Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Yusifov: “Ya suda üzməyi bacarmalıdırlar, ya da batmalıdırlar”

Sabiq maliyyə naziri prezidentin yanvar islahat paketini dəyərləndirib

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri: “Dövlət idarəetmə aparatının işi elə təşkil olunmalıdır ki, o, özünə aid məsələləri az vaxt ərzində yüksək keyfiyyətlə həll edə bilsin”

“Bu gün bir-birinin fəaliyyətini bu və ya digər formada təkrarlayan qurumların birləşdirilərək çevik bir idarəçilik strukturuna çevrilməsidir. İnanıram ki, struktur islahatlarının növbəti mərhələlərində bu məsələlər də öz həllini tapacaq”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov aparılan islahatların ölkənin siyasi-iqtisadi mühitinə təsirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Azərbaycan Sovet imperiyasının əsarətindən azad olduqdan sonra demokratik inkişaf yolunu seçdiyini bəyan edib və bu inkişaf yolunda uğurlu siyasət aparmaq üçün zaman-zaman ciddi dəyişikliklər edib. Bu dəyişikliklərdən biri də kadr islahatları ilə bağlıdır. Ölkə başçısının son kadr dəyişikliyi də sübut edir ki, prezident inkişaf üçün kadr islahatlarını davam etdirməkdə israrlıdır. Elə bu ilin başlanğıcından da prezident İlham Əliyev geniş struktur islahatları həyata keçirməyə başlayıb.

Bəzi yerli və xarici ekspertlər hesab edirlər ki, Azərbaycanda çox ağır və yüklənmiş dövlət maşını var. Onlara görə, ciddi struktur dəyişikliyi bir-birini təkrarlayan xeyli dövlət qurumlarının daha modern, çevik dövlət qurumları ilə əvəzlənməsinə ehtiyac yaradır və bununla yanaşı, antiböhran xarakterli komanda yaradılmalıdır. Eyni zamanda hökumətin iqtisadi siyasətini həyata keçirmək üçün mütləq yeni nəfəs lazımdır. Onu da qeyd edək ki, son bir neçə ildə kadr islahatlarında məmur oliqarxiyasının texnokrat kadrlarlarla dəyişdirilməsi də müşahidə olunur.

Prezidentin apardığı ciddi kadr islahatlarının mərkəzində duran əsas səbəblərdən birinin də ölkədə tüğyan edən rüşvətxorluğun və korrupsiyanın, məmur özbaşınalığının qarşısının alınmasından ibarət olduğunu nəzərə alsaq, bu il nəzərdə tutulan kadr islahatlarının Azərbaycanın siyasi-iqtisadi mühitinə təsirləri maraq doğurur.

Maraqlıdır ki, aparılan islahatlar dövlət aparatının çevikliyini təmin edə biləcəkmi və çevik iqtisadi siyasətin aparılması üçün əsasən hansı dövlət qurumlarında islahatları genişləndirməyə ehtiyac var? Bu islahatların Azərbaycanın siyasi-iqtisadi mühitinə təsirləri, mənfi və müsbət çalarları barədə nə demək mümkündür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, keçmiş maliyyə naziri, professor Fikrət Yusifovun fikirlərini öyrənib.

Fikrət Yusifov: “Bu islahatlar nəticəsində illərlədir ki, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlar bundan sonra başqa prinsiplər əsasında fəaliyyət göstərməyə məcbur olacaqlar”.

Ölkədə aparılan islahatların iqtisadi və sosial inkişafa müsbət təsirlərinin açıq şəkildə müşahidə olunduğunu qeyd edən sabiq maliyyə naziri Fikrət Yusifova görə, bütün hallarda müəyyən qüsurlar hələ də mövcuddur və zamanla onların aradan qaldırılmasına ümid edir:

“Struktur islahatlarını bəzi dövlət qurumlarının ləğv edilməsi, ixtisarı və birləşdirilməsi yolu ilə büdcə vəsaitlərinə qənaət edilmək kimi dəyərləndirmək olmaz. Bu islahatların fəlsəfəsi idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir. Dövlət idarəetmə aparatının işi elə təşkil olunmalıdır ki, o, özünə aid məsələləri az vaxt ərzində yüksək keyfiyyətlə həll edə bilsin. İstənilən məsələnin həllində tələb olunan başlıca şərt ona sərf edilən zaman və keyfiyyətdir. Məsələlərin həlli zamanı bu iki göstəriciyə əməl olunursa, o halda idarəçiliyin optimal bir səviyyədə təşkil edildiyini demək mümkündür.

Hər bir ölkədə dövlət idarəçiliyinin təşkilinin özünəməxsus xüsusiyyətləri olur. İnkişaf etmiş ölkələrin bu məsələdə yaxşı təcrübələri var. Lakin məsələyə şablon yanaşmaqdan – yəni, hansısa bir ölkənin təcrübəsini olduğu kimi tətbiq etməkdən söhbət gedə bilməz. Hər bir ölkədə idarəçiliyin təşkilində yerli, milli və digər xüsusiyyətlər tam nəzərə alınmalıdır.

Son bir neçə ildə struktur islahatları sahəsində Azərbaycan hökuməti bir çox işlər görüb. Bu sıraya bəzi nazirlik və komitələrin, dövlət şirkətlərinin ləğvini, bir sıra hallarda onlardan bəzilərinin funksiyalarının digər müvafiq qurumlara verilməsini, vətəndaşlara xidmət göstərilməsini tam sadələşdirmək və bu işdə bütün neqativləri aradan qaldırmaq məqsədilə bir çox xidmət sahələrinin ASAN xidmətə ötürülməsini, əhaliyə pullu xidmət göstərən bəzi qurumların publik hüquqi şəxslərə çevrilməsini, müasir iqtisadi şəraitin tələblərinə cavab verən bir sıra yeni qurumların yaranmasını aid etmək olar. Bu islahatlar 2018-ci ildə də davam etdirildi.

Fikrət Yusifov: “Son bir neçə ildə struktur islahatları sahəsində Azərbaycan hökuməti bir çox işlər görüb”.

Yola saldığımız il dövlət başçısının ölkə iqtisadiyyatı üçün mühüm olan sərəncamları ilə yadda qaldı. Bunlardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək iki dövlət agentliyinin yaradılmasını, idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin ləğv olunaraq bir nazirlik və dövlət agentliyinin təsis olunmasını qeyd etmək olar. Mədəniyyət və Turizm Nazirliyi əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. İkinci sərəncam istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı oldu. Məhz bu sərəncam əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Həmçinin, Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi təsis edildi.

Standartlaşma Metrologiya və Patent üzrə Dovlət Komitəsinin səlahiyyətləri isə bu qurumlar arasında bölüşdürüldü. Ən nəhayət, bundan sonra bir sıra idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birgə nəzarət edilməsi barədə qərar verildi. Ötən il qəbul edilmiş hər üç sərəncam struktur islahatlarının ölkəmizdə aparılan iqtisadi islahatların və siyasi islahatların tərkib hissəsi kimi davamlı olduğunu bir daha göstərdi. Biz bu islahatların nə qədər davamlı və ciddi olduğunu bir daha yenicə başlanan 2019-cu ilin birinci ayının birinci yarısından etibarən görməyə başladıq.

Cari ilin yanvar ayının 11- də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bu məsələyə hökumətin nə qədər ciddi münasibət bəslədiyini aydın şəkildə ifadə edib və köhnəlmiş idarəetmə strukturunun yeni, daha çevik və daha səmərəli bir strukturla əvəz ediləcəyinin anonsunu verib.

Dövlət başçısının bu bəyanatından 3 gün sonra imzaladığı fərman və sərəncamlar bu çağrışın nə qədər ciddi və təxirəsalınmaz olduğunu göstərdi. İlk öncə Prezident İlham Əliyevin Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilərək onun bazasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradıldı. Prezident Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı başqa bir fərmanla Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Prezident yanında Bilik Fondunun və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin ləğv edilməsi, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun, habelə Azərbaycan Respublikasının Tarif Şurasının Katibliyinin ləğv edilməsi və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunması təsdiqləndi.

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”kı fərmanla isə Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradıldı.

Fikrət Yusifov: “Büdcə maliyyələşməsindən çıxarılan qurumlar artıq ya suda üzməyi bacarmalıdırlar, ya da batmalıdırlar”.

Bu islahatlar nəticəsində illərlədir ki, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlar bundan sonra başqa prinsiplər əsasında fəaliyyət göstərməyə məcbur olacaqlar. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətin və istehsal olunan məhsulun mütləq alıcısı olmalıdı. Başqa bir fəaliyyət heç kimə lazım deyil. Deməli, büdcə maliyyələşməsindən çıxarılan bu qurumlar artıq ya suda üzməyi bacarmalıdırlar, ya da batmalıdırlar. Bu suda batmamaq üçün onlar indi kəmiyyət yox, keyfiyyət üzərində baş sındırmalı olacaqlar. Bu isə tam normaldır.

Bu sırada təklif edəcəyimiz bir məsələ ölkədə dövlət monopoliyasında olan müəssisələr (su, işıq, qaz, istilik və s. xidmətləri göstərən müəssisələr) tərəfindən göstərilən xidmətlərin və satılan məhsulların maya dəyərinə nəzarəti həyata keçirə biləcək ciddi bir qurumun yaranması ilə bağlıdır. Hesab edirəm ki, məhsulun, xidmətin maya dəyərinə nəzarəti həyata keçirməli olan bu qurumda ən peşəkar mütəxəsisslər cəmlənməli və onlar tək dövlətin monopoliyasında olan müəssisələrdə deyil, bütün ölkə üzrə bizim iqtisadiyyatımızın bir saylı probleminin - məhsul və xidmətlərin maya dəyəri probleminin həllinə fokuslanmaalıdırlar.

Bu iş bu gün ölkədə kifayət qədər zəif və pərakəndə bir şəkildə həyata keçirilir. Ancaq son olaylar göstərir ki, vergidən yayınma hallarının bir hissəsi və dövlət büdcəsinin vəsaitlərinin xərclənməsində yol verilən israfçılıqlar məhz məhsul və xidmətlərin maya dəyərini şişirtmək yolu ilə həyata keçirilir.

Başqa bir problem isə bu gün bir-birinin fəaliyyətini bu və ya digər formada təkrarlayan qurumların birləşdirilərək çevik bir idarəçilik strukturuna çevrilməsidir. İnanıram ki, struktur islahatlarının növbəti mərhələlərində bu məsələlər də öz həllini tapacaq”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar