Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ölkədə yeni siyasi mərhələ: Prezidentə kim xəyanət edib? – Klanlararsı savaş yeni müstəvidə

Prezident İlham Əliyevin son addımları siyasi transformasiyadan xəbər verir

Ölkə rəhbərinin istər siyasi məhbus Mehman Hüseynovla bağlı verdiyi qərar, istərsə şəhid ailələrinin problemini həll etməsi, istərsə də gənclərlə görüşü zamanı verdiyi bəyanatlar əslində, yeni paradiqmaların açıqlanması təsiri bağışlayırdı. Ölkədə ciddi proseslər baş verir. Proseslərin sonrakı taleyi kataklizmlər, yoxsa yumşaq keçid anlayışlarından hansına üstünlük veriləcəyini göstərəcək.

Müxalifət güclənirmi?

Müxalifətin son mitinqi düşünmək üçün əsas verir. Son illər ərzində ilk dəfə idi ki, etiraz aksiyalarına bu qədər çox insan toplaşırdı. Maraqlı nüans ondan ibarət idi ki, mitinq iştirakçıları sırasında yeni şəxsləri də görmək mümkün idi. Bunlar simalarından məzlumluq yağan və nimdaş geyimləri ilə diqqəti cəlb edən lümpenlər deyildi. İlk baxışdan görünürdü ki, düşüncə və yaşam tərzinə görə ənənəvi protest elektoratından fərqlənən yeni bir cameə də etirazlara qoşulur. Nisbətən dəbli geyimləri və çəkdikləri bahalı siqaretləri ilə prosesləri kənardan müşahidə etməyi sevən “yeni etirazçılar” ekspertlərin diqqətini cəlb etməyə bilməzdi.

Mitinq xüsusi bir dəyişikliyə nail olmadan başladığı kimi də bitdi. İllər boyunca dəyişməyən liderlər və onların ənənəvi radikalizmə köklənmiş çıxışları artıq kütləni ekstaza gətirmir. Mitinq yekunlaşdı. Şərti olaraq “köhnələr” adlandırğımız etirazçılar yumruqlarını havada silkələyərəq, qəzəblə “istefa”, “rədd olsun”, “ar olsun” şüarları səsləndirərək, avtobus dayanacağına yollandılar. Gözlərində ümid işıqları olmasa da, avtobusa minmək şanslarının az olmadığını dərk edirdilər. Bu arada mitinqə yeni qoşulan “keyfiyyət dəyişikliyinin nümunəsi” olan təbəqə bahalı maşınlarına əyləşərək, incik şəkildə hər kəsi seyr edirdilər. Sanki bütün baş verənlər 1988-ci ilin fevral və noyabr –dekabr mitinqlərini xatırladırdı. O zamanın 20 yaşlı tələbəsi olaraq, ilk dəfə idi ki, bəzilərinin pıçıltı ilə söylədiyi “mafiya”, “klan”, “Heydər Əliyevin barmağı” sözlərini eşitmək anlaşılmaz idi. Lakin həmin mitinqlərdə də ara –sıra gözə dəyən bahalı geyimli insanlar peyda olurdu.

Deyəsən, bu dəfə də tarix təkrar olunur. “Nə baş verir” sualına cavab axtarışı ilə sosial şəbəkələri ələk-vələk eləmək də müsbət nəticə vermədi. “Bu rejim çökməlidir və çökəcək”, “getməlidir və gedəcək” kimi eyforik və bolşevik şüarlarının hayqırtısından başqa bir nəsnəyə rast gəlmək imkansız idi. Hələ tələbə vaxtında Qustav Le Bonun “Xalqlar və kütlə psixologiyası” əsərini az qala əzbərləmiş biri kimi diqqətimi torlların devizləri deyil, onların əsl müəlliflərinin sevinci çəkirdi. “Nə baş verir?” sualı yenidən maraq cəlb edirdi.

Müxalifət yenidən etiraz aksiyası keçirməkdə israrlı idi. Anlaşılmayan çox nəsnələr var idi. Məsələn, keçmiş siyasi məhbus, tamamilə yeni protest elektoratı uğrunda savaşan İlqar Məmmədovun keçmiş daxili işlər naziri İsgəndər Həmidovla eyni tribunanı paylaşması nonsens idi.

Məmmədov “Hollivud təbəssümü” ilə fotoqraflara poz verməyə çalışırdı. Lakin gözlərinin ifadəsi onun tribunaya az qala məcburən qalxdığı əminliyi yaradırdı. “Ağ yaxalıqlı” cənab Məmmədov lümpenlərin lideri ilə birlikdə şəkil çəkdirdiyindən narazı görünürdü. “Onu kim və hansı səbəbə mitinqə gəlməyə vadar etmişdi?” sualı isə açıq qalır.

Prosesə general müdaxilə edir

Bu arada siyasi elitanın narahatlılığı göz önündə idi. Bunu hər kəs sezirdi. Görünən bu idi ki, yeni siyasi elita belə eksterimal vəziyyətlərə və fors-majora hazır deyil. “Köhnə qvardiya” isə artıq xeyli dərəcədə zərərsizləşdirilmişdi. Avropada peyda olan və “kaset, çəkiliş” deyə, bağıran “söyüş müxalifəti”nin bu qədər rahat fəaliyyət göstərməsi də “köhnə qvardiya”nın zəifləməsinin göstəricisi idi. Artıq bu illər ərzində “əzələ nümayişi” ilə “cızığından çıxanları” cəzalandıranlar siyasi və biznes sahəsindən silinmiş, siyasi və ideoloji iş aparanlar, mübaliğəli desək, “ev dustağı”na çevrilmişdi.

Bir sözlə, siyasi elita təklənmiş, illərlə xərc çəkilib məmur kimi yetişdirilənlər sıradan çıxarılmışdı. Bu baxımdan, onların bir qisminin ailələri ilə birilkdə mitinqlərə qoşulması gözlənilən idi. Makiavellini mütailə edənlər bunun altqatlarını daha yaxşı dərk edə bilərlər. Proses artan xətt üzrə inkişaf edirdi. Bahalı kostyumlu və yeni dəbə uyğun qaltstuk taxan yeni siyasi elita isə az qala vahimə içərisində yeni mitinq dalğasını gözləyir və Mehman Hüseynova qarşı qaldırılan cinayət işinin və istintaqın nəyə lazım olduğunu dərk etməyə çalışırdı. Bir sözlə, vəziyyət kritik idi. Əsl Heydər Əliyev gedişlərinin meydanı idi və yeni siyasi elitan ilk dəfə idi ki, vəziyyətdən çıxış yolunun bu qədər çətin olduğunun fərqinə vardı.
İlham Əliyev özü də 2003-cü ildən başlayaraq, ilk dəfə idi ki, bu qədər çətin vəziyyətlə üzləşmişdi. Ümid yenə də “köhnələrə” qalırdı. Və.... Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov mətbuatdan prezidentin rəqiblərinə barmaq silkələdi “mitinqlər yolverilməzdir, sabitliyi qorumağa gücümüz yetər”.


Şərur rayonunda anadan olan general-mayor sinəsini önə verdi. Mesaj anlaşıldı. Bir qədər sonra Bakının yeni meri, “naxçıvanlıların qatı düşməni” imicinin sahibi Eldar Əzizov öncədən razılaşdığı yeni mitinqə “yox” dedi. Bəlli idi ki, burada söhbət yalnız naxçıvanlıların zədələnmiş maraqlarından deyil, ölkənin birinci şəxsinin siyasi karyerasından gedir. Naxçıvanlıların incidilməsi bir vaxtlar ölkədə ciddi proseslərə səbəb olmuşdu. Bunu hər kəs anlayırdı. Gənclərlə görüş zamanı İlham Əliyev "Azərbaycanın müstəqlillik tarixində Naxçıvan amili”ni qabartdı və bunun ardınca siyasi proseslərin mətbəxtdə bişməsində “birinci skripka” rolunu oynayan Əli Həsənov dövlət telekanalına müsahibə verdi...

Yeni media patronları və mətbuatın xaotik vəziyyəti...

Bu maraqlı məqam idi. Ə. Həsənovun mətbuata nəzarətinin məhdudlaşdırılması ilə bu sahəyə yad oyunçular qoşulmağa başladı. Neft sektorundan tutmuş, müstəntiqlərə qədər az qala hər kəs, “puluna minnət” prinsipi ilə yeni media formalaşdırmağa başladı. Media sahəsində qısa zamanda elə bir xaos formalaşdı ki, artıq siyasi hakimiyyətin mərkəzdənqaçma tendensiyasından əziyyət çəkdiyi bəlli idi.

Əslində, hədəf kimi ölkə başçısı seçilmişdi. İlham Əliyevlə oliqarxların düşmən edilməsindən sonra, FHN və digər strukturlarlrın dağıdılması ilə bu strukturları “ana vətənləri” hesab edən məmurlar regional amili nəzərə almayan prezidentə qarşı qoyuldu. Məqsəd hakimiyyət olduqda, kiçik maneələr aradan qaldırılmalı idi və iqtidar kölgə sevmədiyindən böyük maneələr də yox edilməli idi. Bu baxımdan, güc nazirliklərinin başında kimin duracağı da çox önəmlidir. Rabitə, vergi, təhsil, maliyyə və digər sahələrə nəzarət edən “ikinci hakim ailə” inamla hakimiyyət olimpini fəth etməyə başladı. Siyasi partiya, QHT və mətbuatı da nəzarətə götürən yeni siyasi elita son günlər üzləşdiyi ciddi sınaqlarla hakimiyyətə hazır olmadıqlarının fərqində oldu. Bütün bu sadalanlar bu günün mənzərəsidir.

Prezidentə kim xəyanət edib?

Hətta adi baxışla nəzər etdikdə bəlli olur ki, prezident öz kadrlarının müdhiş xəyanəti ilə üzləşib. Onun hakimiyyətinə uzun illər qoruduğu və çətinliklə yetişdirdiyi insanlar tərəfindən təhlükə yaranıb. Prinsipcə, hakimiyyət uğrunda mübarizənin ən həlledici mərhələyə keçməsi sirr deyil. Əslində, bütün bu savaşlar 2008-ci ildə başlamışdı. Lakin heç kəs olaya MTN və Qərb kəşfiyyatının qoşula biləcəyini ağlından belə keçirmirdi. Deməli, ölkədə Putin-Medvedev modeli deyil, tamamilə başqa ssenari həyata keçirilməli imiş.

Bir sözlə, ölkədə yeni siyasi mərhələ və yeni lider formalaşdırılmalı idi. Lakin... Bu dəfə də “Heydər Əliyev dərin dövləti” vəziyyəti dəyişdi... Sevil Əliyevanın birinci ledi ölkədə olmadığı bir zamanda Bakıya müəmmalarla dolu səfər etməsi və cəmiyyətə ailəsi, sevimli və yeganə qardaşı, mərhum atası, anası barədə ciddi mesajlar verməsi də ciddi göstərici idi. Oyun başlamışdı. Ailənin, klanın maraqları zərbə altında idi. Qarşıdan isə parlament seçkiləri gəlirdi və qanunverici orqanın da nəzarətdən çıxması “Olimpin fəthi” ssenarisini yekunlaşdıra bilərdi. Sevil Əliyeva buna seyrçi qala bilməzdi. Onun Bakıya səfəri zamanı çantasında hansı materialların olması barədə isə yalnız ehtimallar irəli sürmək olar. İstənilən halda qan qohumluğu və “heç zaman ailənin maraqlarına qarşı getmə” dərsi H. Əliyevin sevimli qızını bu mərhələdə qardaşı ilə çiyin-çiyinə dayanmağa sövq edirdi. Lakin görünən budur ki, İlham Əliyev “Qordi düyünü”ndən dəfələrlə çətin olan bir tilsimi sındırmalı, törəmə vermiş xərçəng xəstəliyini cərrahi müdaxilə ilə kəsib atmalı imiş.

Daha çox cavab axtarılan sual isə sabiq MTN şefi Eldar Mahmudovla bağlı olaylar idi. Rabitə, hava limanı, maliyyə-bank sektoru, MTN, parlament, nüfuzlu telekanalların nəzarətə alınması və ölkə rəhbərinin istefaya vadar edilməsi planının mövcudluğu ilə yanaşı, ölkənin birinci şəxsinin həyatının belə təhlükədə ola bilməsi barədə düşünmək lazım gəlir. Bütün bunlar sadəcə versiyalardır və ola bilər ki, gerçəkliyi əks etdirmir. Əgər belədirsə, deməli, E. Mahmudov özü də bu oyunda sadə icraçı imiş və aysberqin görünməyən tərəfində daha güclü oyunçular dayanırmış.

Bir sözlə, İlham Əliyevin növbəti dəfə öz komandasının xəyanəti ilə üzləşdiyi göz önündədir. Vəziyyəti dəyişmək lazım gəlir. Son zamanlar incik düşmüş “Heydər Əliyev ordusu”nun ölkənin birinci şəxsinin ətrafında birləşdirmək üçün yeni variantlar axtarışında olması da qaçılmaz görünür. Belə variantlardan biri də Heydər Əliyevin mənəvi varisi kimi qəbul edilən Sevil Əliyevanın Bakıya qayıdışının təmin edilməsindən keçir. Lakin Sevil Əliyeva özünün və ailəsinin gələcəyini qardaşının hakimiyyətinin davam etməsində görür. Deməli, “Naxçıvan klanı”nın başlıca məqsədi birinci şəxsə yaxın olmaq uğrundakı savaşdır. Qarşı tərəfin isə artıq özünün lideri mövcuddur. Əslində, 2013-cü ildə həmin komanda öz lideri ilə seçkilərə getməyi planlaşdırırdı. Konstitusiya eyni şəxsin yalnız 2 dəfə dalbadal prezident seçilməsinə imkan verirdi. Lakin 2009-cu ilin 18 martında referendium keçirildi və İlham Əliyevin növbəti prezidentliyə gedən yolunda əngəl aradan qaldırıldı. Az keçmiş, referendium təşəbbüskarlarına qarşı ciddi savaş başladı və bunun mahiyyətinin nə olduğu hələ də tam aydın deyil.

Bu suallara cavab tapmaq üçün bir qədər öncəyə nəzər etmək lazım gəlir.
2008-ci ilin sonlarında artıq siyasi hakimiyyətini kifayət qədər möhkəmləndirmiş İlham Əliyev qeyri-adi gediş etdi. Bu gediş barədə ölkədə olduqca az insan məlumatlıdır və birbaşa məlumatın içində olan simalar da ona şübhə ilə yanaşırdılar. İlham Əliyev sərəncam imzaladı – Ramiz Mehdiyev vəzifəsindən azad edildi. “İkinci hakim ailə” sevinc göz yaşları içərisində idilər. Onların hesablamalarına görə, 2013-ci ildə ölkənin yeni prezidentin ata soyadı fərqli olacaqdı. Lakin... “Azərbaycanın Rişelyesi” ölkənin birinci şəxsinə bir telefon zəngi etdi və... İlham Əliyevin imzaladığı sərəncam ictimaiyyətə təqdim edilmədi.

İlham Əliyevə ad günü hədiyyəsi

2008-ci il 24 dekabrda Ramiz Mehdiyev prezidentə ad günü hədiyyəsi etdi və onun təklifi ilə parlament 2009-cu il 18 marta referendum təyin edildi və eyni şəxsin prezident seçkilərində iştrakına olan məhdudiyyət ləğv edildi. İlham Əliyev hakimiyyətdə qaldı. Daxili və xarici təhdidlərin öhdəsindən gələ bildi. Əslində, “Naxçıvan klanı” İlham Əliyevə ilk böyük dəstəyi 2003-cü ildə vermişdi. O zaman beynəlxalq dəstək də tərəddüd içində idi. Heydər Əliyevin Gülhanə xəstəxanasından Rusiya təyyarəsi ilə ABŞ-a aparılması gələcək hakimiyyətin taleyini faktiki olaraq həll etmişdi, amma hakim komanda artıq müxalifətə keçməyi planlaşdırdığı bir zamanda klan prosesə müdaxilə etdi və ata Əliyevin komandasını oğul Əliyevin çətiri altında toplaya bildi. Hakim komandanın avtoritar lideri Heydər Əliyevin dünyasını dəyişməsi ilə iqtidar çaşğınlıq içində idi. Xarici simpatiya da müxalifətin tərəfində idi. Heç də təsadüfi deyil ki, yüksək ranqlı məmurlar Müsavatın o zamankı başqanı İsa Qəmbərə “cənab prezidentim” deyə müracət edir və özlərini əliyevşina qurbanları adlandırırdılar.

Növbəti 5 ildə, 2008-ci ilə qədər “Naxçıvan klanı” müxalifəti və tənqidçi medianı, o cümlədən iqtidardakı rəqiblərini sıradan çıxardı və oğul Əliyevin ikinci prezidentliyinə gedən yolda əngəl qalmadı. Hakimiyyətdaxili savaş bundan sonra güclənməyə başladı.

İndi də bir çox suallar cavabsız qalır. 2009-cu ilin 18 mart referendumunun təşəbbüskarlarına qarşı aparılan savaşın mahiyyəti nə idi? Avropa Oyunları ərəfəsində Bakıda binanı kim və niyə yandırdı? “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu kim və niyə qətl etdi? ADNA-dakı terrorun əsl mahiyyəti nə idi və terrorçunun hadisə yerində qətlə yetirilməsi kimlərə sərf edirdi? General Rail Rzayev qətlini kim sifariş vermişdi? Bu gün kimlər “Naxçıvan klanı”nı hədəf seçir?

Azərbaycan hakimiyyətinə xarici və daxili təzyiqlərin artdığı bir zamanda, iqtidarın ən önəmli simalarının da savaş baltalarını havada yelləməsi, artıq bu savaşın ölüm-dirim məsəlinə çevrildiyinin göstəricisi kimi dəyərləndirilə bilər.

Bu gün hakimiyyət birinci vitse - prezidentin əlində cəmləşir və Əliyevin ətrafında olan oliqarxiya zəifləyir. Prezidentin imicinin sarsılmasının başlıca səbəbkarı olan “köhnə qvardiya” nı əvəz edən yeni siyasi elita ölkədə daha uğursuz mənzərə yaradır. Rabitə, səhiyyə, metro, təhsil sahələrində rəhbərliyə gətirilmiş yeni klan nümayəndələri yarıtmaz işləri ilə katalizatorlarının əsas elementinə çevrilirlər. İctimaiyyəti təngə gətirən naxçıvanizmin yerini yeni traybalizim doldurur. Yenilərin hakimiyyət dəhlizlərinə daşıdıqları məmurlar ordusu islahatçılığa meylliyi ilə tanınmır, yeni nazilə qohumluq və “ikinci hakim ailə”yə sadiqıiq əsas amil kimi nəzərdə tutulur. Bir sözlə əsas hədəf hakimiyyətin transformasiyasından deyil, iqtidarın bir əldə - “ikinci hakim ailə”nin əlində cəmləməkdən gedir. Bütün bu amillər bu gün kütləvi aksiyalara, yaxud saray çevrilişinə səbəb ola biləcək əsas komponentdir.

Azərbaycanda hakimiyyət dəyişikliyi və Qarabağ münaqişəsi

Bu dəfə söhbət yalnız yeni maliyyə bölgüsündən getmir, geosiyasi rəğbət də önəmli rol oynayır. Bu dəfə Qarabağ danışıqlarında hansı komandanın hansı mövqedə olacağı da önəmlidir.

Ermənistanda “Qarabağ klanı” hakimiyyətdən getdi. Robert Köçaryan da kitabında Heydər Əliyevlə görüşündən yazır və bildirir ki, Ermənistan və Azərbaycanın mövcud iqtidarı bu problemi həll etmək gücündə deyil. Ardınca Ermınistanda hakim komanda əks-elita ilə əvəzlənir. Azərbaycan hakimiyyəti içərisində bir qrup KTMT-yə üzvülüyün mühümlüyünü əsaslandırır və sülh danışıqlarından bəhs edir, qarşı tərəf isə kompromislərin mümkün olmadığını bəyan edir. Beləliklə, hakimiyyətdaxili savaş Qarabağa münasibətdə də tamamilə fərqli müstəvilərə transfer edir. Bu gün Rusiya İranla sərhədyanı rayonların qaytarılmasına nail olmaq üçün ermənilərə təzyiq göstərir. Plana görə, Ermənistan İranla sərhəddəki rayonları boşaldır, əvəzində rəsmi Bakı bu rayonlara güclü maliyyə qoymaqla yanaşı sovet dövründə işləmiş Bakı-Noraşen (xəttin adının necə olacağı önəmli deyil) dəmir yolunu işə salır, Rusiyadan gələn yüklər quru vasitəsi ilə Ermənistana çatdırılır. Dağlıq Qarabağın statusunun adıçəkilən prinsiplərə uyğun olaraq müzakirəsi isə 15-20 il sonraya saxlanılır.

Rəsmi Bakı isə 30 ildən bəri daşlaşmış münaqişənin həllinə başlamaqla yanaşı, cəmiyyətə daha bir mesaj verir: Bakı-Noraşen dəmir yolunun işə düşməsi həm də Naxçıvanın blokadadan çıxarılması deməkdir.
Gözlənilən dəyişikliklər regionda qlobal təlatümlərə səbəb ola bilər. Belə olan anda həm Rusiya, həm də Qərbə İran sərhəddində stabillik lazımdır. Qərb onsuz da anlayır ki, İrana qarşı müharibə ssenarisi olsa belə, bu hücum Azərbaycan ərazisindən olmayacaq. Amma İrana hücum zamanı milyonlarla insanın Azərbaycan sərhədlərini keçməsi realdır ki, bu da Bakını ciddi problemlərlə üzləşdirə bilər.

Bir sözlə, yeni siyasi elita Qarabağ və İranla sərhəd məsələsində tamamilə fərqli mövqe sərgiləyir. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyət dəhlizlərində baş verənlər yalnız dünyagörüşünün və mədəniyyətlərin toqquşması deyil, Azərbaycanın gələcəyi ilə bağlı konseptual fikir ayrılığıdır. Heydər Əliyevin zamanında imzalamaqdan imtina etdiyi “Qarabağ planı”nı bu gün “ikinci hakim ailə” imzalamağa hazır olduğunu nümayiş etdirir. Bir sözlə, yeni siyasi elitanın formalaşdırılması cəhdləri ölkə başçısına xaricdən və daxildən ciddi təhdid yaradır. Heydər Əliyevin oğluna Qarabağla bağlı kompromislərə imza atmaq xeyli çətindir, yeni siyasi elita isə daha çox kosmopolit dünyagörüşünə malikdir və yeni klan “Qarabağ yükü”ndən xilas olmaq istəyir.

Şübhə yoxdur ki, hakimiyyət dəhlizlərindəki savaşı dərinləşdirənlər bütün bu proseslərin mərkəzi hakimiyyəti laxlatdığını gözəl dərk edirlər.

Problem hakim elitadan prezidentliyə növbəti namizədin kim olacağın ilə bağlıdır. Bu suala xarici güc mərkəzləri də cavab axtarır. Ən azı İranla sərhədə kimin nəzarət edəcəyi onlar üçün də önəmlidir. Bu amillər isə onu deməyə əsas verir ki, İlham Əliyevin dördüncü prezidentliyə gedən yolu o qədər də asan olmayacaq. Mövcud prezidentin ən əsas rəqibi “Məhsul” stadionuna yığılan 2-3 min nəfər yox, ölkəyə nəzarəti ələ keçirən və xarici siyasətdə kompromislərə hazır olduğunu bəyan edən yeni siyasi elitadır…

Azər RƏŞİDOĞLU

pia.az

Şərh yazın.

loading...