Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dostlar, bizim oğlan prezident olacaq, biz bunu təşkil edə bilərik..."

Donald Tramp Maykl Koenə Konqresi aldatmağı əmr edib və o da bunu edib, indi isə yalan danışdığını xüsusi prokurora etiraf edib

“BuzzFeed” internet-nəşrinin dərc etdiyi bu xəbər dərhal Vaşinqtondakı ab-havanı gərginləşdirib.

Virtualaz.org Amerika mətbuatına istinadən xəbər verir ki, bundan bir neçə dəqiqə sonra bir sıra demokrat deputatlar istintaqın aparılmasını və ittihamlar təsdiqlənərsə, prezidentin impiçmentini tələb ediblər. Kəşfiyyat işləri üzrə senat komitəsinin sədri Adam Şiff bu ittihamı prezidentə qarşı irəli sürülmüş ittihamlar arasında ən ciddisi adlandırıb.

Burada “təsdiqlənərsə” ifadəsi tam yerinə düşür. “BuzzFeed” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad edir və iddia edir ki, Koenin ifadələri sənədlərlə, audioyazılarla və elektron yazışma ilə sübut olunur.

Koen nə barədə etiraf edib? Moskvadakı göydələn layihəsi barədə.

Maykl Koen Trampın şəxsi vəkilindən çox onun xüsusi tapşırıqlarını həyata keçirən şəxs olub. Məsələn, prezidentlə cinsi əlaqədə olduqlarını iddia edən iki qadına pul verərək onları susmağa məcbur etmək kimi işləri yoluna qoyub. Nəyə görəsə Donald Tramp Rusiya paytaxtında göydələnin tikilməsi məsələsini “Trump Organization” şirkətinin mütəxəssislərinə deyil, məhz bu bacarıqlı şəxsə tapşırıb?

Moskvada, yaxud Peterburqda öz qülləsini tikmək Trampın çoxdankı arzusu olub. O, bu layihə haqqında hələ 1987-ci ildə dərc olunmuş “Sövdələşmələri bağlamaq incəsənəti” kitabında yazıb. Lakin o vaxt bu planlardan bir şey çıxmayıb. Sovet dövründə torpağı almaq yox, ancaq kirayələmək olardı, həm də birgə müəssisə yaradılmalı idi. Bu isə Trampa xoş gəlməyib. 1996-cı ilin noyabrında Donald Tramp ikinci dəfə Moskvaya gəlir. Moskvanın vitse-meri Vladimir Resin layihəni dəstəklədi. İnvestorlar da, layihənin memarı da tapıldı – bu, məşhur Teodor Libman idi. Hətta Tramp Moskvanın “Balçuq” otelində mətbuat konfransı keçirərək, gələcək göydələnin dəqiq ünvanını da söylədi və bildirdi ki, onun təxmini qiyməti 90-120 milyon dollara bərabərdir. Lakin bu dəfə də sövdələşmə baş tutmadı.

Yalnız 2012-ci ildə Trampın doörudan da ciddi patnyoru meydana çıxır – bu, Moskvada tikinti işləri aparan əsas simalardan biri, “Crocus Group” şirkətinin başçısı. azərbaycanlı iş adamı Araz Ağalarov olur. Trampın başı prezident seçkilərinə qarışdığı vaxt bu tərəfdaşla danışıqları məhz Maykl Koen aparıb. Layihə ən yüksək səviyyədə dəstəklənib. 2015-ci ilin noyabrında Trampın iş tərəfdaşı Feliks Sater, başqa adı ilə Feliks Mixayloviç Şeferovski Koenə yazırdı: “Mən Putini bu bproqrama cəlb edəcəyəm və biz Donaldın seçilməsinə nail olacağıq... Dostum, bizim oğlan prezident olacaq, biz bunu təşkil edə bilərik...”

2017-ci ilin yanvar ayında Koen and içərək Konqresin hər iki palatasının kəşfiyyat üzrə komitələrində ifadə verib. O iddia edib ki. qüllənin tikintisi üzrə bütün danışıqlar 2016-cı ilin yanvar ayının sonlarında, hələ praymerizə (Ayovada ilk səsvermə fevralın 1-də keçirilib) qədər yekunlaşıb. 2018-ci ilin noyabrında isə Koen ədalət məhkəməsi ilə sövdələşməyə gedib və özünü yalan ifadə verməkdə müqəssir sayıb. Yalan ondan ibarət idi ki, əslində danışıqlar iyun ayına qədər, Trampın partiyadan irəli sürülməsi yəqin olan vaxta qədər davam edib. Onun sözlərinə görə, prezidentə loyallığına görə yalan danışıb və prezidentin Rusiyada heç bir biznesinin olmaması barədə bəyanatlarına görə belə hərəkət edib.

Koenin etiraflarından təəssüflənmiş Tramp o vaxt bildirmişdi ki, ona böhtan atmaqla zəif xarakterli dostu həbs müddətini azaltmaq istəyir. Prezident bildirib ki, layihə haqqında “hamı bilirdi. Bu barədə qəzetlərdə yazırdılar. Məşhur layihə idi. Lakin qısa müddət sürdü. Qərara aldım ki, bu layihə ilə məşğul olmayım... Məşğul olsaydım belə düzgün olmayan heç nə baş verməyəcəkdi. Bu, mənim biznesimdir”. Və səmimi olaraq əlavə edib: “Böyük ehtimal var idi ki, uduzacağam. O zaman biznesə qayıdacaqdım. Bu cür imkanları niyə itirim ki?”

“BuzzFeed”in jurnalistləri iddia edirlər ki, əslində Koen prezidentin birbaşa göstərişi ilə yalan danışıb. Əgər bu belədirsə, prezident ədalət məhkəməsinə maneə törədib.

Trampın hüquqşünaslarından biri olmaqdan daha çox ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifələrini yerinə yetirən Rudi Culiani nahaq yerə bildirir ki, iş niyyətlər haqqında məktubdan o yana getməyib. “BuzzFeed” özünün digər məqalələrində göstərib ki, qüllə artıq kifayət qədər real layihə idi. Tikinti şirkətinin planında hətta qüllənin lap zirvəsindəki 50 milyon dollarlıq penthaus hissəsinin Vladimir Putinə hədiyyə edilməsi də vardı. Tikintini aparanlar düzgün olaraq fikirləşirdilər ki. bu cür yaxın qonşuluq Moskvanın bütün bomondunu bu binaya cəlb edəcək və alıcı baxımından problem olmayacaq.

Ötən həftənin cümə günü bütün telekanallar “BuzzFeed”in məlumatını müzakirə edirdi. Öz kanalları ilə onlar məlumatın düzgün olub-olmamasını yoxlaya bilmirdilər. Ağ Evin təmsilçiləri bunu inkar etmədilər – yalnız “BuzzFeed”ə kölgə salmaqla kifayətləndilər. Həmin günün axşamı isə xüsusi prokurorun ofisi KİV-lərə bu iddia ilə bağlı bəyanatını yolladı. Həmin bəyanat bir cümlədən ibarət idi: “Nəşrin Maykl Koenin ifadələri ilə əlaqədar yaydığı məlumat dəqiq deyil”. Prezidentə yaxın media dərhal bunu təkzib kimi qələmə verdilər, lakin bu da dəqiqlikdən uzaq və şişirdilmiş nəticə idi. “BuzzFeed”dəki məqalənin müəllifləri isə iddialarını davam etdirdilər ki, yaydıqları məlumat dəqiqdir, nəşrin baş redaktoru Ben Smit prokuror Robert Müllerdən məhz nəyin dəqiq olmamasını dəqiqləşdirməyi xahiş etdi.

Şənbə günü Tramp bəyan etdi ki, “BuzzFeed”in məqaləsi bütün ölkə üçün biabırçılıqdır.

Bazar günü “NBC News” telekanalının səhər efirində Rudi Culiani peyda oldu. O bildirdi ki, prezidentin Koeni yalan ifadə verməyə sövq etmədiyinə 100% əmindir. Lakin sonradan uzun-uzadı müsahibədə üzə çıxdı ki, Moskvadakı qüllələr haqqında danışıqlar düz seçkilərə qədər davam edib. “Dəqiq tarixi əminliklə deyə bilmərəm, lakin prezident yadına salır ki... ola bilsin, söhbət oktyabr, noyabr aylarına qədər davam edib”, - Culiani efirdə deyib.

Artıq ertəsi gün o başa düşdü ki, artıq-əskik danışıb və bunun “hipoteza” olduğunu əlavə etdi. Elə həmin gün o, “New Yorker” jurnalının müxbiri ilə telefonla danışır və yenə iddialarında səhvə yol verir. Əvvəlcə bildirir ki, “BuzzFeed”in yazdığı audioyazılar və elektron yazışma mövcud deyil, sonra isə qeyd edir ki, bütün yazıları dinləyib və yazışmalarla tanış olub. Jurnalist onun sözlərində ziddiyyətə diqqət yetirəndə Culiani deyib ki, qulaq asdığı yazılarda və oxuduğu yazışmalarda təxribat olmayıb. Söhbətinin sonunda isə əlavə edib ki, bu layihə qüvvəsində qalsaydı belə, burada kriminal axtarmaq yersizdir.

Belədirsə, bəs prezident niyə bunu bu cür cidd-cəhdlə inkar edir? Bəlkə Putinlə münasibətlərini korlamamaq və Rusiya prezidentinin xoşuna gəlməyəcək hərəkətlərdən çəkinir ki, istefadan sonra həmin layihəyə bir də qayıtsın?

Bu arada:

CNN xəbər verir ki, Maykl Koen Konqresdə fevralın 7-nə nəzərdə tutulan çıxışını təxirə salıb. O, bunu özünün və ailəsinin Trampdan və onun vəkili Rudi Culianidən aldığı təhdidlərlə izah edib. Tramp və Culiani şəffaf şəkildə eyham vurublar ki, Koenin istintaqla sövdələşməsinin səbəbi qanunsuz işlərə bulaşmış qaynatasını vəziyyətdən çıxarmaq cəhdidir.

Koen özü deputatlar qarşısında çıxış etmək təşəbbüsü göstərmişdi. İndi isə bəzi demokrat deputatlar düşünür ki, onu Konqresə gələrək ifadə verməyə məcbur etmək lazımdır və bunun üçün Koenə bildiriş göndərilməlidir.

Maykl Koenin 3 illik həbs müddəti martın 6-da başlayacaq.

pia.az


Etiket: Maykl Koen

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar