Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şübhəli tender: Mədəniyyət nazirliyi "almışıq", Ekologiya nazirliyi "satmamışıq" deyir

Yanvar ayının 15-də Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə sərəncam imzaladı

Həmin sərəncamın 1-ci bəndinin tələbinə görə Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi.

Sərəncamın ikinci bəndində isə Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdirinin sədrliyi ilə komissiya yaradıldı.

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən Maliyyə naziri Samir Şərifov da Mədəniyyət nazirliyinin əhatə etdiyi kino sahəsinə toxunaraq bu sahədə keyfiyyətyönümlü dəyişikliyin baş verməsinin vacibliyini vurğulamışdı. Səmərəli mexanizmin olmadığını deyən Maliyyə naziri çıxışında son iki ildə kino sahəsinə ayrılan vəsaitlərin məhdudlaşdırıldığını qeyd etdi.

PİA.AZ bildirir ki, Qlobal.Az Prezident İlham Əliyevin ölkədə aparılan uğurlu iqtisadi siyasətdə şəffaflığın təmin olunması və neqativ halların aşkara çıxarılması çağırışına dəstək olaraq araşdırmalarını davam etdirir.

Bu dəfəki araşdırma Şəki Regional Mədəniyyət İdarəsinin sifarişçisi olduğu 7 lot üzrə keçirilən tenderlər üzərindədir.

Bu tenderlərdə ümumi məbləğ 386911 manatdır.

Öncə qeyd edək ki, ötən ilin (2018) mart ayının 12-də və 27-də Şəki Regional Mədəniyyət İdarəsinin sifarişçisi olduğu 2 (iki) tenderə, may ayının 16-da 3 (üç) tenderə, iyun ayının 8-də isə daha 2 tenderə yekun vurulub.

Mart ayının 12 və 27-də keçirilən hər iki tenderin qalibi Sirkon MMC (VÖEN: 3800810791) olub.

May ayının 16-da keçirilən üç profil üzrə tenderlərin qalibi də eyni şirkət - Qarabulaq MMC (VÖEN: 4300363051) olub.

İyun ayının 8-də keçirilən 2 tenderin qalibi yenə də Sirkon MMC olub.

Hər iki MMC-nin qanuni təmsilçisi Şəki şəhəri, Bagbanlar ev 59A, 34 ünvanında qeydiyyatda olan Yunusov Şahin Şamil oğludur.

Ümumi məbləği 269138 manat olan tenderin qalibi Qarabulaq MMC-nin hüquqi ünvanı Qax rayonunun Əmircan kəndindədir.

Qax rayonunun Əmircan kəndinin bələdiyyə sədri belə bir təşkilatı tanımadıqlarını bildirir.

Dövlət satınalmalarında iştirak edən Qarabulaq MMC-nin əlaqə telefonu, texniki və işçi imkanları haqqında heç bir məlumat yoxdur.

Mart ayının 12 və 27-də və iyun ayının 8-də 4 lot (2+2) üzrə keçirilən ümumi məbləği 117773 (bir yüz on yeddi min yeddi yüz yetmiş üz) manat olan tenderin qalibi Sirkon MMC-nin hüquqi ünvanı isə Balakən rayonunun Hənifə kəndidir.

Bu şirkət barəsində də əlaqələndirici informasiya yoxdur.

Qarabulaq MMC 2018-ci ilin may ayının 5-də Şəki Regional Mədəniyyət İdarəsinin "odun yanacağının satın alınması" işləri üzrə sifarişçisi olduğu 101811 (bir yüz bir min səkkiz yüz on bir) manatlıq tenderin qalibi olub.

May ayının 5-də Qarabulaq MMC ilə Şəki Regional Mədəniyyət İdarəsinin arasında imzalanan "dəftərxana ləvazimatları"nın alınması üzrə ikinci tenderin smetası isə 103064 (bir yüz üç min altmış dörd) manatdır.

Şəki Regional Mədəniyyət İdarəsi may ayının 5-də Qarabulaq MMC ilə daha bir tender müqaviləsi bağlayıb. "Tədbirlərin keçirilməsi işləri üzrə" tenderin məbləği 64263 (altmış dörd min iki yüz altmış üç) manat olub.

Diqqət edirsinizsə əvvəlki iki tender (odun yanacağı və dəftərxana ləvazimatı) üzrə qalib olan Qarabulaq MMC tələb olunan mal və materialları yalnız ilkin mənbədən alıb sifarişçiyə satır.

2018-ci ilin mart ayının 12-də Şəki Regional İdarəsinin sifarişçisi olduğu "tədbirlərin təşkili üzrə" (20000), mart ayının 27-də "tərtibat işləri üzrə" (49495), iyun ayının isə 8-də "təsərrüfat malları" (30968) və "mətbəə xərcləri" (17310) üzrə keçirilən tenderlərdə qalib olan Sirkon MMC də Qarabulaq MMC kimi burada əlaqələndirici təşkilat rolunu oynayır.

Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova Şəki Regional Mədəniyyət İdarəsinin tenderləri ilə bağlı verdiyimiz sualı belə cavablandırdı: "Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına əsasən yerli mədəniyyət və turizm şöbələri ləğv olunaraq onların bazasında regional idarələr, o cümlədən hazırki Şəki Regional Mədəniyyət İdarəsi yaradılmışdır. Ona görə də Mədəniyyət Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur"-deyə, bildirdi.

Yuxarıda da qeyd etdiyimiz kimi təcrübəsi və texniki imkanları barəsində heç bir məlumat verilməyən, digər tenderlərdə işi yalnız alıb-satmaq olan Qarabulaq MMC və Sirkon MMC Şəki Regional Mədəniyyət İdarəsinin tədbirlərini hansı formada və necə həyata keçirdiyi, eləcə də bu tenderlərdə daha hansı şirkətlərin iştirak etdiyi və lot üzrə tenderlərdə iştirak edən şirkətlərin təkliflərinin nədən ibarət olması barədə Şəki Regional Mədəniyyət İdarəsindən münasibət öyrəndik.


Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın adından göndərilən cavab məktubunda deyilir:

"Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən 3 LOT üzrə tender keçirilməsi barədə "Azərbaycan” qəzetinin 13 mart 2018-ci il tarixli (N:56) və 03 aprel 2018-ci il tarixli (N:73) nömrələrində aşağıdakı satınalmalar və xidmətlər üzrə açıq tender elan olunmuşdur:

LOT-1 Dəftərxana ləvazımatlarının və təsərrüfat xərclərinin satın alınması
LOT-2 İstilik yanacağının (odun) satın alınması
LOT-3 Tədbirlərin təşkili

Elan dərc edildikdən sonra "Sirika”, "CC-Standart” və "Qarabulaq” MMC-lər tenderdə iştirak etmək üçün Şəki Regional Mədəniyyət İdarəsinə müraciət etmiş, aidiyyatı üzrə öz təklif və şərtlərini bildirmişlər.

Təbiidir ki, bu kimi hallarda zaman məfhumu və sərf olunacaq vəsaitin miqdarı başlıca əhəmiyyət kəsb edir. Məhz həmin amillər nəzərə alınaraq daha sərfəli təkliflər zərfi təqdim edən "Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyətə üstünlük verilmişdir.



"Qarabulaq” MMC-nin LOT-1 üzrə ("Dəftərxana ləvazımatlarının və təsərrüfat xərclərinin satın alınması”) üstün gəldiyi tenderdə müəyyən olunmuş vəsaitin miqdarı sizin sorğunuzda qeyd edildiyi kimi üç yüz min manat yox, cəmi yüz otuz dörd min manat 36 qəpikdir. Həmin məbləğin dəftərxana ləvazımatlarına aid hissəsi yüz üç min manat 68 qəpik təşkil edir. Hesab edirik ki, 375 mədəni-maarif müəssisəsi üçün ayrılan həmin vəsait heç də artıq olmayıb, tam normaldır.

"Qarabulaq” MMC-nin LOT-2 üzrə qalib olduğu 101811,51 manat məbləğində yanacağın növü odun qırıntısıdır və həcmi 2909 m3-dir.

Məlumat üçün bildiririk ki, hazırda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində 375 mədəni-maarif müəsisəsi fəaliyyət göstərir və Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla mədəni-maarif müəssisələrində iş yerlərinin qızdırılması məqsədilə 512 odun sobasından istifadə olunur.

Şəki Regional Mədəniyyət İdarəsinin müraciət etdiyi (LOT-3) 64263,00 manatlıq "Tədbirlərin keçirilməsi” işlərinin nədən ibarət olduğu sorğunuza gəldikdə isə, buna cavab olaraq bildiririk ki, Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi bölgələr ölkəmizdə (paytaxt Bakı istisna olmaqla) ən iri miqyaslı beynəlxalq və respublika əhəmiyyətli mədəni-kütləvi tədbirlərin reallaşdırıldığı coğrafiyada yerləşir. Burada ənənəvi olaraq hər il "Beyləlxalq İpək Yolu” musiqi festivalları, "Beynəlxalq Qoz, Fındıq və Şabalıd” festivalları, "Beynəlxalq Xurma” festivalları, habelə respublika səviyyəli "Tut”, "Milli mətbəx”, "Şəfa” bayramları, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyiilə həsr olunmuş regionlararası "Bölgələrdən-bölgələrə” devizi altında keçirilən yaradıcılıq festivalları və s. tədbirlər düzənlənir. Həmin tədbirərin həyata keçirilməsi məqsədilə böyük həcmdə bədii tərtibat, dekorasiya və dizayn işləri aparılır, tədbirin keçirildiyi məkana digər bölgələrdən çoxlu sayda bədii-özfəaliyyət kollektivləri cəlb olunur, onların və texniki vasitələrin daşınması üçün nəqliyyat vasitələri kirayə edilir, ictimai iaşə problemləri və s. həll olunur. Yuxarıda sadalananların ərsəyə gəlməsi üçün "Qarabulaq” MMC bir çox hallarda fiziki şəxslərin yardımından istifadə edir".

Şəki Regional Mədəniyyət İdarəsisinin rəisi cavab məktubunda gördüyünüz kimi Sirkon MMC ilə bağlı suallarımızın üzərindən sükutla keçir.

Həmçinin suallarımıza formal olaraq cavab verən İdarə rəisinin məktubunda daha bir ilginc məqam isə Qarabulaq MMC-nin qalib olduğu tenderlərdə Sirika MMC-nin iştirak etməsidir.

Qeyd edək ki, Sirika MMC (VÖEN: 3800828301) ötən ilin mart ayının 3-də təsis edilib. Bu təşkilat da 2018-ci ilin may ayının 5-də 24975 manatlıq tender müqaviləsi bağlayıb.

Maraqlı məqam isə Sirika MMC ilə Qarabulaq MMC-nin hüquqi ünvanının eyni ünvanda-Balakən rayonunun Hənifə kəndində yerləşməsidir.

İdarə rəisinin məktubunda digər maraqlı məqam isə ölkənin ən ucqar regionlarında qazlaşdırılmanın aparıldığı bir zamanda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan 375 müəssisənin qızdırılması üçün hələ də orta əsrlərdə olduğu kimi odun yanacağından istifadə olunmasıdır. Məktubunda 512 odun sobasından istifadə etdiklərini yazan İdarə rəisi daha sonra bu məqsədlə 2909 m3 odun qırıntısı aldıqlarını qeyd edir.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisinin məktubundakı rəqəmlər maraq doğurduğundan ölkədə odun qırıntılarının satışının hansı formada aparıldığına aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin odun qırıntılarının satışını necə həyata keçiridiyi barədə sualımızı nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu cür cavablandırdı: "Meşədə köküstə qurumuş, inkişafdan qalmış, xəstə və meşə ərazilərində yıxılmış ağaclar hesabına oduncaq ilk növbədə Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə, imtiyazlı şəxslərə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə ETSN-nin Regional Meşə Təsərrüfatı Müəssisələri tərəfindən verilir".

Ekologiya nazirliyinin mətbuat xidmətinin rəhbəri 1 m3 odunun qiymətinin odunun daşınma məsafəsindən asılı olaraq 15/45 manat arasında dəyişdiyini və 2018-ci ildə Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən Qarabulaq MMC-yə odun satışı olmadığını qeyd etdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Meşə Məcəlləsinin "Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması" maddəsinin tələbinə görə meşə fondu sahələrindən istifadə etmək, quru odunların alışını, satışını həyata keçirmək üçün meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsi, meşəqırma bileti, orderi və meşə bileti olmalıdır.

Şəki Regional Mədəniyyət İdarəsində 2018-ci ildə audit aparılıb-aparılmaması ilə bağlı Hesablama Palatasına müraciət etdik.

Hesablama Palatasının sosial sahələrin audit şöbəsinin müdiri Zəfər Rzayev bildirdi ki, Hesablama Palatası 2018-ci ildə Şəki Regional Mədəniyyət İdarəsində audit aparmamışdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar