yox nəticəyə baxır. İmkanın yoxdu yazma, nə vacibdir, get bizneslə məşğul ol, özünə güzəran qur. Bu taleni özüm seçmişəm. Peşman da deyiləm. Sadəcə siz müqayisə etdiniz, mən də müqayisə üçün şərtlərin uyğun olmadığını qeyd etdim. Bütün hallarda yazan da elə bizik və ədəbiyyatımızın bu günü bizdən sorulacaq. Əmin ola bilərsiniz.

Mənim əlimdə 60-cılar qədər ədəbiyyata güc və enerji sərf etmək imkanı olsaydı, onların hamısından böyük yazıçı olardım. Bunu bütün məsuliyyətimlə deyirəm və arxasında da dururam. İsa Hüseynovdan tutmuş, Anara və Dilsuza qədər... Onların bir üstünlüyü də onda oldu ki, bütün vəzifələri tutub özünü rahat realizə etmək imkanını əlimizdən aldılar.

Mənsur Rəğbətoğlu: Necə aldılar?

- Dövlətin ədəbiyyata ayırdığı bəlli bir vəsait var və Azərbaycanda da yaza bilən, cümlə qura bilən on-on beş yazıçı var. Vəsait konkret layihələrə səmərəli xərclənsə, ciddi nəticələri olar. Tutaq ki, “Ədəbiyyat qəzeti” yaxşı çıxır, buyur, çıx. Kim zəifdir, bacarmır, ona göstərilən dəstəyi doğrultmur, yaxşı yol.

Otuz altı il bundan əvvəl Aydın Məmmədov deyirdi ki, kaş yeddi-səkkiz adamdan ibarət bir komissiya yaratmaq mümkün olaydı və bu komissiyanın yeganə məqsədi və arzusu Azərbaycan ədəbiyyatını dünyaya çıxarmaq olaydı. Sizi inandırım, günü bu gün də Azərbaycanda yeddi nəfər belə adam tapa bilməzsiniz! Tək-tək tapa bilərsiniz, onları bir yerə gətirmək, bir hədəfə yönəltmək imkansızdır.

Azərbaycan yazıçısı iki səbəbdən çətin vəziyyətdədir. Birincisi, kitab sənayesi olmadığına görə, yazıçıya xalq dəstəyi yoxdur. Oxucu kitabı almaq istəyəndə də tapa bilmir. İkincisi, dövlətin verdiyi vəsait həqiqi ədəbiyyatın yaranmasına yönəlmir. Xalq çox zaman öz dəyərlərinə sahib çıxmaq iqtidarını itirir. Məsələn, bu gün Qara Qarayevin musiqisini xalqa tapşırsaq, batıb gedəcək. Kütlə Qarayevi yaşadacaq gücdə deyil. Maddi durum, intellektual səviyyə və s. məsələlər üzündən. Xalqın belə bir gücü olmadığı üçün, dövlət bu sahəyə dəstək verməlidir. Verir də. Ədəbiyyata da verir. Amma nəticə yoxdur.

Qurban Yaquboğlu: Frommun təxminən belə bir sözü var, deyir ki, elə insan var, bir dəfə, elə insan da var, iki dəfə doğulur. Mənə elə gəlir, yazıçı ikinci dəfə doğulmalıdır. Amma son otuz ildə Azərbaycanda ikinci dəfə doğulan yazıçının olduğunu düşünmürəm. Yəni, bütləri, qılafları sındırıb yenidən doğulan yazıçı...

- Mən belə düşünmürəm. Siz ümidsizsiniz. Bizdə həmişə çox güclü gənclik olub və var. 60-cıların bir çoxu da etiraf edirdi ki, 1990-2000-ci illərdəki gənclik daha güclü gəldi. Məsələn, Aqşin Yenisey şeirlərini 60-cıların əksəriyyətindən gözəl yazıb. Xanəmir 60-cıların əksəriyyətindən möhtəşəm şairdir. Salam da onun kimi.

Nəsrdə vəziyyət bir az fərqlidir. Nəsr bir az zəhmət tələb edən sahədir ona görə. Ədəbiyyatda dolanışıq olmadığı üçün burada külüng vuranlar azdır. Məsələn, Xanəmir avtobusda şeir yaza bilər, amma Zahid Sarıtorpaq orada roman yaza bilməz.

Qurban Yaquboğlu: Az qazancla da yazmaq mümkündür. Nümunələr var. Sizin özünüzün bir neçə romanınız çıxıb.

- İstisnalardan danışmırıq. Ümumi vəziyyəti deyirəm. Ciddi ədəbiyyatın, xüsusən də ciddi nəsrin yaranması üçün ciddi mühit lazımdır. Mənə qalsa, zəhmətdən usanmadan yazıram. Nə dünyaya çıxmaq, nə də pul qazanmaq barədə düşünürəm. İçimdə bir nəğmə var, onu oxuyub bitirmək istəyirəm. Mənə bu lazımdır. Bu nəğməni oxumağıma Tanrıdan başqa heç kim mane ola bilməz. Mən bu nəğməni sonacan oxuyacağam və mənim nəğməmi həmişə dinləyəcəklər. Az da olsa, çox da olsa.

Mənsur Rəğbətoğlu: Sizcə, daşlar hansı halda yerinə otura bilər?

- Yazıçının öz yerini tapması üçün sular durulmalıdır, vəziyyət aydınlaşmalıdır, mühit çirkab olmamalıdır.

Qurban Yaquboğlu: Ədəbi mühitdə həmişə qruplaşmalar olub, indi də var. Bu “təbii nizam”ı pozmaq deyəsən, heç mümkün də deyil... Sizcə, bu qruplaşmaları, yaxud qrupu ciddi ədəbi təşkilata çevirmək mümkündürmü?

- Dünyada təcrübəsində ədəbi mühit jurnal və saytlar ətrafında yaranır. Məncə, ədəbiyyatda qruplaşma olmalıdır. Amma bu süni yolla, yalandan deyil, öz-özünə formalaşmalıdır. Dünyagörüşü bir-birinə yaxın olan adamlar bir yerə yığışıb öz dünyalarını yaradırlar. Bütün məsələləri sənətkarlıq və intellekt həll edir.

Aytən Yusifova: Sizcə, dünyaya çıxmaq üçün nə etmək lazımdır?

- Mənim belə bir iddiam yoxdur. Çünki buna gücüm çatmaz. Bizim bir çox yazıçılarımızın əsərləri dünyanın müxtəlif dillərinə çevrilib, dünyanın müxtəlif ölkələrində çap olunub, amma gözlənilən effekti yoxdur. Effekt almaq üçün “Azərbaycan ədəbiyyatı” anlayışı formalaşmalıdır.

Misal üçün, ispandilli Latın Amerikası ölkələrində ədəbiyyat necə tərəqqi etdi? Borxes Parisdə keçirilən beynəlxalq bir tədbirdə ingilis dilində çıxış etdi, baxıb gördülər, aya, sən demə, Latın Amerikasından belə bir adam çıxarmış. Yavaş-yavaş o ölkələrin ədəbiyyatına maraq yarandı. Halbuki oranın dünyada şöhrət tapmış müasir yazıçıları ilə, məsələn, Markesin yerlisi Vasqeslə tanış olanda görürsən ki, bizim Səfər Alışarlıdan, Etimad Başkeçiddən, Qismətdən böyük-filan deyil.

Heç olmasa, Moskvada, İstanbulda, Tehranda, Tiflisdə “Azərbaycan ədəbiyyatı” anlayışı oturuşmalıdır.

Aytən Yusifova: Məsələn, dünyada bəlli mövzular, tutaq ki, bəşəri mövzular var. Bunları yazmaqla dünyaya çıxmaq mümkün deyilmi?

- Müasir mövzu seçimi işin ciddi tərəflərindəndir. Məsələn, bir kənddəki ayı ovçusundan, bir də proqramçı bir gəncdən yazırıq. Oxucu üçün hansı maraqlıdır? Əlbəttə, proqramçı gənc. Çünki o, zamanı daha effektiv təmsil edir. Amma iş bununla bitmir. Biz həmin gəncin həyatından yazarkən mətnin bədii həllini verə biləcəyikmi? Bax əsl sual budur! Mətnin bədii həlli yoxdursa, müasirlik də, mövzu da heç bir əhəmiyyət kəsb etmir. Köhnə mövzu, köhnə üslub - ən asanıdır. Köhnə mövzu, yeni üslub – nisbətən çətindir. Yeni mövzu, yeni üslub – yazıçıdan hünər istəyir!

Danışmaq həmişə iş görməkdən asandır. Süleyman Rəhimova haqlı olaraq aqrar yazıçı deyib istehza edən gənc, sənin o bədiyyatda urbanistik mətnini görüm. Mövzu yeni, üslub yeni, amma ədəbi səciyyə də yerində! Öpüb gözümün üstünə qoymasam, pis adamam.

İnsan kənardan çox şey öyrənə bilir, amma yazanda öz ənənələrinə söykənir. Sən həyatı boyu Markes ənənəsi ilə bir abzas da yaza bilməzsən. Çünki Azərbaycanda belə bir ənənə yoxdur. Heç İspaniyada da yoxdur. Bu fərqli coğrafiyadır. Hardan və necə yazırsan yaz, hökmən İsaya, Anara, Mirzə Cəlilə söykənəcəksən. Dünya ədəbiyyatını yağışa və günəşə bənzətmək olar. Biz onlardan həmişə qidalanırıq, amma bitmək istəyəndə öz kökümüzün üstündə bitirik.

Qurban Yaquboğlu: Mən zənn etdim, Aytən xanım soruşacaq ki, bizim hansı nəsr əsərlərimizi dünyaya çıxarmaq olar?

- Etimad Başkeçidin “Min yol mənə söylər” romanı. Bu roman adekvat tərcümə olunsa, ən azı yaxın coğrafiyada – Rusiyada, İranda və Türkiyədə maraqla qarşılanar. Səfər Alışarlının “Maestro”, Məqsəd Nurun “Şəhər meri” romanları. Kifayət qədər maraqlı əsərlərdir.

Zahid Sarıtorpağın, Elçin Hüseynbəylinin yaxşı romanlarını oxumuşam. Rafiq Tağının, Mübariz Örənin hekayələri, Mirmehdi Ağaoğlunun “Küləyi dişləyən” romanı, “Quran motivləri” silsiləsi, Cavidanın “Məhsəti”si, Sərdar Aminin “Su sərgisi” və s.

Mənsur Rəğbətoğlu: Amma Rusiyada ilin yazıçısı Varis olur...

- Açığı, Varisin son əsərlərini oxumamışam. Varis mədəni adamdır, tənqidə də dözümlüdür. Onun özünün iddiasına görə, son romanlarını ciddi ədəbiyyat prinsipləri ilə yazıb. Əvvəlki əsərlərini bazara hesabladığını deyir. Oxumadığım üçün fikir deyə bilmərəm. Rusiyada ciddi mükafatlar alıb. Sevindirici haldır.

pia.az

Etiket: Şərif Ağayar

Şərh yazın.

loading...