Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzetlər çətin durumda

Vergi yükü və kağızın qiymətinin artması ciddi problemlər yaradıb

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin dairəsi məhdudlaşdırılıb. Belə ki, işçi sayı qanunla müəyyən edilən həddən (10 nəfərdən) çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri bu ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinin bölgüsünə dair qaydalarına əsasən, işçilərinin orta siyahı sayı 1-10, illik gəliri 200 min manatadək olan sahibkarlar mikrosahibkarlıq subyekti hesab olunacaqlar. Belə sahibkarlıq subyektləri üçün vergi ödənişində ciddi güzəşt nəzərdə tutulur – onların gəlirlərinin 75 faizi vergidən azad olunub. Qaydaya görə, işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan sahibkarlar kiçik sahibkarlıq subyekti hesab ediləcəklər. İşçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3-30 milyon manat olanlar orta, işçi sayı 251-dən, illik gəliri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunacaqlar. Sahibkarların illik gəlirinə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Sadələşmiş vergi ödəyicisi olmaq hüququnu itirən ödəyicilərdən biri də kütləvi informasiya vasitələridir. KİV-lərin, xüsusilə də yazılı media orqanlarının yeni qaydalarla işləməkdə çətinliklərlə üzləşəcəyi qeyd olunur. Belə ki, buna qədər sadələşmiş verginin ödəyicisi olan qəzetlərin vergi hesabatlığı da sadə qurulmuşdu. İndi isə bu hesabatlıq xeyli mürəkkəbləşib, eyni zamanda qəzetlər üçün çətinliklər yaradan bir sıra məqamlar var. Belə ki, onlar mikrosahibkarlıq subyekti ola bilməyəcəklər. Çünki qəzetlərin böyük əksəriyyətində dövriyyə aşağı olsa da, işçi sayı 10-dan yuxarıdır. Bu isə onların mikrosahibkarlıq subyekti kimi vergi güzəştindən yararlanmasına imkan verməyəcək. Vergiləri tam həcmdə ödəmək isə vergi yükünün dəfələrlə artması deməkdir. Qəzet kağızı idxalının ƏDV-dən azad edilməməsi üzündən ciddi çətinliklər yaşayan yazılı media üçün vergi yükünün də artması onların problemlərinin daha da dərinləşməsi deməkdir. Qəzetlər yeni vergi qaydalarına hazırdırlarmı? Bu qaydalar onlara hansı üstünlük və ya çətinlik yaradır?

Suallara cavab verən “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi bildirdi ki, yeni vergi sisteminə keçidin onların fəaliyyətinə təsiri ilə bağlı hələlik nəsə demək mümkün deyil: “Hələ ki yeni qaydalarla ilk vergi hesabatının verilməsi müddəti gəlib çatmayıb. Buna görə də hansı sahədə çətinliklərin olacağını söyləmək mümkün deyil”.

Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin dediyinə görə, sadələşmiş sistemlə işləmək qəzetlər üçün daha rahat idi: “İndi yeni vergi qaydaları ilə bağlı mühasibatlığımızla müzakirələr aparmışıq bir neçə dəfə. Amma hələ konkret rəyə gələ bilməmişik. Hesabat dövrü çatanda yəqin ki, hansı sahələrdə çətinliklərimizin olduğunu daha dəqiq deyə biləcəyik”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, yeni vergi qaydaları qəzetlərə ciddi problemlər yaradacaq: “Əvvəl dövriyyənin 4 faizi həcmində vergimizi ödəyirdik, hesabatlarımızı verirdik. İndi həm verginin məbləği artıb, həm də hesabatlıq sistemi mürəkkəbləşib. Xərclərimiz gəlirimizdən çıxılandan sonra yerdə qalan məbləğin 20 faizi həcmində vergi verməliyik. Xərcləri elektron qaimə ilə təsdiqləməliyik. Bu gün çoxsaylı xərclər var ki, onları elektron qaimə ilə təsdiqləmək qeyri-mümkündür, bu sistemin özü oturuşmayıb ölkədə. Qəzet xərclərinin çoxu da məhz elektron qaimə ilə təsdiqlənməyən xərclərdir. Bu, o deməkdir ki, biz xərclərimizin xeyli hissəsini təsdiqləyə bilməyəcəyik və böyük həcmdə vergi ödəməli olacağıq. Bu isə indiki maliyyə durumumuzda bizim üçün çox böyük yükdür”.

Baş redaktor bildirir ki, son vaxtlar qəzet kağızının bahalaşması qəzetlər üçün ciddi problemlər yaradıb: “Qəzet kağızının tonu min dollara yaxına qədər bahalaşıb. Biz gözləyirdik ki, qəzet kağızı idxalını Əlavə Dəyər Vergisindən azad edəcəklər, amma olunmadı. Bu, çap mətbuatı üçün ciddi çətinlik yaradırdı. İndi də vergi yükü artır, bu şəraitdə çap mətbuatının perspektivi heç də yaxşı görünmür”.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanovun sözlərinə görə, yazılı media üçün yeni vergi qaydaları bir neçə istiqamətdə çətinliklər yaradır: “Biz indiyədək kağızı idxalçı firmalardan nağd qaydada xeyli ucuz əldə edə bilirdik. Amma bundan sonra ən böyük xərcimiz olan kağızı alarkən elektron qaimə verməli, hesablaşmanı elektron qaydada həyata keçirməliyik. Bu zaman idxalçı firma qiymətdə heç bir güzəştə getmir, çünki özü də vergi ödəyicisidir. Yəni nağd formada 900 dollara aldığımız kağız qeyri-nağd formada aldıqda 950-960 dollara başa gəlir. Digər tərəfdən, işimizin xarakteri elədir ki, xərclərimizin heç də hamısını rəsmiləşdirə bilmirik. Bu isə ödəyəcəyimiz verginin məbləğinə birbaşa təsir edəcək”.“Yeni Müsavat”

pia.az


Etiket: qəzetlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar