Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya qarşı gizli ittifaq qurulur? - Təhlil

Paşinyanın azərbaycanlıların şəhərinə təcili səfəri...

Yanvarın 14-də Ermənistanın baş naziri təyin edilən Nikol Paşinyan ilk səfərini Gürcüstana etdi və bu ölkənin baş naziri Mamuka Baxtadze ilə Tbilisidə deyil, azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda görüşdü. Bu görüş iki qonşu ölkə rəhbərinin sərhəd bölgəsinə yaxın ərazidə ayaqüstü söhbəti kontekstində görünə bilər, səfərin qeyri-rəsmi olması da bu görüntünü gücləndirir.

Lakin burada iki məqam var:

1. Qeyri-rəsmi olsa belə Paşinyan ilk səfərini niyə Gürcüstana etdi?
2. Səfər qeyri-rəsmi olduğu üçün görüş Tbilisidə keçirilməyə bilərdi, lakin yer olaraq paytaxta daha yaxın olan gürcü rayonu Tetri-Çkaro yox, niyə məhz azərbaycanlıların yaşadığı Bolnisi seçildi?

İlk sualın cavabı regional proseslər fonunda məlumdur: Ermənistan Rusiya ilə kəskin qarşıdurma mərhələsinə daxil olub, xüsusilə ötən ilin son günlərində Paşinyanı Moskvada qəbul edən Putin bu forpost ölkənin cəzalandırılmadan çıxdığı yola qayıtmayacağını anladı, ardınca “QazpromErmənistana verdiyi hər min kubmetr qazın qiymətini 150 dollardan 165 dollara qaldırdı. Növbəti aylarda Ermənistanın daxili istehlakçıları üçün qazın ikiqat bahalaşacağı gözlənilir. Çünki rusların bazar şərtlərinə görə qiyməti yenə artıracağı istisna deyil.

Paşinyan Rusiyaya alternativ tapa biləcəklərini öz dili ilə bəyan etdi, lakin indiki şəraitdə Ermənistan üçün qapısına gedə biləcək iki ölkə var: İran və Gürcüstan. ABŞ-İran qarşıdurması və Tehrana qarşı sanksiyalar İrəvanın bu qapısını bağlayır. Xüsusilə Ermənistanın hər min kubmetrinə görə 150 dollar ödəyərək İrandan aldığı qazın da gələcəyi sual altındadır.

Hərçənd, İran Sarkisyan rejimi dövründə olduğu kimi, yenə də Ermənistana gizli dəstək verə bilər, amma Paşinyan onu siyasi Olimpə yüksəldən yeni ağalarını aldatmaqdan çəkinir. Yeganə yol Gürcüstan qalır və Tbilisinin ermənilərə verməyə heç nəyi olmasa belə, Paşinyan son ümid kimi onların qapısını döyür. Burada cari və gələcək olmaqla iki plan haqqında təəssürat yaranır:

CARİ PLAN:

a) Paşinyan regionda daha da təklənməmək üçün gürcülərdən dəstək istəyir. Bu dəstək siyasi və iqtisadi ola bilər.

b) Ermənistanın Rusiyadan aldığı qaz Gürcüstan tranziti ilə gəlir və Tbilisi tranzit haqqının yarısını pul, yarısını qazla alır. Hərçənd, Gürcüstan təbii qazının 100 faizini Azərbaycandan aldığı üçün buna o qədər də ehtiyacı yoxdur. Məhz buna görə ruslardan tranzit haqqının bütövlükdə pul ilə ödənilməsini tələb etmişdilər, lakin razılaşma 50/50-yə oldu. Mümkündür ki, Paşinyan Gürcüstandan ehtiyacı olmadığı, lakin tranzit haqqı olaraq aldığı rus qazının da Ermənistana gələn boruya vurulmasını xahiş edir.

GƏLƏCƏK PLAN:

Paşinyan yanvarın 14-dən etibarən Ermənistanda tam legitim hakimiyyətini qurdu. Və ilk döydüyü qapı gürcülərinki oldu. Nikolu hakimiyyətə gətirənlərin Qərbdə, konkret ABŞ-da məskən saldıqları məlumdur, 8 ay öncəsinə - Sarkisyanın devrildiyi günə qədər Vaşinqtonun Cənubi Qafqazda təsir gücünün olduğu yeganə ölkə Gürcüstan idi. ABŞ-ın nöqteyi-nəzərində indi bölgədə bir yox, iki qüvvəsi var: Gürcüstan və Ermənistan. Tbilisi İvanişvilinin “xaç atalığı” altında ruslarla müəyyən təmaslar qurur, bu baxımdan, Paşinyan amerikalıların regiondakı “əsas adamı” olaraq görünür. Hesab etmək olar ki, Paşinyan hakimiyyətini legitimləşdirdikdən bir gün sonra (bəlkə də saatlar sonra) amerikalıların tapşırığına əsasın gürcülərin qapısını döydü və məqsəd Gürcüstanla birləşərək Rusiyaya qarşı bölgədən yeni hücumlar hazırlamaqdır. Lakin bu hücum “aktiv” yox, “passiv” formada ola bilər. Çünki Ermənistan siyasi hakimiyyət olaraq nə qədər Qərbdə formalaşmış olsa da, iqtisadi və hərbi sferada ruslardan asılıdır. Paşinyana isə Rusiyadan qopmaq üçün bəhanə lazımdır, bu bəhanə elə olmalıdır ki, Moskva günahı yalnız “özündə” görsün, yaxud ən azından Ermənistanda görməsin və Paşinyandan oyundan mümkün qədər daha az ziyanla çıxsın. Olduqca qarışıq situasiyadır, lakin ssenarini təsəvvür etmək olur:

- Gürcüstan Rusiyanın Ermənistana göndərdiyi qazın tranziti olmaqdan imtina edir (hansı ki, burada gürcülər heç nə itirməyəcək); Ermənistan Rusiyanın qaz silahından xilas olur və Moskvanı onu “soyuqda” qoymaqda ittiham etmək haqqı qazanır; Moskva günahkar olaraq Tbilisini görür; İrəvan müvəqqəti olaraq qaz anbarlarındakı ehtiyatdan istifadə edir və Qərbin gözündə “çətin vəziyyətə düşmüş və təcili köməyə ehtiyacı olan ölkə” imicini qazanır;

Bu ssenariyə əsasən Paşinyanın Qərb fondlarından bölgədə “demokratiya əzabkeşi” kimi daha çox maliyyə dəstəyi ala biləcəyi realdır, lakin Ermənistanın qaz probleminin həlli üçün iki çətin yol var:

1. ABŞ Ermənistanın İrandan 150 dollara qaz almasına göz yumur. Burada həm İrəvan, həm Tehran iqtisadi və siyasi maraqları baxımından xoşbəxt olacaq, hətta iranlılar ermənilərə verdikləri qazın qiymətini daha da aşağı salacaq.

2. ABŞ Ermənistanın Rusiyadan xilası üçün Türkiyə və Azərbaycana sərhədlərin açılması məsələsində təzyiq edir.

Mümkündür ki, Vaşinqton ikinci məsələnin həlli üçün birinciyə - İrandan qazın alınmasına müvəqqəti göz yuma bilər, okeanın o tayında sanksiyalara nə qədər həssas yanaşılsa da, erməni lobbisinin təsirləri gözardı edilməməlidir. Lakin ikinci məsələnin həlli üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsi aradan qalxmalıdır, bunu Vaşinqton da, İrəvan da anlayır. Məhz burada ssenarinin davamı gəlir:

- Paşinyan missiyasına uyğun olaraq Ermənistanın Rusiyadan asılılığını tamamilə aradan qaldırmaq, ermənilərə verdiyi iqtisadi rifah vədlərini yerinə yetirmək, ölkəsini Qərbin qolları arasında tam şəkildə buraxmaq üçün münaqişənin həllini istəyə bilər (hərçənd bunu danışıqların növbəti raundları göstərəcək); bunun üçün ilk öncə erməni ictimaiyyətini münaqişənin həllinə razılaşmaqdan başqa çıxış yollarının olmadığına inandırmalıdır və təbii ki, bu sözlə yox, real vəziyyətin yaşanması ilə ola bilər; Rusiya qazının kəsilməsi erməni ictimaiyyətinin çıxış yollarının münaqişənin həll edilməsi nəticəsində sərhədlərin açılması olduğuna inandırmaq üçün ən yaxşı yoldur, hər halda, ermənilər ehtiyat qazla təkcə bir qışı keçirə bilərlər, sonra soyuqlar – hər iki mənada – qapının ağzını kəsdirəcək;

ABŞ prezidentinin məsləhətçisi Con Boltonun İrəvanda olarkən dedikləri, eləcə də geosiyasi platformada ruslarla amerikalıların mübarizəsi Vaşinqtonun Qarabağ münaqişəsinin həllini istədiyi, Paşinyandan da bunu tələb etdikləri ehtimalını önə çıxarır. Boltonun “Paşinyan və komandası seçkidə qalib gələrsə, bu Qarabağ münaqişəsinin həllinə ümidlər yaradacaq” açıqlaması təsadüfə bənzəmirdi. Ssenarinin bu istiqamətdə inkişafı Azərbaycanın da xeyrinə görünür, lakin çoxqatlı olan bu proseslərdə ABŞ-ın “məğlubiyyətə bərabər sülh” istəyib-istəməyəcəyi və nəticənin necə olacağı hələ ki müəmmalıdır, bunu zaman göstərəcək.

Paşinyanın təcili olaraq Gürcüstan rəhbərliyi ilə qeyri-rəsmi görüşünün “GƏLƏCƏK PLAN” kontekstində dəyərləndirilməsinin haqlı olub-olmadığını da proseslərin sonrakı inkişafı ortaya çıxaracaq, lakin bu görüşün “CARİ PLAN” çərçivəsində real olduğu ehtimalının zamana o qədər də ehtiyacı yoxdur, çünki indiki halda ermənilərin regionda döyə biləcəkləri yeganə qapı gürcülərinkidir.

Və bütün bu proseslərin fonunda görüş yeri olaraq “niyə məhz azərbaycanlılara məxsus Bolnisi rayonu seçildi” sualı ayrıca diqqət çəkir.

Tarixi adı “Çörük Qəmərli” olan bu bölgəyə çar Rusiyası dövründə almanlar köçürülür və I Pavelin qızı, Vürttemberq kraliçası Yekaterina Pavlovnanın şərəfinə Yekaterinenfeld (almanca Katharinenfeld) adlandırılır. Bolşeviklər dövründə Almaniyada doğulmuş yəhudi əsilli kommunist inqilabçı Roza Lüksemburqun şərəfinə rayona Lüksemburq adını verirlər. Nasistlərlə II Dünya müharibəsinin aparıldığı illərdə Stalin almanları Qazaxıstana sürgün edir və rayonun adı Bolnisi olur. Almanların yerinə kütləvi şəkildə gürcülər gətirilir, 1980-ci illərdə rayonda kompakt yaşayan azərbaycanlılar ciddi təzyiqlərə məruz qalır və köçürülür, beləliklə, azərbaycanlıların sayı ciddi şəkildə azalır. Rayonda az sayda olsa da ermənilər də yaşayır, qəribədir ki, bütün bu kəşməkeşdə onlara toxunan olmur.

Və illər sonra Ermənistana hakimiyyətə gələn Nikol Paşinyan siyasi legitimliyini təmin edən kimi azərbaycanlıların rayonuna qaçaraq gəlir, burada Gürcüstan rəhbərliyi ilə görüşür, həmçinin rayondakı ermənilərlə təmaslar qurur. Bütün bunlar təsadüfdürmü? Bəlkə də görüş üçün Bolnisidən unikal yer tapılmayıb, lakin tarixi və bugünkü proseslər fonunda şübhələrin yaranması qaçılmazdır. Bu şübhələrin arxasından boylanan

- Gürcüstan gürcüləşdirdiyi azərbaycanlıların şəhərində erməni baş nazirlə görüş təşkil edərək Bakıya mesaj verir;
- Ermənistan və Gürcüstan regionda birlikdə poz verməklə Ankara və Bakının hakim gücünə “kəllə atır”;
- Qərb öz orbitinə daxil etdiyi İrəvan və Tbilisini birləşdirərək, Azərbaycanla Türkiyəyə qarşı regionun içində gizli ittifaq yaradır;
- Və bəlkə də heç görə bilmədiyimiz daha təhlükəli oyunlar oynanılır;

ehtimalları da gözardı edilməməlidir.(publika.az)

Asif Nərimanlı

pia.az


Etiket: Paşinyan Bakı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar