Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Monqolustan yazıçısının hekayəsi

Darmaagyin Batbayar

(Monqolustan)

Dava qoxusu

(hekayə)

 

– Sən kimi çox istəyirsən: atanı, yoxsa ananı?

– Anamı.

– Amma mən ikisini də.

– Elə mən də. Ancaq anamı lap çox istəyirəm.

– Mən heç özüm də düz-əməlli bilmirəm: anam evdə olmayanda anamı çox istəyirəm, atam evdə olmayanda atamı.

Qabaqlar Boldla mən belə söhbətləri tez-tez eləyərdik. İndi kim bilir, Bold haralardadı?! Görəsən, o, yenə də mi anasını atasından çox istəyir?

O vaxt həyətimizdə üç ailə yaşayırdı. Bir səhər mən yuxudan duranda ağappaq qar düzü-dünyanı bürümüşdü. Qar üzərində çoxlu ayaq izləri qaralırdı; baxan kimi atamınkıları tanıdım – onun ləpirləri apaydın seçilirdi. Bəmbəyaz qardan gözlərim qamaşdı, qapının ağzında bir az durub, sonra atamın izləriylə doqqaza, oradan da yola çıxdım. Hasarın qurtaracağında ləpirlər itirdi: burada maşın və araba təkərlərinin şırımları bir-birinə qarışmışdı. Elə ona görə də atamın işə hansı yolla getdiyini kəsdirə bilmədim. Anamla köməkləşib həyətin qarını kürüyəndə əvvəlcə atamın izlərinə toxunmadım. Amma yarıtmaz işimə görə qulaqburması alıb yüngülcə danlanandan sonra qarı kürüyüb atdım və Boldla oynamağa getdim. Bold nəsə həvəssiz oynayırdı; tez-tez fikrə dalır, qəribə suallar verirdi:

– Sənin atan böyük adamdır, hə? Düz deyirlər ki, əsgərlərin komandiridir?

– Bilmirəm, axşam evə gələndə soruşaram.

Və axşam atamdan soruşdum:

– Atacan, sən bütün əsgərlərin komandirisən?

– Yox, oğul, mənim də komandirim var. Onun da öz komandiri var, bildin?

– Bəs elə komandir varmı ki, onun komandiri olmasın?

– Yox, beləsi yoxdur.

Mən bu söhbəti olduğu kimi Bolda çatdırdım. Hər ikimiz qərara gəldik ki, böyüyəndə komandir olaq.

Böyüklər öz aralarında xısınlaşırdılar ki, dava başlayıb.

Tezliklə bizim atalarımız da yığışmağa başladılar. Mən əvvəlcə atamı buraxmaq istəmirdim. Sonra fikirləşdim ki, qoy gedib düşmənləri məhv eləsin. Yoxsa ömründə buraxmazdım. Və həmin axşam atam məni dizləri üstünə alıb deyəndə ki: “Oğlum böyüyəndə əsl kişi olacaq” – ağlamadım, çünki kişi ağlamaz.

Səhər mən yuxudan oyananda atam artıq getmişdi.

Tezliklə ondan məktub almağa başladıq. Anam dedi ki, bizimkilər düşmənlə möhkəm vuruşurlar. Bir də atam yazırdı ki, bu payız mən mütləq məktəbə gedim.

Atamın davaya getdiyi vaxtdan bir il keçirdi. O, indi mənə də məktub yazırdı – axı artıq məktəbə gedirdim. Kağızdakı hərflər atamın qar üzərindəki ləpirləri kimi iri və bir-birindən aralı idi. Mən höccələyirdim: "Biz düşmənə qalib gələcəyik. Oğlum, dərslərini yaxşı oxu!"

Mən bütün sözləri əzbərləyirdim; evimizə kim gəlsə, atamın məktublarını ucadan oxuyurdum.

Bir dəfə bizə bir kişi gəldi – anama məktub, mənə isə gilizdən düzəlmə bir neçə fit verdi. Məlum oldu ki, kişi qəzet müxbiridir, atamla da tez-tez görüşür. Mən ondan atamı soruşdum və bir də maraqlandım ki, bu fitləri onlar necə düzəldirlər.

Necə oldusa, bir dəfə fiti iylədim; burnuma dəyən barıt qoxusu çox xoşuma gəldi. Anam dedi ki, atan cəbhədə bu qoxu ilə nəfəs alır. Düşündüm ki, yəqin bu qoxu atamın da ürəyincədir və xəyalən o uzaq yerlərin havasını ciyərlərimə çəkdim.

Hər gün dərsdən qayıdanda doqqazın yanında atamın izlərini axtarırdım. Fikirləşəndə ki, atam qayıtmaya bilər – gözlərim yaşla dolurdu. Ancaq özümə təskinlik verirdim ki, atam hökmən gələcək, düşməni məhv edib qayıdacaq.

Günlər beləcə ötüb keçirdi. Daha giliz fitləri çalmırdım, ancaq hərdən onları iyləyir, düşünürdüm ki, atam cəbhədə barıt qoxusuyla nəfəs alır.

Bir gün məktəbdən evə qayıdanda anam məni bağrına basıb hönkürdü...

Ertəsi gün qar yağmışdı. Ağappaq, tərtəmiz qarın üstünə hələ heç bir iz düşməmişdi. Doqqaza çıxıb fikirləşdim: doğrudanmı, daha mənim atam yoxdur?

Atamın ayaq izlərini xəyalımda canlandıra-canlandıra düz dalana qədər getdim. Kiminləsə toqquşub dayandım, sonra həmin adamı altdan-yuxarı diqqətlə süzməyə başladım: elə bil ondan nəsə gözləyirdim.

– Sən niyə ağlayırsan, balaca? – kişi soruşdu. – Olmaya azmısan?

– Azmamışam, – dedim, – mən atamın izi ilə gedirəm.

Və sonra atamın dalanda qırılıb qalan izlərini davam etdirə-etdirə irəliyə – məktəbə tərəf addımladım; izlərim təzə qarın üzərində apaydın görsənirdi – atamın ovaxtkı izləri kimi...

... O vaxtdan Boldu görməmişəm. İşdir, nə vaxtsa Boldla bir də görüşmək mənə qismət olsa, düşünmədən deyəcəm ki, atamı hamıdan çox istəyirəm! (aydinyol.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar