Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xoşbəxtlik üçün pul vacibdir...

Bizim kişilərin xoşbəxt olmaması daha çox sosial problemlərlə və xüsusən də evliliklə bağlıdır...

Hər insan xoşbəxt olmaq istəyir. Lakin xoşbəxtliyin açarının nə olduğunu bilməyən insanlar kifayət qədərdir. Bəlkə də hamımız bu kifayətin içindəyik...

Hamımız həyatımızın bir dövründə çox şanssız olduğumuzu düşünmüşük. Adətən sevgi uğursuzluğunda, gözləmədiyimiz neqativ hadisələr baş verdikdə və ya işlərin istədiyimiz kimi getmədiyi zamanlarda həyatımızdan və bəxtimizdən gileyləndiyimiz anlar olur. Başımıza gələn hadisələrlə bağlı Cozef Murphy "başınıza gələn hadisələri çox düşündüyünüz üçün yaşayırsınız. Ümidsiz düşüncələr bir gün bir yerdə sizə dağıdıcı hadisələr gətirmək üçün qapınızda gözləyir", deyə bildirib. Cozef Murphy-nin nə dərəcədə haqlı olub-olmadığını deyə bilmərəm. Ən azından heç kim xoşbəxt olmamağı arzulamır və bütün mübarizələrin kökündə məhz xoşbəxt anları yaşamaq durur.

İşsiz iş tapanda, subay evlənəndə, sevilmək istəyi ilə yaşayan seviləndə, uşaq həsrətində olan uşaq sahibi olanda çox sevinir və xoşbəxt anlar yaşayır. Ancaq gün gəlir, başda xoşbəxtlik verən amillər sonradan insanın həyat eşqini azaltmağa, daxili tənhalığına səbəb ola bilir. Və beləcə dünyamızda xoşbəxt olmayan insanların sayı artmağa başlayır. Yəqin fikir vermisiniz, son zamanlar insanlar arasında depressiv hallar, stress, əsəb pik səviyyədədir. Təbii ki, hər insanın özünəməxsus problemləri bu vəziyyətə səbəb olur. Kimin üçünsə elementar görünən səbəb başqası üçün böyük dərdə çevrilir.

ABŞ psixoloqlarının araşdırmasına görə, müsbət əhval-ruhiyyə qan təzyiqi, qanda şəkərin miqdarının və ürək-damar xəstəlikləri riskinin azaldılmasına birbaşa təsir edir. İctimai yerlərdə insanların fikirli simalarını, əsəbi insanları, xəstəxanalarda, apteklərdəki növbələri xatırlasam, cəmiyyət olaraq, müsbət əhval-ruhiyyədən məhrum olduğumuz açıq görünür.

Hərdən mənə elə gəlir ki, xoşbəxtlik məsələsində qadınlar kişilərdən bir addım öndədirlər.

Qadınların özlərini xoşbəxt hiss etməsi üçün alternativləri çoxdur. Məsələn, qadın ana olanda övladını daha çox sahiblənir, sevir, bir növ övladı üçün yaşamağa başlayır. Bu zaman kişi( ata) avtomatik olaraq, ikinci plana keçir. Qadını xoşbəxt etmək üçün bahalı hədiyyə, restoranda şam yeməyi və ya alış-veriş də səbəblərdən biri ola bilər. Ağıllı qadını bu metodlarla xoşbəxt edib-etməmək başqa mövzudur. Fakt odur ki, hər qadın diqqət-sevgi görəndə xoşbəxt an yaşayır. Əslində qadınların ruh halı o qədər dəyişkəndir ki, birmənalı olaraq heç bir qadını bədbəxt saymaq olmur.

Bəs kişilərin xoşbəxtliyi üçün nə lazımdır? Ümumiyyətlə, hansısa bir kişi ürəklə "mən xoşbəxtəm!" deyibmi?! Əslində inanmıram. Çünki qadın psixologiyası nə qədər fərqlidirsə, kişi psixologiyasında oxşarlıq bir o qədər çoxdur. Kişi psixologiyası ilə bağlı şair Murathan Mungan belə

"Kişilərin, soruşduğu və ən çox xoşları gələn sual, "məni başa düşürsən?" sualıdır. Başa düşülməyəcək biri olduqlarından deyil, hakim (hegemon) olmaq istəklərindən yaranır bu sual. Kişilərin ən mühüm dərdlərindən biridir bu. Onları heç kimin anlamadığını düşünürlər, onları heç kimin anlamayacağına inanmaq istəyərlər. "Məni kimsə anlaya bilməz", deyərlər. "Məni bu günə qədər heç kəs anlamadı", deyərlər. "Məni başa düşmək asan deyil", deyərlər. Özlərini həlli asan olmayan çətin bir tapmaca kimi təqdim etməyi çox sevirlər. Çox dərin bir adam olduqlarını, hər kəsdən çox fərqli olduqlarını, heç kəsə oxşamadıqlarını düşünürlər. Halbuki sən beş nəfərini tanıdığında, hamısını birdən tanımış kimi olarsan. Hamısının bir-birinin eyni olduğunu, ən azından özlərini yeganə və unikal zənn etmələrinin belə necə eyni olduğunu fərq edərsən..."

Munganın dediklərindən də bəlli olur ki, kişilər özlərini çözülməz bir sirr hesab edirlər. Halbuki istənilən insanı asanlıqla çözmək mümkündür. Yetər ki, sən onu çözmək üçün özündə həvəs və maraq yaradasan.

Kişilərin xoşbəxtliyi ilə bağlı İngiltərədə aparılan araşdırmalar zamanı məlum olub ki, kişilər əsasən 37 yaşdan sonra xoşbəxt olurlar. Kişilərin 43%-ni ata olmaq, 35%-ni isə evlənmək daha çox xoşbəxt edir. Elə bu araşdırmanı bizim cəmiyyətin kişilərinə aid etsəm, deyə bilərəm ki, bizim kişilərin xoşbəxt olmaması daha çox sosial problemlərlə və xüsusəndə evliliklə bağlıdır.

Bu yaxınlarda bir yazı oxudum. Ailəli adam yazmışdı ki, işdən o qədər yorğun gəlirəm ki, qollarımı açıb, məni gözləyən uşağımla oynamağa taqətim qalmır. Acınacaqlı haldır, deyilmi? Sırf uşağını böyütmək üçün bütün gün işləyən ata uşağı ilə oynamağa güc tapmır. Bəlkə də deyilənlər doğrudur: Xoşbəxtlik üçün pul vacibdir...

Gülşən ŞƏRİF
pia.az


Etiket: Xoşbəxtlik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar