Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli qürur mənbəyimiz olan şair barədə 4 ən böyük yalan

Əziz Rzazadə

Strateq.az

İndi dəbdə olan “fake news” (saxta xəbər) ifadəsi Donald Trampın ixtirasıdır, amma bəşər ilk yalanla şeytanın Həvvanı aldatdığı gün qarşılaşıb.

Əlbəttə, başa düşürəm ki, hamının tarixçi və ya ədəbiyyatşünas, hələ üstəlik, peşəkar mütəxəssis olması mümkün deyil. Amma son 100 ildə keçmişlə bağların qopması ilə nəinki yeni nəsil, yəni bu əsrin, bu minilliyin insanları, hətta az qala 7 arxa dönəni tarixi-mədəni şəxsiyyətlərini yaxşı tanımır.

Nəsillər arasıda bağlayıcı, kəmərbənd itirsə, başqa necə ola bilə ki?!

Qismən undulmuş, yaxşı tanınmayan tarixi-mədəni şəxsiyyətlər sırasında Seyyid Əli Hüseyni İmadəddin Nəsimi də istisna deyil. Onun haqqına bir kitablıq qələtlər – “fake news” toplamaq olar.

Bir çox yanlışlar, yalanlar və səhv təsəvvürlərin meydana gəlməsini təkcə sovet dövrünün qəlibləri ilə izah etmək mümkündür. Amma azərbaycanlıların mütəfəkkir-şairə dair təəssüratları, beyinlədəki xəyali obrazı böyük ölçüdə yazıçı İsa Hüseynovun “Məşhər” romanı əsasında çəkilən “Nəsimi” filmi ilə yoğrulub. Hərgah sovet dövründə digər klassiklərin də tərcümeyi-halı ideoloi klişelərə, qəliblərə salınıb. Amma digərləri kimi, ədəbi təxəyyül deyil, tarixi həqiqətə mənsub İmadəddin Nəsimi haqqında bu yanlışlar “naxışdır” deyə, indiyə qədər düzəldilməyib.

Birinci yalan: İmadəddin Nəsiminin Şamaxıda doğulması. Bunu isbalayan heç bir əlahəzrət fakt yoxdur. Sadəcə, Azərbaycan ədəbiyyatşüna-alimləri Salman Mümtaz və Mirzağa Quluzadənin iddiasıdır.

Qardaşı Şah Xəndanın Şamaxıda dəfn olunması hələ Nəsiminin Şamaxı doğumlu olduğunu isbatlamır. Eyni məntiqlə şairin Hələbdə dəfn olunmasına əsaslanıb, onun əslən suriyalı olduğunu iddia etmək olar.

Bəzi mənbələrdə ad sırasındakı “əl-Bağdadi”yə əsasən, şairin müasir İraq paytaxtının yaxınlığında yerləşən Nəsim kəndində doğulması (Aşıq Çələbinin təzkirəsində) iddiası var.

İbn Həcər Əsqəlaninin Nəsimi haqqında ilk və ən qədim qaynağında – “Ənbəil-qubr fi əbnail-umr” kitabında şairin adı “Nəsiməddin Təbrizi” kimi yad edilir. Şəmsəddin Səxavi və İbn İmad əl-Hənbəli də eyni coğrafi məkana işarə edirlər.

“Riyazül-arif”inin müəllifi Rzaqulu xan Hidayət şairi şirazlı kimi qələmə verir.”Farsname-yi naseri”də də “şirazlı” qeydi var.

Amma zəmanədaşları kimi üç dildə divan yazmış Nəsiminin poetik dili – mənim, sənin, bizim bu gün cüzi fərqlə danışdığımız dildir. Bu mənada, o, yüzdə-yüz Azərbaycan şairidir!

İkinci yalan: İmadəddin Nəsimi və Fəzlullah Nəiminin əlaqələri, hürufiliyinin banisi ilə qohumluğu və onun mənəvi varisi olmasıdır.

Əvvəlla, Nəsimi və Nəiminin görüşməsi barədə heç bir tarixi qeyd yoxdur. “Nəsimi” filmində gördüklərimiz sırf ədəbi təxəyyül məhsuludur.

İkincisi, 7 övlad (3 oğul və 4 qız) atası olmuş Fəzlullah Nəiminin kürəkəni (Fatimə xatunun əri) və varisi Əbülhəsən Əliyyül-Əladır. Hətta bəzi tarixi qeydlərə əsasən, Nəsiminin hürufiliklə tanışlığı və bu dini-siyasi hərəkata qoşulması da onun sayəsində baş verib.

Üçüncü yalan: Əzim Əzimzadənin “Nəsiminin edamı” rəsmində və “Nəsimi” filmində əks olunmuş edam səhnəsi, yəni dərisinin diri-diri soyulması.

İbn Həcər Əsqəlani yazır: “…məlik Müəyyəd Seyfəddinin əmri ilə Hələb şəhərində hicri 821-cu (miladi 1418-ci il) ilində dərisi soyuldu və edam olundu”.

“Şəhəratiz-zəhəb”də qeyd olunur: “Hicri 820-ci ildə hürufi şeyxi Nəsiməddin Təbrizi yaşadığı Hələb şəhərində edam olundu”.

Əl-Hənbəlinin qeydi: “O, Hələbdə məskunlaşdı, ardıcıllarının sayı artdı, bidəti geniş yayıldı və padşah qətl əmri verənə qədər məşhur oldu. Boynunu vurdular və çarmıxa çəkdilər”.

“Kənzül-zəhəb” müəllifi (İbn əl-Əcəmi) Hələb alimlərinin Nəsimi haqqında şəri fitva verməsi və əmir Yaşbək bin Abdullah Yusifi tərəfindən (820-824) edam edildiyini yazır.

“İmadəddin Nəsiminin qətli hekayəsi” iqtibasla “İlam ən-nubəla bitarix Hələb əş-Şəhra”da (Məhəmməd Raqib ibn Mahmud ibn Haşim ət-Təbbaq əl-Hələbi) geniş əks olunub. Akademik Ziya Bünyadovin bu əsər barədə ilk dəfə “Elm və Həyat” jurnlında dərc etdiyi (sonradan bir çox KİV-lərdə dərc olunub) məqalə sayəsində Nəsiminin qətlinin bütün təfərrüatları aydınlaşıb:

“Nəsiminin qətli əmir Yaşbək ibn Abdullah Yusifinin vaxtında olub. Ona qarşı ittiham Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin və Şəmsəddin ibn Əminnəddövlənin hüzurunda irəli sürülüb. Həmin an şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı Fəthəddin və hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olub.

…İttiham ilə onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqasi çıxış edib. Bu hadisə qazıların və Hələb üləmasının hüzurunda baş verib və naib Yaşbək ona (Nəsimiyə – Z.B.) deyir: “Söylədikləini sübuta yetirməlisən, yoxsa səni öldürəcəyəm!”

Bu sözləri eşitcək İbn əş-Şənqasi ittihamdan imtina edir. Nəsimi isə iki dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir söz demir və ittihamları inkar edir. Bu anda hənbəlilərin şeyxi Şihabəddin malikilərin qazısı Fəthəddindən yuxarı başa keçib və fitva verib ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O, (Şihabəddin – Z.B.) Fəthəddindən yuxarı başa keçib oturarkən Fəthəddin kənara çəkilir və Şihabəddin ona deyir: “Nə üçün onun qətlinə fitva verilməsin?” Fəthəddin deyir ki, olmaya öz əlinlə ona ölüm hökmü yazmaq istəyirsən?” Şihabəddin: “Bəli!” – deyə cavab verir. Sonra o, fitva sənədini yazır və öz yazısını şeyximiz ibn Xatibə və qalan qazı və üləmaya təqdim edir. Onlar fitvaya razılıq vermirlər və Fəthəddin ona deyir: “Qazı və üləma səninlə razı olmadıqları halda, sənin sözünlə ona necə ölüm hökmü kəsə bilərəm?”

Əmir Yaşbək isə söyləyir: “Mən onu öldürə bilmərəm, çünki sultan Müəyyəd göstəriş verib ki onu məsələdən xəbərdar edim. Sultanın Nəsimi barəsində nə kimi sərəncam verəcəyini gözləməliyəm”.

Məclis bununla dağılır və Nəsimi Ədalət Sarayında dustaq qalır. Onun işi ilə sultan əl-Müəyyədi tanış etdilər. Bundan sonra Yaşbəkə göstəriş gəlir ki, dustaq zindana köçürülsün. Nəsimini aparıb qala həbsxanasına salırlar. Sonra isə Sultan Müəyyədin sərəncamı gəlir ki, Nəsimi öldürülsün, dərisi soyulsun və yeddi gün Hələbdə carmıxa çəkilib bəyan edilsin, sonra da cəsədi doğransın, bir qismi Əlibəy Zülqədərə və onun qardaşı Nəsrəddinə göndərilsin…”

Dördüncü yalan: İmadəddin Nəsimi Azərbaycan şairidir.

Özüm-özümü təkzib etmək məcburiyyətindəyəm.

Niyə?

Hər bir nəsil xələflərinin mirasını, tarixi-mədəni irsini qorumaq öhdəliyini sonadək yerinə yetirməli və xələflərinə çatdıralıdır. Əks halda, milli qürur yalnız lovğalıq və riyakarlıqdır.

Sözümün canı budur ki, tarixi-mədəni şəxsiyyətlərin Azərbaycana məxsusluğunu iddia etmək işin yalnız yarısıdır. Ona dövlətin mühafizə möhürü vurulmadıqda, “yiyəsiz mal”a tamah salan, aydındır ki, çox olar.

Bakıda Rəsulzadənin barelyefi, Tiflisdə Nərimanovun heykəli, çox uzaqlardakı Hələbdə Nəsiminin məzarı… onlar təkcə Mədəniyyət Nazirliyinin tarix-mədəni abidələr reyestrinə dail edilməli deyil, həm də XİN, Diaspor Komitəsi və KİV-in ciddi müşahidəsinə alınmalıdır. Amma dünya təcrübəsində hətta qürbətdə həlak olmuş əsgərlərin qəbirlərinə ehtiram göstəridiyi, dövlətin mühafizə çəpəri ilə əhatə olunduğu halda, Azəbaycanda tarixi-mədəni abidələrə qayğı və mühafiz anlayışı quru hesabatlar, təmtəraqlı yubiley tədbirlərindən kənara çıxmır. Adamı ən çox yandıran məhz budur!

Yalanlar, uydurmalar, yarıhəqiqətlər… kiminə yalnız bu lazımdır, mənə gerçək!

Atalar “Yalan ayaq açar, amma yeriməz” desə də, bizim çağda hər cür yalan, “fake news” həqiqət donu ilə könülləri oxşayır. Odur ki, bir gün xəbər lentlərində, yaxud kiberməkanda “Donald Tramp tvit atdı: “İmadəddin Nəsimi İŞİD-in yeni lideridir” cümləsini və bu saxta xəbərə inanların çoxluqda olduğunu görsəm, əsla təəccüblənmərəm…

pia.az


Etiket: Nəsimi yalanlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar