Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Vüsalə Ağabəyli: "Kamal Abdullayev məni demoqoq kimi təqdim etməyə çalışır"

"Kamal Abdullayev, sizin bir qadına qarşı iri dəstə yığaraq hücumlar təşkil etməyiniz haqsızlığınızın və gücsüzlüyünüzün sübutudur"

Bu sözləri Filologiya üzrə fəlsəfə doktoru, ADU-nun Filologiya və Jurnalistika fakultəsinin dekanı, ADU-nun dosenti və YAP Qadınlar Şurasının sədri Vüsalə Ağabəyli Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Kamal Abdullayevlə müansibətlərindəki gərginliyi şərh edərkən bildirib.

Məsələnin ictimailəşdirilməsinə ilk başdan tam qarşı olsam da, mövzudan tam xali olmayan insanların da qoşulması, haqsız münasibət bildirməsi məni cavab verməyə məcbur edir.
Bizim istəyimiz ən yüksək səviyyədə tam obyektivliklə vəziyyətin araşdırlması, Azərbaycan Dillər Universitetində rektor Kamal Abdullayevin bir sıra yüksək peşəkarlıqlı kadrlara münasibətdə yaratdığı dözülməz vəziyyət, xarici dil tədrisinin formalaşmış yaxşı ənənələrinin səriştəsizliklə dağıdılması və təhsilin gələcəyinə törədilən təhlükələrə diqqət yönəldilməsidir.

Qurama ittihamlarında şərə, böhtana əsaslanan Kamal Abdullayevin haqsızlığının əlavə sübutu ondan ibarətdir ki, o bir nəfərə qarşı başladığı qeyri-obyektiv hücumlarında dəstəsini getdikcə böyütməyə çalışır. Əgər doğrudan da haqlı idinizsə, faktlar sizin tərəfinizdədirsə niyə tabeliyinizdə olan tərəfdarlarınızdan əlavə, bu dəstəyə real vəziyyətdən yetərincə məlumatlı olmayan, özəl münasibətləriniz olan deputatlar qrupunu da qoşmusunuz? Yoxsa deyəcəksiniz onlar mənim əleyhimə çıxışları elə vicdanlarının səsinə qulaq asaraq, ADU-dakı problemləri daim izlədikləri və dərindən bildikləri səbəbindəndir?

Axı bu qədər adamın bir nəfər əleyhinə belə hücumlarını təşkil etməyinizin çürük və asanlıqla ifşa ediləcək bir saxta kompaniya olması məntiqlə düşünən hər kəsə aydındır. Sizə münasibətlərinizdən sui istifadə edərək bu oyununuza cəlb edtiyiniz hörmətli şəxsləri heç də yaxşı olmayan vəziyyətə gətirməyinizin fərqindəsinizmi? Məsələyə münasibət bildirməyə cəlb edilmiş deputatların Kamal Abdullayevlə yaxın münasibətləri aydındır, lakin bir mühüm məqama diqqəti çəkmək istəyirəm ki, siz axı millətin vəkillərisiniz, sizin əsas vəzifəniz, məncə dostluq münasibətləriniz öz yerində, haqqı tapdanılan insanlara dəstək olmaqdır. Niyə bu sual sizləri düşündürmür ki, Kamal müəllim haqlıdırsa, niyə 34 yaşlı bir ziyalı xanıma qarşı az qalsın bir batalyonla hücuma keçib?

Maraqlısı odur ki, niyə indiyə qədər Kamal müəllimin təşkil etdiyi və mənim şəxsiyyətimi, fəaliyyətimi ləkələməyə ünvanladığı sifarişli yazılar sosial şəbəkələrdə yayılanda millət vəkilləri səslərini çıxartmırdılar, yalnız mənim ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətimi görərək məsələyə münasibət bildirmişlər?Mənim ailəmi, övladlarımın taleyini, sağlamlığımı və karyeramı məhv etməyə bu qədər israrla çalışan adamın fəaliyyətini necə qiymətləndirmək mümkündür? Hamının diqqətinə çatdırıram ki, qarşılaşdığım haqsızlıqlar və yaradılmış problemlərin həll olunması yolunda ilk növbədə cənab Prezidentə, çox hörmətli Birinci vitse prezidentə, ədalətə arxalanır, qanunun aliliyinə güvənirəm, müraciətlərimi də buna uyğun etmişəm. Kamal müəllim vəzifəsindən sui-istifadə edərək deyir ki, mənim hər hansı bir sözümə etiraz Prezidentə etiraz deməkdir.

Sual olunur niyə?

Ölkənin bütün rektorları, səlahiyyətli şəxsləri Prezidentin sərəncamı ilə təyin olunur, lakin Prezident heç kimə ixtiyar vermir ki, səlahiyyətindən sui-istifadə etməklə qarşısındakını əzməyə çalışsın.
Kamal müəllim bir universitet rəhbəri olaraq, universitetdə sabitliyi bərqərar etmək əvəzinə onu özü pozur. Niyə rektor və dekan arasında baş verən kiçik bir mübahisəli məsələni universitetin müəllim-tələbə heyətinə və daha sonra mediyaya daşımalı idi ki? Bu da əslində onun idarəçiliyinin düzgün olmamasına dəlalət etmirmi? Mənim iş otağımın qapısının qırılaraq açdırılması, açarların dəyişdilməsi, hələ mən vəzifədə ola-ola xəstə olmağımdan istifadə edərək, yerimə başqa birinin təyin edilməsi bəs necə, rəhbərə yaraşan addımdır?

Hörmətli deputatlar, ictimai xadimlər, buyurun, universitetin rəsmi səhifəsində Kamal müəllimin sifarişi ilə yazılan məqalələri oxuyub araşdırın, görün məsələlərin mediyada yayılmasına kim şərait yaratmışdır? Başqa fakultənin tələbələrinin mənim fəaliyyətimdən heç xəbərləri olmadığı halda onların Kamal müəllimin göstərişi ilə yazdığı yazıları araşdırın. Rəhbərlik etdiyim Filologiya və Jurnalistika fakultəsinin hər bir tələbəsinin ürəyində yaratdığım xoş, dərin izlər onların mənə yazdığı mesajlarda və xəstəxana ziyarətlərində öz əksini tapır. Bir pedoqoq üçün əgər bu qədər tələbə göz yaşı tökərək içdən dua edirsə, ən sevindirici haldır ki, onların rəğbətini qazanmışam. Bu gün mən vəzifədə olmaya da bilərəm, o kresloda oturmaya da bilərəm, ümumiyyətlə, xəstə yatağımdan qalxmaya da bilərəm, amma o qədər insanın dərin sevgisini qazandığım halda, Kamal müəllimin məkrli oyunu bütün bunlara kölgə sala bilməz.

Kamal müəllim bu gün məni demoqoq, ona qarşı sifarişli qara kompaniya yaratmış adam kimi təqdim etməyə çalışır, etdiyi haqsızlıqlara fərqli don geyindirməyə çalışır. Elementar məntiq, sözün özünün lüğəvi mənası var. Kompaniya bir adamın çox adama qarşı deyil, çox adamın bir adama qarşı təşkil edilmiş həmlələridir. İndiki situasiyada müdafiə olunan tək mən, hücum edən Kamal Abdullayevin təşkil etdiyi, müxtəlif vasitələrlə genişləndirdiyi, şəxsi münasibətlər, ondan vəzifə və səlahiyyət asılılığında olanlardan istifadə və sair üsullarla böyütdüyü şəbəkədir.

Məni mediyaya siz çıxartdınız, Kamal müəllim, mən hər şeydən öncə subardinasiya qaydalarına riayət edərək təqdimatımı sizə yazmışdım, rədd etdiniz, mən də naəlac qalaraq və haqlı olaraq rəsmi müraciətlər etmək məburiyyətində qaldım. Bugün mənim ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığım müraciətdə nə qəbahət görürsünüz axı? Əgər haqlısınızsa, müraciətim sizi niyə bu qədər narahat edir, niyə bütün dost-tanışınızı, imkanınız çatanları üzərimə qaldırmağa cəhd edirsiniz? Sizin təsir dairənizə düşən daha nə qədər adamın olduğu ortaya çıxacaq görəsən?

Unutmayın, həmin dəstə böyüdükcə əks effekt verməyə başlayacaq, sizin özünüzü ifşa edəcək.
Sizin yaşınızın yarısı qədər yaşım, sizin təcrübənizin yarısı qədər təcrübəm var. Bəs hardadır sizin ədalətiniz? Səlahiyyət münasibətlərinizi və dostluq əlaqələrinizi kənara qoyaraq əlinizi vicdanınıza qoyun. Hər cür saxtalaşdırmaya, böhtana əl atırsınız, bircə qalıb şəxsiyyət vəsiqəm və ümumiyyətlə, mövcudluğumu saxtalaşdırmağınız. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığım məktubda yazılan hər bir cümlənin arxasında dururam.

Şərəfimi və ləyaqətimi qorumaq, müxtəlif vasitələrlə göndərdiyiniz “daha pis olacaq” xəbərdarlıqlara rəğmən bundan sonra da qarşı tərəfdən ictimailəşdirilən hər saxtakarlığa və ədalətsizliyə, istənilən haqsız yanaşmaya, təhrifə və qərəzə obyektiv münasibət bildirməyə özümü borclu sayıram. Siz hücum dəstənizə başqa dost-tanışlarınızı da, digər əlaqələrinizi də əlavə edə bilərsiniz. Mənimsə arxalandığım, güvəndiyim, ən dərin inam və ümid bəslədiyim mütləq zəfər çalacağına inandığım ədalət, haqq, bu ali dəyərlərin qarantı olan cənab Prezidentimiz İlham Əliyev, hörmətli Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyevadır.

pia.az

Şərh yazın.

loading...