Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Son aylar baş verən proseslərin bir neçə səbəbi var” - Zahid oruc

Milli Məclisin üzvü, deputat Zahid Oruc Azərbaycanda və ölkəmizdən kənarda baş verən ictimai-siyasi hadisələrlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb

PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir:

Prezident tərəfindən struktur dəyişiklikləri ilə bağlı bir neçə fərman imzalanıb. Fərmanlarda ciddi addımlar əksini tapıb. Amma cəmiyyətdə dəyişikliklərin davamlı olması, daha çox sahələri əhatə etməsinə dair gözləntilər çoxdur. Yəni insanlar idarəetmə aparatında daha böyük dəyişikliklər gözləyirlər. Sizcə, struktur islahatları ilə bağlı gözləntilər niyə bu qədər böyükdür?

– Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, xüsusilə siyasi xarakter daşıyan islahatlar 2015-ci ildən başlanmış prosesin mühüm bir mərhələsidir. Niyə 2015-ci il deyirəm: həmin il Milli Təhlükəsizlik Nazirliyinin daha çox gözəgörünməz cəbhədə ölkənin maraqlarını, mənafelərini, həyati təhlükəsizliyini qorumalı ikən daxildə bir neçə istiqamətdə total cinayətə yuvarlanması, həmin qurumun ləğv olunması, yenisinin formalaşdırılması və onun qarşısına konkret hədəflərin qoyulması fonunda digər bir neçə nazir də vəzifəsini itirməli olmuşdu. Bundan sonra sanki aralıq dövrdə ölkənin daha artıq beynəlxalq və regional maraqları üçün çalışan, çox mürəkkəb proseslərdə dövlətimizin gücünü səfərbər edən, Azərbaycan üçün əlverişli şərait formalaşdıran, ən mühüm transmilli layihələri həyata keçirən lider daha artıq hökumətdən gələn zərbələri tamamilə neytrallaşdırmağa çalışır.

Biz buna qədərki dövrdə daha çox nəyi müşahidə edirdik: İlham Əliyevin qərarlarını vətəndaşa çatdırmalı olan, hər hansı bürokratik əngəllər yaratmayan, şəffaflığı təmin etməli qurumlar sanki biri digəri ilə qapalılıq yarışmasına çıxmışdılar və aralarındakı ziddiyyətlər cəmiyyətə də yansımaqda idi. Bu da bir sıra hallarda antihakimiyyət qüvvələrinə daha çox güc verirdi. Yəni bütövlükdə hökumətin obrazı əngəllənmiş olurdu. Sadə vətəndaşların dilində, adi ictimai mərəkələrdə dartışılan mövzular hansısa nazirin malik olduğu inzibati gücdən irəli gələn əmlak imkanları və başqa “nailiyyətlər”i ilə bağlı olurdu. Halbuki məsələnin əsas hədəfi tamam ayrı olmalıydı.

Bu üzdən, mənə elə gəlir ki, ölkə rəhbəri son 3 ildən artıqdır ki, sistemli bir halda dövlətin yuxarı eşelonlarında dayanan və birbaşa Azərbaycanın gələcəyinin formalaşmasında iştirak edən qüvvələrin yeniləşməsi qərarını vermiş oldu. Bu, yalnız hökumətin rəhbərinin dəyişdirilməsi, bir neçə nazirin yenilənməsi kimi təqdim oluna bilməz. Biz əvvəllər söyləyirdik ki, “ASAN Xidmət” qurumu Azərbaycanın bütün digər sistemləri üçün avanqard rolunda çıxış edir, hamısını təsirləndirir, hətta müəyyən mənada təqib edir. Çünki haradasa çətinlik olurdusa, vətəndaşlar psixoloji olaraq bu işin başqa bir qurum tərəfindən daha operativ və asan təqdim ediləcəyini deyirdilər. Çeviklik, əlçatanlıq və vətəndaş məmnunluğu kimi trendə çevrilən fikirləri ona şamil etməyə çalışırdılar. Bunlar artıq ölkənin bütün hakimiyyət sferalarında özünü göstərməkdədir. Bu üzdən, prezident tərəfindən konkret olaraq fəaliyyəti bir-birini təkrarlayan, yaxud keçmiş aparatlar kimi təqdim olunan, bununla da büdcə vəsaitlərini özünə alan, əvəzində müxtəlif sahələrə yönələsi maliyyə vəsaitlərinin qarşısında duran bu qurumların ləğv olunmasının məqsədi müəyyən mənada həm özünü, həm də vətəndaşları xilas etməkdi.

– Dövlət başçısına hökumətdən gələn zərbələrdən danışdınız. Hansı zərbələrdən, kimlərdən gedir söhbət?

– Bu, reallıqdır ki, ölkə rəhbəri hökumət içərisində müxtəlif şəxslərin fəaliyyətindən zərbə alıb. Bunu gizlətmək mümkün deyil. Həm də biz nəzərə almalıyıq ki, bu, dünyanın çoxsaylı ölkələrində baş verir. Və “nə üçün onlara ciddi nəzarət qoyulmamışdı”, “niyə elə səlahiyyətlər verilmişdi ki, bunlar özlərini sanki cəzasızlıq mühitində hiss etsinlər” kimi suallar yersizdir. Belə demək mümkündür ki, ictimai reallıqlar, cəmiyyətin yaşantıları, onun hədəfləri, çağırışlar zaman-zaman yenilənir və bu, bir günün içində baş vermir. Yəni 2000-ci ilin çağırışları ilə 2010-un, yaxud indinin çağırışları eyni deyil. Bu, Amerikadan Avstraliyaya qədər, Şərq dünyasına qədər hər yerdə belədir. Bu üzdən, hər bir nazirin fəaliyyətinin cavabdehliyini dövlət başçısı daşıya bilməz. Onların özünün bu işlərdə məsuliyyəti nə üçün kənara qoyulmalıdır ki? Belə olan çərçivədə, qeyd olunan addımları tarixi mənada qiymətləndirirəm. Burada deyilən optimallaşdırma termini qulağa bir qədər akademik gəlsə də, sadə vətəndaş özü yaxşı anlayır ki, bütün bunlarda niyyət insanlar üçün daha rahat şərait yaratmaqdır, ölkəni asanlaşdırmaqdır. Prezident istəyir ki, bu qədər geniş çapda ortaya qoyduğu iradəni, çalışmaları gedib bölgələrdə vətəndaşın həyatında hiss etsin, onu yaşasın. Hər bir lider istəyir ki, vətəndaşların razılığını qazansın, geniş xalq həmrəyliyinə nail olsun, siyasi qüvvələr arasında anlaşma mühiti olsun, ölkənin əsas təhlükələrinə qarşı ümummili dirəniş əldə etsin və sair. Hazırda buna mane olan nə varsa, ona qarşı tədbirlər görülməkdədir.

– Bunun üçün nə etmək lazımdır? Prezidentin siyasətini dəstəkləyən bir millət vəkili olaraq, sizcə, hansı işlər görülməlidir?

– İndi bizim əsas vəzifəmiz bunları vətəndaşlara çatdırmaq, ölkə rəhbərinin yanında olmaqdır. Hesab edirəm ki, bu işdə bir qədər daha sistemli və gücləndirilmiş rejimdə çalışmalara ehtiyac var. Çünki bir çoxları bu prosesi kimlərinsə işdən çıxarılması, işsiz qalması, insanların kənarda saxlanması kimi təqdim etməyə çalışır. Buna yol vermək olmaz.

– Zahid müəllim, son həftələrdə Azərbaycanda blogger Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması, onun etirazı və bununla bağlı proseslər geniş miqyasda müzakirələrə səbəb oldu. Avropa Parlamenti Azərbaycana qarşı akt qəbul etdi, məsələ Avropa Şurasının bu gün başlanan sessiyasında da müzakirə olunacaq. Eyni zamanda ölkə daxilində müxalifət qüvvələrinin fəallaşması baş verdi, mitinq keçirildi. Sizcə, M.Hüseynovun əlavə həbsə məhkum edilməsi bu prosesləri nə qədər genişləndirə bilər?

– Bilirsiniz, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Ötən dövr ərzində Qərblə münasibətlərdə böyük yetkinlik məktəbi keçilib. Müxtəlif ittifaqlarla, alyanslarla savaşlardan çıxılıb. Yəni bizim bəzi məsələlərə qarşı immunitetimiz formalaşıb, ən azı hansı prosesin arxasında nəyin dayandığını yaxşı ayırd edə bilirik.

Qərb institutlarına münasibətdə Sovetlər Birliyi dağılan zamanlarda olan illüziyalar çoxdan keçib. Bəllidir ki, daxilən texnoloji inkişafın yüksək zirvələrini yaşamalarına rəğmən, Avropa beynəlxalq münasibətlərdə möhtəkirdir, sümürgəndir, öz mənafeləri üçün amansızdır, ən yaxın müttəfiqlərini belə ayaqlar altına alandır. Həmçinin ayrı-ayrı regionlarda ixtilafları törədib də oranı yarımçıq tərk edəndir. Bu, qətiyyən bizim kəşfimiz deyil. Brüsselli çinovniklər, strasburqlu parlamentarilər dünyanı cənnətə çevirmək istəyən bir güc deyil. Əsas hədəf ondan ibarətdir ki, Rusiya ilə münasibətlərdə daimi konflikt məkanları axtarıb tapsınlar, o biri tərəfdən Çinin inkişafının qarşısı alınsın, həmçinin Amerika ilə də bir balans yaradılsın və sair.

Son aylar baş verən və sinxron hal alan bu proseslərin bir neçə səbəbi var. Əvvəla, Azərbaycan-Rusiya münasibətləri daha həlledici bir səviyyələrə çatmaqdaydı. Xüsusilə Ermənistanda baş verən proseslər, Gürcüstan demokratiyasından sonra Paşinyanın ikinci Saakaşvili kimi yetişdirilməsi planları fonunda Bakı ilə Moskvanın əlaqələri yaxınlaşmaqdaydı. Biz bu məsələyə Brüsseldən sakit qalınmayacağını təxmin etməkdəydik.

Hesab edirəm ki, son qərarlar ilk növbədə bununla bağlıdır. Mehman Hüseynovun aclığı Qərbin toxluq uğrunda mübarizəsindən başqa bir şey deyil mənim üçün.

Orta təhsilli bir şəxsin operatorluq fəaliyyətinin ayrı-ayrı məmurların təqib edilməsindən o yana Qərb üçün önəm daşımadığını hamı bilir. Söhbət liderdənmi gedir – xeyr. Azərbaycan əhalisinin mütləq hissəsini təşkilatlandırıb hakimiyyəti dəyişməyə qadir olan partiya-hərəkatlarınmı məsələsi həll olunur – o da xeyr. Belə olan halda stəkanda fırtınanın səbəbi nədir? Açıq deyilməlidir ki, bu, ilk növbədə Putin və İlham Əliyev arasındakı münasibətlərin müəyyən bir zirvə nöqtəsinə çatması ilə bağlıdır.

Elə isə sual verə bilərsiniz ki, Lavrovun az qala Ermənistanın xarici işlər, hətta baş naziri kimi irəliyə durub Moskva-Bakı münasibətlərinin yaxşılaşdığını görüb ölkəmizin mənafelərinə qarşı 4 dəfə bəyanat verilməsi nə ilə bağlıdır? Cavabım budur ki, Lavrovun idarəsi maksimum dərəcədə ona çalışmaqdadır ki, ümumi Qafqaz arealında münasibətləri düzənləsin, Azərbaycan çox da qabağa keçməsin.

Müxtəlif fraksiyaların olduğu Avropa Parlamentində Azərbaycana qarşı aktın, demək olar ki, etirazsız qəbul olunmasında Fransa və ABŞ kəşfiyyat orqanlarının da böyük rolu var.

Heç kimə sirr deyil ki, son dövrlər rəsmi Parislə Bakı arasında münasibətlər sürətlə soyuqlaşmaqdadır. Bu, Fransa prezidenti Makronun regiona səfəri zamanı Azərbaycan prezidentinin onunla görüşməkdən imtina etməsi, bir sıra iqtisadi müqavilələrin dondurulmasından açıq hiss olunur.

Fransa ilə imzalanmış iqtisadi müqavilələrin dəyəri 2 milyard avrodan yuxarıdır. Əlbəttə, 1 trilyon dollarlıq ümumi daxili məhsulu olan bir ölkə üçün 2 milyardlıq müqavilə cüzi bir məbləğ kimi görünə bilər. Lakin Parisi narahat edən məqam budur ki, Qafqazda yerləşən bir ölkə faktiki olaraq Yelisey sarayının ətrafındakı “sarı jiletlilər”lə həmrəylik göstərir. Əlbəttə, onlar buna sakit qala bilməzlər, buna görə də Fransa kəşfiyyat orqanları Avropa Parlamentində məlum qərarın qəbuluna nail olublar.

Burada rol oynayan ikinci səbəb, düşünürəm ki, Avropadan Ermənistanın yeni hakimiyyətinə veriləcək böyük məbləğdə vəsaitlərə haqq qazandırmaq cəhdidir. Biz bilməliyik ki, Qərb maksimum dərəcədə çalışacaq ki, maliyyə yardımları ilə Ermənistanı ayağa qaldırsın, bizim regionda tərəfə çevirsin, bir çox hallarda Bakını cilovlamaq vasitəsinə döndərsin və Rusiya əleyhinə Qafqazlarda bir kordon yaratsın. Əsas hədəf budur.

Nəhayət, bu proseslərin dördüncü səbəbi Qarabağ məsələsi ilə əlaqədardır. Qərb görür ki, bu proses yerindən tərpənmir, eyni zamanda onu əlindən də buraxmaq istəmir. Düzdür, Qorbaçov və Yeltsin Rusiyası dövründə biz çox böyük zərbələr almışıq. Lakin Putin buna görə cavabdehlik daşımır. Bu üzdən hətta Cəbrayıl rayonunun siyasi təsir vasitələri ilə geri qaytarılması ilə Rusiyanın regionda çəkisinin ağırlaşacağının hamı fərqindədir. Bütün siyasi beyin mərkəzləri bunu hesablayırlar. Bu, aydın məsələdir ki, qarşı tərəfi qane etmir. Və buna görə də yaxın aylarda təzyiqlərin daha da artacağı gözləniləndir.

– Bu günlərdə mitinq üçün həm Qarabağ Komitəsi, həm Müsavat Partiyası müraciət etsə də, heç birinə icazə verilmədi. Amma Milli Şuranın müraciətinə müsbət cavab verildi və çoxları bunun AXCP sədri Əli Kərimlinin ana müxalifət kimi şişirdilməsi məqsədilə edildiyi qənaətindədir. Sizcə, səbəb nə oldu ki, 3 qüvvədən yalnız birinə icazə verildi?

– Doğrudur, qanun hamı üçün bir olmalıdır. Bu məsələdə məqsədli olaraq kiminsə irəli çıxarılmasına çalışıldığını düşünmürəm. Faktiki olaraq, sonuncu mitinq müxalifətin birgə aksiyası oldu – bütün qüvvələr aksiyaya dəstək vermişdi. Yəni bütün müxalifət bir stadionu dolduracaq qədər – Əli Kərimlinin özünün ifadə etdiyi “hələ biz azıq, bu stadionu doldurub daşırmalıyıq” kimi ifadələr bundan xəbər verir – adam toplaya bilmirsə, bu aksiyanın nə əhəmiyyəti?

Gəlin, hesab edək ki, müxtəlif vasitələrlə mitinqə gələnlərin bir hissəsinin qarşısı alınıb və iştirakçılar 40, lap olsun 50 min nəfər olub. Nə dəyişəcək bununla? Müxtəlif ölkələrin nümunələrində görürük ki, belə aksiyalarda milyonlarla adam iştirak edir, amma bu, hakimiyyət dəyişikliyinə gətirib çıxarmır. Bu baxımdan, belə aksiyalar iqtidarı daha da möhkəmləndirir.

Əli Kərimlinin “sizi mən aparacam” çağırışı ilə tədbiri özəlləşdirməyə çalışması qarşıdakı dövrdə nəticəsini mütləq verəcək. Yəni realçılar, müsavatçılar ora Əli Kərimlinin şinelini geyinməyə gəlməmişdilər.

Hökumətin fəaliyyətinin müxtəlif məqamlarından narazı olan vətəndaşlar ola bilər, amma onlar hər hansı dəyişikliklərin bilavasitə İlham Əliyevin rəhbərliyi altında getməsini istəyirlər.

O aksiyada səsləndirilən mesajların, çağırışların hara qədər dalğa effektini doğurduğuna diqqət edin. Qərb aləmində neyrolinqvistik sistemlərdən tutmuş, vizual nəzarət parametrlərinə qədər təhlil edənlər mənim dediyim nöqtələri çox yaxşı bilirlər. O stadionda virtual aləmdə deyilən fikirlərdən kənarda bir fikir, ideya söylənmədi. Bu gün Əli Kərimlinin çıxışı hansısa ictimai məkanlarda, insanlar arasında müzakirə olunurmu? Xeyr. Çünki yeni heç nə yox idi, hər gün deyilən fikirlərin təkrarıydı. Bu fikirlər 2 min nəfərə söyləndi, ya 50 min nəfərə – nə fərq edəcək ki?

pia.az


Etiket: Zahid Oruc

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar