Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cümhuriyyət ili” bitdi: Bəs sonra? - Cavid İsmayıl yazır

Cavid İSMAYIL,

tarix üzrə fəlsəfə doktoru

“Cümhuriyyət İli” kimi rəsmiləşən 2018-ci ili geridə qoyduq. Şərqin ilk demokratik respublikasının 100 illik möhtəşəm yubileyi artıq tarixə qovuşdu. Bu, müstəqil Azərbaycanın indiyə qədərki tarixində ən əlamətdar hadisə idi.

Nələr oldu?

Etiraf edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında” 16 may 2017-ci il və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci tarixli sərəncamları ilə start verilən proses məmləkətdə ciddi canlanma yaratdı. Bir çox sferalarda bu canlanmanın şahidi olduq – tarix elmimizdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açıldı, alimlərimiz və nəşriyyat evləri Cümhuriyyət tarixinə dair sanballı əsərlər çap etdirdilər, dövlət və özəl müəssisələrdə, idarə və təşkilatlarda, ali və orta məktəblərdə Cümhuriyyətə həsr olunmuş müxtəlif tədbirlər keçirildi, telekanallarda Cümhuriyyət tarixinə və AXC liderlərinin həyatına dair çoxsaylı sənədli filmlər nümayiş olundu…

Bu filmlərin başında isə, mübaliğəsiz demək olar ki, Arzu Əliyevanın prodüserliyi ilə Bakı Media Mərkəzinin çəkdiyi və Cümhuriyyət parlamentinin son iclasına həsr olunmuş “Son iclas” adlı sənədli film dayanır. Sözügedən sənədli filmdə Məhəmməd Əmin Rəsulzadənin obrazının və parlamentin son iclasında Azərbaycanın istiqlalını qorumaq üçün sona qədər müqavimət göstərməsinin gerçəyə uyğun təqdim edilməsi, böyük öndərin “Əfəndilər! Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Yalandır, gələn ordu rus istila ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarına qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsi ilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir!” məzmunlu tarixi çıxışının tam əhatə olunması filmin yaradıcılarının böyük uğuru kimi qiymətləndirilə bilər.

Keçirilən bütün tədbirlər, nümayiş etdirilən veriliş və filmlər, şübhəsiz ki, gənc nəsildə Cümhuriyyət ideyalarına və Cümhuriyyət liderlərinin istiqlalımız uğrunda mübarizə dolu keşməkeşli həyatına marağı daha da artırdı, gənclərin vətənpərvər ruhda tərbiyəsi işinə öz töhfəsini verdi.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə Cümhuriyyətlə bağlı təsisatların və hadisələrin də yubileylərinin əsasını qoydu. İyunun 26-da Azərbaycan Ordusunun, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından qurtuluşunun, dekabrın 7-də isə Azərbaycan parlamentinin 100 yaşı tamam oldu. Və Müsəlman Şərqinin ilk demokratik respublikasının siyasi və hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 27 illik tarixi ərzində ilk dəfə olaraq bir ildə iki hərbi parad keçirdi – iyunun 26-da və sentyabrın 15-də.

Prezident İlham Əliyevin yazının əvvəlində adı çəkilən sərəncamları həm də ölkə başçısının timsalında Azərbaycan dövlətinin və xalqının Cümhuriyyət qurucularının xatirəsinə dərin hörmət və ehtiramının ifadəsi idi. Çünki xalqımızın çoxəsrlik qədim tarixinə nəzər saldıqda, görərik ki, müasir dünya arenasında yalnız və yalnız 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətimizin dəyərlərinə söykənməklə layiqli yer tuta bilərik.

“Cümhuriyyət İli” onu da göstərdi ki, Qarabağ məsələsindən sonra azərbaycanlıların həmrəy ola bildiyi yeganə məsələ yalnız Cümhuriyyət mövzusudur.

Nələr ola bilərdi?

“Cümhuriyyət İli” çərçivəsində dövlət tərəfindən atılacağı gözlənilən bir sıra addımlar da vardı. İctimaiyyətin böyük əksəriyyəti bu tarixi qərarlara 2018-ci ildə şahidlik edəcəyimizi gözləsə də, təəssüf ki, bu baş vermədi. Bəs onlar hansı addımlar idi?

İlk növbədə, Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi şərəfinə 15 sentyabr tarixi “Bakı günü” və ya “Paytaxt günü” elan edilə bilərdi. Zatən dünyanın bir sıra ölkələrində də Paytaxt günü qeyd olunur. Üstəlik, nəzərə almaq lazım idi ki, 1990-cı illərdə Azərbaycandan İsrailə köçmüş yəhudi əsilli bəzi keçmiş vətəndaşlarımız 2 iyul tarixini heç bir əsas olmadan “Bakılılar günü” elan edib.

İkincisi, Bakını daşnak-bolşevik işğalından azad edən və bununla da paytaxtımızda türk-müsəlman milli kimliyinin məhv edilməsinin qarşısını əbədilik alan Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın (Killigil) xatirəsinin əbədiləşdirilməsi, paytaxtda küçələrdən birinə onun adının verilməsi və Bakıda heykəlinin ucaldılması gözlənilən addımlar sırasında idi. Bu heykəlin yeri Şəhidlər Xiyabanındakı Türk Şəhidliyi də ola bilərdi. Bu məsələ ilə bağlı diqqət yetiriləsi digər məqam ondan ibarətdir ki, Nuri Paşanın Türkiyədəki məzarı da simvolik xarakter daşıyır. Çünki Südlücədə sahibi olduğu silah fabrikinin partlaması nəticəsində onun cəsədi tapılmamış, məzarında isə bədəninin kiçik hissələri dəfn olunmuşdu. Nuri Paşanın qəbri üzərində bu gün Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalanır. Bu baxımdan Bakıda qoyulacaq heykəl onun ikinci simvolik məzarı da sayıla bilər.

Üçüncüsü, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinə yenidən Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi, universitetin həyətində Rəsulzadənin büstünün ucaldılması çox sevindirici hadisə olardı. Təcrübədə də bir dəfə bu halla qarşılaşmışıq artıq – Bakı Musiqi Akademiyasına yenidən Üzeyir Hacıbəylinin adı verilib.

Dördüncüsü, Bakının Dağüstü Parkı kimi tanınan, vaxtilə Kirovun heykəlinin olduğu ərazidə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması “Cümhuriyyət İli”nə tarixi möhür vura bilərdi. Bu addım həm də gənc nəsilə Azərbaycanın Cümhuriyyət ideallarından vaz keçməyəcəyi və bolşevizmin bir daha ölkəmizə dönməyəcəyi barədə siyasi mesaj olardı.

Beşincisi, Cümhuriyyətin bayrağını 71 ildən sonra ilk dəfə rəsmən Naxçıvanda qaldıran Heydər Əliyevin 95 illik yubileyi ilə yanaşı, üçrəngli bayrağı meydanlara qaytaran milli azadlıq hərəkatının lideri, Cümhuriyyət ideyalarının ölkəmizdə yenidən təşəkkül tapmasında misilsiz xidmətləri olan Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi də “Cümhuriyyət İli”nə yaddaqalan rəng qata bilərdi.

Nələr ola bilər?

Cümhuriyyətimizin 23 ay fəaliyyət göstərdiyini nəzərə alsaq, bu o deməkdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi “Cümhuriyyət İli” və ya 2018-ci illə məhdudlaşa bilməz. Çünki fəaliyyət göstərdiyi iki il ərzində Cümhuriyyətimiz bir sıra tarixi hadisələrə və qərarlara imza atmışdı. Bəs bu hadisə və qərarlar hansılardır? Gəlin, xronoloji ardıcıllıqla nəzər salaq:

1919-cu ilin 15 yanvarında Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargahı təşkil edilib. Elə həmin gün Azərbaycan hökumətinin qərarı ilə Qarabağ, fevralın 28-də isə Naxçıvan general-qubernatorluqları yaradılıb. Qeyd edək ki, həm Qarabağ, həm də Naxçıvan ermənilərin yüz ildən artıqdır iddia etdikləri əzəli Azərbaycan torpaqlarıdır.

İyunun 16-da Gürcüstanla Azərbaycan arasında 3 il müddətinə hərbi müdafiə paktı imzalanıb. İyunun 27-də həmin müqavilə Azərbaycan parlamenti tərəfindən təsdiq edilib.

Avqustun 11-də Cümhuriyyət parlamenti “Azərbaycan vətəndaşlığı haqqında” qanun qəbul edib. Yəni bu il Azərbaycan vətəndaşlığının 100 ili tamam olur.

Avqustun 28-də Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul edilib. Dövlət Bankı oktyabrın 25-də fəaliyyətə başlayıb.

Sentyabrın 1-də parlament Azərbaycanın ilk universitetinin – Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edib. Noyabrın 15-də universitetdə ilk dərslər başlayıb…

Bunlar Cümhuriyyətin 1919-cu ildəki fəaliyyətinə dair tarixi hadisələrin xronologiyası idi. Yəni bu hadisələrin hər birindən 2019-cu ildə bizi 100 il ayıracaq. 2020-ci ildə isə biri sevindirici, digəri kədərli olmaqla iki tarixi hadisənin 100 illiyinə şahidlik edəcəyik.

Yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Versal Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanınmasının 100 ili tamam olacaq. Məhz beynəlxalq hüququn subyekti olması faktı 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra belə Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Xalqımızın min illərə dayanan çoxəsrlik tarixi boyu inzibati ərazi vahidi kimi işlədilən “Azərbaycan” məfhumu məhz Cümhuriyyət liderlərinin misilsiz fədakarlığı sayəsində dövlət adı kimi özünə vəsiqə qazandı.

Və nəhayət, aprelin 27-də Azərbaycanın Bolşevik Rusiyası tərəfindən işğalından 100 il ötəcək. Fikrimizcə, bu mənhus tarixlə də bağlı dövlət səviyyəsində ciddi təbliğat-təşviqat işləri görülməlidir ki, insanlarımız müstəqilliyin göydəndüşmə nemət olmadığını bütün çılpaqlığı ilə anlasınlar. Milli MəclisAzərbaycanın Sovet Rusiyası tərəfindən işğalı haqqında” qanun qəbul etməli, sənəddə bolşevizmin Azərbaycan xalqının başına gətirdiyi fəlakətlər – 1937-ci ildə xalqımızın düşünən beyinlərinin məqsədyönlü şəkildə məhv edilməsi, SSRİ rəhbərliyi səviyyəsində ermənilərin türk düşmənçiliyinin himayə olunması, Qərbi Azərbaycan torpaqlarından 1948, 1953 və 1988-ci illərdə soydaşlarımızın deportasiyası kimi faktlar öz əksini tapmalıdır.

Cümhuriyyət liderlərinin yubileyləri

2017-ci ildə görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin anadan olmasından 135 il ötdü. Bu yubiley Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə təntənəli şəkildə qeyd edildi. Məsələnin ən maraqlı tərəfi isə o idi ki, Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam məhz Hüseyn Cavidin 135 yaşı tamam olan gün – oktyabrın 24-də imzalanmışdı. Halbuki bu cür nəhəng şəxsiyyətlərin yubileylərinə hazırlıq işləri aylar öncə başlayır, dövlətin müvafiq qərarları da aylar öncə imzalanır. Görünür, Cavidin yubileyi Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və digər əlaqədar orqanların rəhbərlərinin yadından çıxıbmış – ötən il 100 yaşını qeyd etdiyimiz Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun 155 illik yubileyini rəsmi səviyyədə qeyd etmək unudulduğu kimi.

Bu cür qəribə vəziyyətin təkrarlanmaması üçün Cümhuriyyət liderlərinin qarşıdan gələn yubileylərini dövlət ərkanımızın yadına salmağı özümüzə borc bilirik. Beləliklə:

Bu ayın son günü – 31 yanvar 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin banisi və ideoloqu Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubileyini geridə qoyacağıq.

Cari ildə həm də Əli bəy Hüseynzadənin 155, Əhməd bəy Ağaoğlunun 150, Cümhuriyyətin ilk hərbi naziri və Qarabağın ilk general-qubernatoru Xosrov bəy Sultanovla ilk yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun 140 yaşı tamam olur.

2020-ci ildə Tiflisdəki qoşa qərib məzarlarda uyuyan baş nazir Fətəli xan Xoyskinin və parlament sədrinin müavini Həsən bəy Ağayevin, eləcə də ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədovun anadan olmasından 145 il ötəcək. Gələn ilə hərbi nazir Səməd bəy Mehmandarovun 165, müavini Əliağa Şıxlinskinin və Baş Qərargah rəisi Məhəmməd (Süleyman) bəy Sulkeviçin 155, Cümhuriyyətin Dağlı Respublikasında və Ermənistanda səfiri olmuş görkəmli yazıçımız və ilk dirijorumuz Əbdürrəhim bəy Haqverdiyevin 150, dövlət himnimizin bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyli ilə ilk ticarət və sənaye (sonradan xarici işlər) naziri Məmməd Yusif Cəfərovun 135, Bakının xilaskarı Nuri Paşanın 130 illik yubileyləri də təsadüf edəcək.

2021-ci ildə isə ikinci baş nazirimiz Nəsib bəy Yusifbəylinin, Azərbaycan Ordusunun ilk Baş Qərargah rəisi Həbib bəy Səlimovun, ilk xüsusi xidmət orqanının – Əksinqilabla Mübarizə Təşkilatının banisi Məmmədbağır Şeyxzamanlının 140, Azərbaycan mühacirətinin görkəmli liderlərindən Ceyhun bəy Hacıbəylinin 130 yaşı tamam olacaq.

Demək ki, “Cümhuriyyət İli”, sadəcə, rəsmən bitib. Cümhuriyyət və onun liderləri ilə bağlı bir sıra yubileylər isə hələ qarşıdadır.

O zaman durmaq yox, yola davam!

pia.az


Etiket: Cavis İsmayıl

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar... – Cavid İsmayıl yazır

“Cümhuriyyət ili” bitdi: Bəs sonra? - Cavid İsmayıl yazır

Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı? – İnanılmaz hekayət

Ən çox oxunanalar