Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nicat Kazımov: “Serial üçün ayıma 150 min versinlər, çəkilim“ 

“Dələduzlar aldanmaq istədiyim vaxtda məni aldatdılar”

Musavat.com-un bu dəfəki qonağı əməkdar artist, rejissor Nicat Kazımovdur. Sənətçi ilə çalışdığı Gənc Tamaşaçılar Teatrında görüşüb, söhbətləşdik. N.Kazımov müsahibəyə yaradıcılığındakı yeniliklərdən söz açaraq başladı:

- Əksər yeniliklər gözləmədiyin halda ortalığa çıxır. Məsələn, ağlıma gəlməzdi ki, Azərbaycanda ilk rok operaya mən quruluş verəcəm, bu, belə alındı və mənim payıma düşdü. Eləcə də bir çox işlər, o cümlədən “Pəri-cadu” tamaşası bu cür oldu. Düşünməzdim ki, illər sonra həmin tamaşanı, “Leyli və Məcnun”u dramatik tamaşa kimi hazırlayacam və sairə. Bütün bunlarn hər biri mənim üçün yenilik, eksperiment, yeni sınaqdır.

- Adətən ölkəmizdə opera, balet əsərlərinin öz tamaşaçısı olur və onların sayı kifayət qədər çox deyil. İlk rok-operanı təqdim edəndə nə qədər tamaşaçı marağı gözləyirdiz və nəticə sizi qane etdimi?

- Operaya kimlər ki gəlmişdi, onlardan istədiyimiz marağı ala bildik. Lakin mən həmin rok-operanı daha gözəl, daha fərqli təsəvvür edirdim. Aydındır ki, bütün bunların hamısı sonda gəlib maddiyyata bağlanır. Təqdim etdiyimiz ilk rok-opera çox cüzi maddi vəsaitlə başa gəldi. Əslində isə rok-opera çox xərc tələb edən tamaşa olur. Amma biz bacardığımız qədər çalışdıq ki, kasıbçılığı çox bildirməyək və olan imkanların müqabilində böyük bir iş ortaya qoya bildik. Əlbəttə ki, bəstəkar Rizvan Sədirxanovun musiqisinin çox böyük rolu var idi. O cümlədən hər bir ifaçının, baş qəhrəman Sindibadın, Zəhra obrazında Gülşən Akın İbadovanın və digərlərinin ifası əvəzsiz idi. Onu da qeyd edim ki, tamaşadakı ifaçıların əksəriyyəti ilk dəfə idi ki, səhnədə rol oynayırdı, onlar əsasən müğənnilər idi.

Tamaçaçı marağına gəldikdə isə, xeyr, o qədər də qane etmədi. Çünki tamaşanın reklamı az idi, bir dəfə vaxtı dəyişdirilmişdi və sairə. Halbuki daha yaxşı reklamla daha pis tamaşanı yaxşı satmaq olar. Amma bu göstərici deyil. Bəzən olur ki, tamaşanın adı cəlbedici olur, amma tamaşanın özü bir şey olmur, yarım saatdan sonra tamaşaçı zalı tərk etməyə başlayır. Amma rok-operasına gələn tamaşçılar sona qədər onu izlədi, zalda oldu, tamaşanı ayaqüstə qarşıladı, uzun müddət alqışladı. İnanıram ki, tamaşa ikinci dəfə təqdim olunsa, daha çox tamaşaçı gəlib, izləyəcək.

- Tamaşaçılar sizi təkcə rejissor kimi deyil, həm də aktyor kimi tanıyır. Maraqlıdır, niyə son zamanlarda çəkilən film və ya seriallarda özünüzü sınamaq istəmirsiz?

- Yox, son 4-5 ayda 3 filmə çəkilmişəm. Onlardan biri sırf muzey üçün çəkilən, Azərbaycan tarixini əks etdirən filmdir. Mən orda Şirvanşah Fərrux Yasarı oynamışam. Digər film isə kommersiya tipli komediyadır, hələ ki, təqdim olunmayıb. Sözün düzü, filmi çox hörmət etdiyim dostum çəkdiyi üçün razılıq verdim, yoxsa çəkilməzdim, çünki sırf komediya filmlərini sevmirəm.

- Niyə, çəkilən komediyaları bəyənmirsiz, yoxsa?...

- Yox, ümumiyyətlə, komediyalara çəkilməyi sevmirəm. Doğrudur, teatrda komediya tamaşaları oynayıram, məsələn, fevralda təqdim olunacaq, rejissoru olduğum “Zorən şorgöz” tamaşasında həm də baş rolu ifa edəcəm. Amma filmə gəldikdə isə bir daha qeyd edim ki, komediya filminə çəkilməyi o qədər də sevmirəm. Digər çəkildiyim film isə festivalda təqdim olunacaq. Filmin adını və təqdim olunacağı festivalı hazırda açıqlaya bilməsəm də, deyə bilərəm ki, orada antiqəhrəmanı oynayıram.

Seriallarda isə özümü görə bilmirəm. Sağ olsunlar, seriallara çox dəvət almışam. Lakin son iki ildə artıq dəvətlər yoxdur, çünki bilirlər ki, imtina edəcəm.

- Bəs rejissor kimi dəvət almısız?

- Özüm serial çəkməyə başlamışdım və çox da səhv etmişdim. Serialı çəkərkən çox maraqlı səhnələr tapmışdım və sairə. Amma sonda dələduzların qurbanına çevrildim. Məni aldatmaq olmaz, amma elə zaman olur ki, mən özüm aldanmaq istəyirəm. Həmin o dələduzlar mənim aldanmaq istədiyim vaxta düşmüşdülər, yəni həmin vaxtdan istifadə etdilər. Söz vermişdilər ki, guya “bağ belə, bostan belə”, çoxlu sayda sponsorları var və sairə. Əslində həmin serialın süjeti mənə maraqlı gəlmişdi. Yenidən ssenarini oturub işlədim, aktyorlar təsdiq olundu, heyət məlum oldu. Lakin sonradan bilindi ki, sən demə, hər şey yalan imiş, ortalıqda heç bir sponsor yoxdur. Mən aktyorlara necə deyə bilərəm ki, pul yoxdur? Beləliklə, öz vəsaitim hesabına başladım çəkməyə. 9 serialdan ibarət, 2 saat 47 dəqiqəlik hazır, montaj olunmuş materialım var. Həmin materialda hər serialdan 2-3 səhnə tamamlanmayıb. Çox ciddi bir iş, maraqlı aktyor oyunları var idi. ATV kanalı ilə serialla bağlı razılaşma var idi, onun çəkilişlərinin davam etdirilməsi üçün pul ayrılacaqdı. Lakin həmin vaxt televiziyanın rəhbərliyində dəyişiklik oldu, yeni gələn rəhbərlik isə bu işə maraqlı olmadı. Mən də işi qatlayıb kənara qoymalı oldum. İndi hazırladığım materialı yavaş-yavaş “Youtube” kanalında paylaşıram. Bundan sonra nağd pulla olmayan işə heç vaxt qol qoymaram. Bu da bir səhv idi, bu sınaqdan da keçmək lazımdır. Lakin çox istəyirəm ki, bədii film çəkim, hazırda əlimdə çox maraqlı ssenarilər də var.

- Bildiyim qədər siz psixologiya təhsili də almısız.

- Mədəniyyət və İncəsənət Universitetinin sonuncu kurslarında təhsil alarkən Bakıda Norveç Psixologiya Universitetinin filialı açılmışdı. Gəncləri dəvət edirdilər, mən də dəvət aldım və universitetdə uşaq psixilogiyası üzrə təhsil aldım.

- Bu təhsil nə zamansa sizə gərəkli ola bildimi?

- Ümuiyyətlə, bizim işimiz sırf psixologiya ilə bağlıdır. İstər aktyor, istərsə də rejissor kimi xarakterlərin psixologiyasını aça bilməsək, ortalıqda yaxşı bir iş ola bilməz. Təkcə xarakterlərin deyil, tamaşaçının da psixologiyasını yaxşı bilmək lazımdır.

- Bəs özünüz psixoloqa müraciət etmisiz?

- Yox etməmişəm. Amma əslində ehtiyac var idi (gülür).

- Yerli psixoloqların işi sizi qane edirmi?

- Sözün düzü, onlara müraciət etmədiyim üçün yaxşı və ya pis işlədiklərini deyə bilmərəm.

- Bir zamanlar televiziya ekranlarında, o cümlədən AzTV, Space-də verilişlərin aparıcısı kimi tanınmağa başlamışdız. Sonra niyə ekranlardan ayrıldız, nə baş verdi?

- Sonra mənə ehtiyac olmadı.

- Niyə?

- Heç vaxt televiziyaya can atamamışam. Əgər veriliş, layihə, əldə edəcəyim gəlir xoşuma gələrdisə, veriliş aparıb, qarşılığında pul qazanmışam. Bu işi bacarıram, mənim peşəmdir. Belə ki, 1992-ci ildə AzTV-də diktor yarışmasında iştirak edib qalib olmuşam və ekrana dəvət almışam.

Mən heç vaxt özüm qapı döyüb, veriliş aparmaq üçün təklif verməmişəm, yalnız dəvət ediləndə gedirəm. Və yaxud indi qapı-qapı düşüb sponsor axtaran deyiləm. İndiki spronsorların zövqü yoxdur, qoy bu fikrimə görə məndən inciməsinlər. Çünki bir az öncə qeyd etdiyim serialla bağlı bir neçə sponsor axtarışında olmuşdum və şoka düşmüşdüm. Sponsorlar o saat adlar çəkib, “filankəslər də çəkilirmi?” sualını verir. Həmin filankəslər ümumiyyətlə aktyor deyil. Bu sualı məşhur şirkətlərin rəhbərləri verəndə, adam özünü asmaq istəyir ki, kimin üçün, nə üçün işləyirəm?

Teatr belədir ki, orada məni sevənlər, mənim tamaşaçılarım var. Mənim tamaşaçım mənim tamaşama gəlir, yerimi-yurdumu, harada tapacağını bilir. Amma kino bir qədər başqadır.

- Halbuki tamaşaçılar da, mütəxəssislər də bildirir ki, bu gün televiziya ekranlarında ciddi, peşəkar aparıcılara, verilişlərə böyük ehtiyac var.

- Tamaşaçının ehtiyacı ola bilər, amma televiziya rəhbərliyinin buna ehtiyacı varmı? Sual budur. Mən özümü çox xoşbəxt hesab edirəm ki, illərdir ekrana çıxmasam da, tamaşaçı məni yadda saxlayıb, tanıyır. Amma bu gün elə aparıcılar var ki, hər gün efirdə olsa da, küçəyə çıxdığında tamaşaçı onu tanımır. Televiziya rəhbərliyinin ehtiyacı nəyədir? Mən o şitliyi edə bilmərəm. Televiziya heç kəsin atasının deyil, o xalq məxsusdur. Əgər sən bu gün hər kəsin evinə girirsənsə özünü hər kəsə uyğun olacaq şəkildə aparmalısan. Həyasızlıq, əxlaqsızlıq, tərbiyəsizlik etməklə aparıcı olmaq olmur. İndi aparıcılıq sənətinə hamı çox rahat, asan baxır. Halbuki aparıcı olmaq üçün sənin ona savadın, dünyagörüşün yetməlidir. Zamanında AzTV-də “Gecə kanalı” verilişini aparırdım, çox gənc idim. Verilişin gündəlik yayımına hər gün bir aparıcı çıxırdı. Məsələn, Etibar müəllim, Anaxanım xanım və digərləri bu verilişi aparırdı. Onlar özlərini artıq təsdiqləmiş, sevilən aparıcılar idi. Mən onların arasında çox gənc idim və onlarla birgə aparıcılıq edirdim. Hansısa qonağı verilişə dəvət etməmişdən əvvəl onun haqqında məlumatları, informasiyaları toplayar, verilişdən əvvəl ünsiyyətdə olmağa çalışırdım ki, efirdə hansı sualı verəcəyimi, nə danışacağımı bilim. Əgər ürəyimcə veriliş təklif etsələr və qazancım məni qane edəcək səviyyədə olsa təbii ki, qəbul edərəm.

“Maşın Şou”da maşını uduzmağa razı olmuşam ki, təki adıma zərər gəlməsin. Bilərək ki, həmin adam məni verilişdən uzaqlaşdıracaq, ona səs istəmişəm. Yəni qadına səs istəyib, verilişdən getmişəm ki, tamaşaçı deməsin ki, bir qadının əleyhinə səs istəyir.

Əlbəttə ki, seriala da çəkilərəm. Lakin bir ayıma 150 min versinlər, onda niyə də çəkilməyim? Eləcə də verilişlərə qonaq kimi dəvət olunanda da xeyli düşünüb, sonra qərar verirəm. Bəzən isə olur ki, dəfələrlə imtina etdiyim verilişə sonradan çoxsaylı xahişlərdən sonra gedirəm, amma peşman oluram ki, kaş gəlməzdim.

- Yəqin ki, məlumatınız var, bu günlərdə AzTV-nin rəhbəri Arif Alışanov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra dövlət televiziyasında hansısa köklü dəyişikliklər olacağını gözləyirsizmi?

- İnşallah ki, dəyişər. Dövlət televiziyası mənə digərlərindən daha çox əzizdir. Baxılası olsa da, olmasa da, ora mənim üçün doğmadır. Çünki televiziyaya ilk addımlarımı orada başlamışam, ən yaxşı yeni il şənliklərinə çəkilmişəm, ən yaxşı qonorarı almışam. Məsələn, zamanında çəkilişlərdə rəhmətlik Siyavuş Aslanla eyni qonorarı alırdıq. Tanınmış aktyorlar var idi ki, bu qonorarı ala bilmirdi, amma mənə yazılırdı. Həmçinin dövlət televiziyasında bir sıra tamaşalara çəkilmişəm, “Mən sənin dayınam” film-tamaşası nəyə desən, dəyər. Amma çox heyflər olsun ki, son illərdə AzTV-də yeni il, bayram çəkilişlərində digər televiziya kanalları kimi yalnız müğənnilərə müraciət etməyə, pul verməsin deyə “yolaverdi” üslubuna keçməyə başladı. Bu çox təəssüfedicidir. Məlum məsələdir ki, müğənnini çəkilişlərə, aparıcı kimi verilişlərə dəvət edəndə onlara pul verilmir, amma aktyora pul vermək lazımdır. Diqqət etsəz, görərsiz ki, indi toyları tamadalar deyil, müğənnilər aparır, efirlərdə rolları müğənnilər oynayır. Çünki müğənni pulunu toylardan qazanır, efirə çıxmaq isə ona reklam üçün lazımdır. Bu səbəbdən çıxışı üçün efirdən pul istəmir. Amma aktyor toya getmir, verilişə çəkilirsə pul istəyir. Bəs biz aktyorlara pul verilmirsə, nəylə dolanmalıyıq? Məsələn, mən hansısa böyük tədbirləri hazırlayıram, böyük işlərə quruluş verirəm, əlavə sifarişlərim olur, həmçinin Prezident mükafatı alıram, yəni birtəhər dolanıram. Axı bunları almayanlar da var.

- Bir ara Akademik Milli Dram Teatrla da əməkdaşlıq edirdiz. Bu əməkdaşlıq yenə də davam edirmi?

- Bəli, İ.İsrafilovun vaxtında 3-4 tamaşa hazırlayıb təqdim etdim, çox uğurlu işlərim oldu. Bu gün isə repertuarda mənim yalnız bir tamaşam qalıb.

- O teatrda qalmaqallarınız da oldu...

- Qalmaqal çox oldu, yəqin ki, bizdə bu cürdür... bu haqda danışmaq istəmirəm.

- İki övladınız var, onların sizin sənətinizə, incəsənətə marağı, meyli varmı?

- Böyük oğlum aktyorluq fakültəsində oxuyur, filmlərə çəkilir, teatra dəvət alır. Əslində övladlarım hələ kiçik yaşlarından teatrda rol alıb, səhnəyə çıxıblar. İnanıram ki, oğlumun aktyor kimi gələcəyi parlaq olacaq, hərçənd istəməzdim aktyor olsun...

- Niyə istəmirdiz?

- Mənim çəkdiyim əziyyətləri onun da çəkdiyini istəmirdim. Bizim iş kənardn çox asan görünür. Amma bu sənət həm fiziki, həm də maddi, həm də psixoloji olaraq çox ağırdır. Eyni zamanda çəkişmələrə tab gətirmək, göz yummaq, zamanında dəyərini almamaq kimi məsələlər var, bunların hamısı ağırdır...“

pia.az


Etiket: Nicat Kazımov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar