Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İstəsələr də yaza bilməzlər” - Niyə ədəbiyyatımızda Rəsulzadə obrazı yoxdur?

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Siyasi meydanın ən qarışıq dönəmində və Azərbaycanın tarix səhnəsindən birdəfəlik silinməsi təhlükəsi qarşısında parçalanmış xalqı bir bayraq altında birləşdirməyi bacaran öndərin 135 yaşı tamam oldu.

Lakin belə bir şəxsiyyətin həyatı, ictimai-siyasi, hətta ədəbi fəaliyyəti ayrı-ayrı vaxtlarda araşdırma mövzusu olsa da, hansısa səbəbdən Rəsulzadə bir bədii obraz olaraq hələ də Azərbaycan ədəbiyyatında öz yerini tapmayıb.

Geridə qalan böyük bir tarix ərzində barəsində nə bir bədii əsər yazıldı, nə də yaşadığı dönəmi əks etdirən əsərlərdə bədii obraz kimi yer verildi.

“Niyə ədəbiyyatımızda Məhəmməd Əmin Rəsulzadənin bədii obrazı yoxdur, yaxud onun haqda bədii əsər yazılmadı” sualı hələ də cavabsız qalır.

PİA.AZ bildirir ki, Teleqraf.com bu sualla ədəbiyyat adamlarına müraciət edib.

Sorğunu təqdim edirik.

“Hələ indi-indi öz dəyəri verilir”

Şair Sabir Rüstəmxanlı: “Hələ zaman qurtarmayıb. Adətən, Rəsulzadə səviyyəsində, onun kimi böyük bir şərəfli yol keçmiş adamlar haqa əsərlər ölümündən əlli, yüz il sonra yazırlar. SSRİ dönəmində Azərbaycanda 71 il onun adı qadağan olunmuşdu. Yalnız 1988-ci ildə baş vermiş Xalq Hərəkatından sonra Rəsulzadə xatırlanmağa başladı.

1991-ci ildə onun qurduğu dövlət bərpa olunduqdan sonra Rəsulzadəyə, onun bədii-siyasi fəaliyyətinə sahib çıxdıq, əsərləri toplanıb çap edildi, onun barəsində məlumatlar araşdırıldı. Yəni, Rəsulzadə və onun qurduğu milli hökumətə indi-indi öz dəyəri verilir. Rəsulzadə mövzusu çox mürəkkəbdir, onun ömürünün hər fəsli, hər bölümü - İran, Finlandiya, Rumıniya, Türkiyə həyatı haqda bir roman yazmaq olar. Yəqin ki, belə bir bədii əsər nə vaxtsa yazılacaq”.

“Hələ “qoyulan kərpiclərin” sayı azdır”

Ədəbi tənqidçi Cavanşir Yusifli: “Əslində, sualın cavabı guya aydındır, amma bu guya verilən sualı tam əhatə etmir. Məhəmməd Əmin kimi şəxsiyyətlər millətin tarixi prosesinin nəticəsində yaranır, doğulur və onun baş səhifəsində silinməz izlər buraxırlar. Fikrimizcə , bunun iki əsas səbəbi var.

Birincisi, Məhəmməd Əmin və silahdaşlarının irəli sürdükləri ideya – müstəqil Azərbaycan cumhuriyyəti devrildikdən sonra nələrin baş verməsi göz önündədir, tarixi “fəsillər” qaydasız, necə gəldi, həm də disharmoniya şəklində bir-birini əvəz etdikdə ədəbiyyatda tormozlanma gedir, yəni həmin şura dövründə daha çox lazım olmayan nəsnələr önə çıxdığından hər şey qarışıb həlməşik bir kütlə yaratdı. Az-çox bədii dəyəri olan əsərlər bu ümumi prosesə bir elə təsir edə bilmədi.

Çünki sovet dönəmində yazıçıları ən adi şeylərin üstündə didərgin salır (bəzi əsərlər sırf təsadüf nəticəsində bu məngənədən keçə bilirdi), bir sözlə bədii təfəkkür, nə qədər acı olsa da, deyək ki, “vətən itkisi”nə məruz qalırdı.

Digər yandan, ikinci müstəqilliyin ilk dönəmlərində cumhuriyyət dönəmində artıq yetərincə fəhm edilmiş məsələlər təkrar şəkildə mübahisə predmetinə çevrilirdi. Bütün bu mürəkkəb və qəliz prosesin sonunda “Məhəmməd Əmin Rəsulzadə haqqında niyə bədii əsər yaranmadı” sualının cavabı yoxdur.

Əgər XX əsrin sonu - XXI əsrin bu günlərinə qədərki dövrdə o obraz yaradılsaydı, ədəbiyyatımız daha bir “gül-bülbül” çərxini arxada buraxmış olardı. Əslində sovet dönəmində Süleyman Rəhimov, Mehdi Hüseyn və sair yazıçıların əsərlərində həmin dövrün hadisələri təsvir edilib, ancaq necə? O təsvirlərdə ədəbiyyatdan heç nə yoxdur. Amma bu obraz yaradılacaq, həm də cümhuriyyət dövrünün bədii dərki hökmən baş verəcək. Hələ “qoyulan kərpiclərin” sayı azdır”.

“Hələ ruhumuza lazımı qədər hopmayıb”

Yazıçı Şərif Ağayar: “Konyukturanın yox, əsl ədəbiyyatın belə bir öhdəliyi yoxdur. Konyukturşiklər də bu işə əla yiyələndikləri üçün nədən yazmaq lazım olduğunu yaxşı bilirlər. Günün ciddi ədəbiyyatı tanıtma və təbliğat xarakterli deyil.

Amma Rəsulzadə ilə vəziyyət bir az fərqlidir. Məncə, o şəxsiyyət bədii yaddaşımıza, ruhumuza lazımı qədər hopmayıb. Görünür, zaman lazımdır”.

“Tolstoyun vaxtı və pulu var idi”

Şair Aqşin Yenisey: “Biz bolşevizmin əsarətindən fiziki mənada qurtulmuşuq, bolşevizmin irsi, mənəvi əsarəti hələ davam edir. Bu, tək bizə aid deyil, post-sovet ölkələrinin çoxu bu gündədir. Hələ yaradıcı təxəyyülümüz yaxın keçmişimizi saf-çürük etməyə hazır deyil. Tolstoy “Hərb və Sülh”ü yazanda Napoleonun Rusiyaya hücumundan 60 il keçmişdi.

Biz sovet hökumətinin qadağalarından 29 ildir ayrılmışıq və bu günəcən müharibə içində yaşayırıq. İlham mənbəyini arxivlərdən alan bu cür əsərləri yazmaq üçün vaxt lazımdır. Tostoyun vaxtı və pulu var idi, o, hətta Borodino döyüşü səhnəsini yazarkən, faytonla Borodino çölünə baxmağa getmişdi.

Bu gün yeni nəsil yazarlarımızın bu qədər vaxtı və pulu yoxdur. Vaxtı və pulu olan yaşlı nəsil yazarlarımız isə istəsə belə mövzusu azadlıq, cümhuriyyət olan əsər yaza bilməzlər, düşüncə tərzləri buna imkan verməz. Şərif Ağayarın sözü olmasın, 1918-ci il bir mövzu kimi bizi gələcəkdə gözləyir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar