Avstriyanın paytaxtı Vyana şəhərində ilk dəfə olaraq yalnız qaçqınlar üçün əmək yarmarkası təşkil olunub
Hökumət tərəfindən təşkil edilmiş yarmarkanın əsas hədəfi Avstriyada artıq sığınacaq statusu almış şəxslərin yerli iş bazarına inteqrasiyasını təmin etməkdir.
Əmək Məşğulluğu Xidməti (AMS), Avstriya İqtisadiyyat Palatası (WKÖ) və Sənaye Birliyi tərəfindən təşkil edilmiş yarmarkada 1400-dən çox qaçqın statuslu şəxs iştirak edib və onlar 40 müəssisənin iş təklifləri ilə tanış olublar.
Hazırda Avstriyada 30 mindən çox qaçqın statusu almış şəxs işsiz kimi qeydiyyatdadır. Dil baryeri, diplomların tanınmasında əngəllər və digər səbəblər bu qrup şəxslərin işlə təmin olunmasını çətinləşdirir. Paytaxt Vyananın ardınca oxşar yarmarkaların Tirol və Yuxarı Avstriya əyalətlərində həyata keçirilməsi nəzərdə tutulur.
Miqrant və qaçqınlara qarşı son dövrlərdə məhdudlaşdırıcı qanunlar tətbiq edən Avstriya hökumətinin bu addımı müxalifət tərəfindən kinayə ilə qarşılanıb. Bu addım, ilk növbədə, hökumətin imicini yaxşılaşdırmağa xidmət edən piar aksiyası kimi səciyyələndirilib. (AZƏRTAC)
pia.az