Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il manata təzyiqlər nə qədər güclü olacaq?

İqtisadçı-alim, ADR Hərəkatının lideri Qubad İbadoğlu bu il milli valyutaya təzyiqlərin ötən ilkinə nisbətən daha güclü olacağını bildirib

Q.İbadoğlu xatırladır ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb: “Beləliklə də ötən il ərzində ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 6 milyard 460 milyon dolları ötüb ki, bu da 2017-ci il üzrə cəmi valyuta satışından 80 faiz çoxdur. Hesablamalar göstərir ki, ARDNF 2018-ci ilin 7 ayında 2017-ci ildəki qədər valyuta satıb. Ötən il ərzində ARDNF-nin orta aylıq satışı 464,6 milyon ABŞ dolları olub. Ötən il üzrə orta aylıq valyuta satışı göstəricisi 299,8 milyon ABŞ dolları təşkil edib. Göründüyü kimi, il üzrə orta aylıq valyuta satışı göstəricisi 2017-ci ilkindən 80 faiz çoxdur”.

Rəsmi statistikaya görə, bu ilin 11 ayında idxalın həcmi 10295,5 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz çoxdur: “Ötən ilki idxal əməliyyatı 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb. Beləliklə də, 2018-ci ildə idxalın artması nəticəsində xarici ticarətdə müsbət saldo azalıb. Şübhəsiz ki, ötən ilin dekabr ayında dünya bazarında neft qiymətlərinin ucuzlaşması ixracatı və ilin sonunda idxalın artımı xarici ticarətdə müsbət saldonun daha da azalmasına gətirib çıxaracaq. Göründüyü kimi, ötən il manata təzyiqlər artıb və bu ilin start vəziyyəti əvvəlki ildəkindən fərqlidir. Odur ki, bu il xüsusilə də neftin dünya bazar qiymətlərinin ucuzlaşacağı halda manatın sabitliyinə risklər və status-kvonun qorunması nəticəsində yan fəsadlar çoxalacaq”.

Bəs digər ekspertlər iqtisadçı-alimin qeyd etdiyi təzyiqlərin manata təsirini necə qiymətləndirirlər? Suala cavab verən iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, Neft Fondunun valyuta satışının həcminin artımını dövlət büdcəsinə transfertlərin artımında axtarmaq lazımdır: “Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 2016-cı ildə 7,6 milyard AZN, 2017-ci ildə 6,1 milyard AZN olub, 2018-ci ildə isə 11,4 milyard AZN transfert nəzərdə tutulub. Göründüyü kimi, 2017-ci illə müqayisədə transfertin həcmi 80 faizə qədər artıb”.

Ekspertin sözlərinə görə, həqiqətən valyuta hərraclarının nəticəsi göstərir ki, dollara tələbat artır: “Bunun səbəbi idxalın artımı ilə bağlıdır. Artımda özəl sektorun payı olsa da, əsas səbəbkar dövlət sektorudur. Dövlət Gömrük Komitəsinin ixrac-idxal əməliyyatları ilə bağlı son məlumatı ötən ilin 11 ayı üzrədir. Məlum olur ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə özəl sektorun payı 15 faiz artdığı halda, dövlət sektorunda artım 2 dəfədən çox olub. Bu artımı prezidentin 2016-cı ildə verdiyi fərmanla bağlamaq olar. Həmin fərman nəticəsində icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına ancaq xüsusi istisnalarla icazə verilib. Adıçəkilən fərman ötən il qüvvəsini itirdiyindən dövlət sektorunun artımı özəl sektoru xeyli üstələyib. 2018-ci ilin 11 ayında idxalın ümumi həcmi isə hətta 2017-ci ilin 12 aylıq idxalının həcmini 17 faiz üstələyib və devalvasiyadan əvvəlki dövrə sürətlə yaxınlaşmaqdadır. Bu, əlbəttə, manata təzyiqi artıran amildir. Ancaq neftin qiymətinin hələ ki Azərbaycan üçün qırmızı xətti keçməməsi bütün təzyiqləri minimuma endirməyə imkan verir”.

S.Əliyevin sözlərinə görə, tədiyyə balansının 9 aylıq vəziyyəti göstərir ki, cari hesablar balansında 5 milyard dollardan çox müsbət saldo yaranıb: “Buna səbəb neftin bahalaşması hesabına ixracımızın da idxalla paralel artımıdır. Neft son aylar ucuzlaşma meyilləri göstərsə də, 2019-cu ilə artımla başlayıb və hazırda 60 dollardan bahadır. Halbuki ötən ilin sonları 50 dollara qədər ucuzlaşmışdı. Dünyada baş verən proseslər hökumətə hələki manatı qorumağa imkan verir. Neft nə qədər ki, 40 dollara yaxınlaşmayıb manatın gələcək taleyini birjalar və tərəfdaş ölkələrin valyuta siyasəti yox, bizim hökumət müəyyənləşdirəcək. Görünən odur ki, hökumət 2015-ci ildə atdığı səhv addımdan dərs götürüb və milli valyutanın sabitliyini bir müddət sabit saxlamaq niyyətindədir. Əlbəttə, hökuməti təmsil edənlərin də fikrini yekdil qəbul etmək düz olmazdı. Onun içində də devalvasiya tərəfdarları qalmaqdadır. Böyük ehtimalla, neft indiki həddə qalsa, hökumət ən azı ilin birinci yarısı manatın məzənnəsini sabit saxlayacaq. Fikrimcə, birjalarda sakitlik olsa bu il də manatın məzənnəsi qorunmalıdır. Çünki manatın ucuzlaşması hazırda bizə daha çox zərər verər, nəinki xeyir”.

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, dollara tələbatın və idxalın artması manata təzyiqləri həqiqətən artırır: “2018- ci il ərzində ümumən ölkə daxilində valyutaya tələbat yüksək olub. Dövlət Neft Fondu tərəfindən valyutanın həcmindən də bunu aydın görmək olur. Bunun da əsas səbəblərindən biri idxalın artmasıdırsa, ikinci bir səbəb ölkə iqtisadiyyatında, onun bir sıra sferalarında müəyyən aktivlik elementlərinin müşahidə olunmasıdır. İqtisadiyyatın bu və ya digər sektorunda cüzi də olsa canlanma yaranırsa, bu, ölkədə xarici valyutaya olan tələbatı artıran amillərdən biri kimi çıxış edir”.

Ekspert bu il idxalda keçən ilkindən ciddi artım gözləmir: “Hətta mümkündür ki, idxal keçən ilkinə nisbətən azalsın. Bunu şərtləndirən bəzi proqnozlar var. Əvvəla, əhalinin alıcılıq qabiliyyətində keçən ilki qədər artım gözlənilmir. Əksinə, qiymətlərdə gözlənilən müəyyən bahalaşmalarla əlaqədar olaraq, bəzi azalmaların olması istisna edilmir. Bundan əlavə, iqtisadiyyatın ötən il canlanma qeydə alınan bəzi sahələrində yeni vergi dərəcələrinin tətbiqi, iqtisadiyyatda həyata keçiriləm bir sıra dəyişikliklərlə əlaqədar mən bu il ərzində kəskin iqtisadi aktivliyin olacağını da gözləmirəm. Ona görə də bu il idxalda keçən ilki qədər yüksəlişin olacağını gözləmirəm”.

Valyuta bazarında mövcud vəziyyətə gəlincə, P.Heydərovun fikrincə, dollara tələbatın artmasına baxmayaraq, manatın bahalaşmasını şərtləndirən amillər daha güclüdür: “Düşünürəm ki, hökumət bu il daha çox manatın bahalaşmasının qarşısını almaqla məşğul olacaq, nəinki ucuzlaşmasından sığortalanmaqla. Bu gün tədiyyə balansında, ticarət saldosundakı mövcud vəziyyət manatın bahalaşmasına daha çox şərait yaradır. Bu vəziyyət neftin dünya bazar qiyməti 50-55 dollara düşənədək davam edəcək. Manatın ucuzlaşması üçün ən böyük təhlükə neftin qiyməti 50 dollardan aşağı düşəcəyi təqdirdə yaranacaq. Yalnız bu halda manatın ucuzlaşmasına yönəlik təzyiqlər güclənəcək. Belə olarsa, hökumət müəyyən müddət ərzində məzənnəni saxlamağa çalışacaq. Neftin qiyməti 3 aydan artıq 40 dollar həddinədək düşərsə, hökumət məzənnəni saxlaya bilməyəcək”. (Yeni Müsavat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar