Çərşənbə axşamı, 26 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Dillər Universitetinin dekanı: “Haqqın yerini tapacağından əminəm”

Azərbaycan Dillər Universitetində rektor Kamal Abdullazadə ilə universitetin Filologiya və Jurnalistika fakultəsinin dekanı Vüsalə Ağabəyli arasında qalmaqallı qarşıdurma davam etməkədəir

Redaksiyamıza Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının KİV-də yer alan açıqlaması ilə bağlı Vüsalə Ağabəylinin cavab məktubu daxil olub. Baş verənlərə Vüsalə Ağabəylinin mövqeyindən aydınlıq gətirmək məqsədi ilə xanım dekanın məktubunu olduğu kimi təqdim edirik:

“Əslində mənə qarşı haqsız davranışların və bütövlükdə bu mövzunun ictimailəşdirilməsi niyyətində deyildim. Lakin ədalətsiz və haqsız yanaşmalar qarşı tərəfdən ictimailəşdirildiyi təqdirdə onları cavabsız buraxmaq da düzgün sayılmaz.

Bu gün, 2019cu il yanvarın 10-da Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının KİV-də yer alan açıqlamasını oxudum.

Açıqlamaya münasibətimi bildirməklə həmin mətnin yarada biləcəyi hər hansı anlaşılmazlığa aydınlıq gətirməyi gərəkli sayıram.

Qeyd edim ki, Azərbaycan Dillər Universitetində baş verənlərlə bağlı YAP Nəsimi rayon təşkilatının adı, Məlahət xanımın bildirdiyi kimi, təsadüfi olaraq hallanmayıb. Buna səbəb ADU-nun rektoru akademik Kamal Abdullayevin universitet daxilində yaşanan anlaşılmazlığa süni şəkildə siyasi rəng vermək cəhdi olmuşdur.

Məlahət xanımın “Partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur” kimi iradı həqiqət olmasa da, məndə təəccüb doğurmur, əksinə, oxşar düşüncəni ifadə edən digər bir iddianı xatırladır.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev də Universitetdə mənim dekan seçkilərimlə bağlı guya belə bir seçkinin əslində olmaması ilə əlaqədar sənədlərimi saxtalaşdırmağa göstəriş verib.

İki il əvvəl YAP-ın ADU-dakı ilk ərazi təşkilatının sədri Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev idi. Onun təqdimatı ilə və YAP idarə heyətinin iclasında universitetimizin YAP Qadınlar Şurasının sədri seçilmişəm.

İndi hər iki şəxsə – həm Kamal Abdullayevə, həm də Məlahət İbrahimqızına sual ünvanlamaq istəyirəm.

Kamal müəllim, necə olur ki, siz dekan seçilməmiş bir şəxsə xeyli müddətdir maaş ödəyir, onun bütün rəsmi sənədləri dekan kimi imzalamasına göz yumurdunuz və bunlar barədə danışmaq indi yadınıza düşüb?

Məlahət xanım, nə üçün bu qədər vaxt ərzində siz Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının sədri olmamasına münasibət bildirmirdiniz?

Mövcud olmadığını iddia etdiyiniz bu sədr, yəni mən – Vüsalə Ağabəyli dəfələrlə sizinlə görüşəndə, telefonla əlaqə saxlayanda niyə heç təəccüblənmirdiniz?

Universitetdəki müxtəlif kafedraların müdirlərinin bir-bir çağırılaraq, fərqli üsullarla mənim əleyhimə yazmağa məcbur qoyulduqlarını bilirdim, lakin Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri olan bir xanımın da bu sıraya qoşulacağını təsəvvür etməzdim.

Əslində bir deputat və bir qadın olaraq daha çox sizdən ədalətli davranış görməyə ümidli olmalı idik. Əvəzində bu cür münasibətə şahid kəsilməyimizə həddən ziyadə təəssüflənirəm və maraqlıdır ki, Kamal müəllimin təsir dairəsinə düşən daha nə qədər adamın olduğu ortaya çıxacaq?

Belə görünür ki, bu yanaşma tərzi ilə bircə qalıb mənim şəxsiyyət vəsiqəmin və ümumiyyətlə, mövcudluğumun saxtalaşdırılması.

Çox maraqlıdır ki, Sərraf Hüseynovun nə vaxt və necə universitetin YAP sədri seçilməsini niyə heç birimiz xatırlamırıq?

Sadəcə Kamal müəllim tərəfindən səslənən bir bəsit cümləni xatırlayıram: “Mən istəyirəm YAP-ın sədri Sərraf müəllim olsun”.

Vəssalam, Məlahət xanım, “seçki” bu cür keçirilmiş, məsələ bitmişdir.

Sərraf müəllim həmin gündən etibarən, heç bir elmi dərəcəsi və elmi adı olmasa da, həm YAP-ın universitet özəyinin sədri, həm də Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra etməyə başlamışdır. Halbuki, ona qədər də universitetimizdə YAP xətti üzrə aparılan işlər təqdirəlayiq idi.

Ölkə rəhbərliyinə, Birinci Vitse Prezident, hörmətli Mehriban xanım Əliyevaya ünvanladığım məktubumda da qeyd etdiyim kimi, mən hələ məktəb illərindən Heydər Əliyev idealogiyasının davamçılarından biri kimi YAP tədbirlərinin təşkilatçısı və iştirakçısı olaraq mütəmadi şəkildə YAP qərargahında çıxışlar etmişəm, tələbəliyimin I kursundan YAP üzvü olaraq qeydiyyatdan keçmişəm. Universitetdə “Heydər Əliyev və Azərbaycan qadını”, “Azərbaycan qadının dövlət qurumlarında roluna Heydər Əliyevin verdiyi dəyər”, “Ümummilli lider və qadın siyasəti” adlı tədbirlərin təşkilatçısı və məruzəçisi olmuşam.

Məlahət xanımın açıqlamasında daha bir məqam yenə akademik Kamal Abdullayevin dəst-xəttinə və üslubuna uyğundur. Kamal Abdullayevin universitetdaxili narazılıqları aydınlaşdırıb həll etməkdə aciz olduğundan məsələlərə siyasi don geyindirməyə çalışdığı kimi, Məlahət xanım da illər öncə, tələbəlik dövrümdə, qısa bir müddətdə “Xural” qəzetində sadəcə Mədəniyyət şöbəsində tərcüməçi-redaktor kimi fəaliyyət göstərməyimə xüsusi don geyindirməyə cəhd edir.

Məlahət xanım, bir tələbə kimi mədəniyyət xəbərlərinin tərcüməçisi olmağımda hansı qəbahəti görürsünüz?

Məlahət xanımın və oxucuların diqqətinə çatdırıram ki, qarşılaşdığım haqsızlıqlar və yaradılmış problemlərin həll olunması yolunda ədalətə arxalanır, qanunun aliliyinə güvənirəm, müraciətlərimi də buna uyğun etmişəm. Müraciətlərimi Kamal müəllim kimi başqalarına sifarişli tərif yazıları üslubu ilə deyil, şəxsən özüm edirəm. Bu müraciətimi yalan, qarayaxma və böhtan vasitələrindən istifadə etməklə kölgələməyə çalışan isə Məlahət xanımın böyük şövqlə müdafiə etdiyi akademik Kamal Abdullayevin özüdür.

Müəllim və alim şərəfimi qorumaq, qarşı tərəfdən ictimailəşdirilən hər saxtakarlığa və ədalətsizliyə, istənilən haqsız yanaşmaya, təhrifə və qərəzə obyektiv münasibət bildirməyə özümü borclu sayıram. İnanıram ki, haqq yerini tapacaqdır.

Filologiya üzrə fəlsəfə doktoru,
ADU-nun Filologiya və Jurnalistika fakultəsinin dekanı,
ADU-nun dosenti və YAP Qadınlar Şurasının sədri
Vüsalə Ağabəyli”.

pia.az

loading...